Dövlət idarəçiliyində
şəffaflıq, məsuliyyət və vətəndaşlara
xidmət
Azərbaycan Prezidenti cənab İlham Əliyev
noyabrın 12-də yeni təyin olunmuş Naxçıvan
Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsini və bir sıra rayonların yeni icra
hakimiyyəti başçılarını qəbul etdi.
Prezidentin çıxışında səsləndirilən
fikirlər dövlət idarəçiliyində şəffaflıq,
məsuliyyət, vətəndaşlara xidmət və sosial ədalət
prinsiplərinin daha da gücləndirilməsinə yönəlmiş
mühüm strateji mesajlar idi.
Azərbaycan Prezidenti bir daha vurğuladı ki, dövlət
məmurlarının başlıca vəzifəsi xalqa xidmət
etməkdir. Bu, dövlət idarəçiliyinin mahiyyətini
və dövlət qulluqçularının əsas məsuliyyətini
müəyyən edən prinsipial yanaşmadır. Prezident
qeyd etdi ki, rəhbər vəzifə daşıyan hər bir
şəxs öz fəaliyyətində xalqla bir yerdə
olmalı, xalqın maraqlarına xidmət göstərməli,
rəhbərliyin təməl prinsipi vətəndaşa
yaxınlıq və səmimiyyət üzərində
qurulmalıdır. Dövlət başçısı bildirdi
ki, məmur təvazökar olmalı, cəmiyyətdə
özünü ədəb və məsuliyyətlə
aparmalıdır. Bu yanaşma dövlət idarəçiliyində
etik davranışın və şəxsi nümunənin
vacibliyini göstərir. Prezidentin sözlərinə görə,
bəzi hallarda məmurların təkəbbürlü
davranışı, cəmiyyətdən uzaqlaşması,
yaxud korrupsiya halları dövlət siyasətinə kölgə
salır. Dövlət başçısı açıq
şəkildə bəyan etdi ki, heç bir qanunsuzluq və
korrupsiya halı cəzasız qalmayacaq. Bu mövqe Azərbaycan
Respublikasında şəffaf və hesabatlı idarəçiliyin
təmin edilməsinə, ictimai etimadın gücləndirilməsinə
yönəlmiş ardıcıl siyasi iradənin bariz təzahürüdür.
Dövlətimizin başçısı
çıxışında son illərdə ölkəboyu həyata
keçirilmiş genişmiqyaslı infrastruktur layihələrinə
də toxundu. Bildirildi ki, regionlarda elektrik enerjisi, yollar, su təchizatı
və sosial infrastruktur sahələrində köklü
dönüş baş verib. Bu gün Azərbaycanın
bütün bölgələrində müasir yollar çəkilib,
kənd yollarının böyük hissəsi təmir olunub,
içməli su layihələri icra edilib. Yeni su
anbarlarının və kanalların tikintisi nəticəsində
kənd təsərrüfatının inkişafı
üçün münbit şərait yaranıb. Regionların
sosial-iqtisadi inkişafı proqramları ölkənin
bütün bölgələrində insanların
rifahını artırmaq məqsədilə ardıcıl
şəkildə həyata keçirilir. Təhsil, səhiyyə,
idman və sosial obyektlərin tikintisi dövlətin vətəndaş
rifahına yönəlmiş siyasətinin praktiki göstəricisidir.
Prezident cənab İlham Əliyev
çıxışında sosial ədalət prinsipinin idarəetmənin
əsas dayaqlarından biri olduğunu xüsusi
vurğuladı. Onun sözlərinə görə, hər bir
vətəndaş - yaşadığı bölgədən,
sosial vəziyyətindən və ya tutduğu mövqedən
asılı olmayaraq - ədalətin mövcudluğunu hiss etməlidir.
Bu yanaşma dövlət siyasətinin humanist mahiyyətini və
sosial yönümünü bir daha ön plana
çıxarır. Prezidentin vurğuladığı kimi,
keçmişdə bəzi icra orqanlarında mövcud
olmuş neqativ hallar artıq aradan qaldırılıb, idarəetmədə
şəffaflıq təmin olunub.
Mərkəzi və yerli səviyyədə
aparılan kadr islahatları nəticəsində dövlət
aparatında sağlamlaşdırma prosesi həyata
keçirilib. Yeni təyinatlar da bu istiqamətin davamı kimi
dəyərləndirilir. Dövlət başçısı
bildirdi ki, artıq heç bir məmur qanunsuz
tapşırıq və göstəriş almır,
çünki belə hallar sistemli şəkildə aradan
qaldırılıb.
Prezident cənab İlham Əliyev
çıxışında qeyd etdi ki, bölgələrdə
işsizlik səviyyəsinin azaldılması və yerli
istehsalın gücləndirilməsi dövlətin əsas
iqtisadi prioritetlərindən biridir. Dövlət tərəfindən
özünüməşğulluq proqramı, güzəştli
kreditlər və sahibkarlığa dəstək mexanizmləri
uğurla icra olunur.
Bu siyasətin məqsədi regionlarda yeni iş yerlərinin
açılması, əhalinin iqtisadi fəallığının
artırılması və paytaxt mərkəzli miqrasiyanın
qarşısının alınmasıdır. Prezident
xüsusilə kənd təsərrüfatı və turizmin
inkişafını bölgələrin iqtisadi dirçəlişində
aparıcı amillər kimi göstərdi. Dövlət
başçısı ekoloji məsələlərə də
xüsusi diqqət yetirdi. O vurğuladı ki, Azərbaycanın
bölgələrində ekoloji vəziyyət sabitdir, lakin ətraf
mühitin qorunması və təbii resursların səmərəli
istifadəsi daim diqqət mərkəzində olmalıdır.
Prezident Bakı və Sumqayıtın keçmişdə
ekoloji problemlərlə üzləşdiyini, lakin bu sahədə
köklü dəyişikliklərə nail olunduğunu qeyd
etdi. “Qara şəhəri Ağ şəhərə
çevirdik” ifadəsi ölkəmizin ekoloji və şəhərsalma
siyasətinin uğurunu simvolizə edir. Bölgələrdə
ekoloji tarazlığın qorunması üçün qanunsuz
tikintilərin, çay məcralarının dəyişdirilməsinin
və təbii sərvətlərin məqsədsiz istifadəsinin
qarşısının alınması vacib məsələ
kimi vurğulandı.
Prezident cənab İlham Əliyev yeni təyin olunan məmurlara
müraciət edərək bildirdi ki, onların üzərinə
düşən əsas vəzifə dövlətə və
xalqa sədaqətlə xidmət etməkdir. Dövlət
başçısı hər bir məmurun fəaliyyətinə
şəxsən nəzarət edəcəyini və
etimadın doğruldulmasının əsas meyar olduğunu bəyan
etdi. Bu çıxış, əslində, Azərbaycanda yeni
nəsil idarəetmə fəlsəfəsinin
formalaşmasının göstəricisidir. Bu fəlsəfənin
mərkəzində xalqın rifahı, dövlətin
inkişafı, sosial ədalət və şəffaflıq
prinsipləri dayanır.
Prezident cənab İlham Əliyevin keçirdiyi qəbul
və bu zaman səsləndirdiyi fikirlər ölkəmizin gələcək
inkişaf istiqamətlərini müəyyənləşdirən
strateji baxışın ifadəsidir. Dövlət
başçısının çıxışında əsas
xətt - xalqa xidmət, ədalət, şəffaflıq və
məsuliyyət prinsiplərinin möhkəmləndirilməsidir.
Bu prinsiplər əsasında formalaşan yeni idarəetmə
modeli Azərbaycanın bütün bölgələrində
dayanıqlı sosial-iqtisadi inkişafı təmin edir. Yeni təyin
olunan rəhbərlərin üzərinə düşən vəzifə
bu etimadı doğrultmaq, Prezidentin siyasətini layiqincə həyata
keçirmək və xalqın etimadını qazanmaqdır.
Həmid Mehdiyev
Binəqədi rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın üzvü
525-ci qəzet .-2025.- 15 noyabr (¹208).- S.7.