Çağdaşın
klassikası
Hekayə
"Gözlərini açanda özünü parkda,
bir ağacın altındakı skamyada oturmuş gördü.
Nə qədər cəhd etsə də, bura necə gəldiyini
xatırlaya bilmədi. Birtəhər qalxıb
addımladı. Qəribədir, yol həmin yol idi, ancaq ətraf
tamam fərqli. Addımlarını azca yeyinlətdi. Evə getməyə
qərar vermişdi. Qəribə duyğu, bir qorxu hissi onu tam əsarətinə
almışdı. Nəhayət, üzbəüz
dayandığı qapının zəngini basdı. Qapı
açıldı, ancaq..."
(Sürüşdürdü)
"Əksər hekayətlər belə
başlanır: Ya kimsə bir qəsəbəyə gəlir,
ya da kimsə bir qəsəbədən gedir..."
(Sevimli videolar toplusuna atdı)
Bunu görcək, sanki öz ifadəsiymiş kimi, ətrafındakı
hər kəsə eyni "kəlamı" döşəyən
Çağdaş, eyni bir dildən çıxan:
"Hay-küy salın! Çünki hay-küy hər dildə
eyni mənaya gəlir"
çağırışını həmişəkitək
bir qırağa atdı. Yəni...
(Yenə sürüşdürdü)
Haqqında absurd "dastanlar" yazılası qəhrəmanımız,
hərbi çağırışda boyunun yüz əlli
santimdən az-maz çox olub, çəkisinin üçrəqəmli
ədədlə işarələnməsinə lap yaxın
olduğunu görmüşdü.
Panda kimi ən azı bir həyat amalı olan heyvana
qarşı hörmətsizlik olar, bəlkə də, ancaq
Çağdaş, görünüşcə, eynilə o
heyvana bənzəyirdi. Qozbel gövdəsi özü də
böyük səbəbkar idi buna, ancaq ən son nə zaman
gördüyünü xatırlamadığı
atasının cibindən tökülən pulla getdiyi
bahalı kursun qapısından girməsi ilə bilindi ki, bu
panda görünüşü hər şeydən əvvəl
xasiyyətin təcəssümüdür.
Yeri gəlmişkən, Çağdaşın zənnincə,
məktəbi yenicə bitirsə də, xarici, daha doğrusu,
arzusunda olduğu Türkiyə siyasətinin içinə
atılmağa biraz gecikməsi idi bu bahalı kursa getməsinin
səbəbi. Bir ilini təsərrüfat ilə əlaqəli
bir fakültədə, buralarda yola verib ilin sonunda Ankaraya getmək
istəyirdi. Siyasəti, zibil yeşiyinin içinin
çeşidliliyi kimi, qarışıq sahələrdən
birini seçibmiş kişinin oğlu. Bu Türkiyə arzusu
da anasının işi ilə bağlı İstanbula
köçməli olduğundan doğan altı illik bir
"fürsət və xoşbəxtlik"
dövrünün həsrəti idi. Orada oxuduğu humanitar məktəbdə,
ətrafında gördüyü "Sağcı",
"Solcu", ateist, filan partiyanın gizli, lap elə
açıq-aşkar üzvü olan müəllimlərin və
onlara heyran şagirdlərin arasında olmaq imiş onun
üçün həqiqət. Bir dəfə, kiməsə
Türkiyədən iki il əvvəl buralara
qayıdışını nəql edərkən, bir az əvvəl
saydığım tipdən insanlardan, filan nömrəli məktəbə
keçməyini yerdən-yerə vuraraq, üstəgəl də,
sonrasında sanki bunun onun üçün bir önəmi
varmışcasına məktəbin neçə nömrəli
olduğunu yenidən vurğulayaraq gülmüşdü. Həmişə
də, son iki ildə, bura gəldikdən sonra olan və ya əslində
heç olmayan şeylərin, danışılmayacaq qədər
uzun məsələlər olduğunu deyirdi. Səbəbini
bilməsə də, anası ilə atasının evdə
olmadığından əmindi. Ona görə də, nənəsigilə
getməli oldu. Evə girən kimi nənəsi
"var-dövlətim" adlandırdığı
Çağdaşı öpdü, üstəlik, nataraz şəkildə
sallanan qarnından, qollarından çimdiklədi də:
- Qurban olaram sənə, Çağdaşım! Nənən
qurban! Qurban olaram balama!
Yemək masasına çatana qədər
Çağdaş, boyca hündür olduğu yeganə adam
olan bu yazıq qarıya diksinti,
hətta nifrət dolu baxışlarını bir an belə
gizlətmədən baxa-baxa gözlərini bərəltdi.
Onsuz da nənəsi onu qucaqlamaqdan başqa heç nə
etmirdi deyə, xoşbəxtlikdən "pandanın"
insanlara qarşı olan vəhşiliyi onun gözünə
görünmürdü. Uzun müddət
Çağdaşın adı belə həmişə min
hoqqadan çıxan adlar siyahısında
görünmüşdü ətrafındakılara. Lakin
burada! Çünki orada nə imiş: hər şey lazım
olan kimi! Olduğu yeri bəyənməmə sindromu idi onun ətrafa
"baxışı". Son iki ildə heç dost qazana
bilmədiyindən, o boyda şəhərdə
yaşıdlarından fərqli olaraq heç kimlə
görüşməmişdi. Düzü, şəhərlə
bağlı, demək olar, heç nə bilmirdi. Ancaq
Çağdaşın dilinə şəhər sözü
ilə bələdiyyə sözü hər zaman bir yerdə
gəlirdi. Kimsə təzə Mərkəzi parkın
çox gözəl olduğunu tövsiyə mahiyyətində
ona dedikdə, dərhal:
- Sonunda bələdiyyə də bir işə
yaradı! - demişdi. Özü də bunu həmişəki
qürurlu və özündənrazı gülüşü
ilə demişdi. Belə cavablar vermək onun niyə bu qədər
xoşuna gəlirdi axı?
Qavrayışı bir qutuya
sığışdırılmamış olan kimsənin
heyiflərlə dolu suallarından əvvəl,
Çağdaşın özünün də necə
olduğunu bilmədən, onun "İsmayıl
Şıxlını oxudum!" cəfəngiyyatından bəhs
edim. Söhbət "Ölüləri qəbiristanda
basdırın" hekayəsinin giriş hissəsindəki
obyekt alışından başlayır. Çağdaş,
obyekti almaq istəyən kişini əlində məlum marka
telefonu, dağ boyda maşınından düşən xəyal
etmiş, sonda gördüyü "stolovaya"
sözünü isə "McDonald's" bilmişdi.
Gün keçir, Çağdaş, Boliviya
seçkilərindəki qalmaqallara gülür, əsas da,
seçkilərin birinci mərhələsində qalib gələn
və ölkənin yeni prezidentliyə namizədi kimi öz vədlərini
əhaliyə car çəkən "Rodrigo Paz"ın
telefonunun oğurlanmasını xatırladıqca az qala ürəyi
keçirdi. Onun hekayəti metrostansiyalarda, ölkələrdə,
görüşlərdə, istərsə də seçkilərdə
cərəyan etdikcə ömür də keçirdi. Beli
get-gedə daha da əyilir, boyu get-gedə bir az da
qısalırdı. Çağdaş isə Fransa seçkilərində
ənənə dəstəkçisi partiyanın paytaxtda daha
az xal toplamasının ardından, gülməyinə davam
edirdi. Dəyişikliklərin toxunmadığı tək
şey onun kursda, ingilis dili dərsində ancaq hər hansı
bir dövlətdən və ya tarixi hadisədən söhbət
düşdükdə müəllimənin sözünün
arasına girməsi idi. Çağdaş, təəssüf
ki, köləsi olduğu "sürüşdürməli
videolarda" heç vaxt hansısa filosofun, müdrikin, lap elə
qoca bir "dünyagörmüş"ün dilindən siyasətin
gedişi barədə: "Ay bala, ekosistemdir! Bugünlə
sabahın fərqidir, baş qoşmaq lazım deyil" -
dediyini eşitməmişdi.
Universitetdə ilk dərs günü müəllim tələbələrdən
qısaca özlərini tanıtmalarını istədi.
Sıra Çağdaşa gəldikdə, o, ayağa
qalxdı və yüksək səslə dedi:
- Mən Çağdaş! İşıqfordakı
sarı işıq!
- Yəni nə o yanlıqsan, nə bu yanlıq?
Tələbələrin qəhqəhəsi dalğa
kimi vurub Çağdaşı yerinə mıxladı.
Bir il sonra birtəhər, borc-xərc ilə qəbul
aldığı Ankaradakı universitetdə
tanışlıq dərsinin ardından tarix müəllimi
Çağdaşa göz vurub Ahmet Kayadan bu sözləri
pıçıldadı:
"Behey sanat hırsızı
Behey üretme kabızı
Birazcık efendi ol
Bırak elinden şu sazı"...
Olan və olmayanın üstündə itirilən
canlardan, dağıdılan şəhərlərdən,
müdafiə edilən inanclardan bixəbər fikir əsrinin
hər kəsə tanıdığı "istədiyini səsləmək
azadlığı", daha doğrusu, xətrinə dəyilməsin
deyə varlıq göstərə biləcək bütün
fikirləri səsləmək məcburiyyəti yüzminlərlə,
hətta sonsuz sayda Çağdaşlar gətirdi
başımıza. Bu gün, gələnin-gedənin bəlli
olmadığı, qəhrəmana "anti"
sözünün
artırılıb-artırılmamasını dəqiqləşdirə
bilmədiyimiz bir "hekayəti" oxuyuruqsa, deməli,
"Ekosistem" dediyimiz şey öz axarında, layiqincə
irəliləyir.
Nə başı çıxır bataqlıqdan,
Hardan anlasın ayırmağın
hər zaman yaxşıdan yaxşını yox,
pisdən də yaxşını fərqləndirə
biləcəyini...
...Əgər indi bu yazılanların bitməməsinin,
yəni bu şeirin tale ümidinə buraxılmamasının
bir səbəbi varsa, deməli, kimsə bir acizi ortada buraxmamaq
üçün gecə-gündüz yazır və yazacaq.
Furqan Əliyev
525-ci qəzet .- 2025.- 5 noyabr (№202).-S.14.