ABŞ-Azərbaycan
münasibətlərində yeni dövr
TRAMP BAKI İLƏ DAHA DƏRİN
TƏRƏFDAŞLIQ GÖZLƏYİR
Son günlər Azərbaycanla ABŞ arasında
münasibətlərdə yeni bir dinamika müşahidə
olunur. Birləşmiş Ştatların Prezidenti Donald
Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik
Günü münasibətilə ünvanlandığı təbrik
məktubu da Ağ Evin yeni administrasiyasının ölkəmizlə
əməkdaşlığa verdiyi önəmin göstəricisidir.
Təbrik məktubunda deyilir: “Biz Azərbaycan
Respublikası ilə əlaqələrimizi və terrorizmə
qarşı mübarizədə, enerji təhlükəsizliyinin
inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində
ABŞ ilə tərəfdaşlığınızı
yüksək qiymətləndiririk. 30 ildən artıq
diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz
əhəmiyyətli dərəcədə inkişaf edib. Biz
ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən
təhlükəsizlik sahəsində əməkdaşlığımız,
iqtisadi münasibətlərimiz və enerji inkişafı
üzrə tərəfdaşlığımız bundan sonra
da davam edəcək.
ABŞ Azərbaycan və Ermənistan arasında
möhkəm sülhü dəstəkləməkdə davam
edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan
olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq
üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə
nail olmağın və Cənubi Qafqaz xalqları
üçün yeni firavanlıq dövrünə qədəm
qoymağın vaxtıdır”.
ABŞ lideri vurğulayıb ki, qarşıdakı illərdə
və onilliklər ərzində Azərbaycanla daha dərin tərəfdaşlığa
ümid edirik.
Məktubdan göründüyü kimi, ABŞ Azərbaycanın
əhəmiyyətini, enerji təhlükəsizliyinin təminindəki
rolunu qiymətləndirir, Cənubi Qafqazda sülhün önəmini
vurğulayır. Eyni zamanda, Azərbaycanla münasibətlərin
inkişafında maraqlı oluğunu nümayiş etdirir.
Xatırladaq ki, bir neçə gün əvvəl
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin
üzvü, senator Stiv Deyns Bakıda səfərdə olub və
Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.
Amerikalı senator da Amerika Birləşmiş Ştatları
ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsi
üçün böyük perspektivlərin olduğunu deyib.
Həmçinin, Əfqanıstanda Amerika Birləşmiş
Ştatları və Azərbaycan əsgərlərinin
çiyin-çiyinə xidmət etdiyini, Kabil hava
limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan
sülhməramlı qüvvələrinin
Əfqanıstanı tərk edən ən sonuncu hərbi
kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi
şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin
mühüm rol oynadıqlarını söyləyib, buna
görə də ayrıca minnətdarlığını
bildirib.
Senator fəaliyyəti dövründə Azərbaycanın
və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş
Ştatları ilə münasibətlərinin
inkişafına mühüm əhəmiyyət verdiyini deyərək,
əlaqələrin inkişaf etdirilməsi üçün
böyük imkanların olduğunu vurğulayıb. O, Azərbaycana
və Mərkəzi Asiya ölkələrinə ABŞ
Senatının nümayəndələri tərəfindən
səfərlərin intensivləşdirilməsinin vacibliyinə
toxunub.
Azərbaycan ABŞ-la hər zaman yaxşı
münasibətlərin tərəfdarı olub. Ölkəmiz
təkcə sözdə deyil, öz addımları ilə
etibarlı tərəfdaş olduğunu dəfələrlə
nümayiş etdirib. Amma təəssüf ki, ABŞ-nin sabiq
administrasiyası Azərbaycana qarşı qərəzli
mövqe tutdu, açıq şəkildə ermənipərəst
mövqedən çıxış edərək, Ermənistanla
sülh prosesində görüntü xatirinə belə
neytrallığını saxlaya bilmədi. Ümumiyyətlə,
demokrat Co Baydenin siyasəti təkcə Azərbaycanla deyil, bir
sıra digər ölkələrlə də ciddi problemlərin
yaranmasına, dünyada yeni münaqişə
ocaqlarının meydana çıxmasına, alovlanmasına səbəb
oldu. Bayden administrasiyası Ermənistanla bitmiş
münaqişəni də körükləməyə cəhd
edirdi. Ermənistana silahların ötürülməsi, hərbi
sahədə dəstəyin artırılması, sülh
prosesinə maneə yaradan absurd tezisləri gündəmə
gətirmək məhz sülhün əldə
olunmasını ləngitməyə, Azərbaycana təzyiq
göstərməyə hesablanmışdır. Yeni münaqişələr
yaradan Bayden administrasiyası təbii ki, Cənubi Qafqazda 30 ilə
yaxın davam edən münaqişənin başa
çatmasını, Azərbaycanın regionda yeni
reallıqlar yaratmasını qəbul edə bilmirdi. Amma onlar
Azərbaycanın adekvat reaksiyaları qarşısında
başa düşdülər ki, Bakıya qarşı bu
cür qərəzli yanaşmalar heç bir nəticə verməyəcək.
Tramp administrasiyası isə Bayden hakimiyyətindən
fərqli, milli maraqlara əsaslanan siyasət aparır,
münaqişələrə, müharibələrə
qarşı çıxır.
Tramp birinci prezidentlik dövründə də Azərbaycanla
əməkdaşlığın möhkəmlənməsinə
xüsusi diqqət verirdi. Prezident İlham Əliyev hələ
Şuşa Qlobal Media Forumundakı
çıxışında bu məqama toxunaraq deyib ki,
Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq
dərəcədə uğurlu və nəticəyönümlü
əlaqələrimiz olub: “Eyni zamanda, Prezident Trampın
prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız
olub. Bu əməkdaşlıq qarşılıqlı
hörmət üzərində qurulmuşdur və
qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən
ibarət idi”.
Dövlət başçısı deyib ki, ABŞ-la
münasibətlərimiz demək olar ki, hər zaman sabit olub.
Əlbəttə ki, müəyyən enişli-yoxuşlu
dövrlər olub və o da bizim günahımız deyildi:
“Bütün bu enişli-yoxuşlu dövrlərə
baxmayaraq, biz münasibətlərə strateji, vacib mövqedən
yanaşmışıq və biz burada mümkün qədər
əlimizdən gələni etməyə
çalışmışıq. Xüsusilə də praktiki
baxımdan sülhməramlı əməliyyatlarda
iştirakımızı nəzərdə tuturam. Bu əməliyyatlar
başlayanda Azərbaycan ilk qeyri-NATO ölkəsi idi ki,
Əfqanıstanda həmin əməliyyatlara qoşuldu və
oradan sonuncu çıxdı. ABŞ qoşunları ölkəni
tərk etdi və daha dəqiq desək, oranı qoyub
qaçdılar. Biz hələ də orada idik. Biz Türkiyənin
Silahlı Qüvvələri ilə birlikdə hava
limanını tərk edən sonuncu ölkələr olduq. Bu
idi bizim tərəfdaşlığımız.
Əfqanıstanla bağlı onların bizə ehtiyacı var
idi. Mən xatırlayıram ki, ABŞ-ın yüksəkrütbəli
məmurları və nəqliyyat komandanlığı,
Müdafiə Nazirliyinin nəqliyyat komandanı Azərbaycana dəfələrlə
gəlirdilər və bizə minnətdarlıq bildirirdilər
ki, Azərbaycan “Şimal şəbəkə”
adlandırılan bir dəhliz idi və biz onun tərkib hissəsi
idik. Onu da qeyd etmək lazımdır ki, Əfqanıstana gedən
əsas marşrut çox çətin marşrut idi. Ancaq
Əfqanıstanda missiya başa çatdıqdan sonra
onların etdikləri nə oldu? Onlar yenidən bizə
qarşı sanksiyanı bərpa etdilər. Mən 907-ci
düzəlişdən danışıram. Buna heç bir məntiqi
əsaslandırma və izah təqdim etmədən, bu da
onların bizə təşəkkürü. Uzun illər ərzində
biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş
olduğumuzun müqabilində Azərbaycan xalqı nə
düşünə bilər bu Administrasiya haqqında? Yəni,
deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam,
yaxşı bir ölkə, sizin haqqınızda təriflər
yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki
sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq
edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi
və ərazi bütövlüyümüzü bərpa
etmişik”.
Dövlət başçısının bu fikirləri
Bayden administrasiyasının Azərbaycana nankor münasibətini
tam bir mənzərəsidir.
Bayden administrasiyası Qafqazda ayırıcı xətlərin
çəkməklə məşğul idi. Trampın ikinci
prezidentliyi dövründə Bakı-Vaşinqton münasibətlərinin
inkişaf edəcəyinə, möhkəmlənəcəyinə
ümidlər böyükdür
Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə
bağlı “525”ə deyib ki, ABŞ-nin sabiq administrasiyası
- Bayden hakimiyyəti açıq şəkildə ermənipərəst
siyasət aparırdı və onların Azərbaycandan tələbləri,
istəkləri təbii ki, məqbul deyildi. Münasibətlər
isə gərgin idi: “Onlar adətən deyirlər ki, ABŞ
Konqresi sərbəstdir və sair. Amma onlar konqresdə cürbəcür
dinləmələr keçirir, Azərbaycanın əleyhinə
bəyanatlar qəbul edirdilər. Heç nə əldə
etməsələr belə, təbii ki, bunlar münasibətlərə
mənfi təsir edirdi. İndi bu kimi halların hamısı
dayanıb, amma 907-ci düzəlişin icrasını hələlik
dayandırmayıblar. Deyə bilmrəm ki, indi münasibətlərimiz
tam qaydasındadır. Amma hər halda əvvəlki
yanaşma, münasibət hiss olunmur. Bu həm də Azərbaycanın
əhəmiyyətindən irəli gəlir, anlayırlar ki, həmin
o, Mərkəzi Asiyaya çıxış Azərbaycandan
keçir, Azərbaycan qüdrətli bir dövlətə
çevrilir. Bizim effektiv xarici diplomatiyamız, ordumuz,
imkanlarımız, yəni bunlar hamısı nəzərə
alınaraq ABŞ administrasiyası Azərbaycana yanaşmada
öz mövqeyi ilə bağlı siyasətində korreksiya
etdi”.
907-ci düzəlişin aradan qaldırılması
ehtimalına gəlincə, politoloq deyib ki, bu elə də
çətin məsələ deyil: “Sadəcə olaraq Tramp sənəd
imzalayaraq Konqresə göndərməlidir, ABŞ-nin
maraqları o düzəlişin dayandırılmasını
zəruri hesab edir. Vəssalam, bu böyük bir iş deyil.
Burda heç Konqresdə müzakirə tələb olunmur.
Bunun üçün əslində lazımdır ki, ABŞ
hansısa bir sahədə hazırlaşsın. Təbii ki,
ilk növbədə hərbi sahədə. Azərbaycanla əlaqələri
inkişaf etdirmək üçün 907-ci düzəlişin
dondurulması tələb olunur”.
Trampın Azərbaycan liderinə təbrik məktubunda
diqqət çəkən əsas məqamlara toxunan politoloq
deyib ki, əslində burada Azərbaycanın əhəmiyyəti
vurğulanır, eyni zamanda, ənənəvi olaraq Ermənistan-Azərbaycan
münasibətlərində normallaşması
üçün bir çağırış var: “Məktubda
Azərbaycanın enerji təhlükəsizliyindəki rolu,
töhfələri qeyd olunur, Orta Dəhliz məsələsi,
Azərbaycanın kommunikasiyalar baxımından əhəmiyyəti
vurğulanır. İndi deyilməsə də, Vaşinqtonda
anlayırlar ki, Azərbaycan şimalda Rusiya, cənubda İran
ilə qonşudur. Belə bir şəraitdə Azərbaycan
müstəqil siyasət aparır”.
Deputat hesab edir ki, sülh prosesi ilə bağlı
ümumi çağırışlar var: “Amma heç kim bizə
vasitəçilik də təklif etmir. Çünki
anlayırlar ki, bu, mənasızdır. Məlumdur ki, sülh
sazişi layihəsinin mətni
razılaşdırılıb, sadəcə olaraq müəyyən
açıq məsələlər qalıb ki, tərəflər
indi onları dəqiqləşdirirlər. Ermənistanın Təhlükəsizlik
Şurasının katibi deyib ki, biz vaxtı və yeri Azərbaycan
tərəfi ilə diskusiya edirik”.
R.Musabəyova görə, Ermənistanın sülh
sazişi imzalamağa hazır olmasını
vurğulaması, Azərbaycana qarşı hər hansı təzyiqlərə
yol aça bilməz: “ABŞ Azərbaycana nə təzyiq edə
bilər?! Əllərində nə var ki, Azərbaycana təzyiq
etsinlər? Bizim onlardan heç bir istəyimiz yoxdur. Ona
görə də sülh sazişi ilə bağlı təzyiq
mümkün deyil. Azərbaycan heç onlar üçün
təzyiq imkanı da saxlamayıb. Azərbaycana hansısa tənqid
səsləndirəcəklərsə, bununla da o
kommunikasiyaları hansılar ki, indi bərpa edirlər,
pozacaqlar. Çağırış edirlər, sağ olsunlar,
amma bunun onlara heç bir aidiyyəti yoxdur. Türkiyə də
çağırış edir, məsələni
uzatmayın, sazişi imzalayın, biz Türkiyəyə bununla
bağlı irad bildiririk? Əlbəttə ki, yox. Bunlar demirlər
ki, gedin kiminləsə müharibə aparın, deyirlər ki,
yaxşı olardı ki, sülh prosesini sürətləndirəsiz”.
Politoloq hesab edir ki, Trampın dövründə
münasibətlərin gərginləşməsinə səbəb
olacaq hər hansı ehtimal yoxdur: “Bizim ABŞ ilə
maraqlarımız toqquşmur. ABŞ-nin İranla, Rusiya ilə
bağlı da bizdən hər hansı ciddi istəkləri
yoxdur. Qalan məsələlərdə Azərbaycan öz
müstəqilliyini qoruyur, Avropanın enerji təhlükəsizliyində
töhfə verir, kimlərsə gedib kommunikasiyalar qururlar, Azərbaycan
isə əksinə, təkcə öz ərazisində deyil,
qonşu Gürcüstanda da
kommunikasiyaların modernləşdirilməsi ilə məşğul
olur. Bunu düzgün qiymətləndimək lazımdır, nəinki
gəlib bizə irad tutmaq”.
Pərvanə
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.4.