Zəfər dolu yol...
QƏLƏBƏNİN İŞIĞINDA
KEÇƏN İLLƏR - QÜRUR,
FƏDAKARLIQ VƏ YENİDƏN DOĞULUŞ
Beş il!
Artıq beş ildir Zəfərin zirvəsindəyik!
Azərbaycan tarixinin qaranlıq səhifələrinə
işıq olan, xalqımızın taleyində
dönüş yaradan, millətimizin ruhunun, birliyinin və
qürurunun təntənəsinə çevrilən möhtəşəm
Zəfərin!
Sovet imperiyasının tərkibindən yenicə
çıxmış, müstəqilliyini yeni qazanan bir
xalqın azadlığı toxunulmaz olmalı idi - elə
qürurumuz, mənliyimiz, sevgimiz, şəxsiyyətimiz kimi. Mənəvi
dəyərləri hər şeydən üstün tutan bir
xalq üçün torpağının bir hissəsinin
işğalı yalnız ərazi itkisi deyil,
varlığının parçalanması demək idi.
Düşmənin isə bunu anlamağa, dərk etməyə
nə ağlı, nə də ömrü çatardı.
Torpağını, yurd-yuvasını,
doğmalarını itirən, qaçqın və köçkün
adını qazanan qəzəbli, yorğun, kədərli
xalqın intiqam hissinin, vətən sevgisinin, yurd həsrətinin
meyarını düşmən heç vaxt ölçə
bilməzdi. Çünki vətəni "ana"
adlandıran, keçmişinə, soy-kökünə
bağlı olan, torpağını və xalqını
müqəddəs sayan yeganə bir millətdir Azərbaycan.
Ona görə də biz işğalla barışa
bilməzdik!
Zaman-zaman baş verən Horadiz əməliyyatı,
Aprel döyüşləri, Tovuz hadisələri
bugünkü Qələbənin ilk
qığılcımları oldu. Nəhayət, həmin
qığılcımlar 44 günlük Vətən
müharibəsi ilə alovlanaraq bütün Azərbaycanı
işıqlandırdı. Və 8 Noyabrda - Şuşanın
azad edildiyi o möhtəşəm gündə Azərbaycan Zəfərin
zirvəsinə ucaldı...
Bəli, ucaldıq Zəfərin zirvəsinə,
çatdıq ən böyük, ən əlçatmaz
arzumuza. Biz qovuşduq Qarabağımıza, Qarabağın
incisi olan Şuşamıza. Düşmənin 30 ildə hiylə
ilə qurduğu keçilməz istehkamları yardı igid
oğullarımız; canlar, qanlar, bahasına Ərgünəşin
sinəsində üç rəngli al bayrağı
dalğalandırdıq. İnsan ayağı dəyməyən
sıldırım qayaları aşaraq fəth etdik CIDIR
DÜZÜNÜ...
Bu beş illik Zəfər yolu xalqımız
üçün heç vaxt olmadığı qədər
dolu keçdi...
Hər mənada dolu:
Yenə şəhid qarşıladıq - hüzn dolu!
Şəhidlərimizin anım günləri qeyd edilir
- həsrət dolu!
Kimlərsə quruda bilmədi qəlbinin
leysanını - gözlər dolu!
Kimlərsə hələ də unuda bilmədi
yaşadıqlarını - ürəklər dolu!
Kimlərsə ağrısına, kədərinə
qalib gəldi, ayaqda durmağı öyrəndi - əzm dolu!
Xalqımız yenidən dirçəldi, bir yumruq kimi
birləşdi - həyat dolu!
Yenidən quruldu o yerlər, can verildi o torpaqlara - zəhmət
dolu!
Yurd-yuvalarına qayıdan insanlar - sevinc dolu!
Bayrama döndü torpaqlarımızın azadlıq
günləri - qürur dolu!
Canının bir hissəsini Vətənə qurban
verib həyatla mübarizə aparan qazilərimiz - ümid dolu!
Vətənə xidmət ruhuna hopmuş hərbçilərimiz
yenə Vətənin keşiyində dayandı - qürur dolu!
Sülhə imza atdıq - Zəfər dolu!
Hər kəsin dilində bir nida səsləndi:
"Qarabağ Azərbaycandır!" - sevgi dolu!
Zəfəriniz mübarək, qəhrəman şəhidlərimiz!
Zəfərin mübarək, Azərbaycan!
Xalisə MƏMMƏDOVA
525-ci qəzet .- 2025.- 6 noyabr (№203).- S.11.