Qalib olmaq
"Qələbə" sözü necə gözəl
duyğular yaradır. Qalib olmaqdan gözəl nə var?! Adicə
dərs prosesində təkrar və ya mövzuyla bağlı
sorğu keçirirsən, "kim birinci olacaq" deyə.
Birincilik, yəni qalib olmaq uğruna mübarizə
başlayır. Qalibin üzündəki ifadə yaşamaq
gücü verir, sabaha aparır, inam yaradır. Qalib olmaq
ağrılardan, ağırlıqdan qurtulmaqdır. Qalib olmaq
zəncirləri qırıb atmaqdır. Qələbə namərdlik
edən, vəhşiliyi ağla sığmayan, illər, əsrlər
boyu torpağına göz dikən düşməndən
torpaqlarını almaqdır. Belə düşmənin varsa,
qələbə asan olmayacaq, qurbanlar verəcəksən.
Canından keçməyə hazır olacaqsan. Vətən
savaşının igidləri kimi: Ərənlərim... Sizdən
sonra yağış yağır... Sizdən sonra dayanmır
yağış, dəyişib yağış da... Ana, ata,
bala, sevgili səsi var yağışda. Sizdən sonra
danışır yağış. Sizdən sonra
çoxalıb yağış. Arzulara hopub qarışır
torpağa Azadlıq ətri gəlir torpaqdan...
Azadlıq ətri nə gözəldir.
İşğalda olan torpaqların azadlığı ruhun
azadlığıdır elə bil. Var olmanın
azadlığıdır. Müharibələri insanların
insanlığa xəyanəti hesab edirəm əslində.
Kaş ki, insanlıq, sülh qalib olaydı. Amma qonşun
xaindirsə, torpağına göz dikirsə, silahı yerə
qoymayacaqsan. Ləyaqətini ləyaqətsizdən qoruyacaqsan.
Qonşun xaindirsə, unutmayacaqsan xəyanətlərini.
Unutmayacaqsan! Namərdlə qonşusansa, ayıq-sayıq
olacaqsan! Əslində yaşadıqlarımız
unutqanlığımızın cəzasıdır. Erməni
xəyanəti, vəhşiliyi əsrlərin yaddaşıdır
artıq. Tariximizdir. Öyrəndikcə onlara deyil,
özümüzə heyrət edirəm. Necə bu qədər
unutqan ola bilmişik? Bu qədər
bağışlamışıq? Güzəştə
getmişik. Hər şeyi unutmaq, həmişə
bağışlamaq olmur. Bağışlamağın sonucu həmişə
böyüklük deyil. İllərdir dövlətimizin rəhbəri
Ali Baş Komandan sülh yolu ilə, danışıqlarla,
bütün insani qanunlarla Ermənistanın işğal etdiyi
torpaqlarımızdan çıxmasına
çalışırdı. İllərdi atəşkəsi
qorumağa çalışırdı dövlətimiz.
Müharibənin fəlakət olduğunu bilirik. Amma fəlakət
qonşundursa, bir gün səbrin daşar və yumruğun
qalxar, dəmirə dönər, düşmənin
başına enər. Nə yaxşı ki, bu, güclü
olmanın göstəricisi deyil, bu, haqqını
qorumaqdır, ədaləti, həqiqəti qorumaqdır. Bu, həm
də güclü olmağın göstəricisidir. Nə
olursa olsun, dövlətini qorumalısan, torpağını
qorumalısan.
Adın gələndə nəfəsim dayanır Vətən.
Sənin uğruna yaşamaqdan gözəl nə var?! Səni
azad görməkdən ötə nə olar?!
Torpaqlarını xainlərin xəyanətindən azad etməkdən
uca hansı qəhrəmanlıq var?! Bunu yaşamaqdan
üstün hansı duyğu var?! Sənin uğruna Qalib olmaq
müqəddəslikdir! Qələbə günü müqəddəsdir.
Qələbən mübarək əziz xalqım! Müqəddəs
günün mübarək!
Yurdum
Azərbaycan, Ulu yurdum
Qələbədir sənin adın,
Bu adını yaşadacaq
Yenilməyən məğrur Ordun.
Azərbaycan, igidlərin torpağına and içdilər.
Düzlərinə, çöllərinə qələbədən
don biçdilər.
"Əziz Şuşa, sən azadsan,
Sən azadsan, Qarabağım"
deyən səsin sədasında
gülümsəyir bu torpağın.
Azərbaycan, gözün aydın,
Əbədidir Zəfər günün.
Bu dünyanı heyran qoydu
Qalibiyyət təbəssümün.
Bu qələbən, bu zəfərin ədalətin zəfəridir,
Əsrlərdən keçib gələn həqiqətin
zəfəridir.
Zəfər yolu dünənimin bu günümə
heyrətidir,
Bu qələbən, Zəfər günün tariximin
həsrətidir.
Zəfər günü!
Tarixindən işğal sözün pozanların,
Qələbənin tarixini yazanların,
Adım vətən deyənlərin şad
günüdür,
bayrağını geyənlərin ad
günüdür!
Ədalətin qələbəsi
Qələbə bayramı, zəfər
günüdür,
Yenilməz qüdrətli Azərbaycanım.
Haqqın, ədalətin hünər
günüdür,
İgidlər sərvətli Azərbaycanım.
Arpların məskəni, ey odlar yurdu
Səni sevənlərin adı vətəndi.
Mübariz hikmətlər, poladlar yurdu
Sənli sabahların dadı vətəndi.
Adın and yerimiz, səcdəgahımız
azadlıq ətirli torpağın kimi.
Şöhrətin günbəgün ucalır vətən
Azadlıq çətirli bayrağın kimi.
Ətrinə qarışır
xarıbülbülün
"Sən azadsan əziz Şuşa" sədası.
Tarixinə yazdı qələbə günü
"Sən azadsan" deyən səsin nidası.
Azərbaycan, əsrləri heyran qoyan,
qayalarda çiçək açan ərənlərin
Ölmək üçün yaşayan yox,
yaşamaqçün ölənlərin,
Səni ana bilənlərin,
azadlığın havasına dönənlərin
diyarısan.
Zəfər günün həqiqətin zəfəridir,
Vətən dolu ürəklərdə məhəbbətin
zəfəridir.
Sevgilərin ən gözəli
Sən sevgiyə heyrətimsən.
səni bütün varlığımda ruhum kimi
daşıyıram
ölüm nədi bilmirəm ki,
ölmürəm ki, torpağınla yaşayıram.
Neçə dərdli gecələrin işıq dolu
səhərisən
əsrlərdən keçib gələn
ağrılara zəfərimsən.
Sənə canım demirəm ki, ana vətən.
Canımdan mənə əzizsən.
Axı Candan qurban olur
Tək vətəndən qurban olmur.
öz sevgimlə
yağış kimi düzlərinə yağardım
mən.
Bacarsaydım səni elə qarış-qarış
ürəyimə yığardım mən.
Azərbaycan məmləkətim!
Səni sevmək səadətim.
Səni sevmək heç vaxt səndən
doymamaqdı.
yerə göyə sığmamaqdı.
Səni sevmək hər an səni qorumaqdı.
Azərbaycan Məmləkətim.
Səni sevmək səadətim, ay gözəlim.
Səni sevmək sevgilərin ən gözəli.
Kamalə ABİYEVA
525-ci qəzet .- 2025.- 6 noyabr (№203).- S.14.