. Tələbəni
diqqət mərkəzində saxlayan platforma
İNNOVATİV GƏNCLƏR TƏŞKİLATI
UNEC-in AKTİV VƏ STRATEJİ TƏLƏBƏ PLATFORMASINA
ÇEVRİLİB
Azərbaycan Dövlət
İqtisad Universiteti (UNEC) 95 illik inkişaf yolunda hər zaman tələbəni
mərkəzdə tutan bir yanaşma sərgiləyib. Bu
gün universitetdə fəaliyyət göstərən tələbə
təşkilatları, tələbələrin öz təşəbbüsləri
əsasında yaranaraq universitet həyatının ayrılmaz
hissəsinə çevrilib. Universitet rəhbərliyi bu təşəbbüslərə
daim açıq yanaşır, onların inkişafına dəstək
verir və tələbələrin ictimai fəallığını
təşviq edir.
İnnovativ Gənclər Təşkilatının sədri,
UNEC Dizayn Məktəbinin 4-cü kurs tələbəsi Samir
İsmayılzadənin sözlərinə görə, UNEC-də
16 tələbə təşkilatı fəaliyyət göstərir
və bu struktur tələbələrin sosial fəallığını,
yaradıcı potensialını və liderlik
bacarıqlarını ortaya çıxarmağa xidmət
edir. Bu tələbə platformaları arasında yeni nəsil
düşüncəyə, texnologiyaya və innovasiyaya
fokuslanan təşəbbüslər də yer alır. UNEC-in
strateji baxışını əks etdirən bu təşəbbüslər
gənclərin gələcəkdə rəqabətədavamlı
mütəxəssislər kimi yetişməsində əhəmiyyətli
rol oynayır. Hər bir təşkilat öz fəaliyyət
istiqamətinə uyğun olaraq universitetin ictimai-mədəni
həyatında mühüm rol oynayır, tələbələrin
maraq və bacarıqlarına uyğun mühit
formalaşdırır. Məhz belə təşəbbüslərdən
biri də UNEC tələbələrinin texnologiya, rəqəmsal
bacarıqlar və innovativ düşüncə sahəsində
inkişafını hədəfləyən İnnovativ Gənclər
Təşkilatıdır. 2024-cü ildə
yaradılmış bu təşkilat UNEC-in aktiv və strateji
tələbə platformalarından birinə çevrilib. Təşkilatın
əsas məqsədi gəncləri innovasiya və texnologiya
sahələrində maarifləndirmək, onların bilik və
bacarıqlarını praktiki müstəvidə inkişaf
etdirmək, yerli və beynəlxalq əməkdaşlıqlarla
tələbələri real sektorla əlaqələndirməkdir:
"Qısa müddət ərzində təşkilat tərəfindən
bir sıra mühüm layihələr həyata keçirilib.
İnnovasiya həftəsi çərçivəsində
baş tutan silsilə tədbirlər - təlimlər,
seminarlar və panellər UNEC tələbələrini
innovasiya və startap ekosistemi kimi aktual mövzularla
tanış edib. Həftə boyunca yerli mütəxəssislərin
iştirakı ilə keçirilən sessiyalar tələbələrə
həm nəzəri, həm də praktik biliklər
qazandırıb. Eyni zamanda, təşkilat tərəfindən
startap yönümlü hakatonlar və texnoloji
yarışmalar təşkil olunaraq tələbələrin
real problemlərə innovativ yanaşmalar axtarması təşviq
edilib. UNEC-də tələbələrin fərdi
inkişafı istiqamətində atılan mühüm
addımlardan biri də universitetin 95 illik yubileyinə həsr
edilmiş TEDxUNEC tədbiri olub. Bu tədbir İnnovativ Gənclər
Təşkilatının təşəbbüsü və
universitetin dəstəyi ilə həyata keçirilib. Tədbir
çərçivəsində tanınmış ekspertlər
öz təcrübələrini tələbələrlə
bölüşərək onlara həm motivasiya veriblər, həm
də təcrübə qazandırıblar. İnnovativ Gənclər
Təşkilatı beynəlxalq əməkdaşlığa
da xüsusi önəm verir. Xarici innovativ şirkətlərlə
qurulan tərəfdaşlıqlar, birgə təlimlər və
layihələr vasitəsilə tələbələr qlobal təcrübələrə
çıxış imkanı əldə edirlər. Bu təşəbbüslər
UNEC tələbələrinin qlobal əmək bazarına
inteqrasiyasına və rəqabətə davamlı mütəxəssislər
kimi formalaşmasına xidmət edir. UNEC öz tələbələrinə
təkcə bilik deyil, həm də universitetin intellektual və
sosial həyatını formalaşdıran əsas qüvvə
kimi yüksək dəyər verir. UNEC-in tələbəyönümlü
təhsil modeli müasir texnologiyaların və rəqəmsal
həllərin tədris prosesinə inteqrasiyası ilə daha
da güclənir".
O bildirib ki, universitetdə dərs proseslərinin rəqəmsallaşdırılması
istiqamətində mühüm addımlar atılıb.
Elektron tədris platformaları vasitəsilə dərslərə
onlayn qoşulmaq, dərs materiallarına asan
çıxış imkanı əldə etmək və
öyrənmə prosesini fərdiləşdirmək
mümkündür. Eyni zamanda, imtahanların yazılı
elektron formatda təşkili şəffaflığın və
obyektivliyin təmin olunmasına xidmət edir. Bu sistem tələbələrin
bilik və bacarıqlarını daha effektiv və
strukturlaşdırılmış şəkildə qiymətləndirməyə
imkan verir: "Tədrisin yalnız akademik biliklərlə məhdudlaşmaması
da UNEC-in fərqləndirici xüsusiyyətlərindəndir.
Universitet tələbələrinin gələcək peşə
fəaliyyətinə daha hazırlıqlı olması
üçün onların ünsiyyət, komandada işləmək,
liderlik, zamanın idarə olunması və problem həll etmə
kimi qabiliyyətlərinin inkişafına xüsusi önəm
verir. Bu məqsədlə UNEC-də mütəmadi olaraq
"Soft Skills" dərsləri və təlimləri təşkil
olunur. Bu dərslər tələbələrin şəxsi və
peşəkar inkişafına töhfə verərək
onları əmək bazarının dəyişən tələblərinə
uyğun şəkildə hazırlayır. Bu yanaşmalar
UNEC-də təhsil alan tələbələrin yalnız nəzəri
biliklərlə deyil, eyni zamanda, praktiki, texnoloji və sosial
bacarıqlarla silahlanmasını təmin edir. Beləliklə,
universitet məzunları rəqabətədavamlı,
çevik düşüncəli və çevik fəaliyyət
göstərən mütəxəssislər kimi
formalaşır. UNEC 95 illik fəaliyyəti ərzində
formalaşmış təcrübəsi, tələbəyönümlü
yanaşması və inkişaf edən akademik mühiti ilə
ölkənin ali təhsil sistemində mühüm yer tutur.
Universitetin tələbə təşəbbüslərinə
verdiyi dəstək, gənclərin sosial və intellektual
inkişafına yönəlmiş fəaliyyətləri
UNEC-in təhsil strategiyasının ayrılmaz hissəsidir. Bu
yanaşma tələbələrin biliklə yanaşı,
praktiki bacarıqlara yiyələnməsinə, müasir əmək
bazarının tələblərinə uyğun
formalaşmasına və gələcək karyeralarına daha
inamla hazırlaşmasına şərait yaradır".
UNEC-in tələbə-rektoru, İqtisadiyyat və idarəetmə
fakültəsinin IV kurs tələbəsi Nihad İsgəndərovun
dediyinə görə, Azərbaycan Dövlət İqtisad
Universiteti bu gün yalnız ali təhsil müəssisəsi
deyil, həm də gənclərin gələcəyini
formalaşdıran, onların liderlik keyfiyyətlərini
önə çıxaran, sosial məsuliyyət hissini
gücləndirən, müasir dünyada rəqabətədavamlı
fərdlər yetişdirən bir inkişaf modelidir. 1930-cu ildən
bəri fəaliyyət göstərən UNEC öz şərəfli
tarixi boyunca minlərlə iqtisadçı, idarəçi,
dövlət xadimi və alim yetişdirib. Bu gün də həmin
missiya ilə davam edərək, təkcə bilik deyil, həm
də dəyər yaradır: "Müasir dövrdə
universitetlərin rolu yalnız akademik bilik verməklə
bitmir. Universitet həm də gəncin xarakterinin,
dünyagörüşünün və ictimai məsuliyyət
hissinin formalaşdığı mühüm bir mərhələdir.
UNEC bu funksiyanı uğurla yerinə yetirən universitetlər
sırasında qabaqcıl mövqedədir. Burada tələbələr
auditoriyalarda öyrəndikləri nəzəri biliklərlə
yanaşı, praktiki bacarıqlara yiyələnir, ictimai fəaliyyətlərlə
məşğul olur, layihələr yaradır, bir sözlə,
şəxsiyyət kimi formalaşırlar".
O qeyd edib ki, UNEC-in ali təhsildə tətbiq etdiyi
unikal modellərdən biri də tələbə-rektor
institutudur. Ölkədə ilk dəfə UNEC-də
yaradılan bu sistem tələbələrə yalnız səs
haqqı deyil, eyni zamanda, universitetin real idarəetməsində
iştirak etmək imkanı yaradır. Mənim də
hazırda bu vəzifəni icra etməyim, sadəcə simvolik
bir mövqe deyil - bu, tələbələrin
sözünün eşidildiyi, fikir və təşəbbüslərinin
reallaşdığı canlı təcrübədir: "Tələbə-rektor
kimi fəaliyyətim dövründə qarşıma
qoyduğum əsas məqsəd gənclərin universitet həyatına
daha çox inteqrasiya olunması, sosial aktivliyin
artırılması, tələbə ideyalarının dəstəklənməsi
və universitetlə tələbə arasında körpü
funksiyasının gücləndirilməsi olub. Bu institut tələbəyə
məsuliyyət daşımaq, komanda ilə işləmək,
qərar vermək və liderlik etmək kimi vacib həyat
bacarıqlarını qazandırır".
Onun sözlərinə görə, UNEC-də
könüllülük, sadəcə, bir fəaliyyət sahəsi
deyil, tələbələrin daxili dünyasını
formalaşdıran, empatiya və sosial məsuliyyət hissini
artıran bir dəyərdir. Mənim təşəbbüsümlə
həyata keçirilmiş "Könüllülük Həftəsi"
- Beynəlxalq Könüllülər Gününə həsr
olunmuş xüsusi layihə - bu baxımdan mühüm əhəmiyyət
kəsb edir.
Könüllülük Həftəsi çərçivəsində
təşkil etdiyimiz seminarlar, təlimlər, sosial aksiyalar
UNEC tələbələrinin həm şəxsiyyət kimi
inkişafına, həm də ictimai fəaliyyətlərdə
fəal iştirakına yol açıb. Uşaq evlərinə
getmək, ətraf mühitin qorunması ilə bağlı
aksiyalar, qanvermə kampaniyaları tələbələrə
həm faydalı olmaq, həm də liderlik
bacarığını gerçək şəraitdə
sınamaq imkanı verdi: "Könüllülük gənclərdə
yalnız yardım etmə hissini deyil, həm də çevik
düşüncə, təşəbbüskarlıq və
komanda ruhunu formalaşdırır. UNEC bu dəyərləri
bir sistem halına salaraq gənclərə yalnız sabahın
mütəxəssisi kimi deyil, cəmiyyətin fəal
üzvü kimi yanaşır. Ötən həftə təşkil
etdiyimiz "BİRİM2025" tələbə forumu UNEC tələbələrinin
intellektual və təşəbbüskar potensialını
üzə çıxaran uğurlu bir layihə oldu. Bu forumun əsas
məqsədi tələbələrə strateji
düşünmə bacarığı aşılamaq,
onları ölkənin gələcəyi ilə bağlı
düşünməyə və fikir bildirməyə təşviq
etmək idi. Forum çərçivəsində keçirilən
panel müzakirələrdə süni intellekt, rəqəmsal
iqtisadiyyat, innovasiya, marketinq və biznes strategiyaları
mövzularında fikir mübadiləsi aparıldı. Burada tələbələr
öz ideyalarını təqdim etməklə yanaşı,
müxtəlif sahələrin peşəkarları ilə
birbaşa əlaqə yaratmaq imkanı qazandılar.
BİRİM2025 forumunun ən önəmli cəhətlərindən
biri də tam şəkildə tələbələrin təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilməsi idi -
bu, onların real liderlik bacarıqlarını praktikada tətbiq
etməsi üçün mühüm bir platformaya
çevrildi".
Nihad İsgəndərov bildirib ki, 2025-ci il UNEC-in 95
illik yubileyi ilə yadda qalır. Bu tarix yalnız bir rəqəm
deyil, UNEC-in elm, təhsil və cəmiyyət
qarşısındakı xidmətlərinin simvoludur. Bu
münasibətlə keçirilən tədbirlər silsiləsi
- elmi konfranslar, sərgilər, məzunlarla görüşlər,
tələbə forumları universitetin tarixini, bugünkü
uğurlarını və gələcək
strategiyalarını əks etdirən zəngin proqramlarla
müşayiət olunur: "Bu yubiley UNEC tələbələri
üçün də xüsusi əhəmiyyət
daşıyır. Biz bu mərhələdə sadəcə təhsil
alan tələbələr deyil, eyni zamanda, 95 illik tarixin bir
parçası olduğumuzu anlayırıq. Bu dəyərlərin
davamçısı olmaq bizə həm məsuliyyət, həm
də güvən verir. UNEC tələbəsi olmaq yalnız
auditoriyada dərsə qulaq asmaq demək deyil. Bu, eyni zamanda,
müxtəlif tələbə birliklərində, layihələrdə,
könüllülük fəaliyyətlərində, sosial təşəbbüslərdə
aktiv iştirak deməkdir. UNEC-də fəaliyyət göstərən
Yaradıcılıq mərkəzi, tələbə təşkilatları,
beynəlxalq proqramlar və 7/24 kitabxana tələbələrin
maraqlarını və inkişafını dəstəkləyən
unikal mühit yaradır. Bu mühitdə biz təkcə nəzəri
bilik deyil, həm də real həyatda lazım olacaq
bacarıqları qazanırıq. UNEC tələbəsi olmaq
öz ideyasını reallaşdırmaq, komanda ilə işləmək,
müxtəlif mədəniyyətləri anlamaq və qlobal
düşünmək deməkdir. Bu təcrübə bizi təkcə
iqtisadçı deyil, cəmiyyət üçün dəyərli
bir vətəndaş kimi formalaşdırır. Bu gün
qürurla deyə bilərəm ki, UNEC yalnız gələcəyin
mütəxəssislərini deyil, eyni zamanda cəmiyyətin
yolunu müəyyən edən liderləri yetişdirir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 30 may(№93).- S.15.