Trampın
"Qızıl Qübbə"si
YAXUD KOSMOSDAN MÜDAFİƏ DOKTRİNASI VƏ
YENİ QLOBAL RƏQABƏT
ABŞ prezidenti Donald Trampın irəli
sürdüyü "Qızıl Qübbə" (Golden
Dome) layihəsi, yalnız bir müdafiə texnologiyası
deyil, eyni zamanda Birləşmiş Ştatların milli təhlükəsizlik
siyasətində, qlobal strateji düşüncəsində
köklü bir dəyişiklik kimi qəbul edilə bilər.
Bu təşəbbüs, dünya tarixində ilk dəfə
olaraq kosmosun aktiv hərbi müdafiə zonası kimi rəsmiləşdirilməsi
yönündə atılmış ən ciddi addımlardan
biridir. Layihə Trampın siyasi
dünyagörüşünün və biznes məntiqinin təzahürüdür.
O, "mükəmməl qorunma" ideyasını yüksək
texnologiyalarla birləşdirərək ABŞ-ni istənilən
istiqamətdən gələn təhlükələrə
qarşı "toxunulmaz" etmək istəyir.
ABŞ-də yaradılan "Qızıl Qübbə"
adlı raket əleyhinə müdafiə sistemi İsrailin
"Dəmir Qübbə" sistemindən üstün olacaq
və daha inkişaf etmiş texnologiyalara əsaslanacaq. Bu barədə
prezident Donald Tramp 2025-ci il mayın 21-də, layihənin
başladığını elan edərkən bildirib. Onun
sözlərinə görə, layihənin dəyəri 175
milyard dollar təşkil edəcək və sistem dörd il ərzində
istismara veriləcək. Bu konsepsiya texnoloji və strateji
baxımdan 1980-ci illərdə Ronald Reyqan tərəfindən
təqdim olunan və "Ulduz Müharibələri" kimi
tanınan Strateji Müdafiə Təşəbbüsü
(SDI) ilə xeyli ortaq cəhətə malikdir. Reyqan dönəmində
bu təşəbbüs əsasən Sovet
İttifaqını psixoloji və iqtisadi təzyiq altında
saxlamaq məqsədi daşıyırdı. Texnologiya həmin
dövrdə kosmik müdafiə sistemlərinin qurulmasına
imkan vermədiyindən, bu proqramın real hərbi nəticələri
yox idi. Lakin o, "Soyuq müharibə"nin gedişatında
əhəmiyyətli psixoloji effekt yaratmışdı.
Trampın "Qızıl Qübbə"si isə
bu fikrin müasir və texnoloji cəhətdən
reallaşdırılması məqsədi daşıyır.
Kosmosda lazer silahlarının yerləşdirilməsi, orbitdə
raket tutucuların döyüş növbətçiliyinə
cəlb olunması, həmçinin, quru və dəniz
platformaları ilə inteqrasiya edilmiş çoxqatlı
müdafiə sisteminin yaradılması, ABŞ-nin istənilən
ballistik, qanadlı və hipersəsli raket hücumlarına
qarşı tam spektrli cavab vermə qabiliyyətini hədəfləyir.
Bu kontekstdə "Qızıl Qübbə" təkcə
ABŞ-nin öz ərazisini qorumaq planı deyil, qlobal güc
balansında yeni, texnoloji əsaslı dominantlığın
qurulması cəhdidir. Sistem eyni zamanda ABŞ-nin müttəfiqlərini
və strateji maraq dairəsindəki regionları da əhatə
edə bilər - bu isə NATO və digər beynəlxalq təhlükəsizlik
qurumlarının gələcək arxitekturasını yenidən
formalaşdıra bilər. Beləliklə, "Qızıl
Qübbə" layihəsi ABŞ-ın qlobal təhlükəsizlik
strategiyasını yalnız planet səviyyəsində deyil,
artıq orbital səviyyədə də həyata keçirməyə
hazır olduğunu göstərir. Bu təşəbbüs
beynəlxalq münasibətlərdə yeni silahlanma
yarışının və texnoloji rəqabətin təməlini
qoymaq potensialına malikdir.
Texniki və konseptual əsaslar: "Qızıl
Qübbə"nin innovativ müdafiə arxitekturası
"Qızıl Qübbə" layihəsi ideya
baxımından İsrailin məşhur "Dəmir Qübbə"
(Iron Dome) hava hücumundan müdafiə sistemindən ilham alsa
da, onun texnoloji çərçivəsini xeyli aşır və
qlobal miqyaslı, kosmosa əsaslanan, çoxqatlı və
adaptiv bir müdafiə doktrinası kimi nəzərdə
tutulur. İsrailin "Dəmir Qübbə" sistemi qısa
və orta mənzilli raketləri avtomatik şəkildə
müəyyən və məhv etmək üçün
qurulub, əsasən Qəzza zolağından atılan primitiv
raketlərə qarşı mübarizədə istifadə
olunur. Bu sistem texnologiya və reaksiya sürəti
baxımından uğurlu nümunə sayılsa da, 2023-cü
ilin oktyabrında HƏMAS-ın genişmiqyaslı
hücumları nəticəsində sistemin zəif tərəfləri
də üzə çıxdı: çoxsaylı ucuz və
koordinasiyalı raket hücumları onun yüklənməsinə
və müəyyən qədər
sındırılmasına səbəb oldu. Bununla müqayisədə
"Qızıl Qübbə" layihəsi strateji və
texniki baxımdan tam fərqli və çox da
ambisiyalıdır. Layihənin mərkəzində kosmosa yerləşdiriləcək
yüksək enerjili lazer sistemləri dayanır. Bu silahlar
yalnız sadə raketləri deyil, həm də ballistik raketləri
(uzun mənzilli və yüksək sürətli), qanadlı
raketləri (ərazini yer səviyyəsində izləyərək
uça bilən), hipersəsli silah sistemlərini (səsi 5 dəfədən
çox keçən sürətlə hərəkət edən
yeni nəsil silahlar) və nüvə başlıqlı raketləri
hədəf alaraq havada məhv etməlidir.
Orbital tutucular və kosmik peyk şəbəkəsi
Layihənin ən diqqətçəkən hissələrindən
biri "orbital tutucular" (orbital interceptors) adlanan
texnologiyadır. Bu komponentlər, faktiki olaraq, kosmosda daimi
döyüş növbəsində olan müdafiə modullarıdır.
Onlar orbitdən radar, infraqırmızı və digər
texnologiyalarla raket buraxılışlarını müəyyən
edir, izləyir və reaksiya verir. Belə bir sistemin tam işlək
vəziyyətə gəlməsi üçün yüzlərlə,
hətta minlərlə müstəqil peyk və sensor modula
ehtiyac var. Bu peyk şəbəkəsi əməliyyat məlumatlarını
real zamanlı emal edəcək, süni intellekt tərəfindən
idarə olunacaq və lazer silahları ilə inteqrasiya ediləcək.
Belə bir yanaşma, gələcək müharibə
konsepsiyalarında kosmosun döyüş sahəsinə
çevrilməsi deməkdir.
Quru və dəniz platformalarının rolu
"Qızıl Qübbə" yalnız kosmik
müdafiəyə söykənmir. Onun tamamlayıcı
strukturları yer və dənizdə də nəzərdə
tutulub. Bunlara ABŞ ərazisində və müttəfiq
ölkələrdə yerləşdiriləcək
yerüstü radar sistemləri və raketdən müdafiə
bazaları, ABŞ Donanmasının gəmi sistemlərinə
(xüsusilə Aegis destroyerlərinə) yerləşdiriləcək
dəniz platformalı tutucular, nəhayət, hava dronları və
aviasiya ilə əlaqəli sistemlər, yəni müxtəlif
səviyyəli məlumat toplayıcılar və
ötürücülər daxildir.
Bu inteqrasiya, müdafiə sisteminin yalnız raketlərin
son mərhələsində deyil, həm də erkən
aşkarlanma və ilkin məhv mərhələsində də
effektiv fəaliyyət göstərməsinə imkan verəcək.
Hüquqi və geopolitik çərçivə:
"Qızıl Qübbə"nin strateji sabitliyə təsiri
"Qızıl Qübbə" layihəsi təkcə
texnoloji və hərbi innovasiya deyil, eyni zamanda beynəlxalq
hüquq və geopolitik balans baxımından ciddi
narahatlıqlar doğuran bir təşəbbüsdür.
ABŞ bu sistemin hüquqi əsaslarını
formalaşdırmaq üçün artıq mövcud olan bəzi
beynəlxalq razılaşmalardan əvvəlcədən geri
çəkilmişdir. Xüsusilə, 2002-ci ildə
ABŞ-nin Raket Əleyhinə Müdafiə Müqaviləsindən
(ABM Treaty) birtərəfli şəkildə
çıxması bu cür layihələrin
reallaşması üçün hüquqi maneələri
aradan qaldırdı. Həmin müqavilə (1972-ci ildə
ABŞ və SSRİ arasında bağlanmışdı) hər
iki tərəfin öz ərazilərinin ümumi raketdən
müdafiə sistemi ilə qorunmasına məhdudiyyət
qoyurdu. Məqsəd nüvə balansını qorumaq və
"qarşılıqlı təmin edilmiş məhvetmə"
(Mutual Assured Destruction - MAD) prinsipini stabil saxlamaq idi.
ABŞ-nin bu müqavilədən çıxması,
sonrakı onilliklərdə raket əleyhinə müdafiə
sistemlərinin genişləndirilməsinin hüquqi yolunu
açdı. "Qızıl Qübbə" isə bu
inkişafın kulminasiya nöqtəsi kimi görünür.
Onun kosmosa əsaslanması və genişmiqyaslı şəkildə
tətbiqi, xüsusilə Rusiya və Çin tərəfindən
qlobal strateji sabitliyə birbaşa təhdid kimi qəbul olunur.
Rusiya və Çin narahatlığı
Rusiya və Çin dəfələrlə bəyan
ediblər ki, ABŞ-nin bu cür təşəbbüsləri
onların milli təhlükəsizliklərinə birbaşa təhdid
yaradır. 2024-cü ilin sonlarında imzalanmış birgə
Rusiya-Çin strateji əməkdaşlıq bəyanatında
"Qızıl Qübbə" layihəsi açıq
şəkildə qeyd olunmuş və kosmosun
silahlandırılmasına qarşı ciddi etiraz
bildirilmişdi. Bu narahatlıqların kökündə duran əsas
məsələ budur: əgər ABŞ orbitdə silah sistemləri
yerləşdirərsə və bu sistemlər əvvəlcədən
xəbərdarlıq etmədən hər hansı bir
hücuma cavab verə bilərsə, bu, qlobal silahlanma
balansını ABŞ-nin xeyrinə dəyişəcək. Bu
isə digər dövlətləri öz nüvə və
raket imkanlarını sürətlə inkişaf etdirməyə
məcbur edəcək. Beləliklə, layihə faktiki olaraq
yeni və daha təhlükəli bir silahlanma
yarışını stimullaşdıra bilər.
Kosmos hüququ və normativ boşluq
Mövcud beynəlxalq hüquqa görə, Kosmos
Müqaviləsi (Outer Space Treaty, 1967) kütləvi
qırğın silahlarının (nüvə və kimyəvi)
kosmosa yerləşdirilməsini qadağan edir. Lakin bu
müqavilə lazer, kinetik tutucu və ya adi hərbi peyk sistemlərinin
yerləşdirilməsini qəti şəkildə qadağan
etmir. Beləliklə, "Qızıl Qübbə" layihəsi
beynəlxalq hüququn texniki boşluqlarından istifadə
edir. Bu vəziyyət beynəlxalq ictimaiyyət
üçün normativ çətinliklər və təhlükəli
presedentlər yaradır. Əgər ABŞ bu texnologiyanı
uğurla tətbiq edərsə və digərləri də bu
yolu izləməyə başlayarsa, kosmos gələcəkdə
yerüstü müharibələrdən daha mürəkkəb
və qeyri-proqnozlaşdırıla bilən bir münaqişə
zonasına çevrilə bilər.
Layihənin maliyyələşdirilməsi və
ümumi xərclər
"Qızıl Qübbə" layihəsinin
ümumi dəyəri təxminən 175 milyard dollardır. Bu məbləğ
ABŞ müdafiə büdcəsinin təxminən 20-25 faiziə
bərabərdir və bir çox NATO ölkələrinin
ümumi hərbi xərclərini aşır. Əsas xərc
kateqoriyalarına Yüzlərlə yüksək
texnologiyalı peyk və lazer sistemlərinin orbitə
buraxılması və idarəsi nəzərdə tutulur ki,
bunun üçün peyk və orbital platformalar hazırlanacaq
ki, bu da nəzərdə tutulmuş ümümi məbləğın
40 faizini təşkil edəcək. Daha sonra Lazer
texnologiyalarının kosmik və yerüstü tətbiqləri
üçün enerji mənbələri və
soyuqlaşdırma sistemləri hazırlanacaq ki, Lazer
silahları və enerji sistemləri üçündür, bu
da layihə məbləğinin 20 faizini təşkil edəcək.
Aegis sistemi, radar qurğuları, raket tutucuları və
koordinasiya mərkəzləri üçün Quru və dəniz
platformaları yaradılacaq ki, bu da ümumi məbləğin
15 faizini təşkil edəcək. Süni intellekt və idarəetmə
şəbəkəsi üçün real vaxtda məlumat
emalı, sensor inteqrasiyası və süni intellekt əsaslı
qərarverici modular da hazırlanacaq ki, bu da xərclərin 10 faizi
qədər olacaq. Daha sonra araşdırma, R&D və
sınaqlar, texnologiyanın hazırlanması, test mərhələləri
və təkmilləşdirilmə prosesi üçün 10
faiz, infrastruktur və logistik dəstək, hərbi bazalar,
texniki xidmət obyektləri, personal hazırlığı və
daşıma üçün isə ümumi məbləğin
5 faizi qədər xərclənməsi nəzərdə
tutulur.
Özəl sektorun iştirakı və Elon Mask faktoru
Tramp administrasiyası bu layihəyə maksimum dərəcədə
özəl sektor cəlb olunmasını prioritet elan edib. Elon
Maskın SpaceX və Starlink kimi şirkətləri vasitəsilə
həm kosmik nəqliyyat, həm də təhlükəsizlik
telekommunikasiyası sahəsində layihəyə dəstək
verməsi planlaşdırılır. Mask hətta ABŞ
hökumətinə "abunəlik modeli" təklif edərək
müdafiə sisteminin özəl kapital hesabına
qurulmasını, dövlətin isə onun xidmətlərindən
istifadə etməsini irəli sürüb.
Maliyyə dayanıqlılığı və risklər
Yüksək maliyyə xərcləri layihənin
yalnız texniki deyil, həm də iqtisadi baxımdan mübahisəli
olmasına səbəb olur. Əgər sistem nəzərdə
tutulduğu kimi tam effektiv işləməzsə, xərclər
"ağ fil" investisiyasına çevrilə bilər (yəni
çox xərc çəkilmiş, lakin faydasız layihə).
ABŞ-nin borc yükünün artdığı bir dövrdə
bu qədər böyük layihənin maliyyələşdirilməsi
ictimai və siyasi narazılıqlara səbəb ola bilər.
Analitik qiymətləndirmə və nəticələr
Texnoloji üstünlük və qlobal risklər
arasında "Qızıl Qübbə" layihəsi, ilk
baxışdan texnoloji cəhətdən cazibədar və
strateji üstünlük vəd edən bir təşəbbüs
kimi görünür. Lakin onun uğurla həyata keçirilməsi
həm mühəndislik baxımından son dərəcə
mürəkkəb, həm də geosiyasi baxımdan təhlükəli
nəticələrə yol aça biləcək bir prosesdir.
Bu səbəbdən, layihəni yalnız texniki və maliyyə
göstəriciləri ilə deyil, qlobal təhlükəsizlik
və strateji sabitlik kontekstində də qiymətləndirmək
vacibdir. Layihənin əsas komponentləri - məsələn,
orbitə yerləşdiriləcək lazer silahları, orbital
tutucular və süni intellektlə dəstəklənmiş
real vaxt müdafiə şəbəkəsi - hazırkı
texnoloji imkanlarla yalnız məhdud şəkildə
sınaqdan keçirilmişdir. Bu texnologiyaların real şəraitdə
yüksək etibarlılıqla işləməsi
üçün hərbi-sənaye kompleksinin yüksək
koordinasiyası, kosmik şəraitdə uzunmüddətli
sabitlik və idarəolunma, kiberhücumlara qarşı
davamlı və təhlükəsiz informasiya şəbəkələri,
eləcə də beynəlxalq hüquq normalarına uyğunluq
tələb olunur.
Bu komponentlərdən yalnız birinin belə
uğursuzluğu, bütün sistemin effektivliyini şübhə
altına ala bilər. Əgər bu sistemin ən iddialı
elementi - orbital tutucular - uğurla yerləşdirilərsə
və işlək vəziyyətdə fəaliyyətə
başlasa, bu, ABŞ-nin raket əleyhinə müdafiə
qabiliyyətində inqilabi sıçrayış yarada bilər.
Bu sistemin tətbiqi ilə ABŞ hipotetik raket
hücumlarını havada zərərsizləşdirmək
imkanı əldə edəcək, strateji müttəfiqlərinə
qarşı qoruyucu "çətir" rolunu oynayacaq və
nəticə etibarilə qlobal hərbi güc balansında
üstün mövqe qazanacaq.
Lakin belə bir üstünlük beynəlxalq sistemdə
"asimmetrik təhlükə təsəvvürü"
(threat perception) yaradır. Digər nüvə silahına sahib
dövlətlər - xüsusilə Rusiya və Çin -
ABŞ-ın bu sistemi öz üstünlüyünü qorumaq
və rəqiblərinin çəkindirici qabiliyyətini zərərsizləşdirmək
üçün istifadə edə biləcəyindən
ehtiyat edirlər. Bu isə bir neçə ciddi nəticə
doğura bilər. Yeni silahlanma yarışı başlaya bilər
- rəqib dövlətlər daha qabaqcıl, orbitdən
yayınan və çoxbaşlı raketlər inkişaf
etdirmək məcburiyyətində qalacaq, nüvə
balansı pozulacaq - (MAD) prinsipi zərbə alacaq və strateji
sabitlik sarsılacaq. (MAD) - Mutually Assured Destruction, azərbaycanca
"qarşılıqlı zəmanətli məhv"
prinsipi adlanır və "Soyuq müharibə" dövründə
nüvə silahları ilə balansı qorumaq
üçün əsas strategiya idi. Bu prinsipin mahiyyəti
ondan ibarətdir ki, əgər iki nüvə dövləti -
məsələn, ABŞ və Rusiya - hər ikisi bir-birini
tamamilə məhv edə biləcək qədər nüvə
arsenalına malikdirsə, o zaman hər hansı bir hücum tərəfin
özü üçün də intihar deməkdir. Yəni:
Əgər A dövləti B-yə nüvə hücumu etsə,
B dövləti cavab olaraq A-nı da məhv edəcək, nəticədə
hər iki tərəf məhv olacaq, qalib olmayacaq. Bu fikir tərəfləri
hücumdan çəkindirən ən güclü psixoloji və
strateji faktor sayılırdı. Daha bir təhlükə isə
kosmosda münaqişə riskinin artması - kosmosun
militarizasiyası nəticəsində gələcək
müharibələrin yer üzündən orbitə keçə
bilməsidir, bu da ekoloji fəlakəti qaçılmaz edəcək.
Yekun olaraq "Qızıl Qübbə" layihəsi
texnologiya və müdafiə sahəsində ciddi bir
dönüş nöqtəsi ola bilər. Lakin bu sistemin
effektivliyi texniki səmərəlilikdən daha çox, onun
geosiyasi idarəçiliyi və beynəlxalq münasibətlər
sisteminə uyğunlaşdırılmasından asılı
olacaq. Əgər bu layihə yalnız hərbi
üstünlük məqsədilə istifadə olunarsa, bu,
sabitlik əvəzinə qarşılıqlı
inamsızlıq və təhlükəsizlik dilemmasını
dərinləşdirəcək. Əks halda, bu sistem beynəlxalq
əməkdaşlıq formatında və açıq
texnoloji nəzarət altında tətbiq edilərsə, bəşəriyyətin
müdafiə imkanlarını artıran, lakin sabitliyi pozmayan
bir modelə çevrilə bilər.
Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert
525-ci qəzet .- 2025.- 30 may(№93).- S.10;11.