Santa Maria və Yerrortutyunun hekayəsi
Balaca itimlə gəzintiyə çıxdıq.
Yolumuzu İstiqlal küçəsindən saldım.
Şişhanəyə doğru yaxınlaşarkən sağ
tərəfdə illərdir görmək üçün can
atdığım, amma bircə dəfə də olsun bu
fürsəti yaxalaya bilmədiyim kilsənin
qapılarının açıq olduğunu görüb
binaya doğru götürüldüm. Sən demə, bu abidədə
də sərgi təşkil olunub. Daha öncəki
yazılarda da bəhs etdiyim kimi, az qalsın şəhərin
hər yerində sərgilər təşkil edilib. Hətta
illərdir kilidli olan, daha əvvəl
xalqa qapıları bağlı saxlanılan tarixi məkanları
da bu karvana qoşublar. Həmin məkanlardan biri də Surp
Yerrortutyun erməni kilsəsidir. İtlə birlikdə sərgini
gəzmək üçün icazə istədim.
"Olar" dedilər, amma yalnız qucağıma alaraq bunun
mümkün olacağını söylədilər.
Ayağıma qədər gələn bu fürsəti təbii
ki, dəyərləndirdim, qollarımda dörd kilo
yarımlıq balaca ilə sərgini birlikdə gəzdik.
Bir misranın izi ilə...
İstanbulun mədəni yaddaşında xüsusi
yeri olan bu ibadətgahda sənətçi Ərdoğan
Zümrüdoğlunun siyasi məzmunlu əsərlərindən
ibarət "Naməlum tələbə abidəsi" sərgisi
açılıb. Rəssamın 2018-2023-cü illərdə
ərsəyə gətirdiyi rəsmləri və heykəlləri
ilk dəfə burada nümayiş etdirilir. Sərginin "Naməlum
tələbə abidəsi" adlı bu
başlığı seçməyi təsadüf deyil, Ece
Ayxanın 1970-ci il şeirinə həm əyani cavab, həm də
ehtiram kimi nəzərdə tutulub. Ayxan bu şeiri 1969-cu ildə
İstanbulda dövrün siyasi qütbləşməsi fonunda
qətlə yetirilən universitet tələbəsi Battal
Mehmetoğlunun xatirəsinə həsr edib. Ümumiyyətlə,
Zümrütoğlunun əsərləri Ayxanın şeirinin
emosional və siyasi gərginliyi ilə səssiz dialoq qurur,
birbaşa istinad etməsə də, eyhamlarla o görünməyən
bağlantını hiss etmək olur.
Sərgidəki tablolara gəldikdə isə - sənətçi
bu əsərlər ilə siyasi böhranlara, ictimai-siyasi
çöküşlərə və bu əsnadakı insan ləyaqətinə
təhdidlərə işıq tutur. Əsərlərə
baxan ziyarətçilər qəzəbi, yası, çarəsizliyi
hiss edir, repressiyalara məruz qalan insanlarla, travmalarla, insanlara
qarşı törədilən cinayətlərlə
göz-gözə gəlirlər.
Hiss edilir ki, sənətçi bu əsərlərlə
nə müəllimlik etmək, nə də rejissorluq etmək
niyəti var, sadəcə xatırlatmaq, həqiqətə
işıq tutmağı hədəfləyir. Obrazlı ifadə
ilə materialın fiziki mövcudluğu arasındakı gərginlik
sərgi boyu açıq-aşkar hiss olunur. Fiqrular boya
qatları altında solğunlaşır; bəzi bölmələr
daha canlı görünür, digərləri isə demək
olar ki, yox olur. Bu parçalanma təkcə estetik deyil; həm
də təmsilin hüdudlarını və şəxsiyyətin
kövrək təbiətini sorğulayan bir vasitə kimi
önümüzə çıxır. Rəsmin təsvir
vasitəsi kimi funksiyası arxa plana tabedir, fiziki və
konseptual varlığı isə mərkəzində yer tutur.
Yalın, çılpaq, kimsəsiz...
Surp Yerrortutyun erməni katolik kilsəsi XVI əsrə
qədər uzanan dərin tarixə sahibdir. Binanın
hazırkı vəziyyəti XIX əsrdə Qarabet
Balayanın töhfələri ilə yenidən ərsəyə
gəlib. Bu abidə sadəcə ibadət yeri deyil, eyni zamanda
mədəni və sosial mərkəz, Şərqlə Qərb
arasında vizual və intellektual keçid hesab edilir. Amma kilsə
həddən artıq yalqızdır. Daşlardan təklik,
hüzn süzülür sanki. Zümrüdoğlunun rəsmlərindəki
fərdi və daxili dünyaya köklənməsi kilsənin
bu səssizliyi və tənhalığı ilə harmoniya təşkil
edir.
Başlanğıc məktəb, sonrası kilsə...
Kilsənin tikilmə tarixi məlum olmasa da, onun XVI əsrdə
də mövcud olduğu məlumdur. 1503-cü ilə aid
"Üç horan"ın əlyazması və
Sultanın möhürü olan sənədə əsasən
kilsə torpağı satın alınır. 1805-ci ildə məşhur
memar ailəsindən olan Qriqori Amira Balayan və
Kevorkyan-Çerazyan icmasının üzvlərinin səyi nəticəsində
başqa əlyazmalar aşkar edilir, məlum olur ki, bu ərazidə
daha əvvəl Surp Eçmiədzin uşaq məktəbi
inşa edilib. Sonradan kilsənin tikintisinə icazə verən
fərman əldə edilir və həmin məktəbi bu kilsəyə
çevirirlər. "Amenasurp Yerrortutyun" adı ilə təqdis
olunan kilsə cəmi üç il sonra yanğına məruz
qalır. Bu dəfə Dolmabağça Sarayının
memarı olan Qarabed Amira Balayanın, Hovhannes Amira Serveryan və
Usta Minas Ağa ilə birlikdə çəkdiyi memarlıq
planı əsasında yenidən inşa edilir. 1838-ci ildə
İstanbul Erməni Patriarxlığı İsdepanos
Ağavani tərəfindən ibadət üçün
açılır. Kilsə 1845-ci ildə təmir olunur, lakin
1915-ci il hadisələrindən sonra icma kiçilir, xristian
ziyarətçilərin sayı azalır. Kilsənin son
retavrasiya işləri 2000-ci ildə həyata keçirilir və
ibadətə açılır. Uzun müddətdir
gözüm bu kilsədə idi, amma bir dəfə olsun ibadətə
açıq olduğunu görməmişdim. İçəri
elə də baxımlı deyil. Açığı,
içəridə fövqəladə memarlıq nümunəsi
yoxdur. Hətta deyərdim ki, bu günə qədər
yazdığım kilisələrin içindəki ən
baxımsız və yalın kilsə buradır.
Gizli xəzinə
Buradan yolumu yüz metr irəlidə yerləşən
Santa Maria Draperis kilsəsinə saldım. Bu kilsəyə
sayını unutduğum qədər getmişəm. Amma nədənsə
haqqında bir kəlmə də yazmamışam. Bu kilsə də
İstiqlal küçəsi üzərində yerləşir.
Kilsəyə pilləkənlərlə xeyli aşağı
enərək daxil olmaq mümkündür. Pilləkənlərin
sonunda iqamətgahların altında yerləşən sol
keçid Tomtom Kaptan küçəsinə
açılır, ona görə də bura Santa Mariya
keçidi kimi tanınır. Keçiddə çoxlu qəbirlər
var. Kilsənin interyerində neo-bizans, barokko, Osmanlı barokko
üslublarını görmək mümkündür.
Fransiskanlar və sərgərdan həyat
Yəqin ki, buranı Fransiskan kilsəsi adlandırmaq
da yanlış olmazdı. Yaxşı, kimdir bu fransiskanlar? Bu
abidəyə daha yaxşı bələd olmaq
üçün 20 yaşlı, əyləncə
düşkünü və varlı ailənin oğlu olan
Franseskonu tanımalıyıq. Bu dəbdəbəli həyat
onun əsgərlik həyatı ilə bitir. Gənc oğlan
savaşların birində ələ keçirilir, təxminən
bir il əsir qaldıqdan sonra həyata yeni gözlərlə
baxmağa başlayır. Maddi dəyərlərə olan
inamı yox olur. Sərgərdan həyat sürməyə
başlayır. İsa Peyğəmbərin də yoxsul olmağını əlində
əsas tutaraq yoxsulluğu təbliğ etmək
üçün dəridən qabıqdan çıxır.
1200-cü illərin əvvəllərində Fransisko bu
çağırışı edəndə xeyli tərəfdar
toplayır. Tezliklə həmin insanlarla birlikdə
xristianlığın yeni təriqəti olan Fransiskan
icmasını yaradırlar.
Bitməyən yanğınlar
Fransiskanlar mütəmadi gəzirmişlər. İlk
dəfə 1453-cü ildə Sirkəcidə "Santa
Maria" adlı kilsə yaradırlar. Daha sonra Qalataya
köçürlər. 1584-cü ildə Qalatada baş verən
böyük yanğında kilsə kül olur. 1584-cü ildə
fransiskanlara dərindən bağlı olan madam Klara Maria
Bertola Draperis adlı xeyriyyəçi bir Levantin qadın kilsəni
və ona bitişik evi keşişlərə
bağışlayır. "Santa Maria Draperis" adı ilə
açılan kilsə 1660-cı ildəki yanğında yenidən
yanır və təkrar inşa edilir. İnanmaq çətindir,
amma 1678-ci ildəki yanğında ibadətgah yenidən
yanır. Vəziyyəti belə görən fransiskanlar bundan
sonra Qalata ərazisində kilsə tikilməməsinə qərar
verirlər və Bəyoğluna köçürlər.
İşə bax ki, yeni yerdə tikilən abidə yanıb
kül olur. Hazırkı bina sonuncu yanğından sonra
inşa edilən kilsədir. Yeri gəlmişkən, burdan belə
qənaətə gəlirik ki. Santa Maria Draperis kilsəsi də
tərəfdarları olan fransiskanlar kimi gəzməyə
meyilli olub. Məsələ ondadır ki, tarix boyu xeyli
yanğınlar və zəlzələlər görən bu
möhtəşəm abidə XIX əsrdən bəri
bölgənin ən prestijli kilsəsi statusunu qoruyub
saxlayır.
400 illik katolik məbədi
Memar Q.Semprini tərəfindən tikilmiş kilsənin
birinci mərtəbəsində dükanlar və onların
üstündə üç mərtəbəli karvansaray
ucalır. Bu karvansaraya sonradan iki mərtəbə də əlavə
edilir və hazırkı görkəmini qazanır. Girişdəki
üç tağlı qapı qədim Roma zəfər
tağlarını xatırladır. Bu, kilsənin Neo-Renessans
üslubunda olan girişini ortaya qoyur. Santa Maria Draperis kilsəsinə
bitişik Postacılar küçəsindəki iki
yaşayış binası da kilsəyə aiddir. Bir sözlə,
monastır, iqamətgahlar və üzərində yüksələn
karvansaray kompleksindən ibarət olan kilsə, üst
fasadındakı Məryəm heykəli ilə gələnləri
qarşılayır. Küçədən baxanda görünməyən
zəng qülləsi olan kilsə, çəhrayı Carrara mərmərindən
ibarət möhtəşəm və üçü Venesiya
məktəbinə aid dörd rəsm əsəri ilə əhatələnib.
Şərq-qərbin çalarlarının güclü şəkildə
müşahidə edildiyi binanın qərb girişində
1954-cü ildə milanlı Ditta Marmi tərəfindən
çəkilmiş Məryəmin təsviri var.
Stiqmata səhnəsi
Kilsəyə daxil olarkən, solda İsanın çarmıxa çəkilərkən
əllərinə və ayaqlarına vurulan mismarların yara
izlərini əks etdirən heykəli xüsusi diqqəti
çəkir. Kilsənin vitraj pəncərələrinə
yansıyayan şam işığı içəridə
parıltılı, ruhani atmosfer yaradır. Qeyd edim ki, Santa
Mariyanın görünüşü o qədər gözəldir,
ziyarətçisi o qədər çoxdur ki, Yerrortutyan kilsəsi
ilə müqayisə edə bilmirəm. Bütün hallarda
tarixi kilsələri, məscidləri gəzmək
böyük zövqdür. Hələ bir qucaqlıq, dörd
kilo yarımlıq bir itlə sərgi mərkəzlərini gəzirsənsə,
bu, lap böyük xoşbəxtlikdir...
Türkan TURAN
525-ci qəzet .- 2025.- 1 noyabr (№200).- S.19.