Vətənə fəda edilən
şəhid ömrü
Elə ömürlər var ki, zaman baxımından
qısa görünsə də, anlamına, mənasına
sığmayan bir böyüklük daşıyır
özündə. Elə ömürlər var ki, qısa bir
zaman içində bütöv bir nəslin, bir xalqın
şərəf salnaməsinə çevrilir. Şəhid Səxavət
Əsəd oğlu Şərifovun həyatı da belə bir
ömür idi - gənc oğlanın qeyrət, mərdlik və
sədaqətlə yoğrulmuş ömrü.
1965-ci ildə Zəngilan rayonunun Seyidlər kəndində
dünyaya göz açan Səxavət, torpaqla nəfəs
alan, zəhmətkeş bir ailənin övladı idi. Onun da həyatı,
uşaqlığı bütün kənd mühitlərinə
xas tərzdə - çətin, amma maraqlı, mənalı
keçmişdi. Səxavət də bu saf mühitdə,
bir-birinə dayaq, həyan olan mərd, səmimi insanların
içində böyüyərək kənd məktəbində
səkkizillik təhsil alır. Elm, zəhmət və
dürüstlük onun həyatının əsas
dayaqlarına çevrilir.
1981-ci ildə Bakıya gələrək texniki peşə
məktəbinə daxil olur. Qaynaqçı ixtisasına yiyələnən
bu gəncin məqsədi sadə idi - halal zəhməti ilə
dolanmaq, ailəsinə, Vətəninə gərəkli bir
insan olmaq. Həyatın bütün mərhələlərində
bu təmənnasızlıq, bu səmimilik onun yol
yoldaşı olur.
1983-1985-ci illərdə o, Rusiya Federasiyasının
Saratov şəhərində hərbi xidmət keçir. O
illər gənc bir oğlan üçün həm məsuliyyət,
həm də yetkinlik məktəbi idi. Ordu nizam-intizamı, sədaqət
və vətənpərvərlik anlayışlarını
daha da dərinləşdirdi.
Hərbi xidmətdən qayıtdıqdan sonra
Sumqayıt şəhərində yerləşən 1 nömrəli
Təmir-tikinti Trestində öz ixtisası üzrə əmək
fəaliyyətinə başlayan Səxavət gənc,
bacarıqlı və məsuliyyətli qaynaqçı kimi
tezliklə həmkarlarının rəğbətini
qazandı. Onun əlləri paslı dəmiri əridər,
amma gənc ruhu həmişə saf, təmiz qalardı.
Bir neçə il sonra
çalışqanlığı və işinə sədaqəti
nəzərə alınaraq trest tərəfindən mənzillə
təmin olunur. Həmin illərdə bir işçinin mənzil
sahibi olması həm böyük şans, həm də zəhmətin
bəhrəsi idi. Bu sevinc onun həyatında yeni bir səhifə
açdı. Ən əsas problem həll olunan Səxavət
1991-ci ildə ailə qurdu, övlad atası oldu. Həyat onun
üçün öz axarında, sakit, əminliklə davam
edirdi.
Amma "sən saydığını say, gör fələk
nə sayır" - deyib atalarımız. Səxavətin də
bu xoşbəxt, dinc həyatı uzun sürməyəcəkdi,
təəssüf ki...
1990-cı illərin əvvəlləri Azərbaycan
üçün çox çətin sınaq illəri idi -
Qarabağda alovlanan müharibə artıq hər evin
qapısını döyürdü. Düşmən əli
artıq Zəngilana, Seyidlərə, Səxavətin doğma
torpağına da çatırdı.
Gənc ailə başçısı zəhmətinin
bəhrəsi olan mənzilini, gənc ailəsini, körpə
qızını geridə qoyaraq Vətənin
çağırışına tələsir. Çünki
o bilirdi ki, torpaq əldən getsə, nə evin, nə ailənin,
nə də gələcəyin bir mənası qalacaq.
Bütün qeyrətli Vətən övladları kimi, Səxavət
üçün də torpaq hər şeydən öncə gəlirdi.
Beləcə, Səxavət 1992-ci ilin əvvəllərində
doğma kəndinə qayıtdı və kəndin
özünümüdafiə batalyonuna qoşuldu. Kəndin ətrafında
səngərlər qazılır, silah səsləri qulaqlarda
çalınırdı. O, artıq qaynaqçı yox, torpaq
qoruyucusu idi. Əlində dəmir yox, silah vardı. Amma
içindəki isti ürək, sadiq ruh dəyişməmişdi.
1994-cü ilin yanvarında döyüşlər
Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində
qızışdı. Həmin günlərdə Səxavət
də ön cəbhədə idi. O, döyüş
yoldaşları ilə birlikdə düşmən
hücumunun qarşısını alırdı. Güllə
yağışı, soyuq külək, qışın sərtliyi
onu qorxutmurdu. Çünki o, qorxunun yerinə Vətən
sevgisini qoymuşdu.
Yanvarın 9-da o, döyüş zamanı sağ
böyründən ağır güllə yarası alan Səxavət
Şərifov həmin gün şəhadətə yüksəldi.
Nə yazıq ki, artıq onun doğulduğu torpaq
düşmən tapdağında idi və qəhrəman
şəhid öz ata yurdundan çox-çox uzaqda -
Sumqayıt Şəhidlər xiyabanında torpağa
tapşırıldı. Gənc bir ata, gənc bir həyat
torpağa qovuşdu. Amma o torpaq indi daha müqəddəs idi,
çünki onun altında bir qəhrəman yatırdı.
Səxavət şəhid olanda qızı hələ
8 aylıq idi. Körpə bir uşaq atasının
simasını şəkillərdə görərək əzbərlədi.
Atasını anasının xatirələrindən
tanıdı. Bildi ki, atası bir elin, bir obanın fəxridir.
Öyrəndi ki, atası şəhadət şərbətini
içən bir qəhrəmandır. Böyüdükcə
hər "ata" kəlməsi ilə gözlərində kədər
qarışıq qürur parladı.
İllər keçdi, o körpə
böyüdü, ailə qurdu, iki övlad anası oldu.
Atasının adını, xatirəsini qəlbində
daşıdı.
Səxavətin adı yalnız döyüş
meydanında deyil, əmək salnaməsində də
yaşamaqdadır. O, vaxtilə Xocalıdakı aeroportun
tikintisində də çalışmışdı. Bu, onun
həyat yoluna ikiqat mənəvi dəyər qazandırır.
Bir tərəfdən, o torpağa həyat verən bir
işçi, digər tərəfdən, həmin
torpağı müdafiə edən bir əsgər idi.
Bu, çox az insana nəsib olan bir tale idi - həm
yaratmaq, həm qorumaq. O, dəmir parçasını əridən
bir qaynaqçı idi, amma eyni zamanda Vətən
üçün öz canını əridən bir qəhrəman.
Səxavət Şərifovun həyatı bu gün gənclərə
bir örnəkdir. O, var-dövlət, şöhrət, vəzifə
arxasınca qaçmadı. Sadə, halal, təmiz
yaşadı. Amma lazım gələndə ən
böyük sərvətini - həyatını Vətənə
verdi.
Qəhrəmanlıq gurultulu sözlər, bərli-bəzəkli
tribunalar deyil. Bəzən o, səssiz bir qərarla
başlanır - "Mən gedirəm, torpağımı
qorumağa". Səxavətin qəhrəmanlığı
da məhz belə səssiz, dərin və müqəddəs
idi.
Bu gün Seyidlər kəndinin, Zəngilan
torpağının hər qarışında onun kimi şəhidlərin
ruhu dolaşır. Hər azad edilmiş torpaq parçası
igid oğullarımızın qanı ilə suvarılıb.
Hər qayıdışda, hər tikilən evdə, hər səslənən
"Qarabağ Azərbaycandır!" nidasında ömrü
yarıda qırılan Səxavətin də payı var.
Şəhid ömrü bir xalqın
yaddaşıdır. Səxavətin adı, əməyi, ruhu
Zəngilan torpağında, Xocalı aeroportunun daşında,
Füzulinin azadlıq sədasında, Sumqayıt
xiyabanında, qızının qəlbində, nəvələrinin
baxışında yaşayır. Onun adı gələcək
nəsillərə mərdliyin, insanlığın, vətənpərvərliyin
simvolu kimi qalacaq.
Bu, ölüm deyil. Bu, əbədiyyətin
özüdür.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 4 noyabr (№201).- S.14.