Müəllimlərə iş
saatına görə əməkhaqqı verilməsi nə vəd
edir?
"MÜƏLLİM ƏMƏYİNİN
İŞ SAATINA GÖRƏ
QİYMƏTLƏNDİRİLMƏSİ SADƏCƏ
TEXNİKİ YENİLİK DEYİL, TƏHSİL
SİSTEMİNDƏ DƏYƏRLƏRİN
TRANSFORMASİYASIDIR"
Milli Məclisin son iclasında "Ümumi təhsil
haqqında" qanuna təklif edilən dəyişikliyin
müzakirəsi zamanı elm və təhsil nazirinin müavini
İdris İsayev müəllimlərin əməkhaqlarının
artması üçün yeni təkliflər təqdim ediləcəyini
bildirib. Nazir müavininin sözlərinə görə, bəzi
təhsil müəssisələrində müəllimlik
ixtisası üzrə planlar kəskin surətdə azalıb,
ali təhsil müəssisələri keyfiyyətli təhsili
təmin etməlidirlər. İdris İsayev əlavə edib
ki, müəllimlərin əməkhaqqı dərs saatına
deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.
Milli Məclisin Elm və təhsil komitəsinin
üzvü Elçin Mirzəbəyli deyib ki, ənənəvi
sistemdə müəllimlərin əməkhaqqısı
onların həftəlik dərs yükünə, yəni
sinifdə keçirdiyi saatların sayına görə
hesablanırdı. "Bu model müəllimin məktəbdə
sərf etdiyi əlavə vaxtı şagirdlə fərdi
işi, qiymətləndirmə, valideynlərlə ünsiyyət,
metodik hazırlıq, tədris resurslarının
hazırlanması və məktəbin ictimai həyatında
iştirakı kimi fəaliyyətləri nəzərə
almırdı. İş saatına əsaslanan sistem isə
müəllimlik peşəsini kompleks fəaliyyət kimi qəbul
edir. Bu modeldə müəllimin sinifdə keçirdiyi dərs
yalnız ümumi iş vaxtının bir hissəsini təşkil
edir. Digər hissə isə məktəb həyatına,
planlaşdırmaya və sosial-psixoloji işə yönəlir".
Onun sözlərinə görə, yeni sistem əməyin
real yükünə və keyfiyyətinə uyğun dəyərləndirməni
təmin etməyə yönəlir: "Müəllimlik fəaliyyəti
çoxşaxəli və məsuliyyətli bir peşədir.
Dərsdə keçilən 45 dəqiqəlik prosesin
arxasında bəzən bir neçə saatlıq
hazırlıq dayanır. Mövcud sistemdə bu
hazırlıq prosesi əməkhaqqı ilə
ölçülmədiyindən müəllimlərin
motivasiyası azalır, iş yükü ilə gəlir
arasında müəyyən disbalans yaranır. Əməkhaqqının
iş saatına görə müəyyən edilməsi bu
disbalansı aradan qaldıra, müəllimə ədalətli
qiymət verə bilər. Bu, həmçinin, müəllim
peşəsinə marağın artmasına, kadr
axınının azalmasına, tədris keyfiyyətinin
yüksəlməsinə və ən əsası, müəllim
nüfuzunun güclənməsinə səbəb ola bilər".
Yeni sistemin tətbiqi bir sıra inzibati və struktur
islahatları da tələb edəcək: "Əvvəla,
müəllimlərin iş vaxtı və fəaliyyət dairəsi
dəqiq normativləşdirilməlidir. İkinci mühüm
məsələ əməkhaqqı sisteminin
diferensiasiyasıdır. Yəni iş saatına əsaslanan
maaş sistemi müəllimlərin ixtisas səviyyəsi, tədris
nəticələri və sosial fəallığı ilə
uzlaşdırılmalıdır. Əks halda, bu mexanizm formal
xarakter daşıyacaq. Müəllim əməyinin iş
saatına görə qiymətləndirilməsi sadəcə
texniki yenilik deyil, təhsil sistemində dəyərlərin
transformasiyasıdır. Bu dəyişiklik müəllimə
yalnız "dərs keçən" şəxs kimi deyil,
mədəniyyət daşıyıcısı, sosial lider və
intellektual kapitalın formalaşdırıcısı kimi
yanaşmanı möhkəmləndirəcək. Əgər
bu model beynəlxalq təcrübədən öyrənilən
əsas prinsiplərlə tətbiq edilərsə, Azərbaycan
təhsilində peşəkar müəllim mədəniyyətinin
formalaşması istiqamətində mühüm addım
atılmış olacaq".
Təhsil ekspert Kamran Əsədovun fikkrincə, yeni qərar
həm iqtisadi, həm sosial, həm də pedaqoji baxımdan
ciddi dönüş yarada biləcək bir addımdır:
"Təhsil sistemində ən mühüm islahatlardan biri
müəllim əməyinin düzgün qiymətləndirilməsidir.
Azərbaycanda müəllimlərin əməkhaqqının
dərs saatına deyil, iş saatına əsasən müəyyənləşdirilməsi
qərarı həm iqtisadi, həm sosial, həm də pedaqoji
baxımdan ciddi dönüş yarada biləcək bir
addımdır.
Bu dəyişiklik müəllim fəaliyyətinin
yalnız sinifdə keçilən dərs deyil, onun ümumi
iş yükü - hazırlıq, qiymətləndirmə,
metodik fəaliyyət, valideynlərlə ünsiyyət və
pedaqoji inkişaf kimi çoxşaxəli proseslərdən
ibarət olduğunu nəzərə alır. Uzun illərdir
müəllim əməyinin dəyərləndirilməsi
sistemində "dərs saatı" anlayışı əsas
ölçü vahidi kimi götürülüb. Bu isə
real vəziyyəti tam əks etdirmirdi. "Təhsil
haqqında" Qanunun 32.1-ci maddəsində açıq
şəkildə göstərilir ki, pedaqoji işçilərin
əməkhaqqı onların peşəkarlıq səviyyəsi,
yerinə yetirdikləri funksiyalar və fəaliyyətin nəticələrinə
əsasən müəyyənləşdirilməlidir. Bu maddə
faktiki olaraq "yalnız dərs keçməklə" məhdudlaşan
qiymətləndirmə sisteminin dəyişdirilməsini tələb
edir. Müəllim təkcə 45 dəqiqəlik dərsi
deyil, onun öncəsi və sonrakı hazırlıq mərhələsini
də həyata keçirir. Dərsə hazırlıq, testlərin
tərtibi, ev tapşırıqlarının yoxlanması,
şagirdlərin fərdi müşahidəsi və valideynlərlə
görüşlər müəllimin vaxtının təxminən
50 faizini təşkil edir. Finlandiyada, Estoniyada və Almaniyada
müəllimlərin əməkhaqqı məhz bu ümumi
iş yükü əsasında hesablanır. Məsələn,
Finlandiyada müəllim illik əməkhaqqı müqaviləsində
həm dərs, həm də hazırlıq və metodik fəaliyyətin
ümumi vaxt norması göstərilir. ABŞ-da "teacher
workload model" çərçivəsində müəllimlərin
dərsdənkənar fəaliyyətlərinə - məktəb
tədbirləri, şagird məsləhətləri və
metodik işlərə görə əlavə ödəniş
tətbiq olunur. Beləliklə, Azərbaycan bu qərarla beynəlxalq
təcrübə ilə eyni istiqamətdə hərəkət
edir".
Ekspert bildirib ki, əməkhaqqının iş
saatına görə müəyyənləşdirilməsinin
əsas əhəmiyyəti müəllimin əməyinin daha
ədalətli qiymətləndirilməsindədir:
"Hazırkı dərs saatı sistemi bəzən keyfiyyətli
dərs deyən, amma az dərs yükü olan müəllimi
aşağı maaşlı vəziyyətdə
saxlayırdı. Eyni zamanda çox saatla çalışan,
lakin keyfiyyətsiz nəticə verən müəllim daha
çox qazanırdı. Yeni model bu disbalansı aradan
qaldırır, çünki maaş artıq sadəcə
"saat sayı" ilə deyil, ümumi "fəaliyyət
dəyəri" ilə ölçüləcək. Bu, həm
sosial ədaləti təmin edir, həm də müəllimi
motivasiya edir ki, dərs keyfiyyətinə, tədris
metodlarına və innovativ fəaliyyətə daha çox
diqqət yetirsin. Statistika göstərir ki, Azərbaycan müəllimlərinin
orta aylıq maaşı 2024-cü ildə 830 manata yaxın
olub. Bu, ölkə üzrə orta əməkhaqqının təxminən
70 faizinə bərabərdir. Müqayisə üçün qeyd
edək ki, Estoniyada müəllimlərin maaşı ölkə
üzrə orta əməkhaqqının 110 faizini, Finlandiyada
isə 115 faizini təşkil edir. Yəni orada müəllim təkcə
sosial status baxımından deyil, iqtisadi cəhətdən də
yüksək təminatlı təbəqəyə daxildir. Azərbaycanda
bu fərqi aradan qaldırmağın real yolu maaş sisteminin
iş prinsipini dəyişmək, yəni dərs saatına
bağlı mexanizmdən imtina edib, iş vaxtına əsaslanan
mexanizmə keçməkdir. Müəllimlərin maaş
artımı istəyi tam haqlıdır. Lakin maaş
artımının davamlı və iqtisadi cəhətdən əsaslandırılmış
olması üçün iş və dərs
saatlarının optimallaşdırılması vacibdir. Bu
optimallaşma iki istiqamətdə həyata keçirilə
bilər: birincisi, fənlər üzrə dərs yüklərinin
balanslaşdırılması və siniflərin sayına
uyğun əmək bölgüsünün aparılması; ikincisi,
dərsdənkənar fəaliyyətlərin normativ şəkildə
tanınması və ona uyğun ödəniş sisteminin
formalaşdırılması. Elm və Təhsil Nazirliyinin son
illərdə həyata keçirdiyi "Müəllim əməyinin
stimullaşdırılması" və "Differensial ödəniş"
layihələri bu istiqamətdə mühüm
addımlardır. Nazirlik müəllim fəaliyyətini
artıq yalnız "saat"la deyil, "nəticə"
ilə ölçməyə başlayıb".
Kamran Əsədovun sözlərinə əsasən,
müsbət nəticə ondan ibarətdir ki, bu model müəllimlik
peşəsinin sosial nüfuzunu yüksəldəcək:
"Müəllim dərsdən sonra şagirdlərlə fərdi
işə, layihə fəaliyyətinə, eləcə də
öz peşəkar inkişafına daha çox vaxt sərf
edə biləcək və bu fəaliyyət rəsmi şəkildə
iş vaxtına daxil olacaq. Bu, tədris keyfiyyətinə, məktəbdaxili
psixoloji mühitə və müəllim motivasiyasına birbaşa
müsbət təsir göstərəcək. Dünya təcrübəsində
sübut olunub ki, müəllimin əməyinin ədalətli
dəyərləndirilməsi təhsil keyfiyyətinin
artımına birbaşa təsir göstərir. OECD ölkələrində
müəllim maaşlarının 10 faiz artımı tədris
nəticələrinin orta hesabla 3-4 faiz
yaxşılaşmasına gətirib çıxarır. Azərbaycanın
da məqsədi eyni olmalıdır - maaş artımı sadəcə
sosial yardım deyil, tədris keyfiyyətinə sərmayə
kimi görülməlidir. Hesab edirəm ki, əməkhaqqının
dərs saatına deyil, iş saatına görə müəyyənləşdirilməsi
müəllimin əməyinin bütövlükdə dəyərləndirilməsinə,
sosial statusunun yüksəlməsinə və tədris keyfiyyətinin
artmasına xidmət edəcək. Bu islahat Elm və Təhsil
Nazirliyinin son illərdə həyata keçirdiyi ən ədalətli
və müasir yanaşmalardan biridir. Bu modelin tam tətbiqi
müəllim maaşlarının artımını iqtisadi
baxımdan əsaslı edəcək, sistemin
dayanıqlığını təmin edəcək və
müəllim peşəsini cəmiyyətin ən nüfuzlu
peşələrindən birinə çevirəcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 1 noyabr (№200).- S.23.