"Azad olunmuş ərazilərimizə
köç prosesi yeni mərhələyə qədəm
qoyub"
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış
davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə
köç edənlər ölkənin müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir. Ağdamın
Xıdırlı kəndinə bu mərhələdə 24
ailə - 124 nəfər köçürülüb.
Xıdırlı kəndi Ağdam şəhərinin
şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə
yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma
mərasimində Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən
ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və
2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin
köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə
tutulur.
Birinci mərhələ üzrə layihələndirilən
ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə
kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin
köçürülməsi planlaşdırılır.
Birinci mərhələdə kənddə 719 fərdi evin
inşası həyata keçirilib ki, onlardan da 263-ü iki,
332-si üç, 121-i dörd, 3-ü isə beş
otaqlıdır. Bundan başqa, kənddə zəruri
müasir sosial infrastruktur, o cümlədən inzibati və
xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati
binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin,
təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə
işçilərinin müvəqqəti
yaşayışı üçün qonaq evinin, məişət
xidməti obyektinin, emalatxananın, tam orta məktəbin,
körpələr evi-uşaq bağçasının
inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən
20 faizi yaşıllıqlardan ibarətdir.
İşğaldan azad olunan ərazilərimiz
arasında Ağdam şəhəri xüsusi yer tutur.
Çünki bu şəhər ermənilər tərəfindən
xüsusi amansızlıqla dağıdılıb. Belə ki,
oranı Qarabağın "Xirosiması" belə
adlandırıblar. 44 günlük Vətən müharibəsi
zamanı bir güllə də olsun atılmadan qaytarılan ərazilərimizdən
biri də Ağdam şəhəri olub. 2021-ci ildə Prezident
İlham Əliyev tərəfindən şəhərin
Baş Planı təsdiqlənib. O tarixdən bu yana Ağdam
"ağıllı infrastruktur", "yaşıl
enerji", ekoloji davamlılıq prinsipləri üzərində
yenidən qurulur. Şəhərdə indiyə kimi, 200 km-dən
çox yeni yol tikilib və ya bərpa olunub. 10-dan çox məktəb
və təhsil mərkəzi, şəhər xəstəxanası,
elektrik stansiyaları artıq layihələndirilib və
bunların tikintisi gedir. 190 hektarlıq sahədə 20-dən
artıq müəssisə üçün şərait
yaradan Ağdam Sənaye Parkı salınıb və fəaliyyətə
başlayıb.
Ağdamda yaradılan sənaye və kənd təsərrüfatı
zonaları artıq real iqtisadi fayda gətirməyə
başlayıb. Ağdam Sənaye Parkında 20-dən çox
sahibkara yer ayrılıb. Texnopark və logistika mərkəzləri,
aqrar klasterlər və istehsalat sahələri yaxın illərdə
bölgəyə böyük sərmayə cəlb etməyi
hədəfləyir.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi
Emin Hüseynov bildirib ki, azad edilmiş ərazilərdə bərpa
və yenidənqurma işləri vahid Baş Plan
konsepsiyası əsasında həyata keçirilir: "Son beş
ildə baş verən proseslərin şahidi olmaq,
Qarabağda bərpa prosesinin bir parçası kimi
çıxış etmək böyük qürurdur".
Millət vəkili Şahin İsmayılov deyir ki, otuz
il ərzində işğal altına qalan, vandalizmin
qurbanı olan Qarabağ və Şərqi Zəngəzur bu
gün nəinki Azərbaycanın, artıq regionun inkişaf
etmiş bölgələrindən birinə çevrilməkdədir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə
aparılan bərpa prosesi nəticəsində tarixi
torpaqlarımız artıq mötəbər tədbirlərə
uğurla ev sahibliyi edir: "Prezident İlham Əliyevin azad
olunmuş torpaqlarımıza mütəmadi olaraq həyata
keçirdiyi səfərlər, işlərin gedişi ilə
şəxsən tanış olması, müvafiq
tapşırıq və göstərişlərin verilməsi
quruculuq prosesinin uğurla və sürətlə
reallaşmasını şərtləndirən əsas amillərdəndir.
Artıq doğma torpaqlarımıza qayıdan 50 mindən
çox insan 16 şəhər və kənddə
böyük qürur hissi ilə yaşayır,
çalışır və ya təhsil alır. Bir neçə
gün əvvəl Azərbaycan və
Qırğızıstan prezidentləri Ağdamın
Xıdırlı kəndinin 1-ci mərhələsinin
açılışını etdilər. Beləliklə, müasir
infrastrukturun qurulduğu bu kəndimiz də artıq öz
doğma sakinlərini qarşılayır".
Politoloq Tural İsmayılovun sözlərinə
görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə
köç prosesi artıq yeni mərhələyə qədəm
qoyub. Bu, sadəcə demoqrafik və sosial layihə deyil, həm
də dövlətçilik baxımından strateji bir bərpa
proqramıdır. Qarabağ və Şərqi Zəngəzurun
dirçəlişi həm tarixi ədalətin bərpası,
həm də milli iradənin təntənəsidir. Dövlət
bu prosesi tələsik deyil, planlı şəkildə həyata
keçirir: "Hər bir qayıdış əvvəlcə
infrastrukturla başlayır, yollar, enerji xətləri, su təchizatı,
rabitə və sosial obyektlər bərpa olunur. Bu,
köçün emosional yox, dayanıqlı əsaslarla təmin
edildiyini göstərir. Ağdam, Ağalı, Talış,
Laçın, Füzuli, Zəngilan, Tərtər və digər
bölgələrdə artıq müasir şəhərsalma
nümunələri formalaşır. Prezident İlham
Əliyevin "bərpa yox, yenidən qururuq" ifadəsi bu
prosesin fəlsəfəsini aydın izah edir. Dövlət
yalnız dağıntıları aradan qaldırmır, həm
də gələcəyin Qarabağını -
ağıllı, yaşıl, təhlükəsiz şəhərləri
ilə yeni regional model yaradır. Bu, həm ekoloji, həm
texnoloji, həm də sosial baxımdan unikaldır.
Köç edən hər bir ailə üçün sosial dəstək
mexanizmləri formalaşdırılıb. Təhsil, səhiyyə,
məşğulluq və kənd təsərrüfatı sahəsində
layihələr eyni vaxtda icra olunur. Məqsəd, sadəcə
insanları doğma torpağa qaytarmaq deyil, onların orada
sabit, rifahlı həyat qurmasını təmin etməkdir. Bu
gün Qarabağa qayıdan insanlar yalnız sakin deyil, milli
dirçəlişin canlı simvollarıdır. Onlar
torpağın bərpası ilə bərabər, Azərbaycanın
gələcəyinə yeni enerji gətirirlər. Dövlətin
əsas siyasəti budur: hər bir qayıdış tək bir
ailənin deyil, bütöv xalqın
dönüşüdür. Azərbaycan bu gün həm
fiziki, həm mənəvi coğrafiyasını bərpa edir.
Qarabağa dönüş təkcə bir yolun deyil,
bütöv bir tarixin yenidən çəkilməsidir".
Millət vəkili Kamran Bayramov qeyd edib ki, Böyük
Qayıdış proqramı çərçivəsində
həyata keçirilən məqsədyönlü tədbirlər
və genişmiqyaslı quruculuq işləri artıq öz
real nəticələrini verməkdədir: "Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və
infrastruktur layihələrinin ardıcıl və uğurlu
icrası bu bölgələrin sürətlə dirçəlməsinə
və həyatın yenidən canlanmasına zəmin
yaradıb. Böyük Qayıdış proqramı çərçivəsində
həyata keçirilən məqsədyönlü tədbirlər
və genişmiqyaslı quruculuq işləri artıq öz
real nəticələrini verməkdədir. Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və
infrastruktur layihələrinin ardıcıl və uğurlu
icrası bu bölgələrin sürətlə dirçəlməsinə
və həyatın yenidən canlanmasına zəmin
yaradıb. Böyük Qayıdış təkcə
köç prosesi deyil, bu, həm də milli ruhun, tarixi ədalətin
və hüquqi əsasların bərpasıdır. Prezidentin
"Heç bir xarici qüvvə bizim iradəmizə təsir
edə bilmədi" fikri isə Azərbaycanın müstəqil
və qətiyyətli siyasətinin bariz nümunəsidir.
Dövlət başçısının bu səfərləri
və verdiyi mesajlar bir daha sübut edir ki, Azərbaycan
xalqı yalnız döyüş meydanında deyil, quruculuq və
dirçəliş sahəsində də qalibdir. 2026-cı
ilin sonunadək "Böyük Qayıdış"a dair I
Dövlət Proqramı çərçivəsində
Qarabağ və Şərqi Zəngəzura 140 min vətəndaşın
köçürülməsi planlaşdırılır ki,
bu da Azərbaycanın artan iqtisadi gücü, sosial
planlaşdırma imkanları və siyasi iradəsinin bariz
göstəricisidir. Bu, təkcə miqrasiya prosesi deyil, həm
də illərlə işğal altında qalmış ərazilərin
sosial-iqtisadi reabilitasiyası, təhlükəsiz, davamlı və
ləyaqətli yaşayış üçün şəraitin
yaradılması deməkdir. Hazırda azad olunmuş bir
çox ərazilərdə keçmiş məcburi
köçkünlər məskunlaşıb. Bununla
yanaşı, bu bölgələrdə dövlət
qurumlarının yerli nümayəndəlikləri fəaliyyət
göstərir, müxtəlif sahələr üzrə
mütəxəssislər - müəllimlər, həkimlər,
mühəndislər, sahibkarlar, turizm işçiləri və
ictimai xidmət əməkdaşları daimi əsaslarla burada
çalışır və yaşayır. Ümumilikdə,
50 minə yaxın insan artıq bu ərazilərdə həyatına
davam edir ki, bu da Böyük Qayıdış prosesinin
yalnız başlanğıc mərhələsi olmaqla
yanaşı, real və davamlı uğurların əyani təsdiqidir.
Bu məskunlaşma və inkişaf strategiyası Azərbaycanın
gələcək üçün yaratdığı sabitlik,
sosial ədalət və vətəndaş rifahı modelinin
bir parçasıdır".
Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan
xalqının sarsılmaz iradəsini Qarabağa və Şərqi
Zəngəzura qayıdan soydaşlarımızın
timsalında aydın şəkildə görürük. Hər
zaman irəlini hədəfləyən, strateji baxışla gələcəyə
hesablanmış addımlar atan Azərbaycan bu gün təkcə
regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, təşəbbüskar
dövlət kimi tanınır: "Qarabağ və Şərqi
Zəngəzurda həyata keçirilən bərpa və
inkişaf proqramları, "Böyük
Qayıdış" çərçivəsində
reallaşan sosial layihələr, beynəlxalq sülh və əməkdaşlıq
təşəbbüslərindəki fəal iştirak ölkəmizin
artan nüfuzunu bir daha təsdiqləyir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü
siyasət Azərbaycanın dayanıqlı
inkişafını təmin etməklə yanaşı, onu
yeni dövrün çağırışlarına cavab verən
güclü və müasir dövlət kimi
formalaşdırır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 4 noyabr (№201).-S.11.