"Böyük
Qayıdışın yeni mərhələsi Azərbaycanın
qüdrətinin daha bir təntənəsi olacaq"
Böyük Qayıdış proqramının
reallaşdırılması Azərbaycanın 44 günlük
Qarabağ müharibəsindən sonra başladığı
strateji bir yoldur və bu yolu dövlətimiz özü müəyyənləşdirib.
Məqsəd insanların doğma yurdlarına
qayıdışı və Qarabağ torpaqlarının yenidən
Azərbaycanın tam nəzarətinə keçməsidir.
Strateji baxımdan torpaqların bərpası, əhalinin məskunlaşdırılması
və bölgənin dirçəlməsi əsas hədəfdir.
İqtisadi planda yeni texnologiyaların tətbiqi, şəhərsalma
layihələri, infrastrukturun qurulması və kənd təsərrüfatının
inkişafı bölgənin gələcək perspektivlərini
müəyyən edir.
Millət vəkili Samir Vəliyevin fikrincə, Vətən
Müharibəsi başa çatdıqdan sonra ermənilər
və onların havadarları belə iddialar səsləndirirdilər
ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri bərpa
etməyə gücü çatmayacaq.
Dağıntıların miqyası doğrudan da böyük
idi. Otuz illik işğal dövründə erməni
vandalları şəhər və kəndlərimizi viran
qoymuş, sərvətlərimizi talamışdılar. Lakin
Azərbaycan dövləti müharibədən dərhal sonra
bu ərazilərin bərpasına başlaması bədxahları
növbəti dəfə məyus etdi. Yeni strateji mərhələdə
"Böyük Qayıdış" ölkəmizin beş
əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib.
Azərbaycan dövləti Qarabağı cənnətə
çevirmək və otuz il ərzində ağır məcburi
köçkünlük həyatı yaşamış
soydaşlarımızın doğma yurdlarına layiqli
qayıdışını təmin etmək əzmindədir.
O bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə
intensiv minatəmizləmə əməliyyatları
aparılır, iqtisadi, sosial təyinatlı müasir
infrastruktur yaradılır, yaşayış məntəqələri
yenidən qurulur və ərazilərin məskunlaşdırılması
uğurla davam edir. Bir sözlə, göz önündə
yeni Qarabağ formalaşır: "Prezident İlham Əliyev
azad edilmiş ərazilərin yenidən qurulmasını
şəxsi nəzarətində saxlayır ki, bu da layihələrin
daha sürətli və keyfiyyətli icrasına təsir
göstərir. 30 il ərzində əziyyət, mənəvi
əzab içində yaşamış köçkünlərin
qısa müddət ərzində öz doğma
torpaqlarına qaytarılması üçün mühüm
layihələr gerçəkləşdirilir. Məhz buna
görə də Qarabağ və Şərqi Zəngəzur
bölgəsində genişmiqyaslı abadlıq işləri
aparılır, şəhərlər, kəndlər yenidən
salınır. İşğaldan azad olunan ərazilərdə
tikinti-quruculuq işlərinin aparılması
üçün ilk növbədə yolların yenidən
çəkilməsi, körpü və tunellərin tikintisi
xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə
azad edilən ərazilərdə Prezident İlham Əliyevin
tapşırığına əsasən müasir yol
infrastrukturunun yenidən qurulması istiqamətində
genişmiqyaslı tikinti işləri həyata
keçirilib".
Prezident İlham Əliyevin vurğuladığı
kimi, köçkün həyatı çox ağır həyatdır.
Ancaq artıq o günlər arxada qaldı. Beş ilə
yaxındır ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edib və azad olunmuş
bütün torpaqlarda geniş quruculuq işləri gedir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilən "Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı"nın
icrasına indiyədək dövlət büdcəsindən təxminən
22 milyard manat vəsait yönəldilib. Təkcə cari ilin
yanvar-sentyabr aylarında bu ərazilərin yenidən
qurulması və bərpasına 2 milyard 900,9 milyon manat vəsait
xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur
layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə,
mədəniyyət və idman yönümlü layihələrə,
41 milyon manatı isə minalardan təmizlənmə işlərinə
ayrılıb. Hazırda azad edilmiş ərazilərdə 50
mindən çox insan yaşayır, çalışır və
təhsil alır. "Böyük Qayıdış"a dair
I Dövlət Proqramı çərçivəsində
Qarabağ və Şərqi Zəngəzur bölgələrinə
ümumilikdə 140 min insanın köçürülməsi
planlaşdırılır. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, birinci "Böyük Qayıdış"
proqramının icrasına Zəngilan rayonundan
başlanılıb.
Millət vəkili qeyd edib ki, Vətən Müharibəsində
Böyük Zəfərə imza atan Azərbaycan, həmçinin
Transxəzər marşrutunun yeni bir qolu olacaq Zəngəzur dəhlizinin
yaradılması istiqamətində israrlı mövqe sərgiləyir.
Bu marşrutun reallaşması ölkəmizin milli
maraqlarına tam uyğundur. Cari ilin avqustunda Vaşinqtonda Zəngəzur
dəhlizinin yaradılması ilə bağlı mühüm
razılaşma əldə olunub. Prezident İlham Əliyevin bəhs
olunan görüşdə bildirdiyi kimi, həm Zəngəzur,
həm də Araz dəhlizləri Zəngilandan keçəcək.
Burada müasir yol infrastrukturu qurulur, beynəlxalq səviyyəli
hava limanı inşa edilir. Bütün bunlar onu deməyə əsas
verir ki, Zəngilan gələcəkdə regionun mühüm
nəqliyyat qovşağına çevriləcək.
Mətbuat Şurasının İdarə Heyətinin
üzvü, media eksperti Müşfiq Ələsgərli qeyd
edib ki, "Böyük Qayıdış"
Proqramının ilk mərhələsi Azərbaycan
üçün mürəkkəb bir dövrə təsadüf
edib. Həmin mərhələ ölkənin suverenliyinin bərpası
uğrunda aparılan mübarizə ilə paralel şəkildə
həyata keçirilib. Qarabağ mövzusuna görə
diplomatik savaş halında olan, həmçinin ordunun
maddi-texniki imkanlarının gücləndirilməsi
üçün təxirəsalınmaz addımlar atmaq zərurəti
ilə üzləşən dövlətimiz paralel şəkildə
həm də "Böyük Qayıdış"
Proqramının ilk mərhələsini icra edib. Bu cür
çətinliklərə rəğmən, proqram səmərəli
şəkildə icra edilib. Onlarla kənd, qəsəbə,
şəhər keçmiş məcburi köçkünlərin
yaşayışı üçün hazır vəziyyətə
gətirilib. Regionda infrastruktur layihələri yüksək səviyyədə
təmin edilib. Minlərlə sakin öz doğma
yurd-yuvasına qayıdıb. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, işğaldan azad edilmiş torpaqlarda həyat yenidən
canlanır, Azərbaycan xalqı doğma yurduna qayıdaraq
yeni dövrün əsasını qoyur.
Onun dediyinə görə, ərazi
bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycan
əvvəlki gərginliyi aradan qaldıra bilib, diplomatik
savaşı uğurla başa çatdırıb. Dövlət
indi bütün diqqətini bərpa və quruculuq işlərinə
yönəldib. Bu baxımdan deyə bilərik ki,
"Böyük Qayıdış"ın yeni mərhələsi
Azərbaycanın gücünün, qüdrətinin daha bir təntənəsi
kimi təzahür edəcək. Prezident haqlı olaraq bildirdi
ki, "məqsəd təkcə dağıdılmış
kəndləri bərpa etmək deyil, həm də müasir
infrastruktur və sosial xidmətlərlə təmin edilmiş
yeni yaşayış standartları
formalaşdırmaqdır".
Ekspert vurğulayıb ki, Qarabağ və Şərqi
Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq
işləri Azərbaycanın artan iqtisadi gücünü,
dövlətin müasir inkişaf modelini və xalqın
birliyini əks etdirir. Hər bir layihənin keyfiyyətinə,
icra tempinə dövlətimizin başçısının
şəxsən nəzarət etməsi isə bu prosesin
strateji əhəmiyyətini təsdiqləyir. Aydın şəkildə
görünür ki, Prezident İlham Əliyev Qarabağ və
Şərqi Zəngəzurun timsalında həyata keçirilən
işləri xalqımız üçün yeni həyatın,
milli dirçəlişin və dayanıqlı
inkişafın simvoluna çevirir.
İqtisadçı eksprt Eyyub Kərimli deyir ki,
2026-cı ilə qədər "Böyük
Qayıdış" proqramının birinci mərhələsi
yekunlaşır və dövlət bu istiqamətdə
böyük işlər görüb, iqtisadi və digər
resursları ora yönləndirir: "Hesab edirəm ki,
minaların təmizlənməsi işi daha da sürətləndirilməli,
əhaliyə torpaq sahələrinin ayrılmasına
xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən,
torpaq sahəsi ayrılan ailələrə,
köçkünlərə həm də subsidiyalar və
güzəştli kreditlərin verilməsi faydalı olar. Bu,
insanların həmin ərazilərdə öz təsərrüfatlarını
və güzəranlarını qurmasına imkan yaradacaq. Mən
hesab edirəm ki, bu imkanlar təkcə məcburi
köçkünlərə deyil, ümumiyyətlə, Azərbaycanda
yaşamaq və orada fəaliyyət göstərmək istəyən
bütün vətəndaşlara yaradılmalıdır.
Torpaq sahələri ayrılmalı, insanlar orada müəssisələr
və yaşayış məhəllələri qura bilməlidirlər
ki, proses daha da sürətlənsin. Əlbəttə ki, ilk
növbədə biznes imkanları genişlənməli,
iş yerləri yaradılmalıdır. Bu baxımdan
kiçik sahibkarların və fermer təsərrüfatı
ilə məşğul olan insanların həmin ərazilərə
köçməsi daha məqsədəuyğun olardı. Bu,
həm biznesin inkişafına, həm də yeni iş yerlərinin
açılmasına təkan verər".
E.Kərimli əlavə edib ki, hazırda Qarabağda və
Şərqi Zəngəzurda ümumilikdə 40 minə
yaxın insan yaşayır və fəaliyyət göstərir.
2025-ci ilin sonuna qədər daha 20-yə yaxın
yaşayış məntəqəsinə keçmiş məcburi
köçkünlər qayıdacaq, beləliklə, 30-a
yaxın yaşayış məntəqəsində
keçmiş köçkünlər məskunlaşacaq:
"Keçmiş məcburi köçkünlərin
doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə
yaşamaları üçün dövlətimiz tərəfindən
genişmiqyaslı tədbirlər görülür. Prezident
İlham Əliyevin bəyan etdiyi kimi, təqribən 2-3 ildən
sonra əsas infrastruktur layihələri başa çatacaq və
ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək
məbləğ daha böyük olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 5 noyabr (№202).-S.15.