Palma yağları: nə olar, nə
olmaz?
2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana
38 milyon 415 min ABŞ dolları dəyərində 26 min 946 ton
"xam palma yağı və onun fraksiyaları" idxal
edilib. Dövlət Statistika Komitəsinin hesablamalarına
görə, 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə bu göstərici həcm ifadəsində
26.6 faiz və ya 9.8 min ton, dəyər ifadəsində isə
10.7 faiz və ya 4.6 milyon ABŞ dolları azalıb. 2024-cü
ilin ilk 8 ayı ərzində Azərbaycana 42 milyon 995 min
ABŞ dolları dəyərində 36 min 705 ton "xam palma
yağı və onun fraksiyaları" idxal edilib. Bu dövrdə
ölkəyə gətirilən 1 kq palma yağının
orta idxal qiyməti 2.42 manat təşkil edib. Hesabat
dövründə Azərbaycana Malayziyadan 1129 ton,
İndoneziyadan isə 25 min 816 ton palma yağı idxal edilib.
Son 30 ildə trans yağların əsas əvəzedicisi
rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də
qənnadı məmulatları, dondurma, şokolad, çips
istehsalçıları tərəfindən geniş istifadə
edilir. Bəzən elə olur ki, istehlakçılar
aldıqları məhsulların tərkibində palma
yağının olub-olmadığını bilmirlər.
Çünki bir sıra hallarda bu yağı həmin məhsulun
üzərində başqa adlarla, məsələn,
"hidrogenləşdirilmiş bitki yağı" kimi qeyd
edirlər.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) məlumatına görə, palma yağı insan
orqanizmi və təbiət üçün qlobal miqyasda zərərlidir.
ÜST ekspertləri palma yağının istehsal və
satış sənayesinin miqyasını hətta birbaşa
tütün və alkoqol sənayesi ilə müqayisə ediblər.
Mütəxəssislərin fikrincə, palma
yağından istifadə ilk növbədə ürək-damar
sisteminin pozulmasına, damar tıxanıqlığına,
ürəyin işemik xəstəliyinə səbəb olur. Tərkibində
xərçəng yaradan maddələr çox olduğuna
görə riski yüksəkdir. Palma yağından istifadə
piylənmə və xroniki xəstəliklərin
inkişafına səbəb olur. Palma yağı orqanizmdə
tam sorulmur, toxumalarda toplanır və bu, metabolik pozğunluq
yaradır.
Palma yağını rafinə etmədən istehlak
etmək mümkün deyil
Qida texnoloqu Ağa Salamovun sözlərinə görə,
palma yağıını hidrogen püskürdüb
doydurmurlarsa, tərkibinə rəngləndirici qatqılar
vurulmursa, süni kərə yağına çevirmirlərsə,
o zaman faydalı ola bilər. O da miqdar nəzərə
alınmaqla istehlak olunmalıdır: "Palma yağını
rafinə etmədən istehlak etmək mümkün deyil. Onun
gərək rəngini və qoxusunu dəyişsinlər, belə
olanda isə tempratur 250 dərəcəyə qədər
qalxır. Bu temperatura qalxan yeganə yağ zeytun
yağıdır ki, trans yağa çevrilmir. Palmanı 250 dərəcəyə
qaldırıb doydurmaq istəyəndə artıq hidrogen
bağlarının yeri dəyişir və həmin yağ
trans yağa çevirilir. Bu gün ölkəyə gətirilən
palma yağlarını hidrogenlə doydurub marqarinlərə
çevirirlər. Bu isə insan orqanizmi üçün
olduqca zərərlidir. İnsan bədənində əriməyən,
ərimə temperaturuna malik olmayan, sorulmayan və bədənə
yad olan yağlar insan orqanizmində olan xərçəng
hüceyrələrinin qarşısını almır, əksinə,
şişlərə çevirir ki, bu da gələcəkdə
ölümlə nəticələnir".
Paketlənmiş qidaların əksəriyyətində,
şirniyyatların hazırlanmasında palma yağından
istifadə olunur
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri,
sağlam qidalanma mütəxəssisi Məhsəti
Hüseynova deyir ki, paketlənmiş qidaların əksəriyyətində,
eyni zamanda restoran və iaşə obyektlərində
qızartma yeməklərdə, bir çox şirniyyatlarda
palma yağından istifadə olunur. Lakin bu, əksər
hallarda göstərilmir. Bəzən bitki yağı adı
altında yazılır, hətta bir neçə bitkinin
adı qeyd edilir və konkret olaraq hansı mənşəli
yağdan istifadə olunduğu bilinmir. Yaxud müxtəlif
kodlarla qeyd olunur. Belə olan halda istehlakçılar da
aldıqları məhsullar haqqında tam məlumatlı
olmurlar. Bəzi ölkələrdə məhsulların tərkibində
palma yağından istifadəyə icazə verilsə də, əksəriyyətində
bu, qadağandır. Xüsusən də uşaq qidalarında
bu qadağalar daha çox tətbiq edilir: "Gündəlik
palma yağından istifadə edən və normanı
keçən insanların həyatı,
sağlamlığı üçün müəyyən təhlükələr
yaranır. Bu gün xüsusilə də paketlənmiş
qidaların əksəriyyətində, şirniyyatların
hazırlanmasında palma yağından istifadə olunur.
Xüsusilə, bir çox restoran və iaşə obyektlərində
qızartma yeməklərdə bu yağlardan istifadə edilir.
Hətta paketlərin üzərində konkret palma
yağının adı göstərilməsi də, bu,
hidrogenləşdirilmiş bitki yağı, bir neçə
bitkinin adı, yaxud digər fərqli adlarla qeyd olunur. Konkret
olaraq hansı mənşəli yağdan istifadə
olunduğu qeyd edilmir. Belə olan halda da təbii ki,
istehlakçılar aldığı məhsulun tərkibi
haqqında tam məlumatlı olmurlar".
Palma yağından uşaq qidalarında istifadə
olunması yolverilməzdir
Məhsəti Hüseynovanın sözlərinə
görə, palma yağı palmanın meyvəsindən və
dənələrindən alınır: "Sənaye üsulu
ilə hazırlanan yağlar var ki, onların qida
üçün istifadəsi yararlı deyil. Amma təbii
haldadırsa, tərkibində A, E vitaminləri, doymamış
yağ turşuları varsa, bundan az miqdarda, gec-gec istifadə
olunarsa, orqanizm üçün zərərli olmaz. Amma mütəmadi
olaraq istifadə olunduqda, xüsusilə də 20 yaşa qədər
olan insan orqanizmində inkişafdan qalmaya və müəyyən
xəstəliklərə erkən yaşda tutulmaya səbəb
olur. Bəzi inkişaf etmiş ölkələrdə məhsulların
üzərində "tərkibində palma yağı
yoxdur", "palma yağı tərkibli hər hansı
yağdan istifadə edilməyib" kimi ifadələr yer
aldıqda bu, premium məhsul hesab edilir. Ona görə də
sağlamlığına diqqət edən insanlar bu kimi məhsullardan
istifadə etmirlər. Palma yağından uşaq
qidalarında istifadə olunması yolverilməzdir. Əgər
istifadə olunubsa, çalışıb uşağın
gündəlik qidasını təbii qidalardan seçmək
lazımdır ki, immun sistemi düzgün formalaşsın.
Palma yağından həddən artıq çox istifadə
orqanizmdə "pis xolesterin" kimi tanınan LDL-in səviyyəsini
yüksəldir və "yaxşı" xolesterin kimi
tanınan HDL-in səviyyəsini aşağı salır. Bu
da bir çox xəstəliklərin yaranmasına gətirib
çıxarır".
Həzm olunmur və mədə-bağırsağı
sıradan çıxarır, damar
tıxanıqlığı yaradır
Mütəxəssis bildirib ki, bir çox məhsulların
zərərləri var, lakin önəmli olan onlardan gündəlik
qida kimi istifadə etməməkdir: "İmmun sistemi
güclü olan insanlar bu məhsullardan gec-gec, az bir miqdarda
istifadə etsələr, zərərlərini o qədər də
hiss etməyə bilərlər. Amma daim paketlənmiş, kimyəvi
qatqılı qidalardan, keyfiyyətsiz yağlardan hazırlanan
məhsullardan istifadə edən insanlarda istər inkişafdan
geri qalma, istərsə də xəstəliklərə tutulma
halları açıq-aydın görünür. Bəzən
məhsulun tərkibini palma yağı yerinə bitki
yağı olaraq göstərilir. Palma yağı bədəndə
qəbul olunmadığına görə tərkibindəki
palnitin turşusu həddindən artıq tez və zərərli
şəkildə kilo almağa və piylənməyə səbəb
olur. Bu zaman insulin riski də çoxalır. Həmçinin
o, həzm olunmur və mədə-bağırsağı
sıradan çıxarır, damar
tıxanıqlığı yaradır. Kalori miqdarı olduqca
yüksəkdir. Bir yemək qaşığı palma
yağında təxmini 120 kalori var. İnsanlar bəzən səhv
məlumatlı olur. Deyirlər ki, "yağ palma
ağacının çəyirdəklərindən
hazırlanıbsa, faydalıdır". Diqqətə
çatdırım ki, bu məlumat yanlışdır. Hər
ikisi eyni kaloriyə malikdir. Ümumiyyətlə, palma tərkibli
yağlardan istifadə tamamilə ziyandır".
Palma yağından istifadəni azaltmaq daha
yaxşı olar
Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev
bildirib ki, Azərbaycana hər il böyük miqdarda palma
yağı idxal olunur. Bu qədər böyük həcmdə
idxalın əsas səbəbi ucuz olması, uzun saxlanma
müddəti və qida sənayesində texnoloji
üstünlükləri ilə bağlıdır. Palma
yağının sağlamlığa təsiri məsələsi
hələ də elmi və ictimai müstəvidə
müzakirə olunur. Ən mühüm xüsusiyyəti odur
ki, doymuş yağ turşularının miqdarı çox
yüksəkdir. Bu hal onu otaq temperaturunda bərk saxlayır və
məhsulun uzunömürlülüyünü artırır.
Bu səbəbdən palma yağı qənnadı məmulatlarında,
şokolad, biskvit, yağlı krem və hazır yeməklərdə
geniş istifadə olunur. İstehsalçılar
üçün bu yağ həm stabil, həm də iqtisadi
baxımdan sərfəlidir: "Əgər idxal olunan yağ
sertifikatlaşdırılmış və beynəlxalq
standartlara uyğun istehsal edilibsə, o zaman təhlükə
riski az olur. Amma ucuz və sertifikatsız xammal idxal edilərsə,
orqanizmə uzunmüddətli təsir daha ciddi ola bilər.
İstehlakçı olaraq etiketdəki "bitki
yağı" ifadəsinə diqqət etməliyik. Əgər
tərkibdə "palma yağı" qeyd olunubsa, bu məhsulun
ucuz xammaldan hazırlandığı ehtimalı yüksəkdir.
Xüsusilə şokolad, konfet, krem və fast-food məhsullarında
bu yağdan çox istifadə olunur. Palma yağının
idxalı iqtisadi baxımdan sərfəli olsa da, bir məhsulun
sağlamlığa təsiri çox müzakirə olunursa və
fikirlər birmənalı deyilsə, o zaman palma
yağından istifadəni azaltmaq daha yaxşı olar. Nəzərə
almaq lazımdır ki, qida sənayesinin arxasında
böyük qlobal maraqlar var. Artıq müasir dünyada qida həm
də bioloji silah olaraq istifadə oluna bilir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 1 noyabr(№200).- S.8.