Naxçıvandan
dünyaya...
BİR BƏHAİ AİLƏSİNİN
TARİXÇƏSİ
Vilayət Quliyevin yeni kitabının doğurduğu
publisistik düşüncələr
Bu yaxınlarda dövri mətbuatdan öyrəndim ki,
uzun illərdən bəri dostluq etdiyim yazıçı-publisist
həmkarım, tanınmış diplomat və ədəbiyyatşünas
alim Vilayət Quliyev hələ də çoxlarına ekzotik
görünən bəhai dini və onun əslən
Naxçıvandan olan tərəfdarları, 150 illik tarixə
malik Məmmədxanov-Naxçıvanilər ailəsi haqda
kitab yazır. Kitabın bəzi hissələri "525-ci qəzet"də
çap edilib və geniş oxucu marağına səbəb
olub.
Mənim xahişimlə Vilayət Quliyev
"Naxçıvandan dünyaya... Bir bəhai ailəsinin
tarixçəsi" kitabının artıq nəşriyyata
təqdim etdiyi əlyazmasını göndərdi.
Araşdırma orijinallığı, fakt zənginliyi və
insan talelərinin müxtəlifliyi ilə diqqətimi çəkdi.
Təəssüratımı rusdilli oxucu ilə
bölüşməyi qərara aldım. Vilayət Quliyevə
bəri başdan tövsiyə edərdim ki, əsərinin rus
və ingilis dillərinə tərcümə və
çapına nail olsun. Çünki orada həm dünya miqyasında
5-7 milyon nəfər davamçısı olan bəhai dininin
özü, həm də onun Qafqazdakı görkəmli
nümayəndələri haqqında əvəzsiz və
sistemli məlumatlar var.
Vilayət Quliyevin yeni kitabında ümumdünya bəhai
hərəkatının əslən Azərbaycanın
Naxçıvan bölgəsindən - Ordubaddan olan
üç görkəmli simasının ömür yolundan bəhs
edilib. Kitabda Əbdül-Bəhanın şagirdi Mirzə
Əli Əkbər Naxçıvani (1865-1919), onun oğlu, 40
ildən artıq bəhailərin Hayfadakı (İsrail)
Ümumdünya Ədalət Evinin 9 üzvündən biri
olmuş Əli Naxçıvani (1920-2019) və nəvəsi,
hazırda Fransada yaşayan yazıçı-alim Bəhiyyə
Naxçıvaninin (1947) dolğun portretləri
yaradılıb, bu ailənin bir əsrdən çox davam edən
mənəvi-humanitar fəaliyyəti, bəşəri
missiyası haqda geniş məlumat verilib.
İdeya və məzmununun bir çox cəhətlərdən
yeniliyi, gözlənilməzliyi ilə seçilən əsərdə
ehtiva edilən zəngin məlumatlar əsasında hətta bəhai
dini barədə heç bir bilgisi olmayan oxucu da bu dinin yaranma
tarixi, baniləri, onların həyat və mübarizə
yolları, nəhayət, təlimin mahiyyəti haqqında
çox şey öyrənə bilər. Müəllif
Naxçıvanilərin ailə saqası əsasında XIX əsrin
ortalarındakı tarixi reallıqları, Qacar dövləti
ilə həmsərhəd ərazidə bəhailiyin
yayılmasını şərtləndirən amilləri diqqətlə
təhlil etmişdir. Maraqlıdır ki, Bəhai dininə
marağın yaranmasında və sonradan ailənin
bütün üzvlərinin bu təlimin səmimi
davamçılarına çevrilmələrində Mirzə
Əli Əkbər Naxçıvaninin anası - Məsumə
xanım xüsusi rol oynamışdır. Sonradan Əli
Əkbərin oğlu Əli Naxçıvani atası haqda
kitabında bu barədə yazırdı:
"Mənim ata tərəfdən nənəm
Palantuman Məsumə (orijinalda Balan Duman şəklində
verilib - V.Q.) Molla Sadıqla Seyid Əbdül Kərimin (Ordubad
bölgəsində bəhailik təlimin yayan
tanınmış din xadimləri) ilk
davamçılarından idi. Çox fəal, hərəkətli
qadın olan nənəm ailəmizdə şeyxilik təlimi
ilə birincilər sırasında maraqlanmışdı.
Sonra isə Bab və Bəhaullahın vəhylərini qəbul
edərək Ordubad camaatı arasında ilk bəhailərdən
biri kimi tanınmışdı. Onun təlqinləri nəticəsində
bir müddətdən sonra ailə
üzvlərindən çoxu bəhailik çətiri
altında toplanmışdı. Zamanın adət-ənənə
və şərtlərinə rəğmən, ərinin
köməyinə arxalanmadan, cahil kütlənin münasibətindən
qorxmadan övladlarını seçdiyi yolla aparmaq, yeni dinin
davamçıları kimi böyütmək kifayət qədər
cəsarət tələb edən qeyri-adi addım idi. Bu hadisə
nənəmin güclü ağlından və ürəyitəmizliyindən,
eləcə də babamın
onun seçiminə liberal münasibətindən xəbər
verməkdədir".
Kitab müəllifinin fikrincə, bu, əsla təəccüblü
deyildi; çünki Bəhai təlimində qadınlarla
kişilər arasında heç bir fərq qoyulmurdu. Əksinə,
dinin baniləri həmişə gender bərabərliyini təbliğ
edir, qadınların hüquq və azadlıqlarını
müdafiə edirdilər. Nə qədər qəribə
görünsə də, bəhailər bu məsələdə
hətta Avropa cəmiyyətlərinin çoxunu qabaqlaya
bilmişdilər.
Oxucuları bəhai dininin mahiyyəti və "dinin
üç sütununu təşkil edən Bab, Bəhaullah və
Əbdül-Bəhanın" həyat yolu ilə hərtərəfli
tanış etdikdən sonra müəllif XIX əsrin sonu və
XX əsrin ilk rübündə bəhai təliminin lideri
Əbdül-Bəhanın ən sədaqətli şagird və
məsləkdaşlarından olmuş Əli Əkbər Məmmədxanov-Naxçıvani
haqda hekayətə keçir. Rusiya imperiyasının ucqar
guşəsində - feodal İranı ilə həmsərhəd
bölgədə doğulan gənc mənəvi buxovları cəsarətlə
qıraraq yeni dünyaya ayaq basmağı
bacarmışdı. Tezliklə bəhai icmasının zəngin
biliyə, geniş mədəniyyətə malik nümayəndəsi
kimi Əbdül-Bəhanın diqqəti cəlb edə
bilmişdi. Əli Əkbər Naxçıvaninin dillərə
bələdliyini, ağlını və zəkasını
yüksək qiymətləndirən bəhai lideri onu
yalnız Bakıda, Azərbaycanda deyil, bütün Qafqazda, hətta
Rusiya imperiyasında inanılmış şəxs
sayırdı. Bu səbəbdən də böyük rus
mütəfəkkiri, hələ gənc yaşlarından
"ümumdünya dini" yaratmaq arzusu ilə yaşayan Lev
Tolstoyla məktublaşmaq, böyük
yazıçını bəhaliyin
əsas ehkam və prinsipləri ilə tanış etmək vəzifəsini
gənc Əli Əkbərin üzərinə qoymuşdu.
Kitabda nümunə kimi gətirilən məktublar azərbaycanlı
gəncin necə deyərlər, "nəhənglər
meydanında" bu çətin vəzifənin öhdəsindən
uğurla gəldiyini göstərməkdədir.
Təsadüfi deyil ki, Əli Əkbər
Naxçıvani həmin dövrdə Cənubi Qafqazın ən
mühüm təhsil müəssisəsi sayılan Qori müəllimlər
seminariyasında dahi ədib Cəlil Məmmədquluzadə ilə
birlikdə təhsil almağa başlamışdı. Daha
çox maddi səbəblərə görə seminariya
kursunu başa vura bilməsə də, mütəmadi şəkildə
öz üzərində çalışmaqla
dövrünün yüksək intellektə malik
insanlarından birinə çevrilmişdi. Ali texniki təhsil
almasına baxmayaraq, ədəbiyyatı da gözəl
bilmiş, Azərbaycan dilinin yayılması uğrunda
çalışmış, hətta qələmini bədii
yaradıcılıqda da sınamışdı.
Kitabın "Mirzə Əli Əkbər Məmmədxanov
və İzabella Qrinevskaya" adlı ikinci fəsli
xüsusilə maraqlıdır və Azərbaycan ədəbiyyatşünaslığında,
ədəbi əlaqələr tarixində faktiki olaraq öyrənilməmiş
bir mövzuya həsr edilib. Bu fəsildə Mirzə Əli
Əkbərin tanınmış rus yazıçısı,
dramaturq və publisist, sonralar bəhai dininin
ardıcıllarından biri olmuş İzabella Arkadyevna
Qrinevskaya ilə tanışlıq və əməkdaşlığından
bəhs olunur. Vilayət Quliyev iki həmfikir şəxsin
Akkaya, Bəhai lideri Əbdül Bəhanın
görüşünə getmələrini çox maraqlı
üslubda təsvir edir. Bunun üçün alim o
dövrün tədqiqatçılarından bizə miras
qalmış müxtəlif mənbələrdən,
xüsusilə də İ.Qrinevskayanın özünün
"Günəşli diyara səyahət" kitabından,
habelə onunla Əli Əkbər Naxçıvaninin on ilə
yaxın davam edən yazışmasından istifadə edir. Rus
yazıçısının bəhailik mövzusunda qələmə
aldığı "Bab" və "Bəhaullah" tarixi
dramlarının dini təlimlə bağlı məsələləri
dəqiq əks etdirməsi baxımından
yazıçının azərbaycanlı dostunun göstərdiyi
böyük köməyi, verdiyi qiymətli məsləhətləri,
fars dilindən tərcümələri konkret şəkildə
ortaya qoyur.
Üçüncü fəsil eyni dərəcədə
maraqlı mövzuya - Əli
Əkbərlə böyük rus yazıçısı Lev
Tolstoy arasındakı münasibətlərə həsr
olunub. Məlumdur ki, rus ədəbiyyatının dahisi Tolstoy
həm də dövrünün görkəmli filosofu kimi
tanınırdı və yeganə həqiqi dini təlim
axtarışlarında bir çox xalqların dini inanc və
baxışlarına, xüsusən də İslam dininə
müraciət edib. Vilayət Quliyev Tolstoyun İran, Misir,
Türkiyə və Suriyanın ictimai və din xadimləri ilə
intensiv yazışmalarını, buddizm, konfutsiçilik və
brahmanizmin müqəddəs kitabları ilə
tanışlığını xatırladır. Təbii ki,
XIX əsrin ikinci yarısında meydana çıxan və
tezliklə geniş bir coğrafiyada yayılan bəhailik cərəyanı
da onun diqqətindən kənarda qala bilməzdi.
Lev Nikolayeviç Babilik və Bəhai məzhəblərinin
banilərinin əsərləri ilə tanış olub və
bu mövzuda müəyyən qeydlər aparıb. Vilayət
müəllim müxtəlif mənbələrə və
araşdırmalara əsaslanaraq qraf Tolstoyun Azərbaycan
ziyalılarının görkəmli nümayəndələri
ilə, o cümlədən Tolstoyun əsərlərinin Azərbaycan
dilinə tərcüməçisi Abbas ağa Qayıbov,
maarifpərvər yazıçı Sultan Məcid Qənizadə
ilə yazışmalarına dair sübutlar gətirir. Bundan əlavə,
Tolstoy Bakı məktəblərindən birinin müəllimi
Ağəli Qasımovla, İranın Rusiyadakı səfiri,
etnik azərbaycanlı Mirzə Rza xan Ərfəüddövlə,
Moskvadakı Lazarev İnstitutunun tələbəsi Firidun xan Bədəlbəyov
və başqaları ilə bəhailik haqqında fikir
mübadiləsi aparırdı.
Bu baxımdan, böyük rus
yazıçısının Əli Əkbər Məmmədxanov-Naxçıvani
ilə münasibəti xüsusi maraq doğurur: Tolstoy həyatının
son iki ilində onun vasitəsilə bəhai lideri
Əbdül-Bəha ilə əlaqə saxlayırdı.
Əli Əkbər mütəmadi olaraq Lev Nikolayeviçi
xüsusi ədəbiyyatla təmin edir, Ustadının
çıxışlarını və nitqlərini rus dilinə
tərcümə edib Yasnaya Polyanaya göndərir və hər
dəfə Tolstoydan müsbət cavablar alırdı. Vilayət
Quliyevin fikrincə, "iki görkəmli mütəfəkkir
- Lev Tolstoy və Əbdül-Bəha arasında körpü
rolunu oynamaq, onların virtual əlaqəsini təmin etmək
böyük məsuliyyət və mühüm mədəni-mənəvi
komponent idi. Və gənc Mirzə Əli Əkbər bu vəzifənin
öhdəsindən uğurla gəlib".
Növbəti fəsildə Vilayət Quliyev Ustadla
Şagirdin - Bəhai təliminin rəhbəri Əbdül-Bəha
ilə Mirzə Əli Əkbərin qarşılıqlı
münasibətlərini ilkin mənbələr əsasında
ətraflı şəkildə nəzərdən
keçirir. Ustad azərbaycanlı həmkarını yüksək
qiymətləndirir, bəhai təliminin Qafqazda və
bütün Rusiya imperiyasında yayılmasında onun xidmətlərinə
yüksək dəyər verir, xarici ölkələrə
dinin təbliği məqsədi ilə uzunmüddətli səfərlərə,
(məsələn, Şimali Amerika və Kanadaya səkkiz ay
davam edən təbliğat turu buna yaxşı nümunə
ola bilər) özü ilə aparırdı. Əli Əkbər
Naxçıvani də ilbəil Bəhai təliminin daha
nüfuzlu və fəal təbliğatçısına
çevrilməklə, Oksford Universitetinin professoru, dünya
dinləri tarixinə dair 30 sanballı kitabın müəllifi
Tomas Kelli Çeyn kimi görkəmli şəxsiyyətləri
bəhailiyə cəlb etməklə Əbdül-Bəha da
daxil icma üzvlərinin inamını doğruldurdu. Çeyn
bəhailiyi əsasən Mirzə Əli Əkbər
Naxçıvaninin təsiri altında qəbul etmişdi.
Maraqlıdır ki, Əbdül Bəha hətta
Əli Əkbərin məsləhəti ilə böyük
Babın İsrailin Hayfa şəhərindəki məzarı
üzərindəki ilk məqbərənin tikintisini iki
bakılı azərbaycanlıya: Usta Əli Əşrəfə
və Usta Balaya həvalə etmişdi. Bundan başqa,
Əbdül-Bəhanın təkidi və xeyir-duası ilə
Əli Əkbər Naxçıvani bəhailiyin ən sədaqətli
davamçılarından olan Mirzə Ələsgər Təbrizinin
nəvəsi ilə evlənmişdi. Sonra o, gənc
xanımı ilə birlikdə Hayfadan Bakıya
qayıtmışdı: çünki yalnız Qafqazda deyil, Mərkəzi
Asiya ölkələrində də təlimin yayılması
üçün müəyyən məsuliyyət
daşıyırdı. Amma Ustadla mənəvi əlaqələr
heç vaxt kəsilməmişdi; əksinə, daha da
güclənərək möhkəmlənmişdi. Əli
Əkbərin özü isə sonda bu gənc, lakin dünyada
sürətlə yayılan dinin iyerarxiyasında hörmətli
simalardan birinə çevrildi...
Əli Əkbər Naxçıvani 1919-cu ildə
Bakıda vəfat etdi. Ailəsinə isə artıq
Əbdül-Bəhanın nəvəsi, onun vəsiyyəti ilə
dinin Mühafizi səlahiyyətinə yiyələnmiş
Şövqü Əfəndi sahib çıxdı. Bəhai
icması onun dul xanımını və iki oğlunu Hayfaya gətirdi.
Naxçıvanilər ailəsinin tarixində yeni səhifə
başladı.
Mirzə Əli Əkbərin sonralar dünya bəhai
hərəkatının görkəmli simaları kimi
tanınan hər iki oğlu Bakıda, daha doğrusu, şəhər
ətrafındakı Şüvəlan kəndində
doğulmuşdu. Şövqü Əfəndinin "On illik təbliğ
planına" birincilər sırasında qoşulan Cəlal Naxçıvani Afrika qitəsində
bəhailiyin yayılmasının təməlini qoyanlardan biri
olmuşdu. Atasının ölümündən üç
ay sonra dünyaya gələn Əli Naxçıvani isə
Ümumdünya Ədalət Evinin - dünya bəhai
icmasının bütün işlərini idarə edən ali
kollegial orqanın doqquz üzvündən biri olmuş, bu məsul
vəzifəyə 8 dəfə dalbadal seçilərək
görkəmli və nüfuzlu bəhai liderlərindən biri
kimi tanınmışdı.
Hər iki qardaş Beyrut Amerika Universitetində
yaxşı təhsil almışdılar. Fars, ərəb,
fransız və ingilis dillərini mükəmməl bilirdilər.
Təhsillərini başa vurduqdan sonra isə bütün həyatlarını
bəhailik ideallarına xidmətə həsr etmişdilər.
Dünyanın müxtəlif ölkələrində,
xüsusən də Qara qitədə (yerli inancların
bir-birindən ayrı saldığı tayfaların bir din ətrafında
birləşib vahid qüvvəyə çevrilməsi yolunda
bəhailik həqiqətən də pozitiv rol
oynamışdı) bəşəriyyətin gələcəyinə
təmənnasız xidmət nümunəsi göstərmişdilər.
Cəlal Naxçıvani Afrikada keçirdiyi təhlükə
və macəralarla dolu 17 ildən sonra Qərbi Almaniyaya
köçmüş, həyatının son illərini isə
Kanadada, qızı Monanın yanında
yaşamışdı. Onun təşəbbüsü ilə
Almaniyada, ardınca həm də Kanadada Bəhai Dini Məclisləri
yaradılmışdı. O, ana vətəni ziyarət etmək
arzusuna çatmadan 1982-ci ildə Kanadada vəfat etmiş,
orada da torpağa tapşırılmışdı.
Cəlal bəyin kiçik qardaşına gəlincə,
Əli Naxçıvani də Şövqi Əfəndinin tövsiyəsi ilə 1939-cu ildə
İrana köçüb, orada Tehran, Təbriz, Şiraz kimi
böyük şəhərlərdə uğurlu fəaliyyət
göstərib. Vilayət Quliyev yazır ki, İranda bəhai
məzhəbinin yayılması riskli iş idi, ona görə
də Şövqi Əfəndi İran Bəhai Məclisinə
xüsusi məktub göndərərək tərəfdarlarına
Naxçıvani qardaşlarına hər cür yardım
göstərməyi və dəstək verməyi
tapşırıb. Əli bəy İranda bəhailiyi qəbul
etmiş nüfuzlu İran yəhudisi Musa Bananinin qızı
Violetta ilə evlənib. Bəhailiyin təbliği işində
əri ilə çiyin-çiyinə çalışan
Violetta Naxçıvani özündən sonra bir neçə
kitab və çoxlu sayda məqalə qoyaraq 2011-ci ildə vəfat
edib. Bu nikahdan həm də onların oğlu Mehran və
qızı, tanınmış yazıçı Bəhiyyə
Naxçıvanilər doğulub.
Əli Bəyin Qərbi Afrikada qaradərili yoxsul əhalini
Bəhai məzhəbinə döndərmək
üçün coşqun missionerlik fəaliyyəti yerli qəbilələrin
təhsilə, həyat tərzində müsbət dəyişikliklərə
marağının artmasına və müasir reallıqlara
inteqrasiyasına töhfə verib. Vilayət müəllim
yazır ki, 2003-cü ildə Kamerunun paytaxtı Yaundedə ilk
bəhai icmaları yaradılmasının 50 illiyi təntənəli
şəkildə qeyd olunanda Əli və Violetta
Naxçıvanilər şərəf qonağı kimi Konqres Sarayında fəxri Rəyasət
heyətində oturmuşdular.
Bəhai dininin sonuncu Mühafizi Şövqi Əfəndinin
vəfatından sonra Ümumdünya Ədalət Evi adlanan
kollegial orqan yaradıldı. Doqquz nəfərdən ibarət
olan bu orqanın üzvləri arasında Əli
Naxçıvani də var idi. Səkkiz dəfə
Ümumdünya Ədalət Evi üzvlüyünə
seçilən Əli Naxçıvani Vilayət Quliyevin
yazdığına görə, planetin beş qitəsində,
iki yüzdən artıq ölkədə yayılan dünya bəhai
icmasının rəhbərlərindən birinə
çevrildi. Dalbadal səkkiz dəfə eyni vəzifəyə
seçilərək qırx il fasiləsiz Ümumdünya Ədalət Evinin rəhbərliyində
təmsil olundu. 2005-ci ildən sonra o, həyatının sonuna
qədər elmi, ictimai fəaliyyətlə və bəhai gəncləri
arasında maarifçilik fəaliyyəti ilə məşğul
olub.
Vilayət Quliyevin Cəlal və Əli
Naxçıvani qardaşlarının həyatından bəhs
edən kitabını oxuyanda bu qeyri-adi insanların ruhunun
gücünə, enerjisinə, əməksevərliyinə
heyran olmamaq mümkün deyil. Məhz bu keyfiyyətlər sayəsində
onlar tərəfdarlarının sayı-hesabı olmayan
dünya dinlərindən birində iyerarxiyanın zirvəsinə
ucalmağa, adlarını onun tarixinə əbədi həkk
etməyə nail olublar.
Mirzə Əli Əkbərin varisləri yalnız
Hayfaya gedəndən 70 il sonra ata-baba yurdunu ziyarət edə
bildi. 1995-ci ildə Əli Naxçıvani, həyat
yoldaşı Violetta və onların qızı Bəhiyyə
xanım ilk dəfə Azərbaycana səfər ediblər
(müəllif bu səfəri Əlavədə ətraflı
təsvir edir). Onlar Bəhai Mərkəzində, ata-baba
yurdları Naxçıvanda və Ordubadda olub, bu nəslin
sağ qalan üzvləri ilə görüşüblər.
Əli bəyin Bakıya ikinci və sonuncu səfəri
2006-cı ilin payızında oldu. O, beynəlxalq konfransda
geniş məruzə ilə çıxış etdi,
dünyanın gələcəyi, fitnə-fəsadların
aradan qaldırılması, yer üzündə Vahid
Allahın Ucalığının bərpa olunması
haqqında həyəcanla, eyni zamanda nikbinliklə
danışdı. Utopiyadırmı? - deyə soruşan
Əli bəy bu suala özü cavab verdi: "Bəlkə də.
Amma biz həmişə buna inanacağıq".
Həyat yoldaşı Violettanın ölümündən
sonra Əli həyatının son illərini Strasburqdan 30
kilometr aralıda yerləşən Molsiem adlı kiçik
şəhərdə keçirib. Ölümündən bir
il əvvəl o, atası haqqında bir kitab nəşr etdirib
və 99 yaşında, tam aydın təfəkkürə və
sağlam düşüncəyə malik bir vəziyyətdə
vəfat edib. Bəhai saytlarında onun haqqında geniş ədəbiyyat
var və maraqlanan hər kəs həmin ədəbiyyatla
tanış ola bilər. Vilayət Quliyev bu ibrətamiz həyat
hekayəsini çox gözəl və emosional tərzdə qələmə
alıb, buna görə ona səmimi təşəkkürümü
bildirirəm.
Kitabın sonuncu fəsli Naxçıvani ailəsinin
hələlik sonuncu tanınmış nümayəndəsi
olan yazıçı-publisist, universitet professoru Bəhiyyə
xanım Naxçıvaniyə həsr olunub. Müəllifin
yazdığına görə, bütünlükdə 150 illik
tarixə malik ailə ocağına mənsub olanların
üçüncü və dördüncü nəslinin
nümayəndələrinin hamısı mükəmməl təhsil
alıb, cəmiyyətdə və bəhai icmasında
mühüm yer tuturlar. Amma bununla birlikdə nəslin təmsilçisi,
yaxud sözçüsü tam əsasla Bəhiyyə
xanım sayıla bilər.
Bəhiyyə xanım Naxçıvani uşaqlıq
və yeniyetməlik illərini valideynləri ilə birlikdə
əvvəlcə Tehranda, sonra Uqandanın paytaxtı Kampala
şəhərində keçirib. Böyük Britaniyada,
Doktor Uilyams Məktəbində, sonra isə ABŞ-də
Massaçusets Universitetində təhsil alıb. Lyej
Universitetinin (Belçika) tanınmış professorudur,
geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olur.
Onun kitabları dünyada məşhurdur, ABŞ-də, Avropa
və Afrikada bəhai dini haqqında mühazirələr
oxuyub. Bu fəsildə Vilayət müəllim Bəhiyyə
xanımın oxuduğu kitablara, internet mənbələrinə
(bu istedadlı yazıçı haqqında geniş ədəbiyyat
var), çoxsaylı söhbət və müsahibələrinə
əsasən onun yaradıcılığının ümumi
mənzərəsini canlandırır.
Maraqlıdır ki, tarix elmləri doktoru, professor Solmaz
Rüstəmova-Tohidi də bu ilin mart ayında Strasburqda səfərdə
olarkən Bəhiyyə xanımla görüşüb.
Özünün də etiraf etdiyi kimi, Solmaz xanım Vilayət Quliyevin "525-ci qəzet"də
dərc olunmuş silsilə yazıları vasitəsilə
Naxçıvanilər ailəsinin tarixi ilə tanış
idi, ona görə də, eyni qəzetdə
bölüşdüyü səfər təəssüratlarında
yazdığı kimi, "bu görüşə tam
hazır" hiss edirdi. Söhbət zamanı alim Bəhiyyə
xanıma özünü "hansı milli kimlikdə hiss etməsi
barəsində" maraqlı və prinsipial bir sual da
vermişdi.
Solmaz xanım daha sonra yazır: "Oh, nə gözəl
sual!" - deyə Bəhiyyə xanım emosional cavab verir.
Sonra birdən ciddiləşir və fikrə gedir. Araya bir
sükut çökür... Söhbətimizin əvvəlində
İrandan, xaricdəki iranlılardan və s. xeyli
danışmışdıq. Əgər indi
"iranlı" desə, heç təəccüb etmərik.
Amma nə eşidirik? Bir qədər tərəddüdlə:
"Yəqin ki, azəri..." - deyir... "Mən
doğulduğum İrandan 3 yaşında
çıxmışam. Ailə münasibətlərindən
irəli gələrək fars dilini saxlasam da, bu ölkə ilə
heç bir bağlılıq hiss etmirəm. Bəlkə də
müxtəlif ölkələrdə yaşadığım,
işlədiyim üçün, eləcə də
ardıcılı olduğum dinin məziyyətlərinə
görə özümü dünya vətəndaşı
saya bilərdim. Amma yox... Mən axı bilirəm ailəmin
kökləri hansı torpağa bağlıdır. Atam da məni
o torpağa, Azərbaycana, Naxçıvana, Ordubada aparıb
axı... Mən bu bağları hiss edirəm axı..."
Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Yazıçının publisistikasına, xüsusən
də ingilis dilində yazdığı üç
romanına gəlincə, onlar Avropada və ABŞ-də
geniş tanınır və bir sıra nüfuzlu beynəlxalq
mükafatlara layiq görülüb. Lakin onlar hələ istər
rus dilinə, istərsə də Azərbaycan dilinə tərcümə
olunmayıb. Hesab edirəm ki, bədii tərcümə ilə
məşğul olan gənc yazarlarımız mövcud
boşluqları doldurmalıdırlar. Vilayət Quliyevin
araşdırması isə bu məsələdə onlar
üçün yaxşı bir bələdçi, nəcib işə
sanballı töhfə ola bilərdi.
Sonda kitabın müəllifi bildirir ki, o, Bəhai təlimini
təbliğ etmək və ya əksinə, tənqid etmək
niyyətində olmayıb. Onun məqsədi kökləri ilə
Azərbaycana bağlı olan və sonradan bu təlimin
yayılmasına mühüm töhfə verən, qanları
və genləri ilə Azərbaycana bağlı olan və
bunu heç zaman inkar etməyən bir ailənin hekayəsini
danışmaq idi. Müəllif yazır ki, bu gün senzura və
qadağan edilmiş mövzular yoxdur; əsas odur ki, təqdim
edilən məlumatlar obyektiv, dəqiq və həqiqi olsun.
Filologiya elmləri doktoru, professor, diplomat Vilayət
Quliyevin kitabları məhz bu məziyyətləri ilə
seçilir. Bu əsərlər, əlbəttə ki, elmi
araşdırmaların məhsuludur. Lakin eyni zamanda onlar o qədər
canlı üslubda yazılıb, həyati təfərrüatlar,
səmimi və insani detallarla o qədər zəngindir ki,
elmiliklə bir sırada bəzən canlı publisistik
notları ilə seçilir, bəzən isə hətta
belletristika təsir bağışlayırlar. Bu, Vilayət
müəllimin əsərlərini sovet ədəbiyyatşünaslığının
ən pis ənənələri ruhunda yazılmış
çoxsaylı ağır, çətin "həzm
olunan" elmi traktatlardan yaxşı mənada fərqləndirir.
Tarixi keçmişimizlə bağlı bu qədər
mürəkkəb mövzu üzərində işləyərkən
nə qədər elmi və bioqrafik ədəbiyyat tapmaq və
araşdırmaq lazım olduğunu təsəvvür edirəm,
özü də bu ədəbiyyatın çox hissəsi
ingilis dilindədir, bu isə geniş sitatların tərcümə
olunmasını tələb edir. Üstəlik, kitabın qəhrəmanlarının
doğmaları və yaxınları, dostları və həmkarları
ilə ünsiyyət qurmağa ehtiyac yaranıb və bununla
da onları həm bir-biri ilə, həm bəhai ideyaları və
də tarixi vətənlə bağlayan telləri
araşdırmağa geniş imkan yaradıb.
Vilayət müəllimin tədqiqatlarında həmişə
yaxşı mənada alim vasvasılığı və təfərrüata
varılması ilə seçilən çoxsaylı mənbələrə
istinad edilir. Bu, həm də müəyyən mövzuya bizim
müəllifdən əvvəl müraciət edənlərə
hörmət və ehtiram nümunəsidir. Hətta cəmi
bir sətir və ya bir neçə söz sitat gətirilibsə,
həmişə mütləq orijinal mənbəyə istinad
edilir, ilkin qaynaq göstərilir.
Vilayət Quliyevin kitab, məqalə, oçerk və
publisistik esselərində tarixin ruhu, müəllifin Azərbaycanın
bu və ya digər görkəmli şəxsiyyəti haqqında
mümkün qədər əhatəli məlumat vermək istəyi
həmişə diqqəti çəkir. Yaxın
keçmişimizdə, xüsusən Azərbaycanda qüdrətli
maarifçilik hərəkatının
başladığı XIX əsrin ikinci yarısından sonra
belə məsuliyyətli, zəhmətkeş və vətənpərvər
maarifçi-alimlərimiz az olmayıb. Bəli, bu gün biz
Əziz Mirəhmədov, İsa Həbibbəyli, Rafael
Hüseynov və b. kimi fədakar elm
xadimlərinin, ədəbiyyat tarixçilərinin sayəsində
ədəbiyyatımızın və mədəniyyətimizin
dünəni, keçmişi haqqında daha çox şey
bilirik, çox şey öyrənmişik. Lakin hələ tədqiq
edilməmiş məsələlər çoxdur;
xalqımızın təhsilinə və maariflənməsinə,
milli şüurun oyanmasına mühüm töhfələr
vermiş bir çox görkəmli soydaşlarımız hələ
də geniş ictimaiyyətə kifayət qədər
yaxşı məlum deyil. Buna görə də doyunca
yatmağı, istirahət etməyi çoxdan unutmuş Vilayət
Quliyev tutduğu məsul vəzifələrdə işindən
sonra qalan bütün asudə vaxtını tariximizdəki
boşluqları doldurmağa həsr edir. Və bu missiyanın
öhdəsindən çox uğurla gəlir.
Təkcə son iki-üç ildə Vilayət
Quliyevin "Əlimərdan bəy Topçubaşov ərməğanı",
"Bəkir Çobanzadə. Budapeşt illəri",
"Yorulmaz Əkinçi. Həsən bəy Zərdabi"
kimi irihəcmli, başdan-başa axtarış ruhu ilə
dolu, elmi və ictimai fikir tariximizi zənginləşdirən
kitabları çapdan çıxıb, eləcə də
yeni kitabları çapa hazırlanır. Haqqında bəhs
etdiyimiz və hazırda nəşr prosesində olan
"Naxçıvandan dünyaya. Bir bəhai ailəsinin
tarixçəsi" əsərinin də onların
arasında xüsusi yeri var.
Əziz dostum və həmkarım, bu çətin,
lakin nəcib axtarışlarında sənə uğurlar arzu
edirəm. Bütün bu qiymətli əsərlər
"Çoxəsrlik Azərbaycan ədəbiyyatı
tarixi" adlanan əzəmətli abidənin qızıl kərpiclərinə
çevriləcək.
"525"DƏN: 5 noyabr görkəmli alim, dövlət
xadimi və diplomat professor Vilayət Quliyevin doğum
günüdür. Təxminən yarım əsrdən bəri
Azərbaycan filoloji elmində, müstəqillik dövrü
boyunca isə ölkəmizin həm də ictimai-siyasi həyatında
Vilayət Quliyevin xüsusi yeri və olduqca dəyərli rolu
var.
Bütün bu yüksək cəhətləri ilə
yanaşı, Vilayət müəllim, xeyli müddətdir ki,
"525-ci qəzet"in ən ardıcıl və çox
arzulanan müəlliflərindən biri kimi də bizim
üçün son dərəcə əzizdir. Diplomatik sahədəki
işlərinin çoxluğuna rəğmən, Vilayət
müəllim elmi və publisistik fəaliyyətinə bu
gün də əsla ara vermir. Ədəbiyyat və tarixlə
bağlı müxtəlif mövzuları davamlı şəkildə
araşdırır, şövqlə yazıb-yaradır, onun tədqiqatlarını
istər elmi, istərsə də ictimai mühitimiz, oxucu
auditoriyası böyük maraqla izləyir.
Əzizimiz professor Vilayət Quliyevi yaxındakı
növbəti doğum günü münasibətilə ürəkdən
təbrik edir, ona möhkəm sağlamlıq, yeni nailiyyətlər
arzulayır, tükənməz yaradıcılıq enerjisi,
sonsuz öyrənib-öyrətmək eşqi diləyirik!
Elmira AXUNDOVA
Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 1 noyabr(¹200).- S.10-11.