Milli Gənc Tamaşaçılar
Teatrında “Ağ ölüm” tamaşası nümayiş
olunub
Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrında Vitali Siqarevin “Şeytan ailəsi”
əsərinin motivləri əsasında Ayla Osmanovanın
quruluşunda hazırlanan “Ağ ölüm” tamaşası
nümayiş olunub.
Teatrdan bildirilib ki,
tamaşa narkomaniyanın cəmiyyətə vurduğu
ağır mənəvi və sosial fəsadları səhnə
dili ilə təsirli şəkildə təqdim edib.
Tədbirdə çıxış edən Elm və
Təhsil İşçiləri Həmkarlar İttifaqı
Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov
narkomaniyaya qarşı mübarizənin cəmiyyət
üçün mühüm əhəmiyyət kəsb etdiyini
bildirib. O, sosial fəlakətin qarşısının
alınması üçün maarifləndirmə işinin
gücləndirilməsinin, gənclərin düzgün istiqamətləndirilməsinin
və ailədə sağlam mühitin
formalaşdırılmasının vacibliyini vurğulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar
İttifaqı (ETİHİ) Respublika Komitəsi sədrinin
müşaviri Vüsal Əliyev çıxış edərək
belə tədbirlərin gənclər arasında zərərli
vərdişlərin təbliğinin qarşısının
alınmasında mühüm rol oynadığını qeyd
edib və Nizami Rayon Komitəsinə bu təşəbbüs
üçün təşəkkürünü bildirib.
Tamaşadan sonra ETİHİ sədrinin müşavirləri
Natiq Zamanov, Vüsal Əliyev və Nizami Rayon Komitəsinin sədri
Sübut Əsədov səhnəyə qalxaraq Xalq artisti
Nübar Novruzova və digər aktyorlara təşəkkürnamə
və gül dəstələri təqdim ediblər.
525-ci qəzet .- 2025.- 5 noyabr (¹202).- S.11.