Sözün əxlaqı:
mənəviyyatın əks olunduğu ayna
İnsan tarixi, əslində, sözün tarixidir. Biz
dünyanı, gözdən daha çox, sözlə
tanımışıq, yəqin ki. "Söz Tanrı ilə
insan arasında ilk körpü idi", - deyir müqəddəs
kitablar. "Ol!" - deyildi və hər şey yarandı.
Söz kainatın başlanğıcında vardı,
çünki o, varlığın özüdür. Amma zaman keçdikcə
insanın əlində, hər şey kimi, söz də öz
ilkin mahiyyətini itirdi. Çünki insan sözə öz
niyyətini qatdı, onu saf mənasından
uzaqlaşdırdı. Elə o vaxtdan sözün əxlaqı
anlayışı yaranmağa başladı. Yəni
sözün necə, kimə, nə üçün deyildiyi məsələsi
o gün bu gündür insanlığın təməlində
dayanır.
Söz yalnız ifadə vasitəsi deyil, həm də
əxlaqi hadisədir. "Söz ağzında ikən sən
onun ağasısan, ağzından çıxdısa, o sənin
ağandır" - deyib bizdən öncəkilər. Bəli,
ağzımızdan çıxan hər söz, deyilən hər
kəlmə bizim ayrıca məsuliyyətimizdir həm də.
Söz birini sevindirə, yaşada bilər; eləcə də
öldürə, yandıra bilər. Nahaqdan deməmişdi
axı ulu Xətai: "Söz var kəsər savaşı,
söz var kəsdirər başı". Ona görə bəlkə
ən böyük günahlar da, ən gözəl savablar da
dildə baş verir.
Sözün əxlaqı yazıçının,
şairin, jurnalistin, siyasətçinin, müəllimin, hətta
sadə bir insanın mənəvi səviyyəsini göstərən
aynadır. Vicdanı təmiz olmayanın sözü də təmiz
olmaz. Hər sözün içində bir niyyət
yaşayır. Elə o niyyətin təmizliyi də
sözü işıqlandırır.
İnsanın qəlb evindən, vicdan mühakiməsindən
süzülüb gələn bir cümlə bəzən
uzun, upuzun nitqlərdən daha kəskin, daha təsirli olur.
Axı sözün əxlaqı elə vicdanın səsidir.
Biz nə qədər istedadlı, bilikli mütəxəssiz,
natiq, söz ustası olsaq da, əgər vicdanımız
danışmırsa, söylədiklərimiz quruca səsdir,
söz deyil.
Ədəbiyyat da, publisistika da, gündəlik həyat
da söz üzərində qurulub. Amma hər sözün bir
çəkisi var. Hər fikir ifadə azadlığı ilə
deyil, daxili məsuliyyətlə ölçülməlidir. Bəzən
"düz sözdür" deyirik, amma unuduruq ki, hər
düz söz də halal deyil. Çünki bəzən həqiqəti
söyləməyin özü də vicdansızlıq ola bilər,
əgər o, kiminsə yarasını açırsa, kiminsə
namusunu ləkələyirsə, hansısa faciələrə
səbəb olursa. Hər həqiqətən hər yerdə
söylənməlidirmi? Yox, əlbəttə...
Söz azadlığın deyil, məsuliyyətin
övladıdır. Hər kəsin söz azadlığı
var, amma hər kəsin söz vicdanı yoxdur. Jurnalist xəbər
çatdırarkən, yazıçı əsər yaradarkən,
müəllim dərs danışarkən, siyasətçi
çıxış edərkən eyni imtahandadır:
sözün imtahanı. Məhz burada ölçülür
sözün əxlaqı.
Sən yazırsan, kimin qəlbinə toxunursan?
Sən danışırsan, kimin ruhunu qırırsan?
Sən gülüş xatirinə hansısa zarafat
edirsən, amma o zarafat kiminsə həyatında iz buraxır.
Sözün əxlaqı ağzından çıxan
sözün haraya gedib çıxacağını bilmək,
nəzərə almaqdır.
Deyirlər, insanın ən böyük silahı onun
sözüdür. Bu fikirlə razılaşmamaq mümkün
deyil. Əlbəttə, bizim ən böyük
silahımızdır söz. Bəs bu silahdan hansımız
necə istifadə edirik? Gözəl bir bənzətmə
var: bıçaq birinin əlində mətbəx əşyası
ikən, başqasının əlində cinayət aləti
ola bilir. Söz də belədir. Eyni kəlmə birinə
şəfa verərkən, başqasının qəlbində
dərin bir yaraya səbəb ola bilər.
Bir xalqın səviyyəsini onun texnologiyası deyil,
dilinin təmizliyi göstərir. Dil pozulanda düşüncə
pozulur, düşüncə pozulanda əxlaq da
dağılır.
Dilimizə süni şəkildə, heç
yaraşmayan biçimdə urcah etdiyimiz ingiliscəyə və
digər dillərə xas sözlər də dilimizi pozmurmu?!
Yaxud sosial şəbəkələrin inkişafı
insanların sözlü deyil, yazılı ünsiyyətini
artırdıqca, sözlərin doğru-düzgün yazılışı
da getdikcə sıradan çıxır. Artıq gənclər
arasında "mesaj dili" deyilən bir dil formalaşıb
ki, bu da sözün əxlaq normalarını kökündən
pozan bir qüvvəyə çevrilməkdədir.
"Salam" yerinə "hello", "sağ
ol" yerinə "bye", "yaxşı" yerinə
"ok" deməyimiz, təkcə dilimizə olan hörmətsizliyimiz
hesab oluna bilməz. Bu həm də özümüzə,
öz kimliyimizə qarşı olan mənəvi
yadlaşmadır. Söz yadlaşanda, o, artıq mənasız
səsə çevrilir. Halbuki xalqın ruhu onun dilində
yaşayır.
Ədəbiyyat məhz bu səbəbdən vacibdir.
Çünki ədəbiyyat sözə təmizlik
qaytarır. Şeir, roman, esse sözün saflaşdırma mərhələləridir.
Yazıçı yazanda təkcə fikrini yox, həm də
vicdanını redaktə edir. Ədəbiyyatda sözün əxlaqı
bəzən yazılmayan sətirlərdə gizlənir.
Yazıçı bəzən bir fikri demir, susur,
çünki bilir ki, o, nə qədər həqiqət olsa
da, insanın ruhuna, şəxsiyyətinə, ləqayətinə
toxuna biləcəyi üçün yanlışdır.
Ədəbi əxlaq da məhz həqiqəti insan ləyaqətinə
zərər vermədən söyləməkdir.
Hər böyük ədibin əsərlərində
bu məsuliyyət hiss olunur. Cəlil Məmmədquluzadə
"Anamın kitabı"nda, Sabir satiralarında, Üzeyir
Hacıbəyov felyetonlarında, Mirzə Fətəli Axundov
komediyalarında sözlə insanı silkələyir, amma təhqir
etmir; qınayır, amma alçaltmır. Bu, sözün əxlaqının
ən yüksək formasıdır. Yazıçı cəmiyyətin
güzgüsüdür. Əgər bu güzgünün
öz batinində çat olarsa, insanın üzünü
deyil, yara izlərini göstərər. Yarası
sızıldayan insanın həqiqət gözünə
görünərmi?!
Bu gün söz çoxalıb, amma dəyəri
azalıb. Sosial şəbəkələrdə hər kəs
danışır, amma az adam söz deyir. Məlumat çoxdur,
amma mənalı söz azdır.
Söz ucuzlaşanda insanlar da ucuzlaşır.
Çünki artıq fikir dərinlikdən yox, səthdən
gəlir. İnsanlar bir-biri ilə söz yox, işarələrlə,
"like"larla ünsiyyət qurmağa üstünlük
verirlər. İndi sözü anlayan, onun dəyərini
başa düşən də çox az qalıb, təəssüf
ki...
Sözün əxlaqı isə dil
saflığından da çox şeydir. Sözün əxlaqı
ruhun saflığıdır, təmizliyidir. Çünki
insanın daxili necədirsə, qəlbində nə
yatıbsa, dilində də məhz o olacaq. Əlbəttə,
bəzən dil yalan danışa bilər, amma onun süniliyi
də gec-tez özünü göstərir. "Danış,
görüm kimsən" - deyən Sokrat necə gözəl
ifadə edib insanın öz dilinin altında gizlənməsini...
Ədəbiyyat təkcə sənət deyil, həm də
tərbiyədir. Sözlə insan dəyişir. Sözlə
bir cəmiyyət formalaşır. Sözlə bir millət
dirçəlir.
Bizim ədəbiyyatımızda sözün əxlaqı
hər zaman ön planda olub. Nizami "Xosrov və
Şirin"də məhəbbəti ləyaqətlə,
Füzuli "Leyli və Məcnun"da eşqi paklıqla,
Sabir satirasında tənqidi ədalətlə birləşdirib.
Heç biri sözü qarşısındakını
alçaltmaq məqsədi ilə işlətməyib.
Çünki onlar üçün söz müqəddəs əmanət
idi. Onlar sözə xəyanəti insana xəyanətdən
daha ağır günah bilirdilər.
Bugünkü yazıçı, jurnalist, müəllif
də eyni borcu daşıyır: sözü qorumaq.
Çünki sözü qorumaq həm mənəviyyatı, həm
insanı, həm də gələcəyi qorumaq deməkdir.
Söz insanın ən incə yerinə toxuna bilir. Bir
dəfə deyilmiş sərt bir cümlə illərlə
yadda qalır, bir dəfə deyilmiş səmimi söz isə
ömürlük güc verir.
Bəzən elə olur ki, bir cümlə insanı həyata
qaytarır.
- "Sən bacararsan".
- "Mən sənə inanıram".
Bu sadə sözlər bəzən ən güclü
dərmandan belə daha qüvvətli olur.
Cəmi 3 ay məktəbə getmiş məşhur
alim Tomas Edisonun həyatı haqqında söylənən bir
rəvayət sözün və inamın gücünü ən
yaxşı şəkildə ifadə edən nümunələrdən
ola bilər, məncə. Belə ki, Edison bir gün məktəbdən
evə gələndə anasına bir məktub verir və
"Bu məktubu müəlliməm verib və sadəcə sənə
çatdırmağımı tapşırıb" deyir.
Anası kağızı gözyaşları
içində oğluna oxuyur: "Oğlunuz bir dahidir. Bu məktəb
onun üçün çox balacadır və onu öyrədəcək
səviyyədə müəllimimiz yoxdur. Xahiş edirəm,
onu özünüz öyrədin".
Uzun illər keçdikdən sonra Edisonun anası vəfat
edəndə o, artıq yüzilin ən böyük
ixtiraçılarından biri idi. Günlərin birində
köhnə ev əşyalarını
yığışdırarkən qatlanmış bir kağız
tapır. Kağızda "Oğlunuz əqli xəstə bir
uşaqdır. Artıq onun məktəbimizə gəlməyinə
icazə vermirik" yazılmışdı.
Bəli, ananın həmin gün oğluna
"oxuduğu məktub" bir uşağın həyatını
kökündən dəyişmiş, onu bəşəriyyət
tarixinə imzasını həkk edəcək bir alimə çevirmişdi.
Sözün əxlaqı hər insanın mənəvi
imtahanıdır.
Sözün əxlaqı həm də harada nə
zaman susmaq lazım olduğunu bilməkdir. Axı susmaq da
danışmağın bir formasıdır. Çünki hər
həqiqət hər yerdə deyilməz, hər doğru hər
an dilə gətirilməz.
Əgər bir söz mərhəmət deyil, nifrət
doğurursa, o söz əxlaqsızdır. Əgər bir
söz insanı alçaldır, amma "doğrudur" deyə
söylənirsə, o, ədalətli yox, qəddardır.
Fikrimcə, əxlaqlı söz həm düz, həm də mərhəmətli
olmalıdır.
Bir sıra elm adamı sözün də enerjisi
olduğunu iddia edir. Yəni hər kəlmə dua kimidir deyirlər.
Dilimizdən çıxan hər söz bizə ya xeyir, ya da zərər
gətirə bilir. Qədim atalar "ağızdan
çıxan söz geri dönməz" deyiblər. Bəli,
bu yuxarıda da dediyimiz kimi, sözün məsuliyyəti ilə
bağlıdır. Amma geri dönməyən söz hara gedir?
Əlbəttə, o, yavada yox olmur. O, kainata dua kimi qalxır və
kiminsə ruhuna toxunur.
Söz insana insanlığı xatırladır.
Əgər bu xatırlatma yoxdursa, o söz artıq mənasızdır.
Söz insanı Allahla bağlayan gizli qüvvədir.
Çünki dua da, tövbə də, sevgi də sözlə
başlayır. Hər səmimi "bağışla" və
"təşəkkür edirəm" insanın içindəki
nura toxunur.
Bu gün hamımız danışırıq,
çox danışırıq, amma az dinləyirik.
Çox yazırıq, amma az hiss edirik.
Çox "paylaşırıq", amma az
bölüşürük.
Söz yalnızca informasiya funksiyasına köklənib.
Halbuki söz informasiya deyil, mənadır. Biz xəbəri bir
saniyədə oxuyuruq, amma bəzən bir şeir misrası
bizi illərlə düşündürür, hər
xatırlayanda eyni dərəcədə sarsıdır.
Ədəbiyyatın rolu da elə budur: sözü yenidən
mənaya çevirmək, cəmiyyətin, medianın,
gündəlik ünsiyyətin içində itən dəyərləri
söz vasitəsilə bərpa etmək.
Söz insanın özünü
formalaşdırır. Uşağa hansı sözləri
deyirsənsə, o da elə böyüyür. Cəmiyyətə
hansı sözlər yayılırsa, o cəmiyyətin mənəvi
səviyyəsi də elə olur. Əgər dildə nifrət,
alçaldıcı ifadələr, kinayə
çoxalırsa, deməli, qəlbdə sevgi azalır. Əgər
dildə "düz söz" çox, "xoş
söz" azdırsa, deməli, ürəklərdə mərhəmət
çatışmır.
Sözün əxlaqı gələcəyin mənəviyyatıdır.
Biz bu gün dilimizi nə qədər təmiz saxlasaq, gələcəyin
insanı da o qədər saf olacaq.
Söz sadəcə ifadə vasitəsi deyil,
varlığın yaddaşıdır. Sözün əxlaqını
qorumaq, əslində, insanın özünü qorumaqdır.
Sözlərimizi düşünərək, məsuliyyətlə
seçəndə həm öz ruhumuzu, həm də
qarşımızdakı insanın qəlbini qoruyuruq. Bu
dünya sözlə yaranıb, sözlə də
dağılır. Ona görə sözün əxlaqı
insanlığın sütunudur. Bir gün o sütun
yıxılarsa, bizə qalan boş danışıq olacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 1 noyabr(№200).- S.12.