Gələn ilin dövlət
büdcəsi nə vəd edir?
Azərbaycanın 2026-cı il üzrə dövlət
büdcəsi layihəsi artıq açıqlanıb.
Büdcənin ümumi həcmi 41,5 milyard manat olaraq
planlaşdırılır və bu məbləğin 44 faizi
vergi gəlirləri hesabına formalaşacaq. Bu göstərici
fiskal siyasətin daha sərt və daxili mənbələrə
əsaslandığını göstərir. Lakin bu
yanaşma həm iqtisadi aktivlik, həm də sosial rifah
baxımından bir sıra riskləri gündəmə gətirir.
Vergi gəlirlərinin bu qədər yüksək paya sahib
olması hökumətin xərcləri qarşılamaq
üçün daha çox daxili resurslara güvəndiyini
göstərir. Bu, bir tərəfdən büdcənin
dayanıqlılığını təmin etsə də, digər
tərəfdən sahibkarlar və istehlakçılar üzərində
əlavə yük yaradır. Xüsusilə kiçik və
orta biznes subyektləri üçün bu, əməliyyat xərclərinin
artması, investisiya imkanlarının azalması və qiymət
siyasətində sərtləşmə ilə nəticələnə
bilər.
Vergi yükünün artması təkcə biznes sahələrinə
deyil, istehlak sektoruna, xüsusilə də qida məhsullarına
birbaşa təsir göstərə bilər. Əgər idxal
olunan məhsullara və yerli istehsala tətbiq edilən vergi
yükü artarsa, bu, ərzaq qiymətlərində yüksəlişə
səbəb ola bilər. Qida sektoru həm xammal, həm də
logistika baxımından həssas sahədir və vergi
artımı bu zəncirin hər halqasına təsir edə
bilər. Bu isə əhalinin gündəlik xərclərində
artım yarada bilər.
Mərkəzi Bank uzun müddətdir sabit məzənnə
siyasətini qoruyur və ABŞ dolları 1,7000 manat səviyyəsində
saxlanılır. Lakin büdcənin vergi yönümlü
formalaşması, neft gəlirlərinin dəyişkənliyi
və idxalın yüksək payı nəzərə
alındıqda, manatın məzənnəsində dəyişiklik
ehtimalı tam istisna edilmir. Qlobal enerji bazarlarında qiymətlərin
enməsi və geosiyasi gərginliklər bu riski artıran
amillərdir.
Manatın sabitliyi qorunsa belə, vergi yükü və
idxal asılılığı səbəbindən inflyasiya təzyiqi
2026-cı ildə daha hiss olunan ola bilər. Ərzaq, enerji və
gündəlik istehlak mallarında qiymət artımı
ehtimalı yüksəkdir. Büdcə layihəsində neft
fondunun transfertləri və dövlət borclanması da nəzərdə
tutulur. Lakin bu mənbələrin həcmi məhduddur və
uzunmüddətli dayanıqlılıq üçün kifayət
etmir. Vergi yükünün artması, əslində, bu
alternativlərin yetərsizliyinin göstəricisidir.
2026-cı il büdcəsi fiskal cəhətdən daha
sərt və vergi yönümlü olacaq. Bu, iqtisadi sabitliyi
qorumaq üçün atılmış addım kimi qiymətləndirilsə
də, devalvasiya riski, inflyasiya təzyiqi və qida sektorunda
qiymət artımı ehtimalı kimi risklər də
mövcuddur. Hökumətin bu riskləri balanslaşdırmaq
üçün monetar və struktur islahatlara ehtiyacı var.
Azalma dinamikası belə davam edərsə...
Azərbaycanın 2026-cı il üçün
dövlət büdcəsində diqqətçəkən məsələ
Dövlət Neft Fondundan dövlət büdcəsinə
transfertin məbləğinin 2025-ci illə müqayisədə
11,95 faiz və ya 1 milyard 731 milyon manat azalmasıdır. Belə
ki, bu il büdcə 14 milyard 481 milyon manat
proqnozlaşdırılsa da, gələn il 12 milyard 750 milyon
manat nəzərdə tutulur. Əgər azalma dinamikası belə
davam edərsə, 2033-cü ilin ortalarında transfert
sıfıra çatacaq. Təbii ki, bunun ehtimalı yüksək
deyil. Bəlkə gələn il neft qiymətləri elə
qalxacaq ki, 2027-ci ildə daha çox transfert edərək
müxtəlif dövlət investisiya layihələri icra olunacaq.
Hər halda, budəfəki transfert həcminin
azaldılmasının əsas səbəbi neftin ehtimal edilən
qiymət enişidir. Neft qiymətinin qalxması da bu həcmi
yenidən qaldıra bilər və bu ehtimal yüksəkdir.
Yaxın illərdə neft qiymətlərinin ortalama 60
dollardan aşağı olması ehtimalı çox yüksəkdir
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,
2026-cı ildə dövlət büdcəsinin gəlirləri
38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da
2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə
müqayisədə cəmi 67 milyon manat və yaxud 0,2 faiz
çoxdur. Bu, çox aşağı rəqəmdir və
iqtisadiyyatda problemlərin olduğunu açıq göstərir:
"2026-cı ildə dövlət büdcəsinin xərcləri
2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə
müqayisədə 141 milyon manat və ya 0,3 faiz artımla 41
milyard 548,6 milyon manat proqnozlaşdırılır".
Ekspert qeyd edib ki, büdcə gəlirlərindəki
cüzi artım xərclərdə də mikroskopik artım
yaradıb və bu artımlar ölkənin
qarşısında duran çağırışlara cavab
vermir: "Maliyyə Nazirliyi yaxın 4 il üçün
büdcə parametrlərində neftin orta qiymətini 65 dollar
kimi götürmək və hesablamalarını bu qiymətlə
aparmaq niyyətindədir. Hökumət çox optimist
yanaşır. Geosiyasi gərginliklər azalsa, sırf
makroiqtisadi vəziyyətə, ABŞ və OPEC+ ölkələrinin
hasilatın artım dinamikasına görə, yaxın illərdə
neft qiymətlərinin ortalama 60 dollardan aşağı
olması ehtimalı çox yüksəkdir. Lakin hökumət
daha yüksək qiymət ortalaması ilə hesablamalar
aparır. Bunun səbəbi sadədir - neftin proqnoz qiymətlərinin
hər 5 dollar aşağı götürüləndə
büdcənin gəlir hissəsində ciddi azalmalar olur. Demək
olar ki, büdcə gəlirləri artmır - 2026-cı ildə
cəmi 67 mln. artım proqnozlaşdırılır. Əgər
2026-cı ildə orta qiyməti 60 dollar götürsələr,
büdcə gəlirləri 2025-ci ilə nisbətən
azalacaq, xərclər isə az da olsa artmalıdır. Bu halda
iki yol qalacaq - ya Neft Fondundan daha çox vəsait
götürülməlidir, ya da büdcə kəsri kəskin
artmalıdır. Ona görə də hökumət
arzuladığı, görmək istədiyi qiyməti proqnoz
parametrlərinə daxil edir. Sözün qısası,
2026-2029-cu il proqnoz rəqəmləri və 2026-cı ilin
ilkin büdcə göstəriciləri açıq-aydın
göstərir ki, iqtisadiyyatda ciddi problemlər mövcuddur. Hətta
ən optimist yanaşma ilə hesablayıblar, yenə də
problemləri gizlətmək mümkün olmayıb".
Mülki müdafiə xarakterli xərclər yenə
üstünlük təşkil edir
İqtisadçı ekspert Rauf Qarayev bildirib ki, 2025-ci
il üçün büdcə proqnozlarında da
vurğulanmışdı ki, gəlirlərin bir hissəsi cərimələrin
yığılması hesabına formalaşacaq. Vergi və
gömrük rüsumlarının toplanması ilə
yanaşı, əmlak məsələləri üzrə
qurumların da bu prosesdə payı nəzərdə tutulur.
Bundan əlavə, xarici investisiyaların cəlb olunması da
gəlirlərin artımına təsir edən əsas istiqamətlərdən
biridir.
İqtisadçının sözlərinə görə,
layihədə mülki müdafiə xarakterli xərclər
yenə üstünlük təşkil edir. Baxmayaraq ki,
hazırda sülh dövründəyik və hər hansı
münaqişə müşahidə edilmir, müdafiə
qabiliyyətimizin gücləndirilməsi prioritet olaraq
qalır. Bu səbəbdən də, mülki müdafiə ilə
bağlı xərclərin artımı əsas istiqamətlərdən
biridir: "Artım yalnız müdafiə sahəsində
deyil, sosial istiqamətdə də müşahidə olunur.
İnsanların sosial rifahının
yaxşılaşdırılması məqsədilə bu sahəyə
ayrılan vəsaitin payı da yüksəlib. Bununla
yanaşı, Qarabağda davam edən tikinti-quruculuq işləri
üçün vəsaitlərin artırılması
gözlənilir. Təhsil, səhiyyə və kənd təsərrüfatı
kimi sahələrdə də xərclərin artımı
proqnozlaşdırılır".
Gəlir və xərclərə nisbətən
büdcə kəsiri daha çox artacaq
Millət vəkili Vüqar Bayramovun sözlərinə
görə, 2026-cı ildə dövlət büdcəsinin kəsiri
3.1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən
büdcə kəsiri daha çox artacaq - 2.4 faiz. Dövlət
büdcəsində 1 barel xam neftinin qiyməti 65 dollar nəzərdə
tutulur. Qlobal neft bazarındakı volatilliyi nəzərə
aldıqda gələn il üçün 1 barel xam neftinin qiymətinin
65 dollar nəzərdə tutulması əvvəlki illərdən
fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. 1
barel xam neftinin qiyməti ilə bağlı əksər beynəlxalq
təşkilatların proqnozları 50-60 dollar intervalında dəyişir:
"Gələn ilin dövlət büdcəsinin gəlirləri
ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin
ümumi daxilolmalarda payının 57.4 faiz
proqnozlaşdırılmasıdır. Bu ölkəyə neft
pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri
neft-qaz sektorunun payı ilə bağlı rekord səviyyədir.
Bu il üçün bu göstərici 52.3 faiz nəzərdə
tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal
diversifikasiya siyasəti daha da dərinləşəcək və
neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə
neftdən asılılığın
minimumlaşdırılması baxımdan təqdirəlayiqdir.
Gələn il müdafiə və milli təhlükəsizlik
üçün 8.7 milyard manat ayrılacaq. İqtisadi fəaliyyətə
isə 7.6 milyard manat xərclənəcək. Sosial müdafiə
və sosial təminat üçün isə 4.8 milyard manat nəzərdə
tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərinin
büdcədə xüsusi çəkisi 11,7 faiz
proqnozlaşdırılır. Növbəti il sosial müdafiə
və sosial təminat üzrə xərclər 2025-ci illə
müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz qədər
çox olacaq. Qeyd edim ki, bu maddə üzrə xərclər
birbaşa sosial təminat xərclərdir. Bütövlükdə,
gələn il sosial xərclərin ümumi büdcə xərclərinin
40 faizindən çoxunu təşkil edəcəyi gözlənilir.
Gələn il hansı artımların olacağına gəldikdə
isə mövcud qanunvericiliyə əsasən 2026-cı ilin
yanvarından etibarən bütün növ əmək
pensiyaları indeksləşdirilərək artırılacaq.
Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə
edəcək. Bu xərclər büdcədə nəzərə
alınacaq. Digər istiqamətlər üzrə mənzərə
isə detal büdcə göstəriciləri ilə
bağlı məlumatlar təqdim olunduqdan sonra aydın
olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 4 noyabr (№201).- S.7.