Silah və sənət
Bu günlərdə Azərbaycan Milli Xalça
Muzeyində 44 günlük vətən müharibəsində
qazanılan Zəfərin beşinci ildönümünə həsr
olunan "Sənət və silah: ənənəvi Azərbaycan
silahları rəssamların gözü ilə" adlı sərgi
açılıb. Tədbirdə Azərbaycan Milli Xalça
Muzeyinin direktoru Əminə Məlikova, layihənin
kuratorları - Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin prorektoru, dosent Sevil Kərimova
və dosent Səbuhi Əhmədov çıxış ediblər.
Onlar sərginin məqsədi, Azərbaycan silah sənətinin
tarixi, bədii dəyərlərinin qorunması,
inkişafı və təbliği istiqamətində atılan
addımlar barədə məlumat veriblər.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli
Xalça Muzeyinin təşkilatçılığı ilə
keçirilən sərgi Azərbaycan silahşünaslıq
irsinin, milli sənətkarlıq ənənələrinin və
dövlətçilik tarixinin bədii kontekstdə təqdimatı,
eləcə də milli-mədəni kimliyin təbliği
baxımından xüsusi əhəmiyyət
daşıyır.
"Sənət və silah ənənəvi Azarbaycan
silahları rəssamların gözü ilə" sərgisinin
açılış mərasimində "Polad
naxışlar Azarbaycan Milli Xalça Muzeyinin silah
kolleksiyası" adlı yeni kataloqun təqdimatı da
keçirilib. Muzeyin silah kolleksiyasının ilk dəfə
sistemləşdirilmiş şəkildə təqdim
olunduğu bu nəfis tərtibatlı kataloqun ideya müəllifi
Əminə Məlikova, müəllifi Səbuhi Əhmədovdur.
Kataloqda 40-dan artıq silah nümunəsi haqqında məlumat
yer alır va o, tarixçilər, sənətşünaslar,
kolleksionerlər, antikvarçılar, Azərbaycan hərb
tarixi, silahsazlıq və dekorativ-tətbiqi sənətlə
maraqlananlar üçün dəyərli mənbədir.
Muzeylər hər bir ölkənin milli-mənəvi dəyərlərini,
adət-ənənələrini, tarixini, mədəniyyətini
özündə qoruyub saxlayan, gələcək nəsillərə
ötürən ən müqəddəs yerdir. Muzey yalnız
eksponatların toplusu deyil, eyni zamanda xatirələrlə
ünsiyyət məkanı, keçmiş ilə bugün
arasındakı körpüdür. Və bəzən də
muzeylər zamanın səssiz kitabxanasıdır. Bizə hər
küncü tarixin ətrini hiss etdirən muzeylərə daxil
olarkən, sanki sərgilənən eksponatlar bizə bir xatirə
danışır. Bu səbəbdən də muzeylərin
bizim həyatımızdakı rolu danılmazdır və hər
bir xalqın sahib olduğu mədəniyyəti, tarix boyu
keçdiyi yolların izləri məhz bu yerdə qorunur.
Muzeylər tariximizə, mentalitetimizə, keçmişimizə
hörmətin, gələcəyimizə isə ümidin
yarandığı bir sığınacaq, həmçinin,
multikultural dəyərləri də özündə birləşdirən
müqəddəs ocaqlardır.
Silahlar isə Azərbaycan xalqının həyatında
çox qədim tarixə və köklərə malikdir.
"Silah" sözü bir yandan qorxulu səslənsə də,
digər tərəfdən cəsurluğun,
qorxmazlığın simvolu kimi qiymətləndirilir. Və
silahlar mərdliyi, igidliyi ilə tarix boyu fərqlənən
Azərbaycan xalqının minillik tarixində özünəməxsus
yer tutur. Muzeydə yeni sərgidə nümayiş olunan
silahlara göz gəzdirdikcə insanın bədənini qəribə
həyəcan bürüməklə bərabər, cəsarət,
qürur, fəxr hissi də ruhumuza hakim olur.
Sadaladığım qürurlu duyğular isə qalib Azərbaycan
xalqının qanla itirib, qanla da təkcə
torpaqlarımızın deyil, eyni zamanda millətimizin milli
qürurunu bərpa edən zaman məhz silahların istifadəsini
göz önünə gətirir. Muzey vitrinindəki silahlar
artıq müharibədə istifadə olunmur, lakin tarixi həqiqətləri
yaralar içərisində, ağrı, şərəf ilə
danışır... Pas tutmuş qılıncların muzeydəki
parıltısı keçmişin səsini hələ də
özündə daşıyır. Və əsl güc
yalnız silahda deyil, o silahdakı tətiyi sıxmaq cəsarətinə
sahib olan qəhrəmanlarımızdadır. Hansı ki,
beş il öncə 44 günlük müharibədə
qazanılan qələbə bir daha sübut etdi ki, illər, qənirələr
keçsə belə, Azərbaycan torpağı igidlər
meydanıdır və qəhrəman yetişdirir. Azərbaycanın
igid oğulları gözlərini qırpmadan bir yanda
doğmalarını geridə buraxıb, digər yandan isə
vətənin namusunu qorumaq uğrunda o silahın tətiyini
sıxmaq cəsarətini özlərində tapdılar. Bu səbəbdən
də sərgilənən silahlar muzeydəki hər bir azərbaycanlının
üzündə qürur hissi yaradır,
alnıaçıqlıq duyğusunu verir. Hər bir
silahın kölgəsində isə müharibənin və
orada yaşanılan qələbənin, itkilərin, fəryadın
izi hələ də yatır... Bir sözlə, hər bir
silah bir xalqın mübarizəsini özündə
daşıyır.
Silah ilə sənətin birləşməsi isə təsadüfi
deyildir - çünki hər ikisi insanın iç
dünyası ilə bağlıdır. Biri yaradır, digəri
isə qoruyur. Lakin hər ikisi dövrün
ağrısını, qəhrəmanlığını
özündə əks etdirir. Sənət olmasaydı,
qazanılan qələbələr, tarixin izləri, mədəniyyətdə
baş verən mütərəqqi hadisələr qorunub
saxlanıla, ötürülə bilməzdi.
Sənət və silah sərgisindən də
görünür ki, silah insanı qorumaq üçün
yaranıb, sənət isə onu insanlara göstərmək
üçün. Hər ikisinin görüş nöqtəsi
isə muzeylərdir.
Aynur ƏDİL
525-ci qəzet .- 2025.- 6 noyabr (№203) .- S.7.