Cəhənnəmdən
sonrakı cənnət
Sözü ən böyük möcüzə
sayıblar. Tək müdrik insanlar yox ki! Yer üzünün
təməl əsərləri, səmavi dinlərin baş
kitabları da sözü ən ucada tutub. Kitablardan biri
"Başlanğıcda söz vardı" deyirdisə, digər
böyük Kitab elə başlanan kimi "Oxu!" buyururdu.
Sözlə ən böyük möcüzələr
yaratmışlardan biri Məhəmməd Füzuli idi ki, o da
söz sehrkarı ola-ola özü də sözün
hüzurunda heyrətdə idi.
Sözün yox yerdən necə yaranmasına,
insanın içərisində cərəyan edənləri,
düşüncəsindən keçənləri nə təhər
sərrast canlandıra bilməsinə mat qalmışdı:
Xəlqə ağzın sirrini hər dəm
qılır izhar söz.
Bu nə sirdir kim,olur hər ləhzə yoxdan var
söz.
"Hərəsi bir pəhləvan"ca qüdrətli,
hərəsi "niqab-i qeybdən rüxsar göstərən"
ənbərin xətt nigar zəriflikli söz həmişə
düşünən, duyan insanları heyrətləndirib.
Bu misraları yazan, ancaq qocafəndi, bir az
keçmiş sayaq qələmə alan şair artıq
yaxın zamanların - XX əsrin adamıdı. O da
özündən əvvəlki çox əsrlər, minilliklər
boyu sözə heyran qalanlardan biri idi:
Kaf ü nun macərası sözdür, söz,-
deyirdi.
Əski əsatir dünyanın
yaradılışının Pərvərdigarın
"Ol!" deməsiylə, bircə kəlmənin səslənişiylə
başlandığını təsdiqləyir. Ona görə
də babaları kimi sözə vurğun bu XX əsr şairi
sözün ən ağlasığmaza da qadir olduğuna iman
gətirirdi:
Kafi-nun macərası sözdür, söz,
Xilqətin ibtidası sözdür,söz,
Rəmzinin fikri, zikri sözdür, söz,
Çünki şeirin xudası sözdür, söz.
"Rəmzi" onun təxəllüsü idi. O, XX
yüzili təxminən başdan-axıracan yaşadı.
1905-ci ildə doğulmuşdu, 1996-cı ildə dünyadan
getdi. Əslində isə, ola bilərdi ki, uzaqbaşı otuz
il yaşasın. Deyən olar ki, ömrün
uzun-qısalığını Allah Özü müəyyənləşdirir,
nə haqla onun elə otuzca il yaşaya biləcəyi
gümanına düşürük. Bu zənnimiz səbəbsiz
deyil. Tariximizin elə fırtınalı əyyamları olub
ki, iblislik taxta çıxıb, ən sevimli millət
övladlarını cavan yaşlarında
qırıb-çatıb, xalqın bağrında sağalmaz
yaralar açıb.
Rəmzinin də cavanlığı şeytanın təntənəsi
zamanlarına təsadüf etmişdi və coşqun
yaradıcılıq şövqü ilə dolu olduğu
çağlarda onu həbs etmişdilər, Sibir gedər-gəlməzlərinə
sürgünə göndərmişdilər.
Heç Sibirə göndərmədən Bakıda da
güllələyə bilərdilər, ya Sibir
sürgünündən qayıtmaması da
mümkündü. O qədər elə cavanımızın
həyatı sərt iqlimli həmin qürbətlərdə
tamamlandı ki! Rəmzi də olardı onlardan biri. Ancaq o, Tanrının bu dünyaya
sözə xidmət üçün göndərdiyi
insanlardan idi. Özü tez-tez söyləyərdi ki, mən
dünyaya fəhlə gəldim, fəhlə də gedəcəyəm,
etiraf edirdi ki, mən həmişə sözün fəhləsi
olmuşam, bununla da özümü xoşbəxt sayıram.
Bu sözləri elə sözün ucbatından həyatının
21 ilini itirmiş bir insan qəlbinin bütün səmimiyyəti
ilə dilə gətirirdi.
Cəfər Rəmzi İsmayılzadə adlı bir ədəbiyyatşünasımız,
şairimiz, tərcüməçimiz, söz aşiqimiz
vardı - yaşadı getdi. Nə qədər ki XX əsrin
son onilləri davam edirdi, qismən də XXI əsrin
başlanğıcı idi, onu görmüşlərin, onunla
təmasda olmuşların bir çoxu hələ həyatdaydı,
oda xeyli yaşlaşsa belə, göz qabağında olan kimi
idi, ara-sıra yazıları da, kitabları da
çıxırdı, özü həyatdan gedəndən
sonra da vaxtaşırı yada salınırdı. İndi onu
görmüşlərin də çoxu artıq ömür
möhlətini başa vurub. İnsanlar gedir, onlarla birgə
xatirələr də, yaddaşlar da ahəstə-ahəstə
əriyib itir. Ancaq Cəfər Rəmzi kimi bütün həyatı
sözə bağlı olmuş, tərcümeyi-halıyla,
varlığıyla, qələmə aldıqlarıyla
zamanın ruhunu yaşadan insanlar gərək unudulmasın.
Onlar anıldıqca keçmişin yaddan çıxmamalı
səhifələri istər-istəməz təzədən
canlanır.
...Cəfər Rəmzi Abşeronun qədim kəndlərindən
olan Mərdəkanda doğulmuşdu. Söyləyirdi ki,
uşaqkən Bakının bir neçə digər kəndində
olmuşdum. Fəxr edirdim ki, kəndimiz o kəndlərdən
irəli gedib, bizim kənddə küçələr də
var, məhəllələr də, gördüyüm digər
kəndlərin çoxunda isə sadəcə bir-birindən
xeyli aralı evlər, tək-tək ağaclar, bir də
uzaqdan yaşıllanan dəniz vardı.
Uşaqkən, XX yüzilliyin
başlanğıcında keçib getdiyi tozlu Mərdəkan
küçələri ilə, o küçələrin nizamı
ilə, öz kəndinin digərlərindən daha sahmanlı
olması ilə fəxr edən Cəfər Rəmzi bu gün
həmin kəndə, doğma Mərdəkanına
küçəyə çevrilərək qayıdıb.
Bugünün mərdəkanlıları hər gün o kəndin
içərisindəki Cəfər Rəmzi küçəsindən
keçib gedirlər. Ancaq Azərbaycanın möhtəşəm
söz xəritəsində də lap çoxdan ayrıca bir Cəfər
Rəmzi küçəsi var.
Və sözün ilahi qüdrətini anlamaq, onun
yaşamaq və yaşatmaq gücünü daha dərindən
duymaq üçün həyatını həsr etmiş,
ömrü boyu sözün məftunu olmuş Cəfər Rəmzinin
ədəbiyyatımızın qoynundakı küçəsindən
də hərdən-hərdən keçməkdə fayda var:
bu, həm zənginləşmək, duyğulanmaq
imkanıdır, həm də millətə xidmətə
ömür sərf etmişbir insana vəfa borcumuzun ifadəsi!
Bu hekayət ki başlayırıq, böyük
ölçüdə elə o da borcqaytarmadır.
Çünki Cəfər Rəmzini tanımış
insanların çoxu artıq həyatda yoxdur. Ancaq tale elə
gətirmişdi ki, mən onu 1970-ci illərin ortalarından, hələ
tələbəlik çağlarımdan
tanıyırdım. Əruzu öyrənmək
üçün tələbə vaxtlarımda - 1970-ci illərin
ortalarında tez-tez Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutuna alimlər alimi Əkrəm Cəfərin
yanına gedib-gəlirdim. Əkrəm Cəfərin isə həmin
institutda ən çox yaxınlıq etdiyi, oturub-durduğu
insanlardan birincisi elə Cəfər Rəmzi idi. Cəfər
müəllimlə ilk tanışlığımız və
əvvəlinci təmaslarımız ovaxtlar olmuşdu. Ancaq
tale elə gətirdi ki, universiteti bitirdikdən sonra biz həmin
institutda İran filologiyası şöbəsində uzun illər
birgə işlədik, yanaşı masalarda əyləşdik,
ömrünün sonlarına qədər də mehriban
ünsiyyətlərimiz davam etdi.
Bu da Cəfər Rəmzinin ayrı bir keyfiyyəti idi
- onunla tanış olan, yaxınlıq edən sonra daha
heç vaxt ayrıla bilmirdi: o, saf ürəkli, həlim təbiətli,
həm də dünya görmüş, müdrik, üstəlik,
şux bir insan idi.O qəbildən olan insanlarla təmas əsl
zövq, dəqiqələr, saatlar ərzində ömür
yaşamaq, məktəb keçmək kimi idi.
Cəfər Rəmzi səliqəli adam idi və
ömrünü başa vurmazdan qabaq artıq sinli
çağlarında sabahın da qeydinə
qalmışdı, yazılarını yerbəyer etmişdi:
arxivlərə verəcəyini arxivlərə
çatdırmışdı, dostlara verməyi lazım bildiklərini
onlara tapşırmışdı, əlyazmalarının bir
qismini də evində saxlamışdı. Cəfər Rəmzi
yetərincə məhsuldar qələm sahibi idi və
heç də yazdıqlarının hamısı
sağlığında nəşr edilmədi. Baxmayaraq ki,
bunca uzun bir ömür sürmüşdü.
Cəfər Rəmzinin bugünə qalan yeganə
canlı söhbətləri mənimlə olan müsahibələridir.
Hərdən iş saatlarından sonra Akademiya binasının
yeddinci qatındakı iş otağımızda əyləşərdik,
diktofonu qoşardım, keçmişlərlə bağlı
suallar verərdim, o da sərgüzəştli
ömrünün ən müxtəlif onillərindən elə
hekayətlər danışardı ki, bunlar Süleyman Sani
Axundovun qorxulu nağıllarına bənzərdi.
Və nə yaxşı ki, vaxtında bütün
bunları etmişəm. Hərdən-hərdən o kasetləri
qoyuram diktofona, düyməni basıram və tarix təzədən
dirilir:Cəfər Rəmzi danışır və XX
yüzilin onlləri təfərrüatı ilə gözlərim
önündə canlanır. O ayrıntılar ki, onları
heç bir kitabda-dəftərdə tapa bilməzsiniz.
Belə qiymətli xatirələri XX yüzilin
keşməkeşli onillərini yaşamışların
neçəsi düşüncələrində,
duyğularında daşıyırdı və simsar hesab etmədikləriylə
də həmin xatirələri bölüşməyi
xoşlamazdılar. Onlar köç etdilər və həmin
xatirələr də keçmişdə qaldı. Vaxtında
fürsəti qaçırmadan nələr yazıldısa, qənimət
olaraq elə onlar qaldı. Lentin keçmişi qaytara bilən
yaddaşı həmişə insan ömründən daha
etibarlıdır.
Və Cəfər Rəmzi ilə lentdə qalan
söhbətlərdən, yaddaşıma hopanlardan, arxivlərdəki
ayrı-ayrı yazılardan istəyirəm ki, bir ömrün
mənzərəsinigücüm çatan qədər bərpa
edim. Görəsiniz ki, vaxtın idbar gərdişi ilə məhv
etməyə çalışdığı bir insan
özünün yenilməz ruhu, mətin iradəsi və əzmi,
ən mühümü - tükənməz həyat və
yaratmaq eşqinin gücünə ölümün
caynağından necə salamat qurtula bilib, ən
yaşanılmaz illərdə də həyatdan ləzzət
alaraq yaşamağı nə təhər bacarıb, vaxt onu
yıxmağa nə qədər əlləşsə də,
nə sayaq ayaq üstə qalıb və daddığı
bütün acılara rəğmən xeyir saçmaqda davam
edib. Nə qədər zillətlər görsə də, vaxt
nə qədər amansız olsa da, nə kəc tale, nə qəddar
zəmanə onun pak içərisini, həlim
varlığını qabalaşdıra,tərs döndərə,
məhvərindən çıxara bilməyib.
Cəfər İsmayılzadə həmişə
Hacı Zeynalabdin Tağıyevi rəhmətlərlə yad edərdi.Söyləyirdi
ki, o olmasaydı, mən də mən olmazdım.
Niyə belə deyirdi? Cəfər müəllim yoxsul
bir ailədə doğulmuşdu. Atası Balaəmi əkinçi
idi. Mərdəkanda onunkimi əkinçilər çoxdu,
ancaq Balaəmi əkinçilərin də kasıblarından
idi - balaca bir torpaq sahəsi varmış, həmin kiçik ərazidə
əkib-becərdiyi böyük ailənin
dolanışığını yola verməyə bəs
etmirmiş.Ata da savadsız, ana da oxumamışvə ailənin
Cəfər qarışıq 12 uşağı. Bir çətən
külfətin - 14 nəfərlik ailənin alababat
dolanmasından ötrü həm əlavə torpaq sahəsinə
ehtiyac vardı, həm də uşaqlar böyüdükcə
ata-anaya kömək etməli idi. Odur ki, Balaəmi
qonşulardan da torpaq icarəyə
götürürmüş, əkib-becərirmiş, balaları da böyüdükcə əkin-biçinlə
məşğul olan atalarına kömək göstərirmiş.
Xeyirxah Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda
tikdirdiyi məktəb qapılarını ilk şagirdlərinin
üzünə 1894-cü il sentyabrın 27-də
açmışdı və Cəfər də 1913-cü ildə
həmin məktəbə yollanmışdı. Taleyinin bu səhifəsi
olmasaydı, nəinki ədəbiyyat, heç yazı-pozudan xəbəri
olmayacaq, elə sıravi kəndçi baba olaraq qalacaqdı.
Ancaq kəndin məktəbi vardı, savada tamarzı
ailəsi arzulayır ki, balaca Cəfər də oxusun. Cəfərsə
elə yazı-pozunu öyrənincə kitabın aludəsinə
çevrilir.
Hələ ibtidai məktəbdə oxuyarkən Cəfərin
əlinə "Arvan Aşqı" adlı bir kitab
düşür. Həmin kitabda nağıllar, bayatılar,
tapmacalar toplanmışdı. Oxuyur, heyran qalır və kitab
dönüb olur onun suyu-çörəyi.
Söz loğmanlarımızdan olmuş, həyatı
uzunu ata sözlərimizi, zərbülməsəlləri
toplamış Əbülqasım Hüseynzadədən də
vaxtilə elə Cəfər müəllimin öz
uşaqlıq illəri ilə bağlı söylədiyi əhvalata
bənzəyənini eşitmişdim. Bayramdan-bayrama atası
Balaəmi Cəfərə 10-15 qəpik verərmiş ki,
özünə şirni alsın. Cəfər də həmin
pulları toplayar, ondan 3-4 yaş böyük qonşuları
İsaq Məmmədzadə adlı dostuna verərmiş.
İsaqda Bakıya tez-tez gedib-gəldiyindən şəhərdən
hər dönüşündə özü ilə təzə
kitablar alıb gətirərmiş. Cəfər bundan duyuq
düşüncə şirni üçün verilən qəpiklərdən
qənaət edib topladıqlarını İsağa verər,
kitablar alar, acgözlüklə oxuyarmış.
Əbülqasım müəllimsə
danışardı ki, əsrin əvvəllərində
dükanlarda saçaqlı konfetlər satılarmış,
onların büküldüyü rənbərəng
kağızların üstündə atalar sözləri
yazılarmış. Əbülqasım da o konfetləri alar,
içərisini yeyib, büküldüyü
kağızları saxlar, üstündəki atalar sözlərini
isə ayrıca dəftərə köçürərmiş,
tədricən bu uşaqlıq həvəsi həyatının
mənasına çevrilən məşğuliyyət olur.
Cəfər İsmayılzadənin ev kitabxanasında
dördüncü sinfi qurtarana yaxın artıq otuzdan
artıq kitab varmış. Həmin kitabların bəziləri
uşaqlara aid olsa da, çoxu elə böyüklər
üçün olan kitablardı. Hamısını
oxumuş, yaxşıca da mənimsəmişdi.
Və oxuduqları, öyrəndikləri Cəfərdəki
kitab həvəsini daha da artırmışdı.
Cəfər müəllimin sözü idi ki, bir kəlmə
də faydalı olanı öyrəndiyin adama həmişə
minnətdar ol. Özü də unutmurdu. Hərdən nədənsə
söhbət gedəndə sözünə qüvvət
olaraq "Quran"dan ayələr iqtibas edərdi. Söyləyərdi
ki, bunlar hafizəmə 9-10 yaşımdan həkk olunub. Bunu
deyərdi, ardınca da qonşuları olmuş Əhməd
Mirzəyevə rəhmət oxuyardı ki, hər axşam gedərdim
onların evinə, mənə "Quran" oxumağı
öyrədərdi. Özünü ona hələ uşaqkən
ərəb və fars dillərini öyrətmiş
dayısı Hacı Dadaş Kərbəlayı Abbasqulu
oğluna daha çox borclu sayardı. Söylərdi ki, bu iki
adam mənə elə möhkəm bünövrə
bağışladı ki, sonra ömrüm boyu bəhrəsini
daddım.
Həqiqətən də, hələ uşaqlıq
çağlarında, yeniyetməlik illərində çinədanına
yığdıqları, o dövrün görkəmli
Abşeron ziyalılarından görüb-eşitdikləri
onun daimi dayağına çevrildi, ən müxtəlif həyat
məqamlarında karına gəldi, nəticə etibarı ilə
çörək ağacı oldu.
Cəfər 1917-ci ildə Mərdəkandakı ibtidai
məktəbin dördüncü sinfini bitirir. Ardınca gərək
təhsilini davam etdirəydi. Ancaq başlanğıc təhsilini
tamamlamasındam az keçməmiş atası Balaəmi 72
yaşında vəfat edir. Ailə böyük, çörəkgətirən
yox, odur ki, Cəfər təhsil arzusunu bir qırağa qoyaraq
işləməyə başlayır. Əslində bu həm
də anasının istəyi idi. Məcburiyyətdən
edirdilər, başqa çarə yox idi. Ancaq yenə əlahəzrət
təsadüf, bəlkə də elə həyatın zərurəti
gözlənilməyən tərəfdən qapı
açır. Cəfərin böyük bacısı Zeynəbxanım
ərə gedir. Onun əri camaat arasında "Altıbarmaq
Baba"kimi tanınan məşhur adam idi - Azərbaycan
Fövqəladə Komissiyasının, həmin qorxunc
"ÇK"-nın ilk sədri vəzifəsini tutmuş
Baba Əliyev (1877-1937). O, Cəfərin işıqlı bir
yeniyetmə olduğunu, oxumağa meylini görüncə onu
1922-ci ildə Mərdəkandan Bakıya gətirir ki, burada
oxumağını davam etdirsin.
Beləcə, hadisələrin uğurlu
gedişatı Cəfəri şəhərli etmişdi və
gətirib çıxarmışdı Darülmüəlliminə.
Ancaq vur-tut dörd sinfi bitirmişdi, Darülmüəlliminə
qəbul olunmaq üçünsə gərək hələ
iki il də oxuyaydı. Belə uşaqlarçünsə
Darül müəllimində ikiillik hazırlıq sinifləri
vardı ki, orda oxumağı başa vurunca Darülmüəllimində
təhsil almağa başlaya bilərdin. Cəfəri
yoxlayırlar, görürlər ki, yazı-pozusu
yaxşıdır, ədəbiyyatı pis bilmir, üstəlik,
farscası, ərəbcəsi də qənaətbəxşdir.
Ona görə də Cəfəri birbaşa hazırlıq kurslarının
ikinci sinfinə qəbul edirlər.
Sevinirmiş ki, 1 il qabağa düşdüm.
Xəbərsizmiş ki, ona 1 ili hədiyyə edib
qabağa salan taleyin əlindən 21 ilini alaraq geri atması da
olacaq.
Cəfər müəllim xatırlayırdı ki,
bizdə iki sinif vardı, A sinfində mən oxuyurdum, B sinfində
Mikayıl Müşfiq. Baxmayaraq ki, aramızda 3 yaş fərq
vardı, çox isti dostluq münasibətlərimiz
yaranmışdı. İkimiz də poeziyanın aludəsi
olduğumuzdan dərslərdən asudə vaxt yaranınca
bir-birimizə müxtəlif şeirlər oxuyardıq, öz
yazdıqlarımızı aramızda müzakirə edərdik.
Cəfər müəllim Müşfiqin bir
xüsusiyyətini həmişə kövrələrək
yada salırdı ki, yaşca məndən kiçik olsa da,
ağıllı, böyükyana məsləhətlər verə
bilirdi. Həm də çox nəzakətli, həssas idi:
"İstər şeirlərimlə olsun, istər başqa məsələlərlə
əlaqədar mənə nəsə öyrətmək istəyəndə,
nəsə bir tövsiyə edəndə heç vaxt bunu
hamının yanında etməzdi. Çəkərdi bir
qırağa, ayrılıqda deyərdi".
Cəfər Rəmzi ömrünün Darülmüəllimin
illərini həyatın töhfəsi kimi qiymətləndirərdi.
Deyərdi ki, burda bizim hər biri ustadlar ustadı olan müəllimlərimiz
vardı. Şəxsən ünsiyyətdə olduğu, dərs
aldığı və kitablarından öyrəndiyi,
gözünün qarşısında olan böyük alim və
müəllimləri Cəfər Rəmzi özünə də,
Azərbaycana da Allahın lütfü kimi qiymətləndirirdi.
Deyirdi ki, İsmayıl Hikmət Türkiyədən gəlmişdi,
mükəmməl türk ədəbiyyatı tarixi
kitablarını yazmışdı, Bakıda nəşr
edildi, alaraq gözümüzə təpə-təpə
oxuduq, ardınca "Azərbaycan Ədəbiyyatı"
adlı ikicildliyini yazdı, bunu İsmayıl Hikmətin obiri əsərindən
də artıq sevdik.
Və həmişə bir az qüssəylə əlavə
edərdi ki, gör aradan nə qədər vaxt ötüb,
amma İsmayıl Hikmətin o vaxt yazdıqlarından daha
yaxşısını hələ də yaza bilməmişik.
Hərəsi ayrı bir bilik dəryası olan Əziz
Qubaydulini (1887-1937), Bəkir Çobanzadəni (1893-1937) anar,
ah çəkərdi ki, gör əlimizdən kimləri
aldılar. Cəfər müəllimə təhsilini bitirincə
sənəd vermişdilər: "1905-ci ildə təvəllüd
etmiş türk millətindən olan vətəndaş
İsmayılzadə Cəfər 1927-ci ildə Bakı Pedaqoji
Texnikumunu ikmal etmişdir.
Pedaqoji texnikuma məxsus nizamnamənin 1923-cü ilin 5
iyun tarixli 14-cü maddəsinə görə, vətəndaş
İsmayılzadə Cəfər Pedaqoji texnikumu bitirdiyi
üçün birinci dərəcəli və bununla eyni tipdə
olan başqa məktəblərdə müəllimlik
haqqına malikdir. Digər tərəfdən,
müşair-ileyh Pedaqoji texnikumu kamilən bitirdiyindən Xalq
Maarif Komissarlığının 1923-cü il 5 iyunda təsdiq
etdiyi nizamnamənin 16-cı maddəsinə görə, Azərbaycanın
bütün ali məktəblərinə qəbul olunmaq
hüquq və imtiyazına malikdir".
Cəfər müəllim söyləyərdi ki, biz
elə güclü, elə eşqli müəllimlərdən
dərs almışdıq ki, sıravi müəllim ola bilməzdik,
hər birimiz düşünürdük ki, vəzifəmiz
millətə üstün övladlar, layiqli vətəndaşlar
yetişdirməkdir.
Cəfər müəllim Darülmüəllimində
onunla bərabər təhsil almış, sonra ədəbi aləmdə
tanınan dostlarından söz açırdı,
xatırlayırdı ki, sabahın parlayan şairlərindən
olacaq Nigar Rəfibəyli də o vaxt bizimlə oxuyurdu.
Yəni Darülmüəllimində oxuyan gənclərin
əksərinin həm də ədəbi qələmi
vardı və 1930-cu illərin siyasət qasırğaları
həmin qələmlərin də bir çoxunu
sındırdı.
...Cəfər Darülmüəllimini bitirir, göndərirlər
Mərdəkana, 1927-ci ilin sentyabrından 1929-cu ilin
yayınacan öz kəndlərindəki yeddiillik məktəbdə
dil və ədəbiyyat müəllimi işləyir. Ancaq
artıq qəlbində oxumağa-öyrənməyə elə
atəş yaranmışdı ki, təhsilini mütləq
davam etdirmək istəyirdi. Arzusu idi ki, ali təhsil alsın.
Ona görə də sənədlərini təqdim edir, qəbuldan
uğurla keçir və Darülfünunun - Azərbaycanın
ilk və sonrakı uzun vaxt boyunca da tək olmuş
Universitetinin Şərqşünaslıq fakültəsində
təhsilini davam etdirməyə başlayır.
Burada tələbələrə fars və ərəb
dilləri ilə yanaşı, fransızca da öyrədilirmiş.
Cəfər müəllim əvvəldən bildiyi fars və ərəbcəsini
burada daha da təkmilləşdirmiş, fransız dilini də
öyrənmişdi. Cəfər müəllimin o illərdəki
hər müəllimi haqqında xatirələri çoxdu. Məxsusi
həyəcan və ehtiramla xatırladığı müəllimlərdən
biri də əslən təbrizli və İran təbəəsi
olan Mirzə Möhsün İbrahimzadə idi.
Mirzə Möhsün Paris Universitetini bitiribmiş,
Bakıya gəlib çatanacan Avstriya, Almaniya, İsveçrə,
Belçika, Niderland, Fransa, İngiltərə kimi ölkələrdə
tədqiqatlar aparıbmış, fəlsəfə, hüquq
sahəsində də dərin biliklərə sahib olsa da, əsas
ixtisası ədəbiyyat və dilçilik imiş.
Darülfünunda fars dili dərslərini aparırmış,
amma ərəbcəni də, almanca, fransızca, ingiliscəni
də mükəmməl bilirmiş. "Divan-i lüğət
it-türk"ün də bizlərdəki ilk tərcüməçisi
Mirzə Möhsün olmuşdu və onun şairliyi də
varmış. Cəfər müəllim mənə Firdovsinin
1000 illiyi münasibətilə 1934-cü ildə Bakıda
buraxılmış nəfis kitabı hədiyyə etmişdi
və orada Mirzə Möhsünün bədii tərcümə
etdiyi dastan da yer alır. Cəfər müəllim
danışırdı ki, həmin kitabın
çıxmasından illər əvvəl Firdovsidən etdiyi
tərcümələri Mirzə Möhsün onlara fars dili dərslərində
oxuyar, şeir yaza bilənlərə gələcəkdə
fars dilində yaradılmış klassik ədəbiyyatın
bədii tərcüməsi sahəsində
çalışmağı tövsiyə edərmiş.
Cəfər Rəmzinin ovaxtkı tələbə
yoldaşlarının da bir çoxu sonranın məşhurları idi. Cəfərlə yanaşı
orda eyni illərdə Əbdüləzəl Dəmirçizadə
(1909-1979), Cəfər Xəndan (1910-1961), Hüseyn Natiq
(1912-1941) və digərləri dərs alırdılar. Azərbaycanın
çox parlaq bir gəncliyi yetişməkdə idi və
onlara dərs deyənlərin də hərəsi bir zirvə
insan idi - ədəbiyyatda, mədəniyyətdə, elmdə.
Ancaq çox keçməyəcək, 1930-cu illərin siyasət
səmumları o müəllimlərin də, bu gənclərin
də neçəsini heçlik girdabına sovuracaq, kimlərinsə
həyatına müharibə son qoyacaq, bir qismi də Cəfər
kimi həbs və sürgünlərdə ömrün ən
işləməli illərini itirəcək.
Azərbaycanda, ümumən oçağkı Sovet
İttifaqında siyasi repressiyaların ən müdhiş, ən
amansız çağları 1937-1938-ci illərə təsadüf
edəcək. Ancaq bu bəla Cəfər İsmayılzadəni
başqalarından daha erkən, 1935-ci ildə haqlayacaq.
Ancaq hələ Cəfər Rəmzinin həyatına
sonunu gətirən 1935-ci ilin iyun günlərinə xeyli
qalırdı. 1930-cu ildə Bakıdakı ikiillik Müəllimlər
İnstitutu ilə Darül-fünun birləşdirilir və
onların təməlində Azərbaycanın gələcəkdə
aparıcı ali təhsil ocaqlarından birinə dönən
Dövlət Pedaqoji İnstitutu yaranır. Cəfər Rəmzi
1932-ci ildə həmin ali məktəbdən məzun olur və
onu Qazax rayonunda müəllim işləməyə göndərirlər.
Ordakı Pedaqoji texnikumda 2 il çalışır və
artıq ədəbi fəaliyyətlərini də genişləndirməyə
başlayır. Mütəmadi olaraq Qazaxdan ayrı-ayrı qəzetlərə,
jurnallara məqalələrini, şeirlərini göndərir.
İlk qoşquları həmin dövrdə dərc edilsə
də, Cəfər şeir yazmağa hələ 15
yaşından başlamışdı və birinci şairlik
adı da "Sufi" olmuşdu. Bu təxəllüsü əski
ədəbiyyata, klassik şeirə
bağlılığına görə
götürmüşdü. Ancaq özü həyat sevgisi ilə
daşan Cəfər müəllim tərkidünyalıqdan,
inzivaya çəkilməkdən, dünya ləzzətlərinə
biganəlikdən uzaq şəxsiyyət idi. Şeirlərində
də daha çox müasir həyatı tərənnüm
edirdi. Ancaq elə həmin illərdən Cəfərin ürəyinə
bir başqa arzuda düşmüşdü. İstəmişdi
ki, yeni zamanın ilk təzkirəsini düzəltsin.
Başlamışdı ayrı-ayrı Abşeron şairlərinin
şeirlərini toplamağa, onların özlərinin
ömür yolu barədə bilgilər əldə etməyə.
Ayların üstünə aylar gəldikcə bu vərəqlər
artır, qalın-qalın qovluqlara çevrilirdi.
Qazaxda 1932-1933-cü illərdə Pedaqoji texnikumda
işləyəndən sonra Bakıya gəlir, 1933-1935-ci illərdə
buradakı 21 saylı məktəbdə dil-ədəbiyyat dərslərini
aparır.
Ona şirni üçün verilən 10-15 qəpikləri
yığaraq kitablar aldığı vaxtlar keçmişdə
qalmışdı, indi özünün yaxşı məvacibi
vardı, arada dərc edilən yazılarına görə də
qələmhaqqı alırdı və imkanları
çoxaldıqca kitabçün ayırdığı manatlar
da çoxalırdı. Qazaxdan Bakıya gəlib məktəbdə
dərs deməyə başladığı zaman artıq
kitabları bir evə sığmırdı. Özü
söyləyirdi ki, xırda-paralar nəzərə
alınmazsa, seçmə kitablarının miqdarı 5 mini
keçirmiş. Yaşadığı mənzilə
kitabları yerləşmədiyindən İçərişəhərdə
ayrı bir otağı da kirayə götürərək
qalan kitablarını da ora yığıbmış. Ancaq
1935-ci il iyunun 21-i gecəsi saat 2-də həm İstiqlaliyyət
küçəsində yaşadığı mənzilin, həm
də İçərişəhərdə kirayələdiyi
otağın qarşısında maşınlar dayanır.
Orda da, burda da axtarışlar başlanır. Nə qədər
əlyazması, məktubları, topladığı sənədlər,
kitabları varsa, hamısını qamarlayıb aparırlar. Təbii
ki, onlarla birgə Cəfərin özünü də.
Cəfəri ittiham edirdilər ki, antisovet məzmunlu
şeirlər yazıb və qarşısına da əlyazmalar
qoymuşdular. Makinadan çıxmış şeirlər idi,
amma ayrı-ayrı sətirlərin üstündə Cəfər
Rəmzinin xətti ilə edilmiş düzəlişlər,
dəyişmələr vardı. Ekspert rəyi də vardı
ki, bu xətt məhz Cəfər İsmayılzadəninkidir.
Ha and-aman edirsə ki, bu şeirlər mənimki deyil, dostum
Hüseyn Natiqin yazdıqlarıdır, mənə vermişdi əl
gəzdirim, bəzi yerlərini təshih edim, mən də
yalnız onun şeirlərində yüngülvari redaktələr
aparmışam. Kim idi onun dediyinə qulaq asan?!
Tutulmağının əsas səbəbi heç həmin vərəqlər
də deyildi. Bütün bunlar sadəcə bəhanə idi.
Onu "NKVD" zirzəmisinə gətirib çıxaran
bacısının ərinin Baba Əliyev olması idi.
Cəfər Rəmzi özü hətta Sibirlər
görüb qayıdandan sonra da israrla boynuna almasa da, onun
sirdaşlarından olan Əkrəm Cəfər mənə
danışmışdı ki, əslində Cəfər
müəllimin həbsinin səbəbi yazdığı və
cinayət işinin arasında olmayan başqa bir şeir idi. O
şeiri tapmağına tapmışdılar. Ancaq cinayət
işinin arasına ona görə qoymurdular ki, bir həcv idi və
içərisi ən kəskin həcvlərə xas təhqiramiz
ifadələr və yağlı söyüşlərlə
dolu həmin həcv Mircəfər Bağırova həsr
olunmuşdu.
Cəfər Rəmzinin altında imza
qoymadığı o həcv imzasız idi və anonim şeir
qısa müddətdə Bakıda, Abşeronda dodaq-dodaq
dolaşaraq əzbərlənmişdi. Həmin şeirin
yaranmasına səbəb isə Mircəfər
Bağırovun Baba Əliyevin əleyhinə etdikləri idi.
Baba Əliyev köhnə inqilabçılardan idi,
bolşeviklər partiyasına 1905-ci ildən üzv
olmuşdu, 1920-ci ilin iyununda yaradılan ilk Fövqəladə
Komissiyada sədr olaraq qısa müddət - həmin ilin 19
oktyabrına qədər işləsə də, sonralar yenə
yüksək vəzifələr tutmuşdu, Azərbaycan
Dövlət Siyasi İdarəsinin rəisi olmuşdu. Baba
Əliyevi Mərkəzdə də yaxşı tanıyır
və qiymətləndirirdilər, Bağırov ona da potensial
rəqiblərindən biri kimi baxırdı. Peşəkar
keyfiyyətləri və digər göstəriciləri ilə
ondan yuxarıda dayananlarısa həmin şəxsiyyətlərin
hər birindən daha qüvvətli olan hiyləgərliyi və
məkri ilə aradan götürmək Mirqəzəbin
şakəri idi.
Cəfər Rəmzi də bacısının həyat
yoldaşına, ona da yaxşılıqları dəymiş,
təmizliyi də hər kəsə bəlli olan insana
qarşı törədilən qısnamalara, təqiblərə
dözməmişdi, intiqamını neştərli
sözü ilə almağa cəhd etmişdi. Amma bu ürəkboşaltma
da ona çox baha başa gəlmişdi.
Təcridxanadakı bir neçə ay sürən
üzücü dindirmələrdən sonra Cəfər
İsmayılzadənin əksinqilabi təşkilatın
üzvü olduğunu "sübuta yetirmiş", onu
müsavatçı Məmmədəli Əlizadənin cinayət
şəriki kimi 1938-ci il dekabrın 29-dək 3illik müddətə
azadlıqdan məhrum etmiş, sürgünə göndərmişdilər.
Həmin hadisələrdən yarım əsr keçəndə,
artıq 1980-ci illərdə Cəfər müəllim mənimlə
söhbətlərində itkilərindən bəhs edərkən
qüssə ilə ən əvvəl bunu söyləyirdi ki,
onu daha çox yandıran qovluqları olub.
"Yadıma saldıqca məni həmişə
dilxor edən həmin qovluqları bir cildçiyə məxsusi
olaraq düzəltdirmişdim, hərəsinə 300-400 vərəq
rahatca sığışırdı. O qovluqlara Abşeron
şairləri haqqında məlumatları, onların
köçürdüyüm şeirlərini, bəzilərinsə
mənə verdiyi əlyazmalarını, toplaya bildiyim qədər
fotoşəkillərini
toplamışdım. Hamısı getdi".
Üstündən yarım əsr keçəndən
sonra Cəfər Rəmziyə həyatının ən vacib əsərlərindən
birini - ədəbi simalar və onlardan gətirilən örnəklərlə
Abşeronun şeir mühitinin bir neçə əsrə
sığan mənzərəsini nişan verən "Deyilən
söz yadigardır" adlı kitabını buraxmaq müyəssər
olacaq. O kitabda Abşeronda XIII yüzildən üzü XX əsrə
qədərki ayrı-ayrı sanballı şairlər
haqqında bilgilər yer almış, onların ən
yaxşı şeirlərindən seçmələr
sıralanmışdı. Ancaq Cəfər müəllim nəşrini
illərcə həsrətlə gözlədiyi,
çıxmasına da həddən ziyadə sevindiyi bu
kitabdan təəssüfsüz danışa bilmirdi. Söyləyirdi
ki, bu kitab indikindən qat-qat qalın, dəfələrlə
zəngin ola bilərdi: "1920-ci illərin axırlarında,
1930-cu illərin birinci yarısında elə Abşeron
şairlərinin şeirlərini yığmışdım,
elələrindən bütöv "Divan"larını
götürmüşdüm, elələri ilə ətraflı
söhbətlərimi sözbəsöz yazıya
almışdım ki, 1950-ci illərdə artıq onların
çoxunun izi-tozu qalmamışdı. Neçəsini həbs
edib güllələmişdilər, tutulanda əlyazmalarının
da axırına çıxmışdılar,
hansılarınınsa oğul-uşağı onlardan sonra
qalan əlyazmalarının qədrini bilməmişdi, itə-bata
salmışdı. Elə bir sərvət əldən getdi
ki, daha onu geriyə qaytarmaq, nə illah elədimsə,
mümkün olmadı".
Cəfər Rəmzi İsmayılzadənin Xüsusi
Xidmətlərimizin arxivində qorunan iki cinayət işi ilə
illər öncə tanış olarkən
maraqlanmışdım ki, bəlkə ilk həbsi zamanı
evindən aparılmış qovluqlarla bağlı bir izə
düşəm. Xəfif də olsa ümidim vardı ki, bəlkə
nələrsə salamat qalıb - ümidlərim
doğrulmamışdı.
1950-ci illərin sonlarında, həbslərdən, sürgünlərdən
sonra vətənə qayıdıb yenidən ədəbi fəaliyyətə
başlayarkən Cəfər İsmayılzadənin
Abşeron kəndlərini qapı-qapı gəzərək
bir vaxt ixtiyarında olmuş şeirləri yenidən axtararkən
xəyal qırıqlığı ilə
qarşılaşması yalnız ona görə deyildi ki, əli
boşa çıxırdı. İş ondadır ki, bir
çox şair tərcümeyi-hallarını bərpa etməkçün
ona kömək göstərə, dünəndə
qalmış hansısa hadisələri dəqiqləşdirməkçün
şahidlik edə biləcək qocaların da çoxu
ötmüş çətin, iztirabları və
sıxıntıları bol olan illərdə həyatdan
getmişdi.
...1935-ci ildə Azərbaycanda yay girəndə həbsə
alınan Cəfər İsmayılzadə ona kəsilən cəza
müddətini çəkməkçün qışı
təxminən bitməyən Komi Respublikasına yola
salınmışdı. Ora çatcağın olmazın
müsibətlərlə üzləşmiş, adət etmədiyi
qılınc kimi kəsən şaxtadan, aclıqdan,
ağır əməkdən üzülərək xəstəliyə
düçar olmuşdu. Söyləyirdi ki, mən bir müsəlman
ailəsindən çıxmışdım, dilimizə
heç vaxt haram dəyməmişdi, kasıb yaşasaq da,
bir parça çörəyimiz həmişə olmuşdu.
Ordasa çörək üzünə həsrət
qalmışdıq, donuz əti verirdilər, dilimə vura
bilmirdim. Elə oralara təzə düşdüyüm
aylardaca tutulduğum xəstəlikdən gedə bilərdim.
Ancaq Allah üzümə baxdı, bir xeyirxah insan orda məni
ağır mədə xəstəliyindən türkəçarə
yoluyla müalicə edib sağaltdı.
Həyatdan ulu hansı müəllim ola bilər?!
Yaşanmış yaşanılmazlar Cəfər Rəmziyə
ən nicatsız görünüən şəraitdə də
sağ qala bilmək dərslərini vermişdi və həmin
macəralı günlərdən onillər keçirkən, əzablı
Sibir sınaqlarını vaxtın o tayında qoymuş Cəfər
İsmayılzadənin bədəni elə möhkəmlənmişdi
ki, nəinki hansısa ciddi xəstəliklər, heç
zökəm-filan da ona yaxın durmurdu.
İlk dustaqlığı və sürgünü 3
il çəkmişdi. 1935-ci ilin 21 iyununda tutulanda bir də
1938-ci ilin 26 dekabrında buraxılmışdı.
Azadlığa çıxıb evinə-eşiyinə
qayıdanda ona verilən sənədlərin arasındakı
kağızlardan birində xüsusi qrafada 39 rəqəmi də
yazılmışdı. 39 rəqəmi o demək deyildi ki,
1938-ci il bitir, qarşıdan 1939-cu il gəlir. "39"un mənası
ondan ibarət idi ki, məhbəsdən azad olunan bu şəxs
vətəninə qayıtdıqdan sonra əvvəlki yerində
- mərkəzdə yaşaya bilməz, öz vətənində
də onu mütləq hansısa ucqara göndərmək
lazımdır.
Yəni sözdə guya azad edilmişdisə də, əslində
sürgün davam edirdi. Paytaxtda qalmaq ona yasaq edilmişdi və
artıq onun vətənin içərisində, Azərbaycanın
özündə sürgünü başlayırdı. Cəfər
İsmayılzadə Bakıya çatınca onu Qubaya istiqamətləndirirlər.
"39" burda da işləyirdi - sovetin nəzərində
etibarı olmayan şəxs rayonun mərkəzində
qalmamalı, Qubanın içərisində də daha ucqara
göndərilməli idi.
Sənədlərinə baxırlar, onu ali pedaqoji təhsili
olduğuna görə əvvəlcə Xınaçı kənd
məktəbinə dil-ədəbiyyat müəllimi
yollayırlar. Ancaq Xınaçı Qubaya nisbətən
yaxın olan kəndlərdən idi, bunu da keçmiş məhbusa
rəva görmürlər. Az sonra onu daha ucqar bir kəndə
- Möhücə, ordakı məktəbə müəllim
köçürürlər.
Öz aləmlərində guya bununla da Cəfərə
əlavə cəza vermiş olurdular. Lakin gedib Komidəki dəhşətləri
görəndən sonra vətəndəki ən şəraitsiz
yerdə Cəfər üçün elə cənnətə
bərabərdi.
26 oktyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 1 noyabr(№200).- S.16-17.