Üç dövlətin
Laçın Zirvəsi
28 May - Azərbaycanın Müstəqillik
Günündə Laçında mühüm tarixi hadisə
baş verdi. Azərbaycan, Türkiyə və Pakistan liderləri
məhz Laçında bir araya gələrək üçtərəfli
Zirvə toplantısı keçirdilər. Bu görüş
üç yaxın dost və qardaş ölkənin bundan
sonra yeni formatda əməkdaşlığı daha möhkəmləndirəcəyini,
bir-birini daha güclü şəkildə dəstəkləməyə
davam edəcəklərini göstərmiş oldu. Bu dəstək
təkcə siyasi həmrəyliyi deyil, eyni zamanda
ticari-iqtisadi, investisiya və digər sahələrdə əlaqələrin
daha da inkişafını ehtiva edir.
Azərbaycan Prezidenti İlham Əliyev
çıxışında əməkdaşlıq
imkanlarına toxunaraq deyib: "Ölkələrimizin strateji
mövqeyindən və dinamik iqtisadi potensialımızdan
istifadə etməklə qarşılıqlı faydalar əldə
etmək üçün geniş imkanlar var. Siyasət,
iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat,
müdafiə, kənd təsərrüfatı, informasiya
texnologiyaları və digər sahələrdə əməkdaşlığın
birgə layihələr və proqramlar vasitəsilə daha
böyük sürətlə inkişaf edəcəyinə
inanırıq".
Bu gün Azərbaycan dövləti azad edilmiş əraziləri
öz gücünə sıfırdan yenidən yaradır,
geniş bərpa-quruculuq işləri həyata keçirir.
Laçın Beynəlxalq Hava Limanının
açılması, eyni zamanda, Laçında
yaradılmış şərait də işğaldan azad
olunmuş ərazilərdə dövlətin
gördüyü işlərin miqyasını nümayiş
etdirir. Türkiyə və Pakistan kimi dost və qardaş
ölkələr Azərbaycanın haqq işində hər
zaman onun yanında olub, siyasi, mənəvi dəstəklərini
göstəriblər. Azərbaycan da hər zaman qardaş
ölkələrin haqq işində onlarla bərabər olub.
Bu gün həm Türkiyə, həm Pakistan, həm də Azərbaycan
öz regionlarında, dünya çapında nüfuzlu
dövlətlərdir. Qardaş Türkiyə regional gücdən
qlobal gücə çevrilib, Pakistan güclü dövlət
kimi özünü təsdiqləyib. Bu günlərdə
Hindistanla yaranmış gərginlik zamanı verilən cavab
İslamabadın gücünü bir daha təsdiqləmiş
oldu. Üç ölkənin bir arada olması əlbəttə
ki, onların gücünə güc qatır, eyni zamanda təhdidlərə
qarşı birgə mübarizəni daha effektli edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
üç ölkənin əməkdaşlığını
belə ifadə edib: "Biz - ortaq idealları və birgə
gücü olan üç qardaş ölkəyik.
Sayımız təxminən 350 milyon nəfərdir və birgə
1,5 trilyon dollar ÜDM-ə sahib iqtisadi nəhəng
yaradırıq. Bu bizim ortaq yolumuzdur - xalqlarımız
üçün güclü və firavan gələcək
qurmaq".
Eyni zamanda, ölkə liderlərinin sülh
mesajları vermələri hər üç ölkənin
münaqişələri deyil, sülh və dialoqu dəstəklədiklərini
bir daha nümayiş etdirmiş oldu.
Pakistan və Hindistan arasında son gərginliyə
diqqət çəkən Prezident İlham Əliyev bəyan
etdi ki, münaqişənin dialoq və sülh yolu ilə,
beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əsaslanan həllini
dəstəkləyirik.
Pakistan lideri isə "Biz münaqişələrə
"yox", sülhə isə "hə" demək
üçün buradayıq. Pakistan, Türkiyə və Azərbaycan
kimi etibarlı qardaşlara - ədalət uğrunda
çiyin-çiyinə duran müttəfiqlərə sahib
olmaqdan qürur duyur", deyib.
Beləliklə, Laçın Zirvəsi Azərbaycan-Türkiyə-Pakistan
münasibətlərində yeni bir səhifə
açmış oldu. Bu səhifə üç ölkənin
əlaqələrini daha da gücləndirəcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu
mövzsu ilə bağlı "525"ə deyib ki, mayın
28-də işğaldan azad olunmuş ərazilərdə iki
mühüm hadisə baş verdi: "Onlardan biri
Laçın şəhərində hava limanının
açılması idi, ikincisi isə bu hava limanının
açılışında və sonra keçirilən mərasimdə
Azərbaycana ən yaxın olan, müttəfiq və
qardaş ölkələrin liderlərinin iştirakı idi.
Əslində bu, həm də Böyük
Qayıdışın və ona beynəlxalq dəstəyin
göstəricisi idi. Azərbaycan Prezidenti
açılış zamanı bildirdi ki, bu, dünyaya verlən
bir mesajdlr. Yəni bu gün həmin dəstəyin miqyası,
Türkiyə, Pakistan, Azərbaycan
üçbucağının yerləşdiyi geostrateji region
və coğrafi mövqe baxımından üç liderin
birgə iştirakı Azərbaycanın gələcək,
perspektiv planları, sülhə, kommunukasiyaların
açılmasına xidmət edən layihələrin nə
qədər geniş bir coğrafiyada dəstəkləndiyini
göstəricisidir. Eyni zamanda, bunlar əlbəttə ki,
iqtisadi qüdrətimizin və milli gücümüzün
artırılmasına xidmət edən tədbirlərdir.
Heç şübhəsiz ki, hazırkı tarixi mərhələdə
təhlükəsizliyin təmin olunması həm
iqtisadiyyatın, həm milli inkişafın vacib şərtidir.
Bu mənada, bu həm də böyük bir təhlükəsizlik
tədbiri idi. Əslində üç dost və qardaş
ölkənin liderləri dünyaya mesaj verdilər ki, cəmi
beş il bundan əvvələ kimi müharibə meydanı
olan, ən çox hərbləşdirilmiş ərazi olan
bir coğrafiyada bu gün Azərbaycanın iradəsi ilə
sülh yaradılır, kommunikasiyalar açılır, turizm
inkişaf etdirilir. Regional potensial iqtisadiyyata cəlb edilir və
bu bütün region üçün əhəmiyyətlidir.
Ona görə də düşünürəm ki, bu tədbir
üçtərəfli əməkdaşlığın dərinləşməsində
həm də yeni bir səhifə kimi yadda qaldı. Bundan sonra
da Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli
formatı həm region üçün həm də həmin
ölkələri hər biri üçün daha
böyük rifah daha böyük iqtisadiyyat vəd edən bir
hadisədir".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Sultan Zahidov isə "525"ə bildirib ki, Azərbaycanın
Türkiyə və Pakistan ilə əməkdaşlığı,
yaxın münasibətləri çoxillik tarixə malikdir. Hələ
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra onu tanıyan ilk ölkələr Türkiyə və
Pakistan olub. Həmin vaxt çətin dönəmdən
keçən, torpaqlarının 20 faizinin işğalı ilə
üzləşən Azərbaycanın haqq səsinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında, siyasi dəstək
göstərilməsində Türkiyə və Pakistanın
böyük rolu olub.
Ekspert əlavə edib ki, o zaman Türkiyə Azərbaycan
torpaqlarının işğalı məsələsini BMT Təhülkəsizlik
Şurasının gündəliyinə salınmasında
diplomatik səylər göstərib. 1993-cü ilin aprelində
Azərbaycan torpaqlarının işğalını
qınayan və işğalçıların Kəlbəcərdən
dərhal çıxmasını tələb edən 822
saylı qətnamə qəbul edilərkən, TŞ-ya rəhbərliyi
məhz Pakistan həyata keçirirdi: "Azərbaycan,
Türkiyə və Pakistan arasındakı siyasi platformalarda əməkdaşlıq,
hər üç ölkənin bir-birinə yaxın dəstəyi
həmin vaxtlardan etibarən başlayıb və bu günə
qədər fəal şəkildə davam edir. İkinci
Qarabağ müharibəsində həm Türkiyənin, həm
də Paksitanın Azərbaycana böyük siyasi və mənəvi
dəstəyinin şahidi olduq. Siyasi əməkdaşlıqdan
əlavə üç ölkə arasında ticari-iqtisadi,
elm, mədəniyyət, təhsil sahələrində də
ciddi əməkdaşlıq perspektivləri mövcuddur. Onu da
qeyd etmək lazımdır ki, əvvəllər Azərbaycan
Türkiyə və Pakistanla daha çox ikitərəfli
formatda əməkdaşlığa üstünlük verirdisə,
artıq son illərdə biz Azərbaycan-Türkiyə-Pakistan
üçtərəfli formatının yaranmasının və
inkişafının şahidi oluruq. Hələ 2017-ci ildə
bununla bağlı addımlar atılıb və həmin il
üç ölkənin xarici işlər nazirlərinin
görüşü baş tutub. Daha sonra 2021-ci ildə
üç ölkənin parlamentlər səviyyəsində
vahid əməkdaşlıq razılaşdırılıb. Nəhayət,
2024-cü ildə Astanada Azərbaycan Prezidenti İlham
Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd
Şahbaz Şərifin iştirakı ilə üçtərəfli
görüş baş tutdu və beləliklə, ikitərəfli
format artıq dövlət rəhbərləri səviyyəsində
inkişaf etdi".
S.Zahidov deyib ki, Laçında hər üç
liderin Beynəlxalq Hava Limanının
açılışında iştirak etmələri, eyni
zamanda öz bəyanatlarında ictimaiyyətə verdikləri
mesajlar onu göstərir ki, artıq bu üçtərəfli
format tam şəkildə bir inkişaf yoluna qədəm
qoymaqdadır:
"Prezident İlham Əliyevin də dediyi kimi,
mayın 28-də razılaşdırılmış məsələlər
üçtərəfli formatın daha da güclənməsinə,
üç ölkə arasındakı dostluğun, qardaşlığın
daha da möhkəmlənməsinə gətirib
çıxaracaqdır. Bu görüş üçtərəfli
əlaqələrdə yeni bir səhifə kimi xarakterizə
edilməlidir".
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Pakistan
formatının əhəmiyyəti hazırkı geosiyasi
reallıqlar fonunda daha çox özünü göstərməkdədir:
"Bu gün beynəlxalq sistemdə ciddi boşluqlar var.
Dünya düzəni sarsılmağa doğru davam edir.
Dünyada baş verən müharibələr və
münaqişələr fonunda beynəlxalq sistemin, BMT-nin
effektiv olmaması artıq dövlətlərin regional səviyyədə
bir-birlərinə üz tutmalarına, birləşmələrinə,
üçlü, dördlü, beşli platformalar
yaratmalarına gətirib çıxarır ki, bu baxımdan
Azərbaycan-Türkiyə-Pakistan formatının da əhəmiyyəti
xüsusi maraq kəsb edir. Əvvəlcə deyim ki, bu
formatın həm Türkiyəni, həm Orta Şərqi, həm
Qafqazı, hətta deyərdim ki, Mərkəzi Asiya və
Pakistanı əhatə edən Böyük Orta Şərq
regionunda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyəti
böyükdür. Çünki hər üç ölkə
yerləşdikləri regionlarda sabitləşdirici funksiyalara
malikdirlər. Pakistan Cənubi Asiyada, Azərbaycan Qafqazda,
Türkiyə Yaxın və Orta Şərq regionunda. Baxmayaraq
ki, hər üç regionda münaqişə ocaqları
mövcuddur. Düzdür, Azərbaycan Qarabağ
münaqişəsini həll edib, amma hələ də Ermənistanla
sülh sazişi imzalamayıb, Qafqaz regionunda başqa
münaqişə ocaqları da var. Hindistanla Pakistan
arasındakı münaqişə, Türkiyənin Kipr məsələsindəki
müəyyən maraqlarını qeyd etmək
lazımdır. Bununla belə, bu məsələlərdə
üç ölkə daim bir-birini dəstəkləyib, yerləşdikləri
regionlarda xarici qüvvələrin destruktiv siyasətlərinə,
məkrli ambisiyalarına qarşı bir dayaq nöqtəsi
rolunu oynayıblar. Qafqazda Ermənistanın hərbləşdirilməsinə
töhfə verən Fransa, Hindistan kimi dövlətlər var.
Ermənistan-Fransa-Hindistan hərbi əməkdaşlığı
fonunda düşünürəm ki, Azərbaycan-Türkiyə-Pakistan
əməkdaşlığı o destruktiv birliyə
qarşı daha sabitləşdirici, daha
balanslaşdırıcı bir funksiyaya malik ola bilər. Bu da
bu üçlü formatın əhəmiyyətinə əhəmiyyət
qatmaqdadır. Hər şeydən əvvəl regional təhlükəsizlik
və sabitlik baxımından Türkiyə-Azərbaycan-Pakistan
əməkdaşlığı böyük əhəmiyyətə
malikdir, digər tərəfdən hər üç ölkənin
yerləşdikləri regionların sıx inteqrasiyası,
bir-birinə bağlılığı baxımından bu
üç ölkənin əməkdaşlığına
böyük ehtiyac var".
Ekspert yada salıb ki, Türkiyə lideri öz bəyanatında
Orta Dəhlizdən bəhs etdi, Türkiyə və Azərbaycanın
Şərqlə-Qərb arasındakı yolların kəsişməsində
yerləşməsi və tranzit imlanlarına toxundu,
Pakistanın da Orta Dəhlizə verə biləcyi töhfələrdən
danışdı, bu da onu göstərir ki, nəqliyyat
anlamında da bu üç ölkə arasında ciddi əməkdaşlıq
perspektivləri mövcuddur. Bu da həm Şərq-Qərb, həm
də Şimal-Cənub dəhlizlərinin inkişafı,
ümumiyyətlə Böyük Orta Şərq və
bütün Avrasiya regionunun tərəqqisi, inkişafı və
sabitliyi baxımında xüsusi əhəmiyyət malikdir.
Ümumiyyətlə, Azərbaycan-Türkiyə- Pakistan əməkdaşlığı
sözün əsl mənasında böyük perspektivlər
vəd edir.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 30 may(№93).- S.5.