“Dərdləşmə”:
acı həqiqətlər, kəskin etirazlar,
üstüörtülü etiraflar
İstiqlalçı mühacirlər arasında iki dəfə
- ötən əsrin 20-ci illərində və 50-ci illərinin
əvvəllərində kəskin qarşıdurma, ciddi fikir
ayrılığı olub. İlk münaqişə maddi
sıxıntılar, maliyyə problemləri, “milli sənədin
yoxa çıxması”, istiqlalın bolşeviklərə satılması
adı altında ortaya ittihamların, iftiraların irəli
sürülməsi və sair məsələlər
ucbatından Türkiyədə məskunlaşan mühacirlərin
öz aralarında baş verib. İkinci qarşıdurma
1951-ci il noyabrın 7-də Almaniyanın Visbaden şəhərində
beş rus və beş qeyri-rus millətlərə mənsub
mühacir təşkilatlarının nümayəndələrinin
iştirakı ilə keçirilən Visbaden konfransında qəbul
edilən bəyannamədən sonra Türkiyədəki
mühacirlərlə Avropadakı soydaşlarımız
arasında yaranıb. Həmin sənədin Avropadakı
mühacirlərin nümayəndələri tərəfindən
imzalanması Ankaradakı soydaşlarımız tərəfindən
ciddi etirazla qarşılanmışdı. Bəyannaməyə
əsasən qeyri-rus millətlərin mübarizəsi
“Rusiyanın daxili işi” elan olunur, bununla da, faktiki olaraq rus
mühacir təşkilatlarının təkid etdiyi “vahid,
bölünməz Rusiya” prinsipi təsbit edilir, SSRİ-nin
süqutundan sonra qeyri-rus millətlərin öz müqəddəratını
təyin etməsi gələcəkdə
çağrılacaq Rusiya Müəssislər Məclisinin
öhdəsinə buraxılırdı. Bu müddəalar
Türkiyədəki istiqlalçıları hiddətləndirmiş,
mühacirlər arasında növbəti konflikt
yaranmışdı. Bu konfliklə bağlı qızgın
müzakirələr aparılıb, mühacirət mətbuatında
qarşılıqlı ittihamlarla, iradlarla dolu
çoxsaylı məqalələr dərc edilib.
Nağı Şeyxzamanlı (1883, Gəncə −
1967, İs¬tan¬bul) “Nağı Keykurun” imzası ilə
1963-cü ildə İstanbulda nəşr etdirdiyi “Dərdləşmə”
adlı kiçikhəcmli əsərini mühacirlər
arasındakı ikinci qarşıdurmaya həsr edib. Bu əsər
bir çox cəhətdən böyük maraq doğurur və
diqqətəlayiqdir. Risalədə:
- istiqlal mübarizəsi tarixində mühacirlərin
Türkiyə qrupu ilə Avropa qanadı arasında ciddi
problemlər, fikir ayrılığı və ixtilaflar
yaratmış “Visbaden anlaşması”nın mahiyyəti, məğzi,
məzmunu dərindən açılır, dəyərləndirilir;
- müəllif 1934-cü ildə “Biz və onlar”
kitabında silahdaşlarının, xüsusən M.Ə.Rəsulzadənin
və M.B.Məhəmmədzadənin fəaliyyəti ilə
bağlı irəli sürdüyü ittihamların,
böhtan və şərlərin əvəzinə istiqlal
mücadiləsi tarixində onların yerini, rolunu obyektiv dəyərləndirir,
həqiqəti yazır;
- N.Şeyxzamanlı qələminin bir sıra
maraqlı məziyyətləri üzə çıxır;
- mühacir həyatının, mühacirlərin
düşüncə tərzinin fərqli və ziddiyyətli
məqamları qismən də olsa,
işıqlandırılır;
- vaxtı ilə
silahdaşlarına qarşı tutduğu kəskin mövqedən
çəkildiyi və yazdıqlarından peşman olduğu,
üstüörtülü şəkildə olsa da,
etirafları yer alıb.
Risalənin girişində müəllif bəhs ediləcək
mövzuya - “Visbaden anlaşması” məsələsinə sənədin
qəbul edildiyi konfransdan 12 il sonra toxunmasını belə
izah edir ki, gələcəkdə bir tarixçi Azərbaycanın
müasir tarixini qələmə alarsa, bu mövzu haqqında
məlumata ehtiyacı olacaq. N.Şeyxzamanlı “Visbaden
anlaşması”nı bir cümlə ilə, lakin obrazlı
şəkildə çox sərrast ifadə edir: “Sakat
(şikəst - T.A.) doğulan bu anlaşma yaşaya bilməzdi.
Nitəkim (beləliklə - T.A.) yaşamadı da... “Visbaden
anlaşması”nın xətalı gedişatına
qarşı “Paris bloku”nun sağlam prinsipləri kaimdir
(keçərlidir - T.A.). Rus olmayan rus əsiri millətlərin
güvənini və hür dünyanın da dəstəyini
daşıyan “Paris bloku anlaşması”na Azərbaycan
istiqlaçıları adına Azərbaycan Milli Mərkəzi
imzasını qoymuşdur”.
Nağı bəy bu əsəri maraqlı bir epizodla
başlayır. Təhsilli 3 nəfər yurddaş Azərbaycan
milli istiqlal davası ətrafında söhbət edirlər.
Onlardan ikisi istiqlal davası məsələsində birləşə
bilmədiklərindən üzüntülüdür, birinin
mövqeyi tamamilə fərqlidir, ötən 40 ildə
mühacirlərin işinə
qarışmadığını, istiqlal problemi ilə
maraqlanmadığını, bu məsələ ilə məşğul
olanların ortaya heç bir əsər
qoymadığını və mühacirlərin də birləşə
bilməyəcəyini deyir. Üçüncü
yurddaşın cansıxıcı sözlərindən sonra
Nağı bəy adını çəkmədiyi şairdən
Ölmək elə körpüdür ki, hər kəs
keçəcəkdir,
Lakin hər ölüm diqqətə sayan ola bilməz.
Cəhd eylə diriykən sənə ölmüş
deməsinlər,
Səssiz yaşamaq varlığa bürhan ola bilməz
-
misralarını söyləyir və
üçüncü yurddaşa “Özünüzün
çalışmadığınız bir yana, işləyənlərə
də mane olursunuz. Ya görülən işləri
görmürsünüz, ya da gördüklərinizi görməkdən
məhrumsunuz” - deyir və əsl mətləbə keçir.
O, əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu, bolşeviklərin ölkəmizdə hakimiyyəti ələ
alması və istiqlalçılara qarşı amansız tədbirlər
həyata keçirməsi, AXC liderlərindən Nəsib bəy
Yusifbəylinin, Fətəli xan Xoyskinin, Həsən bəy
Ağayevin qətlə yetirilməsi faktlarını
xatırladır, sonra göstərir ki, rejimin təqibindən
xilas olmaq üçün soydaşlarımızın bir
çoxu xaricə üz tutdu. Vətəndə qalanlar isə
“işğalın ilk günündən düşmənləri
belə heyrətləndirən milli fəaliyyətlə məşğul
olmuş”, gizli “İstiqlal” qəzetini buraxmışdı. Qəzetin
19-cu nömrəsi mətbəədə çapa
hazırlanarkən ÇEKA tərəfindən ələ
keçirilmişdi. Aqibətlərinin nə olacağı məlum:
edamlar, həbslər, sürgünlər.
Vətəni tərk edən mühacirlərin, demək
olar ki, hamısını “vətənsevər,
istiqlalçı və məmləkət üçün
çalışmış adamlar” adlandıran Nağı bəy
onların əvvəlki kimi yenə “yurdun istiqlalının
ihyası (dirçəlişi - T.A.) üçün
çalışmaq əzmində” olduqlarını
vurğulayır. Lakin mühacirləri bir təşkilat ətrafında
birləşdirən liderin və onların mübarizəsini
təbliğ edən, tanıdan qəzetin olmaması ciddi
problem kimi qarşıda dururdu. N.Şeyxzamanlı yazır:
“Azərbaycan istiqlal mücadiləsinin böyük
lideri M.Ə.Rəsulzadənin İstanbula gəlişi
yurddaşlarda böyük bir sevinc yaratmışdı”. Milli
Komitənin yaranması, “Yeni Qafqasya” məcmuəsinin nəşrə
başlaması istiqlal uğrunda mücadiləyə can verdi.
“Məmləkətdə istiladan sonra gizli təşkilatın
başında duran Mirzə Balanın İstanbula gəlişi
milli mücadiləni bir qat daha qüvvətləndirdi”. Burada
qısa fasilə verib, bir məsələyə münasibət
bildirmək istərdik. N.Şeyxzamanlının risalədə
toxunacağı problemə uzun bir hekayətlə
başlaması və burada M.Ə.Rəsulzadə və M.B.Məhəmmədzadənin
adını uca tutması, fəaliyyətlərinin yüksək
dəyərləndirməsi təsadüfi deyil. Bu, onun
1934-cü ildə qələmə aldığı “Biz və
onlar” adlı kitabında M.Ə.Rəsulzadəyə, onun tərəfdarlarına,
xüsusən Mirzə Bala Məhəmmədzadə və
Mustafa Vəkilliyə təhqiramiz sözlərlə
ünvanladığı ağır ittihamlardan
imtinasının, peşmançılığının
ifadəsi idi. Yeri gəlmişkən, onu da qeyd edək ki,
N.Şeyxzamanlı gələcəkdə haqqında bəhs
edəcəyimiz “Azərbaycan istiqlal mücadiləsindən
xatirələr” kitabında Məhəmməd Əmin bəy
və onun xidmətlərini xüsusi və daha çox
qabardıb.
Qeyd etdiyimiz kimi, risalədə əsas mövzu
“Visbaden anlaşması”nın mahiyyətinin
açılması və ona münasibət bildirilməsidir.
İkinici Dünya müharibəsindən sonra Velikorus
partiyalarının beşinin millətlərin nümayəndələri
bolşevik rejiminə qarşı birgə mücadilə aparmaq
məqsədi ilə koordinasiya mərkəzi yaratmaq
üçün 28 avqust 1951-ci il tarixində Almaniyanın
Şturqart şəhərində toplantı keçirərək
“Rusiya Millətlərini Qurtarma Şurası” təsis
etmişlər. Təşkilat “milli ekaliyyətlərin” (milli
azlıqlar - T.A.) nümayəndələrini də
Şuranın fəaliyyətinə cəlb etmək
üçün 1951-ci ildə Almaniyanın Visbaden şəhərində
qeyri-rus millətlərə mənsub 5 təşkilatın da
nümayəndələrinin iştirakı ilə konfras
keçirmiş, “Visbaden anlaşması” adlı bir bəyannamə
imzalamışlar. N.Şeyxzamanlı yazır: “Huviyetləri
(şəxsiyyətləri) naməlum şəxslərdən
ibarət olan bu uydurma müməsillər (təmsilçilər
- T.A.) arasında “Azərbaycan Milli Birlik Məclisi” deyilən
təşkilat adından (Azərbaycan Milli Birliyi Amerika Komitəsinin
dəstəklədiyi və 12-19 sentyabr 1952-ci il tarixdə
Almaniyada keçirilən konfransda təsis olunmuşdur - T.A.)
Ceyhun Hacıbəyli, Əkbər Ağa
Şeyşülislamov, İsmayıl Əkbər adında
üç kişinin də imzası vardır. Nağı bəy
özünə ünvanladığı “Visbaden
anlaşması”nın istəyi nədir və aqibəti necə
oldu?” - sualına cavab verərkən göstərir ki, əslində
bu anlaşmada Rusiyanın 1917-ci il inqilabına qədərki
torpaq bütövlüyü müdafiə olunur, eyni zamanda rus
məhkumu millətlərin inqilabdan sonra qurduqları dövlətlər,
o cümlədən “İslam və Türk tarixinin
şanlı bir səhifəsi olan 28 May 1918-ci il Azərbaycan
Xalq Cümhuriyyətinin quruluşu rədd edilirdi”. Ruslar
qeyri-rus millətlərin öz müqqədəratını
təyin etmək hüququna öncədən “yox” deyir, bu məsələyə
yalnız bolşevik rejimi devrildikdən sonra baxıla biləcəkləri
şərti ilə müqaviləni imzalayırlar. Qeyri-rus millətlərdən
ukraynalılar bu konfransda iştirak etmir, ermənilərin,
gürcülərin, Şimali qafqazlıların və
türkistanlılardan tanınmış heç kimin bu sənəddə
adları yoxdur.
Kiçik bir haşiyə çıxaraq əlavə
etmək istərdik ki, bir çox məsələlərdə,
Milli Birliklə AMM-in (Azərbaycan Milli Mərkəzinin)
mövqeləri toqquşurdu. Azərbaycan mühacirətinin
Avropa qanadının - Azərbaycan Milli Birlik Məclisinin əvvəlcə
- Rusiya Millətlərini Qurtarma Şurası (RMQŞ), sonra
Antibolşevik Mücadilə Koordinasiya Mərkəzi (AMKM) ilə
əməkdaşlıq etməsi AMM-in qəti etirazına səbəb
olmuşdu və onlar opponentlərini məğlub etmək
üçün təbliğat xarakterli ciddi tədbirlər həyata
keçirirdilər. N.Şeyxzamanlı Milli Birliyin və onun mətbu
orqanı “Azərbaycan” dərgisinin (Münhen) mövqeyini kəskin
tənqid edir, fikrini ciddi dəllillərlə əsaslandırır
və “milli istiqlal və özəlliklərinə sadiq qalan
azərbaycanlıları bu mənfur hərəkətə
qarışı ayıq olmağa çağırır. O,
eyni zamanda Visbaden konfransı təşkilatçılarının
və onun qəbul etdiyi “anlaşma”nın əsl mahiyyətindən
bəhs edərkən göstərir ki, “bu hərəkatı
sövq və idarə edən Bəyaz ruslardır və onlar
antibolşevik olsalar da, Rusiya hökümətinin rəngi nə
olursa olsun, ona xidmət edərlər”.
Nağı bəy yazır ki, Azərbaycanın
müstəqil dövründə başçılıq
etdiyim Milli Əmniyyət təşkilatının yeganə
böyük dərdi Bəyaz ruslardı. Onlar o zaman olduğu
kimi, indi - mühacirətdə də milli mücadiləmizə
qarşı çıxırlar. Odur ki, N.Şeyxzamanlı
onlarla bir cəbhədə birləşənlərə xəbərdarlıq
edərək yazırdı: “Əgər Visbadençilər və
tərəfdarları “Visbaden” yolundan dönməzlərsə,
onlar da bizim üçün ruslardan fərqsiz olacaqlar.
Mühacirət həyatının minbir məhrumiyyət və
iztirabı içində, səfalət və zərurətlərin
pəncəsində inlərkən, öz maddi
imkanlarımızın müsaidəsi çərçivəsində
nəşr etdiyimiz qəzetlər, dərgilər,
bröşürlər və kitablar sayəsində
davamızı dimdik ayaqda tutduq”. N.Şeyxzamanlı
“Visbadençilər və tərfdarları”, “huviyetləri
(şəxsiyyətləri) naməlum şəxslərdən
ibarət olan bu uydurma müməsillər”, “onlarla bir cəbhədə
birləşənlər”, “istiqlalçılara qarşı zəhər
saçanlar” yazanda yalnız Ceyhun Hacıbəyli, Əkbər
Ağa Şeyşülislamov, İsmayıl Əkbəri yox,
eyni zamanda Milli Birlik Məclisinin digər üzvlərini, “Azərbaycan”
jurnalının (Münhen) əməkdaşlarını -
Əbdürrərman bəy Fətəlibəyli - Düdənginski,
Cahangir Kazımbəy, Rıza Takı, Əziz Alpout, Məcid
Musazadə, Heydər Novruzxan, Qədir Şamil Atabəy,
M.Ceyrankeçməz, M.Qarabağlı, N.Zülqədər-Sisani,
Osman Cəfəroğlu və başqalarını nəzərdə
tuturdu.
Onlar nəinki öz hərəkətlərinə haqq
və bəraət qazandırmağa çalışır,
hətta “Azərbaycan” (Münhen) və digər mühacir mətbuat
orqanlarında “bu sənədlərin (Visbaden konfrasında qəbul
edilən sənədlər nəzərdə tutulur - T.A.)
Qafqaz millətlərinin müqəddəratları və
istiqlallarına bir zərər vurmur” - yazaraq mühacirətin
Ankara qanadına hücumlar da edirdilər. Beləliklə,
aydın olur ki, mühacirətin hər iki qanadı - həm
Avropadakılar, həm də Ankaradakılar Azərbaycanın
azadlığı uğrunda mücadilə edirlər, lakin bu
müqəddəs amala çatmaq üçünfərqli
yol seçir.
N.Şeyxzamanlı “Azərbaycanın Milli Mücadiləsinin
böyük öndəri mərhum Məhəmməd Əmin
Rəsulzadənin qurmuş olduğu bu yayın sistemi
günümüzə qədər davam etməkdədir. Bu
yayın mücadiləsinin sırasında “Yeni Qafqasya”, “Azəri
Türk”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal” və “Azərbaycan”
(Ankara) kimi qəzet və dərgilərdən başqa
türkcə, farsca, almanca, lehcə, fransızca, ingiliscə və
rusca intişar edən müdəadit bröşür və
kitablar böyük bir kitabxana təşkil edir” - yazır və
əminliklə bildirir ki, bugünkü və gələcək
nəsillər şanlı istiqlal tariximizi və mücadilə
uğrunda canını sevə-sevə fəda edən “qəhrəmanların
yurdsevərliyin ruhunu, imanını ənənəsini öyrənəcəklər”.
O, aşağıdakı cümlələrlə əsərini
yekunlaşdırır:
“İstiqlalçılara qarşı zəhər
saçan Visbadençilər və üz qarası olan varaqpareleri
(“kağız parçası” mənasında, anlaşmaya
işarədir - T.A.) bu imanımı öldürə biləcək?
Bu böyük yürüyüşümü durdura biləcək?
Xeyr, əsla! Bu yolda heç bir taviz (güzəşt - T.A.)
tanımırıq! Yaşasın Azərbaycan istiqlal məfkurəsi!”
“Dərdləşmə” Azərbaycan Xalq Cümhuriyyəti
qurucularından, işğaldan sonra istiqlal uğrunda
mücahidlərdən biri, mürəkkəb, çətin,
lakin şərəfli, ziddiyyətli fikirlərlə dolu həyat
yaşamış Nağı Şeyxzamanlının
ömrünün sonlarına yaxın qələmə
aldığı sanballı ictimai, siyasi, elmi və tarixi dəyər
daşıyan, aktuallığını itirməyən əsərdir.
28.10.2025
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 1 noyabr (¹200).- S.20;21.