Ümid burxulmaları
Futbol üzrə Avropa turnirlərində illərdir
ölkəmizi uğurla təmsil edən "Qarabağ"
futbol klubunun qazandığı qələbələri izlədikcə
ürəyimiz fərəhlə dolur. Futbol üzrə milli
komandamızın və ya bir sıra klublarımızın
oyunlarına baxaraq fərəhlənmək hələm-hələm
qismət olmasa da, "Qarabağ"ın qələbələri,
uğurları hər il bizi xeyli sevindirir.
Hər dəfə futbola baxdıqda gözəl
şair Şahmar Əkbərzadənin 1974-cü ildə futbol
əfsanəsi Peleyə həsr etdiyi şeirin
yaddaşımda ilişib qalan son iki misrasını
xatırlayıram:
İnsan bir ömürdə ayağıyla da
dünyada dahilik qazana bilər...
Və bu yazıda istəyirəm ki, "top"un
baş rolda olduğu iki hadisə haqqında
danışım.
I KADR: FUTBOL VƏ MÜHARİBƏ
1969-cu il. 14 iyul. Salvadorla Honduras arasında müharibənin
ilk günü. Bu müharibə beş gün davam edəcək,
"Futbol müharibəsi" adlanacaq və 20 iyulda ölkələr
arasında atəşkəs imzalanacaq. Müharibənin nəticəsi:
2000-dən çox ölü.
Bəs niyə "Futbol müharibəsi?" Futbolla əlaqəsi
nədir bu müharibənin?
Əslində, söhbətimizin bu yerində futbolu bir
kənara qoyub başqa məsələlərdən
danışmalıyıq.
Ərazisi çox kiçik olan Salvadorda əhali
sıxlığı yüksək idi və əhalinin
böyük bir hissəsinin şəxsi torpağı yox idi.
Hondurasın isə, torpağı çox, əhalisi az idi.
Buna görə də, acgöz torpaq sahibləri əlindən
Hondurasa köçərək orda özlərinə yurd-yuva
quran, əkin-biçinlə məşğul olub
gün-güzəranlarını yaxşılaşdıran
salvadorluların sayı az qala yarım milyona çatmaqda idi.
Salvadorluların Honduras torpaqlarından yaxşı gəlir
əldə etdiyini görən Honduras prezidenti Osvaldo Lopez
Arellano bir çıxışında həmin torpaqların
salvadorlulardan alınıb honduraslılara veriləcəyindən
danışdı və hər şey elə burdan
başlandı. İki ölkədə də qəzetlər,
jurnallar prezidentin çıxışından yazdı. Necə
deyərlər, gərginlik pik nöqtəyə qalxdı.
Futbol oyunu isə, bu gərginliyin "müharibə"
adlı partlayışla nəticələnməsi
üçün bir bəhanə idi.
1970-ci ildə futbol üzrə doqquzuncu dünya
çempionatı Meksikada keçiriləcəkdi və bu
çempionata qatılmaq uğrunda Hondurasla Salvador milli futbol
komandaları 3 dəfə qarşılaşacaqdılar.
8 iyunda Hondurasda keçirilən ilk oyunda Honduras millisi
1-0 hesabı ilə, 15 iyunda Salvadorda keçirilən ikinci
oyunda isə, Salvador millisi 3-0 hesabı ilə qələbə
qazandı. Bu nəticələrə görə, Salvador
millisi dünya çempionatına qatılmağa daha yaxın
idi.
Üçüncü oyun 27 iyun 1969-cu il tarixində
Meksikada keçirildi. Bu oyunu 3-2 hesabı ilə qazanan Salvador
millisi Honduras millisini dünya çempionatına yollanmağa
qoymadı.
Və üçüncü oyundan 17 gün sonra bu iki
qonşu ölkə arasında 4 gün davam edəcək
müharibə başladı.
SSRİ, Meksika və Belçika ilə eyni qrupa
düşərək rəqib qapısına bir qol belə
vura bilməyən, üç oyunda qapısından 9
cavabsız qol buraxan futbol üzrə Salvador millisinin də
qatıldığı həmin dünya
çempionatının finalında Braziliya və İtaliya
milliləri qarşılaşmışdı. Braziliyanın
4-1 hesabı ilə qələbə qazanaraq
üçüncü dünya çempionluğunu əldə
etdiyi final oyununda ilk qolu şair Şahmar Əkbərzadənin
hələ şeir həsr etmədiyi Pele vurmuşdu.
II KADR: MÜHARİBƏ VƏ FUTBOL
"Müharibə" və "futbol" sözlərini
eyni cümlədə işlətmək nə qədər
maraqlıdırsa, bir o qədər də kədərlidir. Bu
iki sözü binokla çevirib tarixin çox da uzaq olmayan
boz və qırmızı günlərinə nəzər
salmağa çalışırıq. 1942-ci il
görünür gözlərimizə. II Dünya müharibəsi.
Almaniyanın işğalı altında olan Ukrayna. Və bu da
paytaxt Kiyev.
Paytaxtın "Dinamo" klubunun bir çox
futbolçuları 1941-ci ildə müharibəyə
yollanmışdılar və bəziləri də Vətən
torpağını qorumaq üçün canlarından
keçsə də, təəssüf ki, Vətən
torpağı işğal olunmuşdu. Bu işğal ilə bərabər,
almanlara əsir düşənlər arasında "Dinamo
Kiyev"in qapıçısı Nikolay Truseviç və
başqa futbolçular da var idilər. Həmin günlərdə
Kiyev Universitetinin rektoru olan Konstantin Şteppa faşizmi dəstəkləyir,
almanlara bir sıra məlumatlar ötürürdü və elə
ona görə də yüksək rütbəli alman zabitlərinin
yanında müəyyən nüfuzu, hörməti var idi.
"Dinamo Kiyev"in bir neçə futbolçusunun əsir
kamplarında olduqlarını öyrənən Konstantin
Şteppa nüfuzundan istifadə edərək, onların sərbəst
buraxılmalarına da nail olmuşdu. Bunun üçün
futbolçular "almanlara sədaqət"
yazılmış kağızlara imza çəkmişdilər.
Əsirlikdən xilas olan qapıçı Nikolay
Truseviç bir çörək sexində işləməyə
başlamışdı. Çörək sexini qatı futbol
azarkeşi olan bir alman işlədirdi. O, öz
işçisinin vaxtilə "Dinamo Kiyev"də
oynadığını bilirdi və elə onun dəstəyi
ilə Truseviç köhnə komanda yoldaşlarından
sağ qalanları bir yerə yığmışdı. Onlar
Truseviç ilə birgə cəmi səkkiz nəfər idilər,
yəni futbol komandasını yenidən bərpa etmək
üçün üç nəfər çatmırdı.
Ona görə də paytaxtın "Lokomotiv" klubunda
oynamış üç futbolçunu yeni yaradılan klubda
oynamağa razı salmışdılar.
Yeni yaradılan klub "Start" adlanırdı.
Bir zamanın peşəkar futbolçularından ibarət
yeni klub Vətənlərini işğal edən almanların
həvəskar klubları ilə oynayaraq bir-bir onları məğlubiyyətə
uğratmış, almanlar isə, bu məğlubiyyətlərdən
narahat olmuşdular. Çünki almanlar üzərində
qazanılmış hər qələbə ukraynalı
azarkeşlərin ümidini artırırdı. Ukraynalılar
ümid edirdilər ki, müharibə də almanlar üzərində
qələbə ilə başa çatacaq. Sadəcə
geci-tezi var.
1942-ci ilin 6 avqustunda "Start" futbol komandası
sırf onu məğlub etmək məqsədilə alman hərbi
hava qüvvələrinin seçmə əsgərlərindən
qurulan "Flahelf" komandası ilə üz-üzə gəlmiş,
5-1 hesabı ilə qələbə qazanmışdı. Bu nəticə
ilə məğlub olacaqlarını gözləməyən
və bu məğlubiyyətlə barışmayan almanlar 3
gün sonraya - 9 avqusta cavab görüşünü təyin
etmişdilər.
Almanlar cavab oyununda qisas alacaqlarını
düşünürdülər.
Üç gündən sonra oyunun keçiriləcəyi
"Zenit" stadionuna "Start" komandasının
heç bir azarkeşi buraxılmayacaq, stadion alman əsgər
və zabitləri ilə doldurulacaqdı. Üstəlik, oyundan
az öncə bir alman zabiti "Start" futbolçularına
qətiyyətlə tapşıracaqdı ki, əsgər və
zabitlərə alman salamı versinlər.
Oyunun hakimi də həmin alman zabiti olacaqdı.
Amma "Start" futbolçuları alman zabitin
tapşırdığı kimi etməmiş, alman salamı
vermədən oyuna başlamışdılar. Hakimin alman
futbolçularının hər bir kobudluğuna göz
yumduğu birinci hissə başa çatdıqda hesabda
"Start"ın üstünlüyü var idi: 3-1.
Fasilədə "Start" oyunçularının
yanına gələn hakim açıq-aşkar onları
ölümlə hədələmişdi. Bəli, məğlub
olmasaydılar, öldürüləcəkdilər! Və bunu
deyərək onların yanından uzaqlaşmışdı.
O, uzaqlaşdıqda komandanın kapitanı Nikolay Truseviç
yoldaşlarına səslənmişdi. Alman hakim nə deyir,
desin: Ölmək vardısa, qürurla ölmək lazım
idi: qələbə qazanaraq!
İkinci hissənin sonlarına yaxınlaşarkən,
5-3 hesabı ilə üstün vəziyyətdə olan
"Start" futbol klubunun bir oyunçusu rəqibin demək
olar ki, bütün oyunçularını aldadaraq fasilədə
onlara uduzmaq əmrini verən alman hakimi qəzəbləndirmiş,
hakim də öz növbəsində oyunu 90 dəqiqə
tamamlanmadan bitirmişdi. Bəli, bütün çətinliklərə,
təhdidlərə, hədə-qorxulara baxmadan, "Start"
"Flahelf"i 5-3 hesabı ilə məğlub etmişdi.
Oyun bitdikdən sonra futbolçular həbs olunaraq yenidən
əsir kamplarına göndərilmiş, qısa müddət
ərzində 11 nəfərdən 6-sı müxtəlif bəhanələrlə
öldürülmüşdü. Öldürülənlər
arasında Truseviç də var idi.
Sonralar "Ölüm matçı" adlanacaq bu
futbol oyununun kədərli tarixçəsini
danışıb bitirdikdən sonra illər əvvəl
yazdığım bir şeiri xatırlamaq istəyirəm:
Bu futbol topunun dalınca
həvəslə qaçan uşaqlar
kim bilir
böyüyüb hansı dərdin dalınca
təngnəfəs qaçacaqlar...
Yolları yora bilməsələr də
yollar yoracaq ayaqlarını...
Qaç ki, qaçasan.
Ürəklərində bir ümid,
dizlərində təpər qalmayacaq,
nə qədər çalışsalar da,
kədərin qapısına
qol vurmaq olmayacaq...
Bəlkə də böyüyəndə
dərd-sərin çoxluğundan
ürəkləri partlayacaq bu uşaqların.
Amma nə olur olsun
indi oynadıqları top
partlamasın barı...
FURQAN
525-ci qəzet .- 2025.- 1 noyabr (№200).- S.21.