"Azərbaycandakı
tolerantlıq mühiti məqbul şərtlərdən
çox yüksəkdədir"
Gündüz İsmayılov: "Tolerantlıq
avropalı üçün hüquqi vəzifədirsə, azərbaycanlı
üçün mənəvi tələbat və mədəni
normadır"
Bəşəri-demokratik dəyərlərin, o
cümlədən insan hüquq və azadlıqlarının
təmin olunmasının əsas məqsəd kimi
qarşıya qoyulduğu XXI əsrdə tolerantlıq ənənələrinin
təbliğini və yayılmasını, təəssüf
ki, əhəmiyyətsiz hesab edənlər var. Bu cür
düşünənlər dünyəvi, demokratik və
hüquqi cəmiyyətlərdə tolerantlığa artıq
ehtiyac qalmadığını iddia edirlər. Onların
fikrincə, əgər bir cəmiyyətdə dini, milli, irqi və
cinsi mənsubiyyətindən asılı olmayaraq, hər kəs
öz inancına və adət-ənənələrinə
uyğun yaşaya bilirsə, həmin cəmiyyəti tolerant
saymaq olar. Çünki tolerantlığı təbliğ etməkdə
məqsəd insanların öz inanclarına uyğun
yaşamasına nail olmaqdır və hüquqi, dünyəvi
dövlətlər də bunu təmin edir və ya etməlidir.
Başqa sözlə, XXI əsrdə hədəf
tolerantlığı yaymaq yox, insan hüquq və
azadlıqlarının təmin edildiyi cəmiyyət qurmaq
olmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılovun dediyinə
görə, bu, ilk baxışdan məntiqli yanaşma kimi qəbul
edilə bilər. Amma yəqin, çoxları razılaşar
ki, bu, Qərb, daha doğrusu, qərbli yanaşmasına bənzəsə
də, əleyhdarları da əsasən elə qərblilərdir.
Ona görə ki, tolerantlıq təkcə hüquqi deyil, həm
də mədəniyyət və mənəviyyat məsələsidir.
Dünyada tolerant cəmiyyətlərin tarixi yüzilliklərlə
ölçülür. Amma hüquqi, demokratik, dünyəvi
dövlətin tarixi iki əsrdən o yana keçmir. Deməli,
tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi
cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur.
Əslində, bu gün Azərbaycan və azərbaycanlıları
başqalarından fərqləndirən xüsusiyyət də
məhz budur. Əgər tolerantlıq bir avropalı
üçün hüquqi vəzifəsidirsə, azərbaycanlı
üçün mənəvi tələbat və mədəni
normadır. Başqa sözlə, biz qanundan və cəzadan
çəkindiyimizə görə deyil, mənəviyyatımızın
və mədəniyyətimizin norması olduğu
üçün tolerantıq: "Tolerantlığın
minimum şərtlərinə əsasən, dini çoxluq
dini azlığa nəinki hörmətlə yanaşmalı,
eyni zamanda onun öz inancına uyğun yaşamasına mane
olmamalıdır. Etiraf edək ki, tolerantlığın
minimum şərtlərinin təmin edildiyi cəmiyyətlərlə
bağlı bir neçə nümunə göstərmək
mümkündür. Lakin bu şərtlərin tələblərindən
artıq tolerant cəmiyyət tapmaq, nəinki tarixdə, hətta
XXI əsrdə belə, müşkül məsələdir.
Çünki belə cəmiyyətin formalaşması
üçün yüzilliklər yox, minilliklər
lazımdır. Ancaq bu, həqiqətdir ki, Azərbaycandakı
tolerantlıq mühitinin səviyyəsi məqbul şərt
və tələblərdən çox yüksəkdədir.
Azərbaycanlılar tarixən dini azlıqlara hörmətlə
yanaşaraq, onların öz inanclarına uyğun
yaşamalarına nəinki mane olmayıblar, hətta öz
inanclarına uyğun yaşamalarına şərait
yaradıblar. Başqa ifadə ilə desək, azərbaycanlılar
tarixən dini azlıqların himayədarı və
mühafizəçisi qismində çıxış ediblər.
Bu, təkcə azərbaycanlıların deyil, dini
azlıqların nümayəndələrinin də etiraf etdikləri
həqiqətdir. Məsələn, Quba rayonu,
Qırmızı qəsəbə Dağ yəhudiləri dini
icmasının sədri Boris Simanduyev rəsmi tədbirlərin
birində bəyan etmişdir ki, yəhudilər öz adət-ənənələrini
qoruyub saxlamalarına və bu günə qədər gətirib
çıxarmalarına görə, müsəlman Azərbaycan
xalqına borcludurlar. Bu cür faktlar və nümunələr
kifayət qədərdir. Hətta onların içərisində
elə nümunələr var ki, dünyanın hansısa
ölkəsində və tarixin hansısa səhifəsində
oxşarını tapmaq qeyri-mümkündür. Hazırda
müxtəlif dinlərin nümayəndələri çox
vaxt ya rəsmi qəbul və görüşlərdə, ya
da dinlərarası dialoq və tolerantlıqla bağlı tədbirlərdə
bir araya gəlirlər. Başqa sözlə, dini
konfessiyaların rəhbərlərinin görüşü, hətta
bir süfrə arxasında əyləşmələri və
şəkil çəkdirmələri protokol qaydalarından
kənara çıxmır. Lakin bu cür protokol qaydaları
Azərbaycanda fəaliyyət göstərən dini
konfessiyaların rəhbərləri üçün
yaddır".
G.İsmayılov qeyd edib ki, müsəlmanların
Ramazan ayında təşkil etdikləri iftar süfrələrində
digər dinlərin nümayəndələrinin iştirak etməsi
praktikası mövcuddur. Eyni zamanda, başqa dinə mənsub
dövlət başçılarının, səfirlərin
müsəlmanlar, xüsusilə müsəlman din xadimləri
və diplomatları üçün protokol xatirinə də
olsa, iftar verməsi ənənəsi də var. Amma hansı
ölkədə xristian icması müsəlmanlar
üçün iftar süfrəsi təşkil edir? Çətin
ki, Azərbaycandan başqa belə bir ölkə
tapılsın. Maraqlısı odur ki, bu ənənənin əsası
tolerantlıq mühitinin daha çox hakim olduğu hansısa
şəhərdə - Bakıda, Sumqayıtda, Gəncədə
yox, Qəbələ rayonunda qoyulub. Bu rayonun Nic qəsəbəsində
kompakt halda yaşayan udi xristianları məhz kilsədə qəsəbənin
müsəlman icması üçün iftar süfrəsi təşkil
etməsi bütün dünya üçün örnək
nümunəyə çevrilib: "Yeri gəlmişkən
qeyd edək ki, Qafqaz
Albaniyasının mədəni və mənəvi varisi
sayılan udilər yüzilliklər ərzində öz etnik
və dini kimliklərini qoruyub saxlayıblar. Nic qəsəbəsi
Böyük Qafqaz dağlarının ətəyində,
geniş düzənlikdə yerləşir. İslam dini Azərbaycanda
yayıldıqdan sonra Nic qəsəbəsinin ətrafında,
yüzkilometrlərlə radiusda müsəlmanlar
yaşayıb, lakin udilər kompakt halda
mövcudluqlarını saxlayıblar. Dünyada yüksək
dağlıq ərazilərdə müxtəlif etnik
qrupların öz mövcudluqlarını saxlamaları ilə
bağlı xeyli nümunələr var. Lakin düzənlik ərazidə
fərqli dini mənsubiyyətə malik azsaylı xalqın
kompakt halda mövcudluğunu saxlaması nadir hadisədir. Bu,
yalnız Azərbaycana və Azərbaycan
tolerantlığına xas nümunədir. Əslində, udilərin
keçdiyi uzun tarixi yol və Nic qəsəbəsindəki
bugünkü dini mühit Azərbaycanın tolerantlıq
salnaməsinin ən parlaq səhifələrindəndir. Tarixi
Alban kilsəsi Çar Rusiyasının məqsədyönlü
siyasətinin nəticəsi kimi ləğv edilərək səlahiyyətləri
və mülkiyyəti Erməni Qriqoryan kilsəsinə verilən
zaman udilər buna qəti etiraz etmiş, nümayişkaranə
şəkildə siyasi hakimiyyətə qarşı
çıxmaqdan çəkinməmişlər. Həmin
dövrdə udilərin iki seçimi var idi: onlar ya Erməni
Qriqoryan kilsəsinin tabeliyinə keçib erməniləşməli,
ya da ümumiyyətlə, kilsəyə getməkdən imtina
etməli idilər. Udilər ikincini seçdilər və erməniləşib
xristian qalmaqdansa, kilsəyə getməməyi üstün
tutdular. Tarixdə bu cür hallara çox az rast gəlinir.
Udilər 150 ildən artıq gözləmiş, yalnız Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra öz kilsələrini
bərpa etmək imkanı qazanmışlar. Bu gün tarixi
Alban-udi kilsəsinin fəaliyyət göstərdiyi Nic qəsəbəsi
bütün dünya üçün kiçik tolerantlıq
modeli ola bilər. Qəsəbədə xristian udilərlə
yanaşı, müsəlmanlar da yaşayır və məscid
fəaliyyət göstərir. Gün ərzində həm
azan, həm də kilsə zənginin eşidildiyi Nic qəsəbəsində
indiyədək bir dəfə də olsun, müsəlmanlarla
xristianlar arasında kiçik qarşıdurma belə
yaşanmayıb. Əksinə, onlar birlikdə
yaşamağın ən gözəl nümunəsini yaratmaq
üçün qarşılıqlı güzəştə
getməkdən heç vaxt çəkinməyiblər. Ona
görədir ki, bu gün Nic təkcə azərbaycanlıların
deyil, hər gün yüzlərlə əcnəbinin ziyarət
etdiyi, heyranlığını və heyrətini gizlətmədiyi
tolerantlıq möcüzəsidir. Azərbaycanda Nic kimi
örnəklər çoxdur. Onlardan biri də Oğuz şəhəridir.
Azərbaycanın ən dilbər guşələrindən
biri olan, Böyük Qafqaz dağlarının ətəyində
yerləşən Oğuzda hər üç səmavi dinin
-Yəhudiliyin, Xristianlığın və İslamın mənsubları
yaşayır. Neçə əsrdir ki, Oğuzda yaşayan yəhudilər,
udilər və müsəlman azərbaycanlılar təkcə
bu torpağın suyunu, çörəyini, havasını
deyil, həm də taleyini bölüşürlər. Onlar fərqli
dinlərin daşıyıcıları olsalar da, kiçik
bir şəhərdə, hətta eyni məhəllədə
yaşayır, eyni məktəbdə oxuyur, eyni yerdə
işləyir, amma bir-birindən cəmi bir neçə
yüz metr aralı yerləşən məsciddə, kilsədə
və sinaqoqda ibadət edirlər. Bu gün Oğuz şəhərində
bir məscid, bir Alban-udi kilsəsi və iki sinaqoq fəaliyyət
göstərir. Bu baxımdan Oğuzu tolerantlıq nöqteyi-nəzərdən
Azərbaycanın kiçildilmiş modeli kimi də qəbul
etmək olar. Oğuzlular üçün məscid, kilsə və
sinaqoqun bir adı var: Allah evi. Bütün Allah evləri isə
müqəddəsdir, hörmət və ehtirama layiqdir.
Əslində, Azərbaycandakı tolerantlığın səbəbini,
həm də üstün cəhətlərindən birini məhz
elə bunda axtarmaq lazımdır. Azərbaycanlılar
hansı dinin ibadət evi olmasına baxmayaraq, bütün məbədləri
Allah evi, ora gedənləri isə Allah adamı kimi qəbul
edirlər. Məscid kimi kilsəni də, sinaqoqu da Allah evi
sayan, ora gələn xristianı, yəhudini də Allah
adamı hesab edən bir xalqdan başqalarına zərər dəyə
bilərmi? Başqalarının inancına öz inancı qədər
hörmət göstərən, başqalarının məbədinə
öz məbədi qədər ehtiram bəsləyən bir
xalq tolerantlıq nümunəsi hesab edilməyə bilərmi?
Yəqin ki, bu ritorik sualların cavabını biz yox, beynəlxalq
mütəxəssislər versə, daha doğru olar. Axı
bizə görə həyat tərzi olan tolerantlıq onlar
üçün tədqiqat sahəsi, araşdırma
predmetidir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 6 noyabr (№203) .- S.15.