Can Azərbaycanın dost səsi
Abbas Zamanov
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə
Hörmətli Rəşad müəllim,
Sevindirici haldır ki, son vaxtlar İraqda yaşayan
soydaşlarımızla ədəbi-mədəni, elmi əlaqələrimiz
yeni vüsət alır. Bunu prof. dr. Süphi
Saatçının əziyyət çəkib göndərdiyi
"Füzuli" dərgisinin sentyabr-oktyabr sayından da
görmək olur. İstanbulda çap olunan dərginin sonuncu
sayında gözəl şair və görkəmli alim,
akademik Aslan Aslanovun "Lalələr" şeiri verilmiş
və şeirə Telman Hacıyevin musiqi bəstələdiyi
göstərilir (Rəşid Behbudovun ifasında səslənən
"Lalələr" mahnısını bütün
iraqlı dost və tanışlara göndərdim - Q.P.).
Dərgidə prof. dr. Süphi Saatçının
görkəmli ədəbiyyatşünas alimimiz Abbas Zamanov
haqqında "Can Azərbaycanın dost səsi Abbas
Zamanov" məqaləsi (s.10-11) çap olunub. Burada Abbas müəllimin Sinan Səidlə
və ayrıca şəkli, Səməd Vurğun və heykəlinin
şəkli verilib. Dərginin 12 və 13-cü səhifələrində
isə Abbas müəllimin Süphi Saatçıya
ünvanladığı iki məktubu və bir neçə
açıqcası yer alıb. Abbas müəllim məktubları
və açıqcaları ərəb əlifbasında
göndərmişdi. Süphi Saatçı məktubları ərəb
əlifbasında olduğu kimi verib və latın əlifbasına
çevirib. Ədəbi əlaqələrin bariz nümunəsi
olan, Abbas müəllim haqqında Süphi bəyin
yazısını (müəllif məqaləni yazarkən
Yavuz Akpınarın, Elçinin, İsa Həbibbəylinin,
Fatma Özkanın əsərlərindən bəhrələndiyini
xüsusi qeyd edir) oxuculara təqdim edirəm.
Qəzənfər PAŞAYEV
Kəndisini heç vaxt görmədiyim halda candan bir
sevgi ilə bağlandığım gözəl bir insan və
böyük bir Kərkük sevdalısı, rəhmətlik
professor Abbas Zamanovdan söz etmək istəyirəm.
Qiymətli ədəbiyyatşünas alim Abbas
Zamanovdan mənə ilk kəs söz edən rəhmətlik
xocamız Əta Tərzibaşı idi. Əta Tərzibaşı
mənə "Azərbaycanda yayımlanan hər kitabı
ondan istəyə bilərsən. Çox səmimi və
çalışqan, Azərbaycan
kültürünü və ədəbiyyatını
dış dünyaya tanıdan Zamanovun adresini al və hər
istədiyini ona yaz, o sənə hər türlü kitab və
məqalələr göndərər. Kəndisilə əski
hərflərlə yazışa bilərsən" -
demişdi.
Mən də ona İstanbuldan məktublar və
açıqcalar göndərməyə başladım.
Türkiyədəki çağdaş ədəbiyyat
adamlarını, yazar və romançılarını
çox iyi təqib edən birisi olduğunu, məndən istədiyi
kitablardan anladım. Məndən ardıcıl olaraq Türk ədəbiyyatının
təməl kültür və ədəbiyyat
kitablarını istəyir və onlar haqqında
çalışmalar yapdığı
anlaşılırdı. Daha sonralar anladım ki, o, sadəcə
bir yazar deyil, eyni zamanda qəzetəçi, tədqiqatçı,
ədəbiyyatçıdır. Filologiya üzrə elmlər
doktoru, professordur. O, elm dəryası imiş.
Abbas Zamanovun həyatı və fəaliyyəti barədə
qısa da olsa, oxuculara söz açmaq istəyirəm.
Zamanov kimdir?
Abbas Zamanov 1911-ci ilin oktyabr ayının 10-da
Naxçıvanın Maxta kəndində anadan olmuşdur.
1939-cu ildə Bakı Ədəbiyyat İnstitutunun ədəbiyyat
bölümünü bitirmişdir. Çeşidli qəzetələrdə
çalışmış və müxtəlif yerlərdə
müəllimlik etmişdir. Xalq Təhsil Komissiyasında
baş mütəxəssis (1937-1938) və "Azərnəşr"də
bədii ədəbiyyat şöbəsinin müdiri
(1939-1940), Opera və Balet Teatrının və
Filarmoniyanın müdiri (1940-1941) olmuşdur. Azərbaycan
Dövlət Universitetində (1948-1960) müəllim, Azərbaycan
Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
Muzeyinin direktoru (1968-1971), Azərbaycan Yazıçılar
Birliyinin üzvü (1982) seçilmişdir. Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü (1983)
seçilmişdir. Daha sonra Azərbaycan Dövlət
Universitetinin ədəbiyyat fakültəsində professor və
kafedra müdiri (1979-1993) işləmişdir. Türk Dil
Qurumunun fəxri üzvü (1971) və Səlcuq Universitetinin
fəxri doktoru (1989) seçilən Abbas Zamanov 1993-cü il
aprel ayının 1-də Bakıda vəfat etmiş və
İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Ədəbi və elmi fəaliyyətinə 1930-cu illərdə
ədəbi tənqid, məqalə və araşdırmalarla
başlayan Zamanovun bir çox çap olunmuş əsərləri
vardır.
Azərbaycanın görkəmli şairi Mirzə
Ələkbər Sabir (1862-1911) haqqında doktora yazan Abbas
Zamanovun əsərləri Bolqarıstan, İran, Türkiyə,
İraq və Azərbaycan kimi ölkələrdə
yayımlanmışdır.
Kəndisinə yazdığım məktublarıma hər
zaman cavab verər, qısa və mənalı cümlələrlə
düşüncələrini ifadə edərdi. Pınar
(bulaq) kimi qaynayaraq axan, bilgilərini hər kəslə
paylaşan bir ürək sahibi idi.
Kərkük deyincə, sevgi və həyəcan dolu
sözlərlə şaqraq səslə oxuyan bir bülbülə
dönürdü.
İraqda siyasi rejimin təzyiqi altında olan
Türkman aydınlarının yurt dışına
çıxmaları bir yana, ölkə dışından
dostlarına belə məktub yazmaları böyük bir
suç sayılırdı. Zamanovun can dostu olan Tərzibaşıdan
xəbər və məktub ala bilməməsi onu çox kədərləndirirdi.
Buna görə də hər məktubunda və
açıqcasında "Əta bəydən mənə bir
xəbər ver" - deyə sorurdu. Mən də Əta bəyin
xəbərlərini və salamlarını ona
çatdırırdım.
Kərkükdən Azərbaycana gedən və orada
İraq türkman mətbuatına dair dissertasiya yazan Sinan Səidlə
dostluq etmiş və hətta ona dəstək və
yardımçı olmuşdur.
Abbas Xocadan istədiyim kitablar müntəzəm olaraq
gəlməyə başlamışdı. Mənə Azərbaycanda
yayımlanmış, bilmədiyim gözəl kitablar da
göndərirdi. Kərkükün uşaq folkloru üzərində
çalışdığım zaman mənə Azərbaycanda
yayımlanan, Türkiyədə bilinməyən laylalar,
tapmacalar, oxşamalar, cocuqlar haqqında şeirləri və
çox qiymətli kitablar da göndərirdi.
Abbas Zamanovda Azərbaycan sevgisi hədsiz idi. Onun
gözündə Azərbaycanın yetişdirdiyi, sənətçi,
şair, yazar, siyasətçi, kültür və dövlət
adamı kimi dəyərlər vətənin bir simvolu idi. Mənə
göndərdiyi açıqcaların birində böyük
şair Səməd Vurğunun (1906-1956) heykəlinin şəkli
vardı. Açıqcanın arxasında isə Abbas
Xocamız yazmışdı: "Səməd Vurğunun vətənindən
salamlar olsun!"
Qısaca, Abbas Zamanov kültür və ədəbiyyat
vurğunu, ziyalı bir dəyərdir.
Aşağıda Abbas Xocamızın mənə
ünvanlanan açıqca və məktublarını
oxuculara təqdim edir, xatirəsi önündə
sayğıyla baş əyir, rəhmətlər diləyirəm.
İlk açıqca
18.11.1978
Bakı
Süphi bəy,
Məktubunuzu aldım. Təşəkkür edirəm.
Kitablar çoxdan çatmışdır. Bu həftə sizə
göndərmiş olduğum məktub geri gəldi.
Görünür, o zaman Kərkükdə olubsunuz.
Kitabların o biri cildlərini gözləyirəm. Əta bəy
necədir? Sizə yeni kitablar göndərəcəyəm.
Alanda xəbər versəniz şad olaram.
Hörmətlə, A.Zamanov
İkinci açıqca
9.12.1978
Bakı
Dostum Süphi bəy,
Yeni iliniz mübarək olsun!
Salam və ehtiramla, A.Zamanov
Üçüncü açıqca
13.01.1980
Bakı
Səməd Vurğunun vətənindən salamlar
olsun!
A.Zamanov
Dördüncü açıqca
5.12.1980
Bakı
Dostum Süphi bəy,
Yeni iliniz mübarək! Yeni ildə sizə yeni
uğurlar diləyirəm.
Hörmətlə, A.Zamanov
Qeyd: 17.11.1980 tarixli məktubunu bu gün aldım.
İkinci bağlama çatdı. Rəsmli Ədəbiyyat
Tarixinin 14-cü cildi paketdən çıxmadı. Əta bəydən
mənə bir xəbər.
A.Z.
Birinci məktub
25.01.1985
Canım, gözüm Süphi,
Sənə atəşin dostluq salamları göndərir,
yeni ilini təbrik edirəm. Yeni ildə sənə yeni
uğurlar diləyirəm. Niyə gərəksiz
acığım tutsun? Mümkün deyil. Mən sizi görməsəm
də, sizə dərin hörmət bəsləyirəm. Siz mənə
yazmışdınız ki, daimi ünvanınızı bildirəcəksiniz.
Mən ona görə məktub yazmırdım. İşləriniz,
səhhətiniz necədir? Sizə yeni kitablar göndərəcəyəm.
Göndərdiyiniz kitablar hələ çatmayıb. Alan kimi
sahiblərinə çatdıraram. Orada çıxan
kitablardan mənə göndərsəniz, sizə minnətdar
olar, mən də borclu qalmaram. İmkan olsa, məndən
Əta bəyə salam yazın. Əgər ona kitab göndərsəm,
necə olar? Zərər-didə olmaz ki?
Ən dərin, xoş diləklərimlə əllərinizi
sıxıram.
Salam və ehtiramla, A.Zamanov
İkinci məktub
20.IV.1985
Bakı
Süphi, salam!
Kərkük Cocuq Folkloru kitabınızdan göndərdiyiniz
nüsxələri alıb sahiblərinə
çatdırdım. Məktubunuzun cavabı ona görə
gecikdi ki, kitabınız haqqında dostunuz Qəzənfərin
məqaləsinin çıxmasını gözləyirdim.
Əhvalınız necədir? Əta bəydən bir xəbər
varmı? Rica edirəm, bu barədə (xüsusda) mənə
bir şey yazasınız. Biz Əta bəydən nigaranıq.
Qəzənfər sənə bol salam göndərir.
Qəzənfərin adresi belədir:
Bakı - 3700037
Süren Osepyan küçəsi, №60, mənzil 4
Q.Paşayev
Qəzənfər sənə iki kitab göndərmişdir.
"İraq Kərkük Bayatıları" və "Kərkük
tapmacaları". Bu kitablardan həmkarların Əta bəy,
Sinan Səid və İbrahim Daquqlu üçün də
göndərilmişdir. Görəsən
çatdımı? Qəzənfərin
məqaləsini göndərirəm.
Hörmətlə, Abbas Zamanov
Süphi SAATÇI
525-ci qəzet .- 2025.- 1 noyabr (№200).- S.18.