Qələbə sevinci yaşadan
Əmir Kazımov
1998-ci il... 20 Yanvar faciəsindən, Birinci Qarabağ
savaşından aylar, illər ötmüşdü.
Yaralıydı hamı. Yaralıydı Azərbaycan. O illərdə
doğulan uşaqlar Azərbaycanın yaralı nəfəsini
duyaraqmı böyüdülər?
"Torpaqlarımızı işğaldan
qurtarmalısınız"
pıçıltısını eşitdilərmi ana
laylasında? Bilmirəm. Amma bir başqa cür
böyüdülər.
İlham Kazımovun xatirələrindən: 2005-ci ildə
kiçik toyunda ona sual verdilər ki, böyüyəndə əsgər
gedəcəksən? Dedi "əlbəttə". "Nə
edəcəksən əsgər olanda?" soruşanda, "Vətəni
qoruyacam" oldu cavabı. O yaşda uşaq artıq
haqsızlığı anlayırdı, ədaləti qorumaq,
vətəni qorumaq istəyirdi. Özüm bu duyğularla
yaşasam da, fikirləşdim ki, bu yaşda uşağın
ağlına hardan gəldi bir anda "əsgər kimi vətəni
qorumaq" duyğusu?
Belə böyüyürdü Əmir kimi
oğullarımız. Böyüdükcə vətəninə
olan xəyanəti daha çox anlayırdı, daha çox
ağrıyırdı.
28 yanvar 1998-ci ildə Bakının Xəzər rayonu
Şağan qəsəbəsində dünyaya gələn
Əmir İlham oğlu Kazımov kimi. Birinci sinfə
Şağan qəsəbəsindəki Füzuli Gözəlov
adına 124 nömrəli məktəbə gedib, sonra Fuad Fərhadoğlu
adına 230 nömrəli məktəbdə təhsil alıb.
2016-2017-ci illərdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində,
sonra Ağdamın Qaradağlı kəndində həqiqi hərbi
xidmət keçib.
"Özüm tankçı olmuşam. Müharibə
xəbərini eşidən kimi hərbi komissarlığa
getdim, "tankçı olmuşam, döyüşə bilərəm"
dedim. İsrar etsəm də, məni aparmadılar,
"oğlun gedə bilər" dedilər. "Oğlum gedər"
dedim. Yeganə oğul payımdı, amma səhər tezdən
aparıb yola saldım. İnanın səmimiyyətimə, mənim
5 dənə Əmir kimi mərd, dürüst, vətənsevər
oğlum olsaydı, 5-ni də müharibəyə göndərərdim".
Bu, necə böyüklükdür?.. Baxışlarından övlad
itkisinin ağrısı yağan ata bu sözləri ürəkdən
deyirdi... Göz yaşımı saxlaya bilmədim.
Xuraman Kazımova: "Oğlumu Qurandan keçirdim.
"Allahım, sənə əmanət edirəm"
dedim. Hamı bir yanaydı,
Əmir bir yana. O qədər mehriban idi, qayğıkeş
idi. Dənizçi olmaq istəyirdi. Əsgər getmədən
öncə də, qayıdandan sonra da imtahan verdi, qismət
olmadı. Bərbərliyə də marağı vardı. Bir
müddət işlədi. Sonra bibisi qızı
Sonaxanımın yanında taksi şirkətində işə
düzəldi. Başqa nə deyim? Vətəni qorumaq istəyirdi
uşaqlıqdan, qorudu. Gedəndə iki dəfə
dönüb mənə baxdı. Son
görüşümüz imiş... Yəqin o ali məqam, o
uca ad üçün dünyaya gəlmişdi, ora çatmaq
üçün də getdi".
Ağayeva Sonaxanımın həm özü, həm
göz yaşları Əmirin qayğıkeşliyindən, məsuliyyətindən,
insanlara olan sevgisindən danışdı.
Ağayeva Günelin söylədiklərindən:
"Çox mehriban idi, çox. Bir kobud söz eşitməzdik
ondan. Həmişə "bacım" deyib əzizləyərdi
bizi. Sevgi doluydu. Hamıya yaxşılıq etmək istəyirdi.
Haqqında həmişə tərif eşidərdik. Vətəninə
də layiqli oğul oldu".
30 il düşmənlərin keçilməz hesab
etdikləri sədləri ilk keçənlərdən idi
Əmir. Tərtər rayonunun Suqovuşan qəsəbəsi,
Talış və Madagiz kəndləri uğrunda gedən
döyüşlərdə iştirak etdi qəhrəmancasına.
Suqovuşan döyüşləri ən ağır
döyüşlərdən idi. Vətən qazisi, bu döyüşün
komandirlərindən biri kapitan Ruhin Mikayılov Çanakkale
döyüşünə bənzədir Suqovuşan
uğrunda gedən döyüşləri: "Necə igid
oğullarımız var. Bütün çətinliyə
baxmayaraq, uşaqlar bir addım geri çəkilmədi.
İlk günlərdə qələbə çox önəmliydi.
Bu qələbəni qazanan oğulların hər biri qəhrəmandır".
Oktyabrda bu yerlər
azad olundu. Əmirdənsə xəbər
gəlmədi. Günlərlə xəbər gözlədi
ata-ana yeganə oğullarından. Müharibənin ən
ağrılı yarası itkin xəbəridir. Tanıyan hər
kəs onu gözlədi. İtkin düşməsinə
inanmadı.
Qələbədən sonra da günlər keçdi.
Müxtəlif döyüşlərdə itkin düşən
şəhidlərimizi axtarıb tapdı döyüş
yoldaşları. Polkovnik Babək Səmidli məhz
Suqovuşan uğrunda döyüşlərdə şəhid
olanları axtarakən noyabrın 23-də minaya tuş gəldi. Əmiri də o vaxt tapdılar. O günlərdə
axtarılan neçə oğul bayrağa dönüb öz
ata-baba yurduna qayıtdı Əmir kimi...
Noyabrın 26-da nigaran gözlər yollardan
yığışıb Şağan Pir məzarlığına
döndü.
Əmir olmaq asandırmı? Əmir kimi ölmək
asandırmı? Hər kəs ölümüylə yenidən
doğula bilirmi? Yox! Onlar bacardılar. Əmirlər
bacardı!
Tanıyanlar, dostları, sinif yoldaşları "Nə
yaxşı ki, Əmir kimi oğulları var Azərbaycanın"
dedi. Nə yaxşı ki!
Döyüş tapşırıqlarını
uğurla yerinə yetirən, düşmənin hərbi
qüvvələrinin məhv edilməsində şəxsi cəsurluğu,
igidliyi ilə fərqlənən Əmir Kazımov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına
əsasən "Vətən uğrunda", "Cəsur
döyüşçü", "Suqovuşanın azad
olunmasına görə", 3-cü dərəcəli "Vətənə
xidmətə görə" ordeni ilə təltif olunub.
Sinif yoldaşı Zeynalova Səbinənin bir videoda
Əmir haqqında söylədiklərini xatırladım:
"Çox mədəni idi, çox çalışqan
idi. Qorxmaz idi. Üzündən-gözündən təbəssüm
yağırdı. Son şəklində də gülümsəyir
Əmir. Onu həmişə üzündə təbəssümlə
xatırlayıram. Əmir varlığıyla təbəssüm
idi - nurlu təbəssüm".
Əmir İlham oğlunun bütün video
görüntülərini izləmişdim, haqqında
yazılanları oxumuşdum. Bütün şəkillərinə
dönə-dönə baxmışdım. Həqiqətən
də hamısında Əmirin üzündə
gülüş vardı. Elə bil həmişə sevinirdi
Əmir. Sevinc yağırdı hər görüntüsündən.
Baxıb düşünürdüm ki, sevinc kimi
böyüyüb Əmir. Hər birimizin sevinci kimi, bizə
sevinc -qələbə sevinci yaşatmaq üçün
böyüyüb.
Bir də günəşi düşündüm.
Günəşə baxdım. Nə yaxşı günəşimiz
var -düşündüm həm də. Qarabağın
gördüyü günəş. Qarabağı görən
günəş. Azadlığa çıxan yurd-yuvalarına
qayıdan yüzlərlə insanımızın hər
gün gördüyü günəş. Və
düşündüm ki, əslində o günəş elə
işıq saçan Əmirdi. Günəşin saysız
şüaları elə illər, əsrlər boyu
üzündə təbəssüm bu torpaq uğruna
canından keçən Əmir kimi oğulların
işığıdır.
Kamalə ABİYEVA
525-ci qəzet .- 2025.- 4 noyabr (№201).- S.14.