Vətən oxşaması
Yaxşı yadımdadır, sovetlər dönəmində
çəkilmiş, İkinci Dünya müharibəsindən
bəhs edən məşhur "Qılınc və
qalxan" filmindəki mahnı bu sözlərlə
başlayırdı: "Haradan başlanır Vətən?"
O zaman məktəbli idik, əsrarəngiz çalarları ilə
qəlbimizi ovsunlayan, açılan səhərləri bizlərə
bol-bol xəyallar qurduran dünya uşaqlığın pəncərəsindən
sadə və anlaşılan görünürdü.
Sualın cavabı da saf və adi idi: Vətən
öz-özümə zümzümə elədiyim ilk
mahnımdan, yazı lövhəsi qarşısında
dayanıb fəxarətlə səsləndirdiyim şeirdən,
məktəbimizin qədəm qoyduğum sinif otağından,
tay-tuşlarımla oynadığım küçəmizdən,
qaçıb hamıdan gizləndiyim, ömrümün ən
xoşbəxt günlərini keçirdiyim
baxçamızdan, öz dünyama çəkildiyim
otağımdan başlanır.
Beləcə, məktəb illəri arxada qaldı -
uşaqlığımızın son zəngi bizi böyük
həyata səsləyirdi. Qarşıda bizi nəhayətsiz
yollar, yollar yoracaq ömür (yoxsa ömür yoracaq dolaylar?)
gözləyirdi. Bu ömrün sevinci də, kədəri də,
keşməkeşli dönəmləri, sərt döngələri
də olacaqdı. Biz bu həyatda ulularımızın ruhuna sədaqətlə,
keçmişimizi yaşada-yaşada illər yoracaqdıq.
Tələbəliyin sevincini yaşamaq mənim də
nəsibimdə varmış. Canım qədər sevdiyim Vətənimdən,
rayonumdan uzaqda təhsil almalı oldum. Həyatım dəyişdi
- dünyam dəyişdi: fərqli mədəniyyət, fərqli
milli-mənəvi dəyərlər, yad mentalitet... Başqa
dövlət deməyə ixtiyarımız yox idi, 15
respublikadan ibarət böyük dövlətin fərdləri
idik, eyni pasport daşıyırdıq...
...Artıq qarşıda hədəfləri olan, həyata
yeni qədəm qoymuş, bütün çətinliklərə
sinə gərməyə hazır, ürəyi Vətən,
ata-ana həsrəti ilə çırpınan gənc
qızam. Televizorda yenə həmin film nümayiş etdirilir.
Amma içimdə "Haradan başlanır Vətən?"
sualının cavabı fərqlidir. Mənim üçün
Vətən Rusiyadan məni evimizə, doğmalarıma
çatdıran təyyarənin yerə enişindən sonra
doğma Bakımda aldığım ilk nəfəsdən
başlanır. Qapılar açılacaq, trap veriləcək,
böyüdüyüm, hər şeyi - bütün
çalarları ilə özümün olan torpağıma qədəm
qoyacaq, aeroportun salonunda gözləyən, könül
dünyam olan atamla görüşəcəyəm.
Bakımın mülayim havasını acgözlüklə ciyərlərimə
çəkərək, əyilib torpağımı öpmək
keçəcək ürəyimdən. Hər dəfə
Bakıya enişimdə bu hissləri keçirərdim - Vətən
mənim üçün o zaman bu duyğulardan
başlanırdı...
...Avtobus ağacların kölgəsi ilə
nizamlanmış yollarla məni öz evimə, öz
ocağıma aparır. Məşhur Şirvan
körpüsü görünür - evimizə az qalıb.
Keçmişimlə gələcəyimi,
uşaqlığımla gəncliyimi birləşdirən bu
körpüdən başlanırdı Vətən o zaman.
İllər keçdi, zaman dəyişdi, biz də dəyişdik
zaman kimi. Təhsilimi başa vurub bir neçə il Rusiyada
işləyəndən sonra öz elimə-obama
qayıtdım.
Gəncliyin həyəcanı geridə
qalmışdı, artıq olğunlaşmışdım,
ömür yolu ilə addımlayırdım. Qəlbimdəki
Vətən həsrəti indi torpaqlarımızın
işğaldan azad olunması, yaralarımın qaysaqlanması
diləyi ilə əvəzlənmişdi. Bir milyon
qaçqını, minlərlə şəhidi olan, haqq səsini
siyasi arenada qulağı tıxanmışlara
çatdırmaqda böyük əngəllərlə üzləşən
bir xalqın övladları idik. Mən xoşbəxt Vətən
qoyub getmişdim, qayıdanda sinəsi dağlı, qəribsəmiş,
solub-soluxmuş, torpaqlarında düşmənin at
oynatdığı bir məmləkətlə
qarşılaşmışdım. Çox ağır idi.
İllərlə televiziya ekranlarda boy göstərən xarici
qonaqlardan həqiqət gözlədik. Amma nə
gördük, nə eşitdik. İnciyən ruhumuz
sağalmalı, dirçəlməli, torpağın
yaddaşı, mənəviyyatımız təmizlənməli
idi. Günlər, aylar əvəzlənir,
xalqımızın səbri tükənirdi. Get-gedə daha da
azğınlaşan düşmən havadarlarının himayəsi
ilə atəşkəsi tez-tez pozurdu. Ordumuz xalqımıza
qalibiyyət duyğusunu davamlı yaşadırdı.
2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə
Günnüt əməliyyatı qələbəmizə
inamı artırırdı. Nəhayət, sözün bitdiyi
an gəlib çatdı. Bütün Azərbaycanı yasa
boğan qəhrəman generalımız Polad Həşimovun
şəhid olması. Heysiyyətin və vətənsevərliyin
kükrədiyi həmin iyul gecəsi. Minlərlə qeyrətli,
ürəyində Vətən eşqi gəzdirən Azərbaycan oğlu etiraz səsini
duyurmaq, şəhidlərimizin qisasını almaq,
torpaqlarımızı azad etmək diləyi ilə
küçələrə axışdı. Azərbaycanın
dövlətçilik tarixinin addım səslərinin
möhtəşəm səsi idi o gecənin harayı.
Boğazımda qəhər düyünlənmişdi, kirpiklərimdə
yaş donmuşdu - baş verənləri həyəcanla izləyirdim.
O gecənin təntənəsi Azərbaycançılığın
bəşəri hiddətiydi. Əlil arabasında gücü
çatınca irəliləməyə çalışan
qardaşım, ardınca böyük ehtiram hissi ilə onu
müşayiət edən, sürətinə uyan qeyrətli
oğullar... Bu, mənim Vətənimin dünyaya son xəbərdarlığı
idi! Necə qürurlu, mətin idik o tarixi gün! Bilirdik, bu
günün davamı gələcək!
27 sentyabr 2020-ci il! Azərbaycanın şanlı tarixinə
heysiyyətlə yazılan, torpağın ruhunu oyadan o
gün! Fərəh göz yaşları, şəhid
acısının ruhumuza hakim kəsildiyi günlər... Hər
yerdə vətənpərvərlik mahnıları səslənirdi.
Vətən o mahnıların qanadlarında pərvazlanır,
Xudayarın təsnifində ucalığına qovuşurdu:
"Vətən yaxşıdır!"
Torpaqlarımızı işğaldan azad edən igidlərin
azadlıq manifesti idi bu təsnif! "Vətən, sənin
döyüşçünəm!" - deyib döyüşə
getməzdən əvvəl ailəsi ilə
halallaşanların qürurundan, dövlətinin, ordusunun ətrafında
yumruq kimi birləşən məğrur xalqımdan,
yaşlılıq pensiyasını döyüşən
ordusuna göndərən Ələsgər dayının
dünya boyda ürəyindən, titrəyən əllərindən
başlanırdı Vətən!
Müqəddəs savaşımız böyük qələbə
ilə başa çatdı. Tarix
yazdığımızamı sevinək, şəhidlərimizin
ağrısınamı yanaq - bilmədik. "Azadlıq
ağacı şəhid qanıyla suvarılmadıqca bar verməz",
- Xiyabani belə demişdi. Acımızı qəlbimizə
gömüb Zəfərimizi qeyd elədik. Şəhidlərimizin
ruhları sevinirdi. Mən bayrağı ucalarda dalğalanan,
ürəyi şəhidlərinin məzarında döyünən,
ayaqda möhkəm dayanan bütöv Azərbaycanın
qızı idim! Ordusu rəşadətli ordular
sırasında yer alan, siyasi iradəsi ilə xalqı tarixin
keşməkeşlərindən qoparıb inamla, ilhamla irəli
aparan lideri - Ali Baş Komandanı olan Azərbaycanın
qızı idim! Mənim üçün yarım
qalmış sərhədləri qanı ilə çəkmiş
şəhidlərimizin məzarları idi Vətən! Şəhidlər
özləri Vətən olmuşdular bizim üçün.
Özləri şəhid olmuşdular, ruhları
döyüşənlərin sırasındaydı. Bu gün
rəşadətli ordumuzun qalib hərbi qulluqçuları
baş tacımız şəhidlərimizin işğaldan
azad etdikləri torpaqlarımızın keşiyindədirlər!
Onlar Azərbaycanın dünəninə şahid, bu
gününə sahib, sabahına dayaqdırlar!
Qarabağımızdan əsən küləklərin
gətirdiyi, Xudayarların, Aqşinlərin, Ziyadların,
Orxanların, bütün şəhidlərimizin həyat nəğmələri
Sizlər üçün əbədi qələbə
marşı kimi səslənir! Silahınız - ədalət,
bayrağınız - inamdır! Vətənimizin sərhədləri
sizin sevginizdir! Sizin sevginizdir Vətən!..
Sevinc QULİYEVA
525-ci qəzet .- 2025.- 6 noyabr (№203).- S.11.