Yaponiya - böyük transformasiyalar
ölkəsi
Yaponiya ziddiyyətlərlə və metamorfozalarla dolu
həyat yaşadı
Yaponiya Avrasiya qitəsinin şərqdəki son
qurtaracağında, Sakit okeanın qərb sahilində yerləşən
adalar ölkəsidir. Bu ölkənin ərazisi Hokkaydo, Honsyu,
Sikoku, Kyusyu kimi dörd böyük və digər kiçik
adalardan ibarətdir. Günəş Şərqdə
doğduğundan ilk olaraq bu torpaqlara öz şəfəqlərini
saçır, təsadüfi deyildir ki, Yaponiya
"Gündoğan ölkə" adını
daşıyır. Adalar müxtəlif relyefə və iqlimə
malik olmaqla, cənubdakı tropik zonadan, şimaldakı Sibir
soyuqlarının daha çox müdaxilə etdiyi ərazi ilə
qurtarır. Təbiət bu adalara çox sayda dağlar, dərələr
bəxş etmişdir. Yapon kəndlisi Avropadakı yunanlar
kimi, əsasən, dağ yamaclarında torpaqları becərmiş,
ancaq fərqli olan ərzaq bitkisini -
düyü yetişdirmişdir. Yaponların inancına
görə, Sintoizm dinində baş ilahə və Günəşin
təcəssümü sayılan Ametarasu adaları göydən
seyr etdikdə, düyü zəmilərinin
yaşıllığından vəcdə gələrək,
onlara, bütövlükdə Yaponiyaya xüsusi qayğı
göstərmişdi.
Bu hərarətli himayəyə laqeydlik göstərən
təbii qüvvələr isə ölkə ərazisini və
onun sakinlərini tez-tez sınağa çəkmişdir. Odlu
Qövsdə yerləşən adalar təbii fəlakətlərdən,
zəlzələlərdən, sunamilərdən, vulkan
püskürməsindən mütəmadi olaraq əziyyətlərlə
üzləşmişdir. Ölkədə aktivliyi ilə
seçilən 40 vulkan yerləşir. Yaponlar təbiətin
onlara göstərdiyi sınaqlara öyrənmişdilər,
ondan elə qorxu hissi də keçirmirlər, əksinə,
tikdikləri evlərini yüngül materiallardan meydana gətirdiklərindən,
yanğın və uçqun vasitəsilə onlar
dağıldıqda belə,
onları asanlıqla bərpa etməyi bacarırdılar.
Müasir yaponlar isə, şəhərlərdəki uca
hündürlükdəki binaları seysmik təhlükəyə
cavab verən qaydada tikməklə, zəlzələlərin
vurduğu ziyanı minimuma endirməyi müvəffəq
olmuşlar.
Təbiət qüvvələri ilə daim mübarizə
şəraitində yaşayan yaponlar, cəmiyyətin təşkilində
də ziddiyyətlərsiz ötüşməmişlər.
Ölkədə iri torpaq sahibləri olan lordlar - sonralar onlar
daymyolara çevrilmişlər - meydana gəlmişdir.
Avropadakı cəngavərlərə bənzər qaydada, həm
də onların mülkiyyətini silahlı müdafiə edən
samuraylar silki yaranmışdır. Samuray ağasına öz
sədaqəti ilə seçilirdi, onun naminə hətta həyatı
ilə vidalaşmağa da hazır idi. Samuray, həm də kəndlinin
əsarətdə saxlanması aləti kimi
çıxış edirdi, ağasına görə ona hər
cür zülm göstərməyə, hətta öldürməyə
hazır idi. Yapon kəndlisi Rusiyadakı təhkimçi kəndli
kimi torpaqla birlikdə alınıb-satılmasa da, adi
hüquqlardan, hətta onların təbii növlərindən
belə məhrum idi. Kəndlinin adı da olmurdu, o, yalnız məşğul
olduğu fəaliyyət növünə uyğun gələn
adı daşıyırdı. Samuraylar isə yüksək təbəqə
olduğundan ada və familiyaya malik idi.
Cəmiyyətin belə quruluşu, əhalinin 85
faizini təşkil edən kəndlinin bütöv insan
haqlarından kənarlaşdırılması, heç də
ziddiyyətsiz ötüşmürdü. Daymyo adlanan lordlar da
əlavə ərazi tutmaq naminə bir-biriylə rəqabət
aparır, vuruşurdular. Ona görə də XVII əsrin
başlanğıcına qədər ölkə vətəndaş
müharibələrindən əziyyət çəkmişdi.
Vuruşan qüvvə isə heç də torpaq
sahiblərinin özü deyil, samuraylar idi. Bu mübarizənin
nəticəsi kimi hərbi hakimiyyəti təcəssüm
etdirən syoqunat sistemi meydana gəldi. Syoqunlar hərfi mənada,
ilk hərbi komandan olmaqla, tabeliyində olan ərazilərdə
yeni dövlət quruluşunun əsası olan hərbi idarəçilik
münasibətlərini qurdular, həm də onlar özlərinin
hakimiyyətini böyütmək naminə ölkəni birləşdirməyə
can atırdılar. Bu vaxt kiçik feodallar, irilərin
vassalına çevrilirdi. XIX əsrin III rübünə qədər
265 il hakimiyyətdə olan Tokuqava sülaləsi mərkəzləşmiş
dövlət yaratmağa nail olmuşdu, lakin ölkədə
kəndlinin istismarı dəyişmirdi, yenə əvvəlki
səviyyədə qalırdı.
Göründüyü kimi, Yaponiya, baş verən
böyük transformasiyalar hesabına Avropa ölkələrindən
tam fərqlənir. Transformasiyalar, idarəetməyə müəyyən
düzəlişlər etsə də, ümumi istismar
mühitini ləğv etmirdi. Lordların, samurayların,
syoqunların meydana gəlməsi heç də kəndlinin əzablı
həyatını dəyişdirməmişdi. Ona görə
də Avropada Orta Əsrlər 1500-cü ildə başa
çatsa da, Yaponiya onun qaranlıq labirintində hələ
2,5 əsr dolanmalı olmuşdu. Feodalizm buxovları
yaponları öz caynaqlarından buraxmaq istəmirdi və bu
formasiya ilə vidalaşma yalnız XIX əsrin son onilliklərində
baş verdi. Buna təəccüblənmək də
düzgün deyildir, çünki qonşu Rusiyada da
quldarlığın başqa bir növü olan təhkimçiliyin
ləğvi, Yaponiyadakı kəskin dəyişikliklərdən
vur-tut 7 il əvvəl baş vermişdi.
1868-ci ildə baş verən və Meydzi Bərpası
adlanan inqilab ölkədə radikal transformasiyanın baş
verməsinə səbəb oldu. Feodalizm quruluşunun əsas
dayaqları məhv edildi. Qərb dövlətlərinin
müsbət təsiri nəticəsində, ölkənin hərtərəfli
modernləşməsi işinə başlandı. Sənaye
müəssisələri meydana gəldi, feodalizmin
başlıca məhsulu olan samuray silki məhv edildi, təhsil
almaq üçün yapon gəncləri Qərb ölkələrinin
universitetlərinə göndərildi. Sənayenin
diversifikasiyası isə gənc milli kadrlara böyük
ehtiyac yaradırdı. Transformasiya
böyük müsbət metomorfozalara, ölkənin əsl
modernləşməsinə yol açsa da, mənfi təsirini
də göstərməmiş qalmadı. Yaponiya bütün
sahələrdə onun diqqətini cəlb edən, əslində,
onu valeh edən Qərb lider dövlətlərini təqlid etməyə
çalışdığından, Avropanın və
ABŞ-ın müstəmləkə siyasətini də davam
etdirməyə, öz imperiyasını qonşu dövlətlərin
ərazisi hesabına genişləndirmək sahəsindəki
niyyətini həyata keçirməyə başladı. XIX əsrin
sonunda və XX əsrin ilk dekadasında Çinlə, Rusiya və
Koreya ilə qalibiyyətli müharibələr apardı,
çoxdankı arzusu kimi Koreyanı özünün müstəmləkəsinə
çevirdi.
Yaponiya militarizmə xüsusi diqqət verirdi, yeni tipli
silahlara sahib olan müasir ordu yaratmaq qayğısına
qalırdı. Burada təkcə imperialist ideyalar deyil, həm
də özünü müdafiə etmək qabiliyyətinə
yiyələnmək əsas götürülürdü.
Qonşu Çin zəif hərbi gücə malik olduğundan
"Açıq Qapı" siyasətinə güzəştə
getməyə məcbur edilmiş, Avropa dövlətlərinin
və ABŞ-ın ölkədə ağalıq etməsinə
yol açmışdı. Yaponiya Çinin taleyini
yaşamaqdan qorxurdu, ona görə də hərbi
quruculuğa, hərbi-sənaye kompleksinin inkişafına,
ağır xərclərə səbəb olsa da, daha
böyük investisiya sərf edirdi. Ona görə də,
qısa müddətdə hərbi cəhətdən
dünyanın qüdrətli dövlətlərindən birinə
çevrilməyi bacarmışdı.
Təəssüf ki, XX əsrin birinci yarısına
yaxın müddətdə militarizm dövlətin
aparıcı siyasətinə çevrildi, bunun zərərli
ifadəsi kimi ordunun hökumətə təsiri, əslində
təzyiqi xeyli gücləndi. 1931-ci ildə Yaponiya Çinin
təbii resurslarla zəngin olan şimal əyalətini,
Mancuriyanı işğal etdi, 1937-ci ildə isə Çinin
cənubunda işğal ərazilərini genişləndirməyə
başladı. Bütün bunlar, onun Cənubi-Şərqi
Asiyanın ağası olmaq iştahını daha da gücləndirdi.
1941-ci ilin 7 dekabrında həddi aşıb, Sakit okeanda
ağalığa malik olmaq üçün, ABŞ-ın
Havay adalarındakı Pyorl Harbor hərbi-dəniz bazasına
ağır zərbə endirdi. ABŞ bir gün sonra, 8 dekabrda
Yaponiyaya müharibə elan etdi və 4 il 10 ay davam edən
müharibə Yaponiyanın qeyd-şərtsiz təslim
olması ilə nəticələndi. Yaponiya Cənubi-Şərqi
Asiya ölkələrində tutduqları ərazilərdən
və Sakit okeandakı adalardan geri çəkilməyə məcbur
oldu.
Yadellinin tarixdə Yaponiya üzərində ilk qələbəsi,
ona olduqca baha başa gəldi. Onun şəhərləri
tamamilə dağıdılmışdı, sənayesi məhv
edilmiş, təslim şərtinə görə ordusu da
buraxılmışdı. Yaponiyanın milli təhqirlə
üzləşməsi, hərbçi xadimlər arasında
seppuku ilə, özünü intihar etmək seriyası ilə
müşayiət olundu. Samurayların ləyaqəti
qorumağının bu dəhşətli üsulunu, yapon hərbçiləri
də özlərinə qarşı tətbiq etdilər.
Daha böyük transformasiya isə II Dünya
müharibəsindəki məğlubiyyətdən sonra
baş verdi. Bunu mübaliğəsiz olaraq, Milli İntibah
adlandırmaq olardı. Viran qalmış ölkə öz
yaralarını sağaltmaq kimi ağır bir prosesə
başladı. Qalib Birləşmiş Ştatların bu sahədə
ona kömək əlini uzatması da olduqca böyük rol
oynadı.
Amerikalıların təzyiqi ilə Yaponiya militarizm siyasətini
rədd edib, ondan bütünlüklə uzaqlaşdı.
Ölkə demokratik dövlət quruluşuna yol açan yeni
Konstitusiya ilə təmin olundu. Ölkədə sənayenin və
kənd təsərrüfatının bərpasına
başlandı, sənaye isə müharibə ərzində
daha böyük dağıntılara məruz
qalmışdı.
Dünyanın təəccübünə səbəb
olan bir hadisə baş verdi, məğlubiyyətdən
altı il sonra Yaponiya xarici maddi yardımı qəbul etməkdən
imtina etdi. Əlavə on il sonra isə Yaponiya müharibədən
əvvəlki sənaye istehsalının səviyyəsini dəfələrlə
ötməklə, "yapon möcüzəsinə" imza
atdı.
Yaponiya inkişaf etmiş sənaye və texnologiya
ölkəsinə çevrildi, bu mühüm sahələr
artıq hərbi ehtiyacları ödəmək kimi
ağılsız siyasətə xidmət etməkdən
bütünlüklə uzaqlaşmış, ixracın xeyli
artırılmasına xidmət edən maşınqayırma
və elektronika məhsullarının istehsalına
keçmişdi. Qısa müddətdə robotlardan istifadə
genişlənmiş, bütünlüklə kompüter idarəetməsi
ilə fəaliyyət göstərən sənaye müəssisələri
yaradılmışdı. Ümumi iqtisadi inkişaf,
müharibədən sonra dilənçi şəraitində
yaşayan yaponların maddi rifahının xeyli
yaxşılaşdırılmasına da səbəb
olmuşdu. Sosial şəraiti yaxşılaşmış
yaponlar bunun əyani ifadəsi kimi, öz ölkəsinin və
dünyanın görməli yerlərini seyr etmək
üçün turist səfərlərinə
yollanırdılar.
Bu transformasiya həm də yapon xalqının necə
böyük enerjiyə və yaradıcı ehtirasa yiyələndiyini
göstərdi. Bəzi sənaye sahələrində Yaponiya
Avropa ölkələrinin və ABŞ-ı ötüb
keçdi. Yapon minik avtomobilləri, məişət
texnikası, xüsusilə rəngli televizorlar istehsalında və
ixracında öz rəqiblərini geridə qoymağı
bacardı. Zəif sənayeyə malik olan ölkələrin
vətəndaşları Yaponiyanın istehsal etdiyi
videomaqnitofonlara və videokameralara böyük maraq göstərirdilər.
Bir neçə musiqi alətini bir alətdə əvəz
etməyə imkan verən sintezator icad edildi, karaoke oxumaları
əyləncəsi dəbi də yenə yaponların nümunəsi
hesabına dünyaya yayıldı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 1 noyabr (№200).- S.22.