Niyə məktub yazırıq?
Esse
Yazının kəşfi sadəcə inqilab deyildi,
o, sadəcə sosial düşəncələr tarixini dəyişmədi,
həm də ünsiyyətin yeni şəkillərini meydana
çıxartdı. Yazının tarixi və ədəbi
irsi olduğu kimi, məişət müstəvisində də
faydalarını kəşf etdilər. Bu
üçünün birləşdiyi bir sistem var idi - məktub.
Ünsiyyətin ən qədim və bəlkə də
ən davamlı formalarından biri olan məktub təkcə
informasiya daşıyıcısı olmayıb, həm də
mədəniyyətin, idarəetmənin, təhsilin və bədii
yaradıcılığın əhəmiyyətli vasitəsinə
çevrilmişdir. Tarix boyunca məktublar müxtəlif
formalarda - səslə oxunan mətnlərdən yazılı
bəyannamələrə, şəxsi müraciətlərdən
ictimai debatlara qədər - ictimai həyatın ayrılmaz
hissəsi olmuşdur. Bizans dövründə ictimai məktub
oxunuşlarının həyata keçirildiyi teatronlar, orta
çağlardakı epistolyar ədəbiyyat, yeni dövrdəki
açıq məktublar və məktubun ədəbi
funksiyası məktub janrının bizi maraqlandıran
qismidir. Məktubun yalnız şəxsi deyil, həm də
ictimai və ideoloji bir vasitəyə çevrilmə tarixi izlənərək
onun ədəbiyyatdakı missiyası müəyyən edilir.
Bizans imperiyası dövründə məktublar
yalnız şəxsi və diplomatik ünsiyyət vasitəsi
deyil, eyni zamanda ictimai informasiya paylaşımının mərkəzi
vasitəsi idi. Xüsusilə teatron adlanan məkanlarda
mühüm məktublar ritorlar tərəfindən yüksək
səslə oxunur, bu oxunuşlar isə həm tədris, həm
mədəni təqdimat, həm də siyasi legitimlik
funksiyasını yerinə yetirirdi.
"Teatron" anlayışı qədim yunan dilində
"tamaşa yeri" mənasını versə də, Bizans
dövründə bu məkanlar yalnız teatr tamaşaları
üçün deyil, həm də rəsmi məktubların
və ictimai çıxışların oxunduğu
platformalara çevrilmişdi. Bu, məktubun sadə informativ
formadan çıxaraq ictimai performansa çevrildiyi
mühüm bir mərhələ idi. Məktub burada həm rəsmilik,
həm də ədəbi forma baxımından ictimai fikrin
formalaşdırılmasında əhəmiyyətli rol
oynayırdı.
Orta əsrlərdə məktublaşma geniş
miqyasda yayılmış və xüsusilə xristian
dünyasında monastır məktubları, rəhbərlik
yazışmaları və əxlaqi-nəsihətedici məktublar
vasitəsilə mədəniyyətin əsas
daşıyıcılarından birinə çevrilmişdi.
Latın, yunan və ərəb dünyasında məktub
yazmaq bir intellektual fəaliyyət hesab olunurdu. Məktub burada
həm şəxsi düşüncənin yazılı
izahı, həm də dini və fəlsəfi fikrin
yayılması vasitəsidir.
Məsələn, VIII-XI əsrlər arası Bizans
patriarxı Fotios, filosof Psellos və monastır rəhbəri
Teodor Studit kimi şəxslərin məktubları yalnız
şəxsi fikirlər deyil, həm də dövrün mədəni,
siyasi və dini hadisələrinin şərhi kimi qiymətləndirilə
bilər. Bu məktublarda ritorik forma və klassik üslub
qorunur, müəllif özünü həm müəllim, həm
təbliğatçı, həm də ədəbiyyatçı
kimi təqdim edir.
Eyni zamanda bu dövrdə məktub tərcümeyi-hal
xarakteri daşıyırdı. Xüsusilə dini məktublar
vasitəsilə insanlar bir-birilərinə həyatlarını,
əqidələrini və mənəvi təcrübələrini
çatdırırdılar. Beləliklə, məktub həm
şəxsi dinamikaların, həm də ictimai dəyərlərin
ifadə vasitəsinə çevrilmişdi.
XVIII əsrdən başlayaraq Avropada maarifçilik
dövrünün təsiri ilə məktub forması ictimai və
siyasi diskursun aktiv komponentinə çevrildi. Açıq məktublar,
yəni konkret bir şəxsə ünvanlansa da, ictimaiyyətə
müraciət edən məktublar formalaşmağa
başladı. Bu məktublar qəzetlərdə,
broşürlərdə və sonralar jurnallarda çap
olunmaqla, şəxsi düşüncənin ictimai fikirə
çevrilməsinin ən effektiv vasitələrindən biri
oldu.
Fransa və İngiltərədə açıq məktublar
vasitəsilə hökumət tənqid edilir, əxlaqi dəyərlər
müzakirə olunur, siyasi təkliflər irəli
sürülürdü. Volterin, Russonun və sonra Lenin kimi
siyasi liderlərin açıq məktubları artıq məktubu
bədii-ictimai silaha çevirmişdi. Məktub burada artıq
təkcə kommunikasiya vasitəsi deyil, həm də protest,
çağırış və təşviqat platforması
idi.
Məktub janrı ədəbiyyatda həm formal, həm
də tematik baxımdan özünəməxsus yerə
sahibdir. Epistolyar romanlar - məsələn, Samuel
Riçardsonun "Pamela" və ya Hötenin "Gənc
Verterin iztirabları" - məktub formasında
yazılmış bədii əsərlərdir. Bu əsərlərdə
məktub vasitəsilə həm qəhrəmanın daxili
dünyası açıqlanır, həm də cəmiyyətlə
münasibəti üzə çıxır.
Məktub burada nəqliyyat forması deyil, psixoloji və
estetik struktur kimi işləyir. Bədii məktublar vasitəsilə
yazıçı həm xarakterin inkişafını göstərir,
həm də ictimai təbəqələri, mədəniyyət
tənqidini və fərdi faciəni təqdim edir. Məktub
yazmaq, eyni zamanda yazıçının öz oxucusu ilə
ünsiyyət formasıdır - məktub vasitəsilə
oxucu ilə müəllif arasında sanki birbaşa dialoq
qurulur.
Müasir dövrdə məktub forması yerini
mesajlara, e-poçtlara və sosial media paylaşımlarına
versə də, məktubun ədəbi funksiyası davam edir.
Zamanla bu forma daha da interaktiv, daha vizual, daha emosional hala gəlsə
də, onun əsas missiyası - şəxsi düşüncənin
paylaşılması və başqasının həyatına
daxil olmaq arzusu - dəyişməz olaraq qalır.
Məktublaşma mədəniyyəti tarix boyu insan təfəkkürünün
və cəmiyyətin təkamülünü əks etdirən
ən zəngin vasitələrdən biri olmuşdur. Bizans
teatronlarında ritorik məktubların səsləndirilməsindən
tutmuş Orta əsrlərin mənəvi
yazışmalarına, açıq məktubların siyasi
meydanlara çevrilməsindən bədii məktubların ədəbi
janra çevrilməsinə qədər məktub forması həm
mədəniyyət daşıyıcısı, həm fikir
meydanı, həm də sənət forması kimi xidmət
etmişdir.
Bu gün texnologiyanın dəyişdirdiyi ünsiyyət
formalarında belə məktubun ruhu - yəni insanın insana
söz vasitəsilə çatmaq arzusu - yaşamağa davam
edir. Ədəbiyyat isə bu forma vasitəsilə həm
keçmişin izlərini qoruyur, həm də gələcək
ünsiyyət modellərinə ilham verir.
Rəvan CAVİD
525-ci qəzet .- 2025.- 1 noyabr(№200).- S.15.