Rəmiş
Povest
Allahın meymunlara yazığı gəldiyindən
sonradan onları insana çevirmədi.
Mələklər yığılmışdılar Rəmişin
başına. O isə ağır-ağır nəfəs
alırdı, əgər buna nəfəs almaq demək
mümkün idisə, rəngi-rufu qaçmışdı, mələklərin
gözü qabağında sönürdü. Vaxtilə Rəmişin
ürəyini sinəsindən qoparıb həmin ürəkdəki
qanı təmiz sıxıb çıxararaq öpüb,
sonra da dodaqlarını yapışdıraraq öz qanıyla
dolduran mələk də əlacsız qalmışdı.
İstəsəydi indi də onun ciyərini çıxarar, təmizləyər
və yenidən qaytarıb yerinə qoya bilərdi. Amma qara
tül pərdədə olan Qara Niqablı Mələk
hamısına gözünü ağartmışdı.
Bu, Rəmişin sonuydu.
Ona təmiz hava vermək üçün
ağız-burnunu nə iləsə qapatmışdılar.
Amma hiss eləyirdi ki, ağzındakı ona nəinki təmiz
hava verir, əksinə, nəfəs almağa mane olur,
boğulur, ciyəri o təmiz havanı qəbul edə bilmir.
Özünü birtəhər toparlayıb əlini atıb
onu çıxartdı. Və hiss etdi ki, nəfəs
almağı yüngülləşdi. Əlli ildi çirkli
hava almağa öyrənmiş ciyərləri kef elədi.
Tibb bacısı nəfəsliyi yenidən taxmaq istədi.
Həkim dedi:
- Lazım deyil, qoy rahat ölsün!
Birtəhər gözlərini açdı. Harda
olduğunu anışdıra bilmədi. Elə bildi
Abdaldadı, Kəhrizin üstündə. Yenə uşaqlar
yığışıb başına. O da taxtanın
üstünə çəkdiyi simlərlə nə isə
çalır. Kəhrizin suyunun səsi, meşədəki
ağacların yarpaqlarının
pıçıltısı, küləyin
xışıltısı qarışıb onun nə
çaldığını özü də bilmədiyi
melodiyaya.
Yavaş səslə otaqdakı
tanımadığı adamlara dedi:
- Gitaramı istəyirəm.
Həkim gözü ilə Tibb bacısına işarə
elədi ki, gitarasını tapıb gətirsinlər. Tibb
bacısı qaçdı çölə, qapının
ağzında oturub ağlayan Gülüyə dedi:
- Gitarasını istəyir.
Gülü göz yaşlarını sildi, bir az sevincək
oldu, qaçıb maşındakı gitaranı
götürdü. Həyətə toplaşmış
dostları soruşdu:
- Necədir?
- Deyəsən, yaxşılaşıb,
gitarasını istəyir.
Və gətirib gitaranı verdi Tibb bacısına.
Tibb bacısı da girdi içəri, gitaranı qoydu Rəmişin sinəsinə.
Ən əziz sevgilisini sinəsində görəndə nəfəs
almağı bir az da rahatlaşdı və başladı gitaranı
sığallayıb əzizləməyə.
Qara Niqablı Mələyin ömründə ilk dəfə
gözləri yaşardı, amma o da heç bir şey edə
bilməzdi - Rəmişi aparmağa gəlmişdi. Əyildi
Rəmişə tərəf və dedi:
***
Divardan çox bahalı və qədim bir xalça
asılmışdı. Amma Qurban əmini xalçanın
bahalı, qiymətli və qədim olması cəlb eləmədi,
xalçanın üstündən asılmış məktəbli
tarı cəlb elədi. Üzünü Hüseyn kişiyə
tutub dedi:
- Sənin tarındı?
- Yox, oğlumundu, həvəskardı.
- Musiqi məktəbinə gedir?
- Xeyr, musiqi məktəbinə yaşı
çatmır, hələ dörddə oxuyur. Amma arada
Aşıq Xaspoladın yanına gedir, ondan saz çalmaq
öyrənir.
- Çala bilir?
- Bir dəfə gördüm ki, taxtanın
üstünə sim çəkib, uşaqlar da
yığılıb başına nəysə çalır,
amma nə çaldığını bircə özü
bilir. Həvəsini görüb gedib bu tarı aldım.
- Çağır gəlsin.
Hüseyn kişi üzünü tutdu xanımına:
- Ordan Rəmişi çağır.
- Bu nə addı qoymusan uşağa?
- Adı Rafiqdi, amma evdə-eşikdə, kəddə-kəsəkdə
hamı onu Rəmiş çağırır.
İçəri yaşına uyğun olmayan ucaboylu,
irigözlü, uzun sifətli, saçları
qarışıq bir uşaq girdi. Və böyüklər
kimi də gəlib Qurban əmi ilə əl tutuşdu.
- Xoş gəlmisən.
- Məni tanıyırsan?
- Səni kim tanımır ki? Tarın atasısan.
- Onda sən də ol tarın balası. Götür
çal görüm, necə çalırsan?
Rəmiş xalçanın üstündəki
tarı götürdü, oturdu stulda, tarı da qoydu dizinə
və soruşdu:
- Qurban əmi, nə çalım?
Qurban əmi:
- Əvvəla, tarı qaldır sinənə, diz
üstə çalmazlar.
- Qurban əmi, mənə belə xoşdu.
- Bir Segah çal.
Gözlərini yumdu, başını tarın
çanağına söykədi və "Segah"ı
öz yerində yox, tamamilə başqa bir yerdə, Qurban əminin
heç vaxt eşitmədiyi bir yerdə çalmağa
başladı. Barmaqları tarın pərdələrində
gəzişir, Qurban əminin bəlkə ilk dəfə dinlədiyi
başqa bir "Segah" çalırdı. Rəmiş hərdən
"Segah"dan ayrılır, eyni ahənglə başqa nələrsə
çalır, çalmır, daha doğrusu, uydurur, sonra yenə
qayıdırdı "Segah"a. Beləcə, təxminən
iyirmi dəqiqə çaldı. Sonra gözlərini
açıb Qurban əmiyə baxdı. Qurban əmi də təəccüblə
ona baxırdı.
- Sən nə çalırdın?
- Segah.
- Axı, nəsə ayrı şey
çalırdın?
- Mən Segahı belə görürəm.
- Sən Segahı görürsən?
- Qurban əmi, mən nə çalıramsa, onu
görürəm, gördüyümü çalıram.
Qurban əmi üzünü tutdu Hüseyn kişiyə:
- Hüseyn, bu uşaqdan nəsə olacaq. Əjdahadı,
amma gərək oxuya.- Vallah, heç dərslərini
oxumur. Qorxuram musiqi məktəbində
də elə oxuya.
- Amma tarı çox zəifdi, məktəbli
tarıdı. Ona yaxşı bir tar bağlat.
Qurban əmi sonra nə fikirləşdisə
sürücünü çağırıb dedi:
- Ay oğul, maşındakı o tarı gətir bura.
Sürücü maşındakı futulyarı gətirib
açdı, içindən qeyri-adi bir tar
çıxartdı, tar alışıb yanırdı.
Başdan-ayağa sədəfin içindəydi.
Çanağında da iki zolaq sədəf gedirdi və sədəflə
də yazılmışdı: "Qurban Pirimov".
Qurban əmi tarı götürüb
kökünü yoxladı və verdi Rəmişə:
- Ala, indi bunda Segah çal görüm.
Rəmiş ömründə belə bir tar görməmişdi.
Xeyli tarı əlləri ilə oxşadı, sonra da simlərin
kökünü dəyişdi və yenə qoydu dizinin üstünə, indi də tamamilə
başqa bir pərdədə "Segah" çalmağa
başladı. Bu "Segah" əvvəlkindən fərqlənirdi.
Yenə gözlərini
yummuşdu. Barmaqlar tarın pərdələrində gəzişir,
öz bildiyi bir şey çalırdı.
Qurban əmi çaşmışdı - eyni
"Segah", amma bu dəfə başqa cür səslənir,
başqa bir pərdədə başqa bir kökdə
çalınır.
Rəmiş, nəhayət, çalmağı
dayandırdı, yenə gözlərini açıb Qurban əmiyə
baxdı. Qurban əminin isə diqqəti onun pərdələrdə gəzişən
uzun barmaqlarındaydı.
Musiqinin təsiridən ayılandan sonra dedi:
- Rəmiş, bu tar sənə halaldı,
bağışladım sənə.
Hüseyn kişi etiraz elədi:
- Yox, Qurban əmi, götürə bilmərik.
- Sənə bağışlasam, götürməzsən,
mən onu bu dəli balama bağışlayıram.
Rəmiş sevindiyindən qalxıb Qurban əminin
boynuna sarıldı.
Gecə yatanda tarı sinəsinə sıxıb
yatdı. Arada anası gəlib tarı götürmək istədi,
amma Rəmiş yuxulu-yuxulu olsa da, tarı buraxmadı.
Anası ikinci dəfə gələndə
gördü Rəmiş yerində yoxdu. Çıxdı həyətə,
həyətdə də yox idi. Qayıtdı geri, Hüseyn
kişini oyadıb dedi:
- Ay kişi, Rəmiş yerində yoxdu. Həyətə
baxdım, həyətdə də yoxdu.
- Bəlkə tualetə gedib?
- Tarnan?
Rəmiş isə göylərdəydi, mələklər
onu oğurlayıb aparmışdılar. Təmiz başqa bir
dünyaya düşmüşdü. Elə bilirdi əlini
uzatsa, ulduzlara çatar. Yanından keçən ulduzların
səsini eşidirdi, mələklərin
pıçıltısını eşidirdi. Üzləri
niqabla örtülmüş mələklər Rəmişin
qıvrım saçlarını qarışdırır,
üz-gözünü sığallayır, hətta uzun
barmaqlarını öpürdülər.
Rəmiş eşitmişdi ki, mələklərin
qanadları var, amma bunlar qanadsız idi. Əllərini
açanda üstlərindəki tül qanada
oxşayırdı və gözəllik yaradırdı.
Bu vaxt mələklərdən biri əlini onun sinəsinə
salıb ürəyini çıxartdı. Rəmişin
gözləri çıxmışdı kəlləsinə,
təəccüblə mələyin əlindəki
döyünən ürəyinə baxırdı. Mələk
əlində döyünən ürəyi içindəki
qan bitənəcən möhkəm-möhkəm sıxdı.
Sonra dodaqlarını artıq döyünməyən ürəyə
yapışdırıb onu yenidən qanla doldurdu və ürək
yenidən döyünməyə başladı. Və mələk
döyünən ürəyi qaytarıb qoydu Rəmişin
sinəsinə. Tarı qaytarıb verdilər Rəmişə,
hardansa bir kətil də tapıb gətirdilər. Rəmişi
oturtdular kətilin üstündə və
pıçıltıyla dedilər ki, çal.
Rəmiş nə çalacağını bilmirdi. Və
başladı mələklərin
pıçıltısını çalmağa. Yanından
uçub gedən ulduzların səsini çalmağa. Bayaq mələyin
əlində döyünən ürəyinin
döyüntüsünü çalmağa. Mələklər
isə onun ətrafında uçurdular. Rəmiş də
onlarla bir yerdə uçurdu. Beləcə xeyli uçdular.
Sonra mələklər onun yorulduğunu görüb
qaytarıb qoydular hardan götürmüşdülər ora.
Rəmiş qan-tər içində ayıldı və
qorxdu. Çığırdı:
- Nənə, ay nənə.
Bayaqdan gözünə yuxu getməyən anası
içəri girəndə Rəmişi qan-tər içində
görüb qorxdu:
- Ay bala, sənə nə olub, hardaydın?
- Göylərdəydim, nənə. Mələklər
üçün tar çalırdım.
Anası çaşmış halda:
- Bu uşaq onsuz da dəliydi, indi lap dəli olub.
lll
...Bağda uşaqlar
yığışmışdılar Rəmişin
başına. Heyrətlə Qurban əminin bu qeyri-adi
tarına baxırdılar. Rəmiş də bu qeyri-adi
tarı çalmırdı ey, inlədirdi. İnləyən
tarın səsini eşidən göylər qəfil
şaqqıldadı, ildırım çaxdı. Tarın
iniltisi göyləri də kövrəltdi, necə bir
yağış başladısa, hamı durub evlərinə
qaçdı. Rəmiş gördü yağış
tarı isladacaq əynindəki pencəyi çıxarıb
sarıdı tara. Getdikcə yağış güclənirdi.
Yağışdan gizlənmək üçün
oturmuşdu bir ağacın altındakı daşın
üstündə. Amma yağış elə
yağırdı ki, yarpaqlar damcıları saxlaya bilmirdi.
Bu vaxt göyün üzü nurlandı. Və o nur təkcə
Rəmişin üzərinə düşürdü. Aləmi
sel-su aparsa da, Rəmişin üstünə yağış
yağmırdı, elə bil kimsə başı üstündə
çətir açmışdı. Bunu görən Rəmiş
qalxıb evlərinə tərəf üz tutdu. Nur da onun
başı üstündə gedirdi.
Bu vaxt meşədən çıxan bir canavar ona tərəf
qaçmağa başladı. Rəmiş qorxusundan tir-tir əsirdi.
Amma qəfil bir ildırım çaxdı və canavarı
vurdu. Rəmiş çaşmışdı.
Yavaş-yavaş, qorxa-qorxa ölmüş canavarın
yanından keçdi, sonra götürüldü evlərinə.
Nur da başının üstündə. Qapını
anası açdı, Rəmişi belə yağışda
islanmamış görüb təəccüblə
soruşdu:
- Ay bala, sən harda gizlənmişdin ki,
islanmamısan?!
- Nənə, vallah, bilmirəm, elə bil kimsə
başımın üstündə çətir
asmışdı.
lll
Şairlə oturmuşdular Rəmişin balaca, xudmani
otağında. Rəmiş də gitarasını qoymuşdu
dizinin üstünə. Gitarasını köklədi, sonra da
dedi ki, o çantanı aç, qoş gitaraya.
Şair diplomat çantanın içinə dinamiklər
quraşdırmışdı, batareya ilə işləyirdi.
Çölə, meşəyə gedəndə həmişə
özləri ilə götürərdilər.
Şair çantanı açdı, dinamikləri
qoşdu gitaraya.
- Qaqa, istəyirsən səni Qədirlə
görüşdürüm?
- Nə axmaq-axmaq danışırsan, Qədir indi cənnətdə
hurilərlə kef edir. Mənimsə ölmək fikrim yoxdur.
Özü də nə səni, nə də məni cənnətə
buraxarlar. Bizim yerimiz cəhənnəmlikdi, amma bir az sərin
yeri.
Rəmiş başını buladı:
- Axmax-axmax sən danışırsan ey, özün də
şairsən. Şairlər dünyanı hamı kimi
görürsə, ondan şair olmaz. İndi mən səni
aparıf Qədirlə görüşdürərəm, onda
bilərsən ki, Rəmiş kimdi. Onda görərsən
şair sənsən, yoxsa mən. Orda konyak var, gətir
yüz-yüz süz, usiliteli də qoş; - dedi və sonra
cibindən bir çəngə ot çıxartdı; - Bunu
da at qazın üstünə, qoy ətri yayılsın.
Konyakı içdilər.
- Yüz-yüz də süz.
Şair yüz-yüz də süzdü.
- Götür, bunu da içəh Qədirin
sağlığına. Hərçənd ki adam
döyül.
Sonra başladı çalmağa. Barmaqlar pərdələrin
üzərində gəzir, qəribə bir melodiya
yaradırdı. Şair ilk dəfə eşidirdi bu
melodiyanı. Sonra lap həzin çalmağa başladı. Səslər
lap zəif eşidilirdi. Əvvəl-əvvəl otağın
işığı yavaş-yavaş közərdi və
söndü, düşdülər bir qaranlığa.
İnsanların çığırtısı
eşidilirdi, qadınlar fəryad edirdi. Şəhərin
ayrı-ayrı yerlərində yanğınlar vardı.
Şair hara düşdüyünü bilmirdi. Bu
yanğınlar, insanların çığırtısı
sanki Rəmişin vecinə də deyildi, öz
halındaydı. Bir darvazanı döydü və uca səslə
çığırdı:
- Qədir, ay Qədir!
İçəridən səs gəlmədi. Yenə
çığırdı:
- Qədir, ay Qədir, ölmüsən?
Darvazanın qapısı şaqqıltı ilə
açıldı:
- Ə, nə bağırırsan?
Qarşılarında Qədir Rüstəmov
durmuşdu. Qəlyanı da əlində, özü də
çox pəjmürdə:- Keçin içəri. Sən nə
həyasız adamsan, yenə gəlmisən? Görmürsən
şəhər od tutub yanır? Əmir Teymurun
qoşunları girib şəhərə. - sonra məni
göstərib dedi: - Bu yanındakı avara kimdi?
Şair çaşıb qalmışdı, illərin
dostu Qədir Şairi tanımadı. Haqqında kitab
yazdığı, onlarla məqalə həsr etdiyi, bir yerdə
ova, balığa getdiyi Qədir, hər dəfə "Sona
bülbülləri"nə qulaq asanda onu ağladan Qədir
indi Şairi tanımadı.
Şair:
- Qədir, mənəm də mən, Aqil.
Qədir turşumuş üz-gözünü bir az da
turşutdu:
- Nə Aqil, hansı Aqil? Tanımıram. Day gəlmisiniz
də, keçin içəri, görək
başımıza nə iş gəlir.
Səliqəli, xəli döşənmiş bir otaq
idi, stolun üstündə də şamlar yanırdı.
Divardan tar və qaval asılmışdı. Keçib
oturdular.
Rəmiş:
- Mən bu Şairi inandıra bilmədim ki, sən
ölməmisən, ona görə götürüf gəldim
gözü ilə görsün.
- Ə, niyə ölürəm? Amma qorxuram bu gecə
Əmir Teymur məni dar ağacından asdıra.
Eşitmişəm ki, əsgərləri məni tapmaq
üçün şəhəri ələk-vələk
edirlər.
- Ə, Əmir Teymur kimdi ki səni
öldürtsün? Onun saa gücü çatmaz. Səni
Allah qoruyur. Sən hələ Rəmişi tanımırsan,
Seyid Lazım Ağanın cəddi haqqı onları
cırıx-cırıx edərəm. - sonra üzünü
tutdu Şairə: - Ə, Şair, Əmir Teymur kimdi?
İndi Şair bunu necə başa salsın,
ömründə bircə kitab oxumayan adama, beynində
gitaradan, tardan başqa heç nə olmayan adama.
- Nəsimi kinosunu görmüsən?
- Hə. Rasim Balayev mənim dostumdu.
- Orda bir hökmdar var ey, özü də
axsıyır, Əmir Teymur odu.
- Qaqa, bəs o ölmüyüf?
Şair əsəbi halda:
- Qədir ölməyibsə, o da ölməyib də.
İndi özün görərsən.
Qədir adama bir stəkan çay süzdü, ortaya
kişmiş qoydu. Heç bir qurtum içməmişdilər
ki, qapı təpiklə açıldı. İçəri
dörd-beş zirehli, saçları uzun, üz-gözlərindən
zəhər-zəhrimar tökülən
döyüşçü girdi. Salamsız-kəlamsız
soruşdular:
- Qədir kimdi?
Qədir qalxdı ayağa:
- Mənəm, nə lazımdı?
- Bəs bunlar kimdi?
- Dostlarımdı.
Döyüşçü Qədirin dostlarını
tərs-tərs süzdü, deyəsən, Rəmişin
sir-sifəti xoşuna gəlmədi. Şairin də rəngi-rufu
qaçmışdı. Yanındakılara əmr elədi:
- Bunların qollarını bağlayın.
Rəmiş müqavimət göstərmək istədi.
Bayaq "onları cırıq-cırıq edərəm"
deyən Rəmişin qollarını elə burdular ki,
mıqq da edə bilmədi. Şair isə yazıq-yazıq əllərini
uzatdı.
Döyüşçü üzünü tutdu Qədirə:
- Hökmdar səni istəyir.
- Neynir məni?
- Özün soruşarsan. Bizə əmr edib ki, səni
aparaq hökmdarın hüzuruna.
Qədiri də, dostlarını da
çıxartdılar sokağa, Qədiri ata mindirdilər,
dostlarını isə at döşündə apardılar.
Şair bircə onu deyə bildi:
- Rəmiş, Allah evini yıxsın.
- Qaqa, mənim evim varkı?!
Hərdən kürəklərindən itələyirdilər
ki, tez-tez gedin.
Rəmiş:
- Siz nətəhər
döyüşçüsünüz, əliyalın
adamlardan qorxursunuz. Qollarımızı açın dana.
- Yeri, az danış.
Onları gətirdilər böyük bir
çadırın önünə. Hər tərəfdə
silahlı əsgərlər qaynaşırdı. Saçları
çiyinlərinə tökülən, üzlərindəki
çapıqlar onları daha qorxulu göstərən və
bir suları da Rəmişə oxşayan əsgərlər,
bir sözlə, hər yer Rəmişlə doluydu və
hamısı da onlara baxırdı. Rəmişə
oxşayan iki əsgər də dayanmışdı
çadırın qapısı ağzında. Boyunlarından
basıb saldılar içəri.
Bu, çadır deyildi, bir saray idi. Hər yana gəbə,
xəli döşənmişdi. Bu sarayın ortasından
yüzlərlə şam yanan şamdan
asılmışdı. Tavan sədəflərlə işlənmiş
dörd sütunun üstündə dayanmıqdı. Rəmiş
sədəfli sütunları görəndə yadına toyda
bir sarsaq sərxoşun başına vurduğu Qurban əminin
tarı düşdü.
İçəridə xeyli adam vardı, əslində
adamdan çox adamyeyənə oxşayırdılar, özləri
də iki səfə düzülmüşdülər.
Çadırın yuxarı başında da taxt
qurulmuşdu. Bu vaxt taxtın arxasından çiynində pələng
dərisi olan, ortaboylu, ağır-ağır yeriyən bir nəfər
çıxdı, pələngin pəncələri də
çiyinlərində general rütbəsinə
oxşayırdı. Baxışları çox itiydi,
adamı dəlib keçirdi. Başında sadə bir tac
vardı, belində də qəbzəsi daş-qaşla işlənmiş
bir xəncər, əlində də qamçı.
Onu görən kimi hamı diz çökdü. Qədirlə
Şair də diz çökdülər. Rəmiş isə
dik dayanıb baxırdı. Onları gətirən
döyüşçü Rəmişin çiynindən
basıb dedi:
- Diz çök!
Rəmiş:
- Brat, mən heç dədəm Hüseynin
qavağında diz çöhməmişəm. O kimdi ki diz
çöküm?
Şair üzünü Rəmişə tutdu:
- Ə, gic... bu, Əmir Teymurdu, diz çök.
- Çöhmürəm.
Bu vaxt onları gətirən
döyüşçü əlindəki baltanın
küpüylə Rəmişin kürəyindən necə
vurdusa, ağzı üstə düşdü yerə. Sonra
döyüşçülər qaldırıb diz
çökdürdülər. Rəmiş onu vuran
döyüşçüyə baxıb dedi:
- Dayan oğraş, sənin ananı ağladajam.
Əmir Teymur taxtdan yenib onlara tərəf
yaxınlaşdı.
Rəmiş:
- Qaqa, bəs bu axsamır axı, kinoda
axsıyırdı.
- Ə, mən nə bilim niyə axsamır?
Əmir Teymur əlindəki qamçıyla Qədirin
çənəsindən qaldırdı:
- Qalx! Qədir sənsən? Səsi ilə Şərqi
lərzəyə gətirən?!
- Bəli, əlahəzrət, mənəm. Amma Şərqi
lərzəyə gətirdiyimdən xəbərim yoxdu.
- Bəs bunlar kimdi?
- Müsafirlərimdi. Qarabağdan gəliblər.
Rəmişin dikbaşlığı Əmir Teymuru qəzəbləndirmişdi.
Üzünü onları gətirən
döyüşçüyə tutub dedi:
- Bunları aparın dar ağacına, əmrimi
gözləyin.
Rəmişlə Şairi hop götürdülər.
Çadırdan çıxarıb dar ağacının
yanına apardılar. Həyətdəki dar ağaclarından
xeyli adam sallanırdı.
Rəmiş isə onu vuran
döyüşçüyə deyirdi:
- Səni cırajam, köppəyoğlu.
Çıxartdılar kətilin üstə, kəndiri
də keçirtdilər boğazlarına və əmri
gözlədilər.
Şair özünü islatmışdı. Rəngi-rufu
qaçmışdı, hələ asılmamışdan əvvəl
ölmüşdü. Birtəhər üzünü Rəmişə
tutub səsi titrəyə-titrəyə dedi:
- Ay axmaq, bizi asırlar ey, sənə nə pisliyim dəymişdi
məni bu xarabaya gətirdin?!
Rəmiş:
- Şair, bizi biabır elədin, şalvarını
batırmısan. Nədən qorxursan? Səni birinci dəfə
asıllar? Məni bir dəfə Çingiz xan
asdırmışdı, Qacar da Cıdır düzündən
atdırmışdı. Görürsən, hələ
sağam.
- Nə sarsaq-sarsaq danışırsan, sənin zibilinə
düşmüşəm.
- Qaqa, ağciyər olma. Sən nətəər
ağdamlısan?
- Nə ağdamlı?! Boğazında kəndir
olanın ağdamlılığı qalar?
Əmir Teymur Qədirin cılız bədənini,
ağarmış üzünü bir qədər
süzdü, sonra dedi:
- Oxu. Xoşuma gəlsə, sən nə arzu eləsən,
onu da görəcəksən.
Qədir əlindəki qəlyanı qoydu cibinə. Bəlkə
tarixdə yeganə adam idi ki, Əmir Teymurun yanına qəlyanla girmişdi.
Özünü toxtadıb dedi:
- Gərək məni müşayiət edən olsun
ki, oxuya bilim. Məni müşayiət edən
oğlanları da əmr eləmisən ki, assınlar. Həm
də tar-qavalımız qalıf evdə.
Əmir bir qədər fikrə getdi, sonra
üzünü yanındakı əyanlarına tutub dedi:
- Onları qaytarın. Sonra da gedin bunun evinə, o
dikbaşı da aparın, Qədirin dediyi tar-qavalı gətirsinlər.
Kimsə çıxdı onların yanına. Şair
elə bildi təpik vurub kətili aşıracaq. Amma elə
olmadı, boğazlarındakı kəndirləri
çıxartdılar.
- Düşün aşağı. Hökmdar sizi istəyir.
Rəmiş üzünü Şairə çevirib:
- Gördün, ə, ağciyər?
Sonra onları götürüb yenidən apardılar
Qədirin evinə. Amma atdöşü aparmadılar,
qollarını açıb ata mindirdilər. Dedilər ki,
hökmdar əmr edib ki, tar-qavalı götürüb
qayıdaq geri. Rəmiş gitarasını, Şair də Qədirin
qavalını və diplomat çantanı götürüb
yenidən at belində qayıtdılar geri.
Girdilər çadıra. Əmir Teymur oturmuşdu
taxtında.
Rəmiş onun kürəyindən vuran əsgərə
sakitcə dedi:
- Brat, darıxma, sənin ananı ağladajam.
Əmir Teymur Rəmişin əlindəki gitaraya baxıb yanındakı əyanların
birindən soruşdu:
- O nədi?
- Hökmdar, bizim qopuz kimi bir şeydi. Deyəsən,
yunanlarındı.
- Gətirsinlər baxım.
Gəlib gitaranı apardılar Əmirə. Bir
orasına baxdı, bir burasına baxdı, barmaqları ilə
simləri tərpədib səsinə qulaq asdı və təəccüblə
çiyinlərini çəkib gitaranı qaytartdı.
Rəmiş:
- Şair, aç o dinamikləri, qoş gitaraya.
Şair diplomatı açdı, gitaranı dinamiklərə
qoşdu. Üç kətil gətirdilər. Oturdular kətilin
üstündə. Rəmiş gitaranı köklədi. Elə
kökləyəndə dinamiklərdən çıxan səslər
Əmir Teymuru da, çadırdakıları da heyrətə
gətirdi. Qədir qavalı üzünə söykəyib dirsəyini olmayan böyrəyinin
üstünə basdı və dedi:
- Həyatımız bundan asılıdı, Rəmiş!
Başla!
Və Rəmiş başladı. Barmaqlar pərdələrin
üzərində gəzir, çox qəribə səslər
çıxarırdı. Əvvəl mələklərin
pıçıltısı eşidildi, sonra yanından
uçan ulduzların, sonra kəndlərindəki kəhrizin
şırıltısı, meşədən gələn səs.
Aləmi qatdı bir-birinə. Sonra gitara bir ana kimi fəryad elədi,
bir uşaq kimi çığırdı. Yanan evlər
barmaqlarından
töküldü pərdələrə,
çadırdakıları da yandırdı. Təmiz
uyumuşdu. Nə çaldığını bir özü
bilirdi, bir də Allahı.
Qədir:
- Ə, səfeh, ayaq ver dana!
Elə bil Rəmiş yatmışdı,
ayıldı. Keçdi "Ağ Segah"a. Qədir bir dəfə
ağzını yumub açdı, ikinci dəfə də
ağzını yumub açdı və sonra Rəmişin
çaldıqları sözə çevrilib ağzında
bulaq kimi qaynayıb çay kimi
tökülməyə başladı. Əmir Teymur da,
çadırdakılar da qaldılar bu çayın
altında. Qədir bir az "Ağ Segah"da gəzişəndən
sonra keçdi "Sona bülbüllər"ə. Sonra da
özü Rəmişə ayaq verdi ki, Rəmiş
çalsın. Rəmiş yenə dağı qatdı arana,
aranı qatdı dağa, gah yağış
yağdırdı. Onu kürəyindən vuran
döyüşçü hönkür-hönkür
ağlayırdı. Bu vaxt Əmir Teymur qalxdı ayağa əli
ilə işarə elədi ki, saxlayın. Rəmiş saxlamaq
istəmirdi. Ağlayan döyüşçü əyilib Rəmişin
qulağına pıçıldadı ki, qardaş,
hökmdar deyir, dayan. Rəmiş
də dayandı.
Əmir Teymur gəlib dayandı Qədirin
qarşısında:
- Səsini kəs. Əsgərlər bu səsi
eşidəndən sonra adam öldürə bilməzlər.
İndi nə arzun var, de.
Qədir:
- Əmr edin Təbrizdə talanı saxlasınlar. Mənim
bu dostlarımı da bağışla.
Əmir Teymur üzünü tutdu Miranşaha:
- Deyin şəhərdə talanı saxlasınlar,
heç kəsə toxunmasınlar. - sonra üzünü
tutdu Qədirə: - Bu gündən səni Miranşaha vəzir
verirəm. Əsəbləşib özündən
çıxanda, haqsız yerə əlini qılınca atanda
bir ağız oxuyarsan, özünə gələr.
Dostlarını da bağışlayıram. Amma bir şərtlə
ki, o gitaradı-nədi onu və yanındakı
çantanı da mənə bağışlasınlar.
Rəmiş:
- Qurbandı. O qədər adama gitara
bağışdamışam ki, bu da olsun biri.
Və qalxıb gitaranı verdi Əmir Teymura. Sonra da
onu vuran
döyüşçüyə üzünü tutub
dedi:
- Saa demişdim ananı ağladajam?
Döyüşçü özündən
asılı olmayaraq əyilib Rəmişin əlindən
öpdü.
***
Gecə evə gələndə gördü qapıya
bir kağız parçası
qoyublar. Açıb oxudu: "Rəmiş, sabah saat on bir də
səni "Araz"da gözləyirik. Çox vacib bir
işimiz var. Sən həmişə hər yerə gecikirsən,
xahiş edirik, gecikmə. Moskvadan qonaqlarımız gəlib, səni
görmək istəyirlər. Ceyhun Mirzəyev. Aydın
Dadaşov".
Fikirləşdi ki, nə vacib işdi belə,
özü də Moskvadan gələnlər, iki əziz dostu
buna məktub yazıb. Kağızı qatlayıb qoydu
döş cibinə.
Həmişə hər yerə gecikən Rəmiş
düz saat on birdə maşını "Araz"ın
qabağında saxladı və düşdü. Çayxanada
oturanlar onu görən kimi qalxdılar ayağa. Hamı öz
stoluna dəvət elədi, o isə əliylə
hamını salamladı, bir stol arxasında oturan
dörd-beş nəfərlə özünəməxsus
şəkildə görüşüb-öpüşdü və
dedi:
- Ə, sizin eviniz-eşiyiniz yoxdu, havaxt keçirəm
görürəm oturmusuz burda.
Biri gülüb dedi:
- Rəmiş, ev-eşiyimiz olsa, burda nə gəzirik?
Stolların birinin arxasında Ceyhun Mirzəyevlə
Aydın Dadaşov və iki nəfər də ayrı adam
oturmuşdu. Onlar da Rəmişi görəndə
qalxmışdılar ayağa. Rəmiş onlara
yaxınlaşdı, salamlaşdı və oturdu.
Üzünü tutdu Aydına:
- Məllim, noluuf, yağınız daşıf, yoxsa
toyunuz var? Bu qonaxlar kimdi?
Ceyhun:
- Rəmiş, tanış ol. Bu, dünyanın ən
məşhur rejissorudu, yanındakı da operatorudu. Moskvadan
durub gəliblər bura sənin dalınca.
- Xeyirdimi, toyları var?
- Sən də hər şeyi toyla ölçürsən.
Rəmiş ayağa qalxıb hər ikisinə
özünü təqdim elədi. Onlar da özlərini təqdim
elədilər.
- Rəmiş!
- Leonid!
- Vladimir!
- Rəmiş!
Ceyhun:
- Rəmiş, məşhur skripaç Paqaninini
eşitmisən?
- Eşitmişəm.
Aydın:
- Qaqa, bu rejissor Paqanini haqqında dörd seriyalı
kino çəkir. Bütün dünyada göstərəcəklər.
Ceyhun:
- Səni ves mir tanıyacaq.
- Maa ves mir lazım döyül, Azərbaycanda
tanıyıllar dədəmə də bəsdi.
Aydın:
- Yenə boş-boş danışma, qulaq as. Bu rol
üçün sənə iyirmi-iyirmi beş min manat da pul
verəcəklər. Film geniş yayılandan sonra əlavə
də pul verəcəklər.
- Aydın, qaqa, mənnən pulnan danışma dana.
Bilirsən ki, mən pul xoşluyan adam döyüləm.
Ceyhun neçə ildi filmə çəkilmir, onu çəksinlər
də, gül kimi aktyordu. Mən aktyor döyüləm ha. Mənim
bir rolum var, o da Rəmiş. Hələ ki pis də
oynamıram. Bir də ki bunlar məni hardan tanıyır?
Bayaqdan susub oturmuş Leonid dilləndi:
- Səni bizə jurnalist dostlarımız məsləhət
görüb.
- Bəs onlar hardan tanıyır?
- İki-üç il bundan qabaq onlar bütün
İttifaqı gəzib sonra da yol təəssüratlarını
yazıblar. Azərbaycanda sənin də qonağın olublar.
Bir yerdə bir neçə şəkliniz var. Mənə
göstərdilər, gördüm ki, heç kastinq eləmək
lazım deyil, əsl Paqanini sənsən. Xarakterini, jestlərini,
hətta qəribə maşın sürməyini
danışdılar.
(Ardı var)
Aqil Abbas
525-ci qəzet .- 2025.- 4 noyabr (¹201).- S.12-13.