Şəhadətə
ucaldan bir günlük döyüş yolu
VƏTƏN MÜHARİBƏSİ
ŞƏHİDİ CƏBRAYIL DÖVLƏTZADƏNİN
ANASI MƏLEYKƏ XANIM MƏMMƏDZADƏ:
"ÖZÜNDƏN SONRA QOYUB GETDİYİ ADDAN ÇOX
MƏNİM ONUN VARLIĞINA EHTİYACIM VAR"
Bir atalar məsəli var: "Dərd xalvarla gələr,
misqalla çıxar". O zaman cavabsız suallar içində
o qədər itib-batmışdıq ki, dərdin necə gəldiyini,
niyə gəlib bizi tapdığına inana bilmirdik. Bilmirdik
ki, başımıza açılan oyun xalvarla gələn dərdin
hələ başlanğıcıdır. Bilmirdik ki, uzun illər
SSRİ kimi hegemon bir ittifaqın tərkibində üç
qardaş deyilərək Zaqafqaziya adı ilə tanınan,
"çörəyi, ürəyi, diləyi bir olan" illərin
"dostu"nun qəlbindəki çiban yarası zaman-zaman
deşilsə də, kinini, nifrətini,
yırtıcılığını, iyrənc xislətini, həsədini,
xəbisliyini sona qədər qusa bilməyib. Amma cidanı nə
qədər çuvalda gizlətmək olar ki... 88-ci ilin fevral
ayının sonuna yaxın yayılan bir xəbərlə
tarixin keçmiş izləri yenidən görünməyə
başlandı - Əsgəranda iki azərbaycanlı gənc
ermənilər tərəfindən qətlə
yetirilmişdi... Və bu hadisə xalvarla gələcək dərdimizin
acı həqiqəti oldu. Olanlar bitmədi, olacaqlar bir zəncirin
halqaları kimi ard-arda düzüldü. Ağıla gəlməzləri
yaşamağa və buna dözməli oldu insanlar. Dözə-dözə
inamlar azalmağa, ümidlər itməyə başladı...
Sonunda isə fələk saydığını saydı,
daşlar, qayalar lərzəyə gəldi və 44 günə
hər kəs yerini bildi... Bir həftədən sonra
şanlı Zəfərimizin beş ili tamam olur.
İlin-günün istənilən vaxtında şəhidlərimizin
xatirəsi anılır, çünki onları unutmağa
haqqımız yoxdur. İlin ağrı-acılı və
xoş müjdəli oktyabr ayı ərzində biz də
şənbə müsahibələrimizi şəhid ailələrinə
həsr etdik. Onlarla hər görüşdən sonra
düşünürdüm ki, vaxtilə bir-birini tanımayan
bu anaların necə də bir-birinə bənzər taleləri
varmış. Və bu bənzərlik tək şəhid
anası adı daşımaqlarında deyildi... Onun
döyüş yolu cəmi bircə gün oldu... Amma bircə
gün yetdi ki, söz verdiyi intiqamı alsın. Bircə
gün yetdi ki, adı bu torpağın nəfəsinə
qarışıb əbədi yaşasın.
Müsahibimiz "Azərbaycan bayrağı"
ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin
azad olunmasına görə" medalları ilə təltif
olunmuş Cəbrayıl Dövlətzadənin anası Məleykə
xanım Məmmədzadədir.
- Cəbrayıl təqvimdə faciə kimi
xatırlanan bir gündə dünyaya gəlib. Yəqin ki, siz
də fərqinə varmısınız...
- 11 sentyabr 2001-ci il... Sərnişin təyyarəsinin
Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin bir qülləsinə
çırpıldığı gün. Mən İslama dərin
ehtiram, əqidə, inam olan bir ailədə
böyümüşəm və baş verənlərdə həmişə
Allahın hikmətini görməyə
çalışmışam. Mənim üçün həmin
günün hikməti o oldu ki, Cəbrayıl günorta
azanı vaxtı gəldi dünyaya. Özüm ixtisasca
hüquqşünas olsam da, həssaslığım və inancım
böyükdür. Cəbrayıl ailədə ikinci, lakin ilk
oğul övladım idi. Adətən deyirlər ki, analar
oğlan övladına daha bağlı olurlar. Amma məndə
olan təkcə bağlılıq deyildi. Cəbrayıl həm
də taleyimdə atamın mənə verdiyi bir sözün
xilaskarı oldu.
- Bir ana üçün övladını xatirələrlə
anmaq ağır da olsa, əksəriyyətə tanış
olmayan qısa bir ömür yoluna boylanaq...
- Kökümüz Zəngilana bağlı olsa da,
gözümüzü Sumqayıtda açmışıq. Mənim
də, bacı-qardaşlarımın da, övladlarımın
da üzərində "Sumqayıt uşaqları" deyə
bir ad var. Bilmirəm bu şəhərin havasındanmı, ya
suyundandırmı, Sumqayıt uşaqlarını həmişə
mərd, cəsur, heç nədən çəkinməyən
kimi görüb tanımışam. Cəbrayıl da belə
bir mühitdə böyüdü. Onun xarakterini üç
yaşından görməyə başladım. O yaşda
uşaq nə anlayıb dərk edər ki? Amma Cəbrayıl
o yaşından yalnız şalvar geyindi, başqa uşaq
paltarı geyimini yaxına buraxmadı. Artıq anlamağa
başladım ki, fərqli bir xarakter sahibidir övladım. Cəbrayılın
doqquz yaşı olanda həyat yoldaşımla
yollarımız ayrıldı, o zaman kiçik oğlumun iki
yaşı vardı. Əlimdə üç uşaqla işləməli,
onları böyütməli idim. Elə o vaxtdan Cəbrayıl
qardaşına atalıq etməyə başladı.
Qızım Məryəmlə ikisi demək olar ki, balacanı
böyüdüb. Heç vaxt istəməzdi ki, mən nəyinsə
fikrini çəkim. Kiçik yaşından o kişilk məktəbininin
yolunu tanıdı.
- Cəbrayılın maraq dairəsi geniş olub -
idman, rəsm, musiqi, rep... Və eyni zamanda dinə meyilli...
- Cəbrayıl gözünü açandan ailədə
hamını ibadət əhli kimi görüb - oruc tutub, namaz
qılan, İslami ayinlərə riayət edən. Evdə
dini filmlərə daha çox baxıldığından, o da
uşaq marağı ilə bizimlə bərabər izləyərdi
və beləcə, altı yaşından namaza gəldi. Bu, Cəbrayılın
öz ürəyinin istəyi idi və mən də ona
qarşı çıxmadım. Amma uşağımın
inkişafı, dünyagörüşünün
artmasında da maraqlı idim və beş yaşında onu
cüdoya qoydum. Böyük həvəslə doqquz il cüdo
ilə məşğul oldu, daha iki il boksa, bir il isə
qaydasız döyüşə getdi. Lakin sonuncuya
razılığım olmadığı üçün
oradan uzaqlaşdı. O ki qaldı bayaq
sadaladıqlarınıza, onlar Cəbrayılın
könüllü məşğuliyyətləri idi. Qəşəng
şəkillər çəkirdi, plastilindən
qardaşı üçün müxtəlif fiqurlar, heykəllər
düzəldirdi. Kaş ki o zaman onlardan qoruyub
saxladıqlarım olardı. Özü də Cəbrayıl
solaxay idi. Yazmağı, şəkil çəkməyi sol əlilə
idi.
- Bütün bunlara rəğmən, heç birinin
ardınca getmədi...
- Cəbrayılın böyük ürəyi
vardı, eyni zamanda da düşüncəli oğul idi. O
görürdü ki, nə çətinliklə, əziyyətlə
onları böyüdürəm və hər şeyə rəğmən,
övladlarımın bütün ehtiyaclarını
qarşılayıram. Elə bir dönəm oldu ki,
ayağımdan xəsarət aldığımdan yarım ildən
yuxarı yataqdan qalxa bilmədim. Həmin vaxtlarda dərslərinə
kifayət qədər diqqət ayıra bilmədi,
çünki işləyirdi. Lakin məktəbi bitirəndən
sonra ona dedim ki, bir il hazırlaşsın, təhsil alsın.
Cəbrayıl isə hərbi xidmətə getmək istədiyini
bildirdi. Onu yola gətirməyə çalışsam da,
razı olmadı. Dedi ki, əsgərliyimi çəkim, sonra
təhsil alaram. Razılaşmaqdan başqa çarəm
qalmadı. 2019-cu ilin oktyabr ayının əvvəlində
onu hərbi xidmətə yola saldım. Cəlilabaddakı
"N" saylı hərbi hissəyə
düşmüşdü. Cəbrayıl hündür,
cüssəli, irisümüklü idi, pəncə kimi iri əlləri
vardı, illərlə idmanla məşğul olmağı
öz işini görmüşdü və onu Xüsusi Təyinatlı
Qüvvələrə seçmişdilər. Öz istəyilə
kəşfiyyata düşmüşdü. Çox
dözümlü, sözü deməyin yerini bilən, mərd
oğul idi. Uşaqlığından bəri bir dəfə də
görmədim ki, həyətdə oynayanda gəlib mənə
kimdənsə şikayət etsin. Məktəb vaxtı
görəndəki əl-qolunda, ya üzündə bir zədə
var, ancaq bir cavab eşidərdim
- kişinin başına iş gələr. Lazım
olandan artıq söz deməyi heç sevməzdi.
Gözü qardaşının üstündə olardı və
həmişə ona tövsiyə edərdi ki, oxusun.
İnanın səmiyyətimə, oğlumdur deyə onu tərifləmək
kimi anlaşılmasın. Onu tanıyanların hansı birindən
soruşsanız, Cəbrayılın necə bir övlad,
qardaş, dost, yoldaş olduğunu hamı çəkinmədən
söyləyər. Onunla birlikdə itirdiklərim çox
oldu.
- Danışdıqlarınızdan belə qənaətə
gəlmək olar ki, Cəbrayıl laqeyd adam olmayıb. Yəni
belə bir adam Vətənə sevgisini ilk olaraq ona borcunu
ödəməkdə görüb...
- Cəbrayıl canlı olan nə vardısa,
hamısına qarşı həssas idi. Atam Türkiyədə
yaşadığından bir müddət orada qalıb işləməli
olmuşdum. Bir gün gördü ki, pişiyin balası
eyvanın aşağı hissəsinə düşüb.
Belinə kəndir bağladı, o biri ucunu da mənə
eyvanın dəmir hissəsinə bağlatdırdı.
Üzümdəki qorxunu görüb dedi ki, qorxma, Allah məni
qoruyar. Aşağı əyilib o körpə balanı oradan
götürdü. Məktəb illərindən artıq
ölkənin Qarabağ adlı problemini bilirdi və Xocalı
faciəsi onu çox təsirləndirmişdi, xüsusən
uşaqlara qarşı olan amansızlıqlar. Söz
düşəndə həmişə deyərdi ki, onların
intiqamı mütləq alınacaq. Bəlkə də hərbi
xidmətdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə
xidmətini davam etdirmək istəyinin arxasında da elə
özündə saxladığı çox mətləblər
vardı.
- Əsgər anaları günlərin bitməyini səbirsizliklə
gözləyir...
- Cəbrayılın hərbi xidmətinin bir ili ərzində
onu dörd dəfə görə bildim. 2019-cu ildə
andiçmədə və Yeni ildə, 2000-ci ildə Novruz
bayramında və bir də avqustun 28-də. Sonuncu
görüşümüz heç demə vida
görüşü imiş. Onun xidməti pandemiya vaxtına
düşdüyündən məzuniyyətə də gələ
bilmədi. Cəbrayıla nə qədər bağlı
olduğumu sözlə ifadə etmək çətindir.
Beş ildir yoxluğuna inana bilmirəm, Cəbrayılı hələ
də gözüm axtarır. Allahdan bir oğlan nəvəsi
istəyirəm ki, həm onun adını, həm
yarımçıq qalan arzularımı o uşaqda yaşada
bilim. Çətinlik və sıxıntı içində
yaşadığımdan mən uşaqlarıma doğum
günü keçirə bilməmişəm. Əhd etmişdim
ki, Cəbrayıl hərbi xidmətdən qayıtdıqdan
sonra onun iyirmi illiyini keçirim. Sonuncu görüşə
gedəndə ürəyi nə istədisə, apardım.
Ən çox paytaxt salatını və yarpaq
dolmasını sevərdi. Hazırlayıb apardım və
öz əllərimlə onu yedizdirdim. Hər dəfə
hazırlığımı elə görərdim ki,
oradakı uşaqların hamısına pay çatsın.
Heç vaxt məni kədərləndirə biləcək
bir hərəkətini görmədim. Bacısını,
qardaşını yeri düşəndə danlayanda, mənə
deyərdilər ki, niyə bir dəfə də olsun Cəbrayılı
danlamırsan? Deyrdim ki, səbəb olsun ki, onu da danlayım. O
qədər saf baxışları vardı ki, gözlərinin
parıltısı aydın görünürdü. O
parıltı özü ilə birlikdə
çırağımı da söndürdü. Sentyabrın
on biri doğum günündə onunla görüntülü
danışıb təbrik etdim. Sonuncu dəfə isə
sentyabrın on doqquzu mənə şəkillərini göndərdi
və yazdı ki, onları hələ paylaşmayım. Zəng
vurmaq istədim, dedi ki, axşam özüm zəng vuraram. Nə
qədər gözləsəm də, Cəbrayıldan zəng
gəlmədi. Sonra öyrəndim ki, təlimdədirlər.
Ayın iyirmi biri bacımın övladı dünyaya gəldi.
Cəbrayıl o xalasını çox sevirdi. Xəbəri
ona çatdırmaq istədim, amma alınmadı. Bir həftədən
sonra isə Cəbrayıl artıq yox idi.
- Sonuncu görüşünüzdən bir ay sonra
müharibə xəbəri yayıldı...
- Cəbrayıl hərbi xidmətə gedəndən
içimdə bir narahatlıq vardı. Allahdan ancaq onu istəyirdim
ki, övladımı sağ-salamat yanıma qaytarsın. Təlimlərdə
olduqlarından tez-tez telefonla əlaqə saxlaya bilmirdim. Deyirdi
ki, sən zəng vurma, imkan olan kimi özüm zəng edəcəyəm.
Mən isə içimin narahatlığını onun səsini
eşidəndən sonra bir qədər boğa bilirdim.
Tovuz hadisələrindən sonra Cəbrayılda bir məyusluq
yaranmışdı və özünə gələ bilmirdi.
Onunla telefon danışıqlarımızı indiyədək
saxlamışam. Dedi ki, ana, xəbərin var da Tovuz
döyüşlərində generalımız şəhid
olub. Polad Həşimov elə bir general idi ki, əsgəri yemədən
özü çörək yeməzdi. Elə bir insanın,
üstəlik, generalın qanı yerdə qala bilməz. Ona təsəlli
verməyə nə qədər çalışsam da,
içindən bixəbər idim. Sonra bilmişəm ki, Polad
Həşimovun qisasını alacağına söz verib.
Müharibə xəbərini eşidəndə hiss etdim ki,
içimdə nə isə qırıldı.
- Cəbrayılın döyüş yolu bir gün
çəkdi...
- Həmin vaxtlar pandemiya dövrü idi, gediş-gəlişdə
məhdudiyyət vardı deyə, elə işdə
qalırdıq. Ayın iyirmi səkkizində hiss etdim ki,
halım çox qarışıqdı, içim uçunur.
İş yoldaşıma dedim ki, oğlum Murovdadır,
çox narahatam. Məni sakitləşdirməyə
çalışaraq dedi ki, narahat olma, onun yaşı
azdır, ön cəbhəyə aparmazlar. Amma içimdə
bir təlatüm vardı. Axşam saat yeddiyə qalmış
telefonuma zəng gəldi, amma səs kəsildi. Bu, mənim təlaşımı
daha da artırdı. Üç saatdan sonra yenə zəng gəldi.
Cəbrayılın anası olduğumu soruşdular. Cavab
verdim ki, bəli və qışqıraraq soruşdum ki,
oğluma nə olub? Zəng çalan dedi ki, xanım,
yanınızda kimsə var? Bunu eşidən kimi ayaqyalın
aşağı yüyürdüm və telefonu iş
yoldaşıma verib dedim ki, nəsə olub, amma mənə
demirlər. Məlum oldu ki, müharibənin ilk günü
axşam Cəbrayıl yaralanıb, səhər onu xəstəxanaya
çatdıranda yolda şəhid olub. Güllənin biri
qoluna, o biri ayağının şah damarına dəymişdi.
Cəbrayıl müharibəyə könüllü olaraq
gedib. Murovdağda Kəlbəcər istiqamətində
düşmənin mövqelərini və xüsusi postları
ələ keçirmək üçün hazırlanan əməliyyata
on bir zabit göndəriləndə Cəbrayıl da onlarla
birlikdə olub. Sonra bildim ki, Cəbrayıl düşmən
postunda on erməni zabitilə üz-üzə qalıb.
Aralarında polkovnik də olub, general da. Polkovnikin ürəyinə
bıçaq vuraraq öldürüb, generalı isə əlbəyaxa
döyüşdə boğub.
- Söz verdiyi intiqamı ala bilib...
- Cəbrayılın şəhadətindən on iki
gün sonra onu yuxuda gördüm. Baş verənləri
olduğu kimi mənə danışdı və zəncirə
vurulmuş körpələri göstərərək dedi ki,
ana, generalımızla bərabər, Xocalıdan olan bu
uşaqların da qisasını aldım. Mənimlə fəxr
edə bilərsən. Düşmənin üstünə gedəndə
döyüş yoldaşlarına deyib ki, siz ailəlisiniz,
uşaqlarınız var, gəlməyin, mən tək
onların öhdəsindən gələrəm. Elə dediyi
kimi də edib. Düşmənin işini bitirəndən
sonra geri dönərkən Cəbrayılı minomyotla
gülləyə tutublar. Yaralı olduğundan istifadə edərək
düşmən onu əsir götürməyə cəhd
göstərsə də, dostları Cəbrayılı ərazidən
çıxarıblar.
- Amma bir günlük döyüş yolu ilə Cəbrayıl
bir dastan yazdı...
- Arzuları isə yarımçıq qaldı.
İki böyük arzusu vardı Cəbrayılın.
Birincisi, çox istəyirdi ki, motosikleti olsun. Söz
vermişdim ki, əsgərlikdən gələn kimi ona
seçdiyi motosikleti alacağam. Biz bir müddət kirayədə
yaşamalı olduq və hər dəfə Xırdalanda onun
xoşuna gələn binanın yanından keçəndə
deyirdi ki, ana, bu evin on birinci mərtəbəsində sənə
ev alacağam. Doğum günü olduğundan on bir rəqəmini
çox sevirdi. Onun da, özümün də telefon nömrələrinin
sonu on bir idi. Mən güvənc yerimi, dayağımı
itirmişəm. Mənə onun özündən sonra qoyub
getdiyi addan çox Cəbrayılın varlığına
ehtiyacım var. Heç kəs düşünməsin ki,
üsyan edirəm. Buna haqqım yoxdur, çünki yanımda
iki övladım var. Cəbrayıldan sonra ağır xəstəlik
keçirdim, lakin Tanrı mənə qıymadı.
Anladım ki, övladlarım üçün yaşamağa
borcluyam. Və bir də Cəbrayılın adını
yaşatmaq kimi bir öhdəliyim var.
- Deyirlər ki, şəhidlər demək istədiklərini
yuxularda bəyan edirlər...
- İnanın ki, elədir... Bayaq qeyd elədim ki,
şəhid olandan on iki gün sonra Cəbrayıl olanları
mənə necə danışmışdısa,
döyüş yoldaşlarından, komandirindən də eynilə
onu eşitdim. Müşahidə etmişəm ki, Cəbrayıl
baş verəcək narahatlıqlardan əvvəl məni xəbərdar
edir. Kiçik yaşlarından Cəbrayılda bir xüsusiyyət
vardı. Yanımda yatanda başını qolumun üstünə
qoyub yuxuya gedərdi. İndi adətən yuxumda onu elə
görürəm, gəlir, başını qoyub yatır.
Ayılanda isə qolumda həmişə ağrı hiss edirəm,
çünki bilirəm ki, Cəbrayıl gəlmişdi,
yuxusunu alıb sonra gedir. Əminliklə deyirəm ki, həqiqətən
şəhidlər ölmür.
- Yəqin ki, Cəbrayılın şəhid
olduğu yeri ziyarət etmisiniz...
- Ola bilsin ki, təəccüblü gələcək
sizə, amma mən hələ o yerə getməmişəm.
Mən övladlarıma görə buna hazırlıqlı
deyiləm. Cəbrayıldan sonra iki dəfə insult
keçirmişəm və o yerə gedib qayıdandan sonra nələr
yaşayacağımı bilmirəm. Övladlarımın hər
ikisi tələbədir, Türkiyədə təsil
alırlar. Məryəm İstanbulda Beykoz Universitetində
oxuyur. Sahib isə bu il İzmirin Ege Universitetinin stomatologiya
fakültəsinə qəbul olub. Əziyyətlə
böyütdüyüm övladlarımın gələcəyi
naminə özümü qorumağa məcburam. Müharibədən
bir il sonra Müdafiə Nazirliyi və Şuşa şəhəri
Dövlət Qoruğu İdarəsinin təşəbbüsü
ilə şəhid ailələrinin Şuşaya səfəri
təşkil olunmuşdu. Şuşanı görmək nə
qədər qürurverici olsa da, səfər mənim
üçün çox ağır oldu. Baxmayaraq ki, Cəbrayıl
orada şəhid olmayıb, lakin orada canını verən hər
bir şəhid hamımızın balasıdır. O yerlərə
gedəndə hərə öz övladını
düşünmür. Lakin zamanında Cəbrayılın
şəhadətə ucaldığı yeri mütləq
ziyarət edəcəyəm. Buna əminəm.
- Bir həftə sonra Zəfərimizin beş
illiyidir...
- Dəfələrlə mənə sual veriblər ki,
qələbə xəbəri eşidəndə nələr
yaşadım. Bir şəhid anası üçün qələbə
xəbərini eşitmək sevinc qarışıq bir
ağrıdır. Bunu anlayışla qarşılamaq
lazımdır. Hər bir ana öz övladını
sağ-salamat yanında görmək arzusunda olub.
Tanrının yazdığı qədəri pozmaq olmur. Zəfər
tarixini yazan bütün şəhidlərin məkanı cənnətdədir,
bundan uca bir məqam yoxdur. İstəyirəm ki,
dünyanın başı üzərində hərlənən
müharibə vahiməsi yox olsun və bir də analar
gözü yaşlı qalmasın.
SÖZARDI: Bu torpağın hər qarışında
qəhrəmanların addım səsi var... Bəzən bir
ömür bir günə də sığa bilir. Cəbrayılın
o bir günə Vətən sevgisini, andını, qürurunu
sığdırdığı kimi. Həmin gün onun
üçün son deyil, əksinə, bir başlanğıc
oldu - adının tarixə yazıldığı, ruhunun
ucaldığı gün. Bu gün Cəbrayıl Dövlətzadə
intiqamını aldığı generalımızın məzarının
bir neçə addımlığında uyuyur. Onun getdiyi
yolun sonu şəhidliyə, şəhidliyin yolu isə əbədiyyətə
ucalır. Ucaldığın məqamda rahat uyu, şəhidim!
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 1 noyabr(№200).- S.14;15.