Rəmiş
Povest
(Əvvəli ötən şənbə
sayımızda)
Rəmiş bir az fikrə getdi:
- Həə, yadıma düşdü Tiflisdən
toydan gəlirdim, Gəncəni keçəndə
gördüm bir Moskviç saxlayıf, kapodunu
qaldırıflar. Üç dənə də rus balası
düşüf maşınnan əlləşir. Qabaqlarına verib saxladım. Dedim
ki, dostlar, nolub, mənim maşından başım
çıxır. Amma gördüm ki, mən düzəldən
iş deyil. Dedim oturun mənim maşınıma, hara istəyirsiniz
aparım, sonra adam göndərərik gəlib
maşınınızı düzəldib göndərərlər.
Bir də soruşdum kimlərsiz və hara gedirsiz? Dedilər
jurnalistik, ölkəni gəzirik, bütün respublikalarda
olmaq istəyirik. Azərbaycanı
da gəzmişik, indi Bakıdan paromla Türkmənistana
keçəcəyik. Tanış olduq. Oturtdum maşınıma, sürdüm Gəncəyə.
Dostlara dedim ki, Qaiyə çatmamış bir Moskviç var
xarab olub, onu gətirin düzəldin, mən də bunları
aparım Göygölə, iki-üç saatdan sonra qayıdıb
gələcəyik.
Maşını sürdüm Hacıkəndə
meşənin içində bir restorana. Restoranın müdiri
məni görən kimi yüyürüb gəldi,
görüşüb-öpüşdü. Restorandakılar da
bizi öz stollarına dəvət elədilər,
hamısına təşəkkür edib özümüz
ayrıca oturduq. Baqatıy bir süfrə açdılar.
Biri içmədi ki, mən
maşın sürəcəm, mən içəndə
soruşdular ki, Qaidən qorxmursan? Güldüm, dedim ki,
bütün Qailər mənim dostlarımdı. Sonra da
restoranın gitaraçalanından gitaranı alıb bunlar
üçün rus bəstəkarlarının əsərlərini
çaldım. Çaşıb qalmışdılar. Elə
bil birinci dəfəydi gitaraçalan görürdülər.
Biri fotoaparatı verdi ofisianta, xahiş elədi ki, bizim şəkillərimizi
çəksinlər. Heç demə, mən gitara
çalanda da şəkillərimi çəkibmiş.
Soruşdular kiməm, mən də dedim Rəmiş, gitara
çalanam. Dedilər yəqin sən Leninqradda gitara
akademiyasını bitirmisən. Güldüm, dedim Ağdamda
Muzuçilişdə oxumuşam, onu da yarımçıq
atmışam. Sonra qayıtdıq ustaların yanına,
gördük maşın hazırdı. Mən də dedim ki,
bəs bilmirsiniz Moskviçlə yola çıxmazlar? Dedilər
ki, Moskviçi də reklam edirik, ona görə. Bu
Moskviç Londondan Sidneyə gedən yarışda qalib olan
Moskviçdir. Sonra da biri mənim maşınıma oturdu,
ikisi də onların düşdük Bakıya. Bir
yaxşı qonaqlıq da Şamaxıda verdim. Gəldik
Bakıya, apardım paroma, mindirdim gəmiyə, yola saldım
Krasnavodskiyə. Üstündən iki-üç ay
keçmişdi Şair dostum mənə bir qəzet gətirdi,
deyəsən, adı "Arqumentı faktı" idi.
Baxdım ki, bu boyda Azərbaycandan
bircə abzas yol qeydi yazıblar. Yazıblar ki, Azərbaycanda Rəmiş
adlı bir gitaraçıyla yol yoldaşı olduq,
barmaqları qızıl idi. Mən də hirsləndim ki, yəni Azərbaycanda
başqa şey görməmişdilər.
Leonid:
- Onlar da bütün bunları bizə
danışdılar, şəkilləri göstərdilər,
mən də şəkillərinə baxandan sonra
gördüm ki, əsl Paqaninisən. Durub Moskvadan gəldik
Bakıdakı dostlarımızın yanına, xahiş etdik,
onlar da səni tapdılar.
Rəmiş:
- Brat, mən aktyor döyüləm və bacarmaram. Bu
Ceyhun Azərbaycanın ən məşhur aktyorudu, elə onu
çək.
Ceyhun:
- Ə, məsləhət olsa məni çəkərdilər
də. İndi sənə yalvaraq?
Rəmiş qalxdı ayağa:
- Nə isə, durun, qonaqların başını
çayla aldatmayın. Gedək bir yerdə bir qismət
çörək yeyək, söhbətimizi orda edərik. -
dedi və stolun üstünə bir yüzlük atdı.
Hamı qalxıb oturdu Rəmişin
maşınına. Leonid öndə əyləşdi.
Rəmiş keçdi sükanın arxasına. Kürəyini yan pəncərəyə
söykədi və beləcə yola düşdülər.
Leonid maraqla onun tərs oturmağına və maşın
sürməyinə tamaşa edirdi. Gəldilər
"Çanaqqala"ya. Həyətdə adam çox idi. Rəmişi
görən kimi bəziləri gəlib onu bağrına
basdı, stollarına dəvət elədilər. O da
hamıya təşəkkür elədi, bir küncdə
ağacın altında oturdular. Ofisiantdan qabaq restoranın
inzibatçısı yüyürüb gəldi:
- Rəmiş, xoş gəlmisiniz.
- Sən belə elə, bir baqatı süfrə
aç. Asetrin, ikra, bir də qara quzunun kababı. Bunlara araq gətir,
mənə konyak.
Həyətin ortasında ansambl çalırdı,
onlar da Rəmişi görəndə ayağa durub
başlarıyla salam verdilər.
Leonid çəkinə-çəkinə dedi:
- Doğrudan sənin barmaqların qızıldı?
Rəmiş:
- Barmaqlarım adi barmaqdı, sadəcə olaraq sənin
barmaqlarından bir az uzundu, bir az da kobud. Mənim beynim
qızıldı.
Aydın:
- Rəmiş, mən ölüm, bir dur çal,
bunları dəli elə.
- Qaqa, mən ölüm niyə deyirsən? - dedi Rəmiş sonra qalxıb
yaxınlaşdı ansambla.
Gitaraçıya dedi:
- Brat, icazə versən bir balaca çalardım.
Gitaraçı:
- Buyur, Rəmiş.
Rəmiş keçib əyləşdi gitara
çalanın yerində, gitaranı götürüb öz
bildiyi kimi köklədi və başladı çalmağa.
"Sarı gəlin"də bir az gəzişdi, sonra qəribə
bir keçid eləyib "Lunnaya sonata"ya keçdi. Bir az
da orda gəzişəndən sonra gitaranı qoydu dizlərinin
üstünə, stəkanı da götürdü və bu dəfə
barmaqları ilə yox, stəkanla çalmağa
başladı. Özü də Paqanininin əsərlərini.
Stəkanı necə işlədirdisə, gitara skripka səsi
çıxarırdı.
Leonidin də, operatorun da gözləri
böyümüşdü. Təəccüblə deyirdilər:
- Bu neyləyir?
Ceyhun:
- Rəmiş budu da.
Restorandakılar qalxıb musiqiçilərin stolunun
üstünə pullar tökürdülər. Rəmiş
bir xeyli çalandan sonra dayandı, qalxdı ayağa,
gitaranı da verdi sahibinə, pulları da göstərib dedi:
- Bunların hamısı sizinkidi.
Gəlib oturdu. Oturan kimi də yüz qram konyak
içdi və bir siqaret yandırdı.
Leonid:
- Rameş, sən dahisən. Elədiyin
improvizasiyaları heç Cimmi Xendriks də edə bilməz.
Rəmiş:
- Cimmi məndən böyük sənətkardı.
Bir də onun altı tondu, yeddi tondu texnikası var. O
texnikaların köməyi ilə gitaranı
danışdırır, mən isə barmaqlarımla.
Leonid:
- Bəs Paqanininin əsərlərini hardan öyrənmisən?
Rəmiş güldü:
- Dörd-beş gün bundan qabaq darıxdım, durdum
getdim İtaliyaya Paqanininin yanına.
Leonid:
- Kimin yanına?
- Paqanininin.
Ceyhun:
- Rəmiş, bir az ciddi ol, bunlar ciddi adamlardılar.
Düşük-düşük danışma.
- Mən ciddi deyirəm. Paqanini ilə hələ fransız konyakı da
vurduq.
Leonid:
- Aydınçik, bu nə danışır?
Aydın:
- Heç, bu sadəcə olaraq Rəmişdi.
Rəmiş:
- Aydın, bunlar maa inanmadısa, mən burda artıq
adamam. Dostlarım məni
bağda gözləyir. Mən getdim, bu siz, bu da
qonaqlarınız. - dedi, maşının
açarlarını da verdi Aydına; - Səhər gəlib
maşını götürərəm.
Üzünü tutdu inzibatçıya:
- Hesab mənlikdi.
İnzibatçı:
- Hesabı müdir ödəyib, narahat olma.
Və Rəmiş yerində özünəməxsus
fırlandı, əlini qəribə şəkildə
qaldırıb vidalaşdı və çıxıb getdi.
Hamı pərt olmuşdu, ən çox da rejissor:
- Aydınçik, bu dəliymiş.
Aydın:
- Dəli olmasa, Rəmiş olmaz.
Ceyhun:
- Bu indiyədək nə televizora çıxıb, nə
radioya. Buraxmırlar. Yalnız toylarda çalır, ya da
ayda-ildə bir dəfə Filarmoniyada plan dolmayanda orda konsert
verir. Amma hamının evində lentləri var.
- Bizim Vısotski kimi.
- Hə, elə bir ağıldadılar.
***
Yorulmuşdu, çox yorulmuşdu. Yaşamaqdan da yorulmuşdu. Daha
doğrusu, yorulmamışdı ey, bezmişdi. Hamıdan
bezmişdi. Dostlarından da, curlarından da, boynuna atılmaq
istəyən qadınlardan da bezmişdi. Elə Rəmiş
olmaqdan da bezmişdi. Adətən belə halda maşına
oturub gedərdi kəndə, Kəhrizin üstünə.
İndi nə kənd vardı, nə də Kəhriz.
İçərişəhərdə bir evin pəncərəsinin
önündə bir daş vardı, hərdən hər
şeydən bezəndə gedib o daşın üstündə
oturardı, pərdəli pəncərəyə baxardı.
Gözünü yumub öz dünyasına çəkilərdi,
bir az yorğunluğu çəkilərdi.
"Baksovet"dən sağ çiyninin
üstündə, gözündə də böyük bir eynək
sallana-sallana düşürdü aşağı, Qoşa
qala qapısına tərəf. Belə bir yeriş yalnız
onun özünə məxsus idi. Düzdür,
yazıçı Anarın da həmişə bir çiyni o
birindən yüksəkdə olurdu yeriyəndə, yuxarı
qalxmış çiynindən də çanta salırdı.
Gənc yazıçılar da hamısı özünü
Anara oxşadıb çanta ilə gəzirdilər.
Onların çiynindəki çanta yalnız Anarın
çantasına oxşayırdı, özləri yox.
Gitara çalanlar da Rəmiş kimi yeriməyə cəhd
edirdilər, amma alınmırdı. Qədir Rüstəmov həmişə
deyirdi: "Gitara çalanların çoxu nəşə
çəkdi ki, Rəmiş olsunlar, amma qəmiş
oldular".
Axırıncı dəfə bu küçəylə
nə vaxt piyada getdiyini yadına salmağa
çalışdı. O vaxt universitetin bir neçə
fakültəsi sağ tərəfdəki Xalq Təsərrüfatı
İnstitutunun ikinci və üçüncü mərtəbəsində
yerləşirdi.
Bir dəfə Şair dostunu bir müəllim imtahandan
kəsmişdi, onda gəlmişdi
filologiya fakültəsinə, onun qiymətini
yazdırmağa. Saymazyana girmişdi dekanın yanına, dekan
da onu ayaq üstə qarşılamışdı. Dostunu
xahiş eləmişdi, dekan da demişdi, narahat olma, sən
get. Dekan istəmişdi ki, Rəmiş tez getsin,
çünki bütün tələbələr
yığışmışdılar dekanlığın
qarşısına - Rəmişi görmək istəyirdilər,
danışdırmaq istəyirdilər.
Dekanın yanından çıxanda gördü qəbul
otağında gözəl-göyçək bir katibə
oturub və Rəmişə elə mehribanlıqla baxır ki.
Qız Rəmişdən telefon nömrəsi istədi. O da əlini
atıb şalvarının arxa cibindən şah bir
yüzlük çıxartdı, qızın əlindəki
qələmi də alıb telefon nömrəsini
yüzlüyün üstünə yazıb verdi qıza.
Qapıdan çıxanda tələbələr
yığışdı başına, əksəriyyəti də
qız idi.
Üzünü Şair dostuna tutub dedi:
- Qaqa, heç utanmırsan, bir belə gözəl
qızın içində adam da kəsilərmi?
- Elə bu qızlar qoymur də oxumağa.
Nə soruşdularsa, cavab vermədi, bircə onu dedi ki,
iki gündən sonra Filarmoniyada konsertim var, kim istəyir gələ
bilər, amma gələndə gül gətirməyin,
xoşum gəlmir, özünüz gülsünüz.
Sol tərəfdə bir "Aydınlıq" kitab
mağazası vardı. Şair dostu həmin mağazadan Bəxtiyar
Vahabzadənin bir kitabını alıb ona vermişdi ki, al
oxu, adam ol, Bəxtiyar müəllim səni yaman çox istəyir.
O isə gecə evdə kitabı vərəqləmişdi,
amma oxumağa hövsələsi çatmamışdı.
Ömründə bircə kitab oxumuşdu, o da Şair dostunun
məsləhəti ilə "Netoçka Nezvanova".
Şair demişdi:
- Rəmiş, burda bir skripkaçıdan söhbət
gedir, özü də, taleyi də sənə oxşayır.
O da oxumuşdu, görmüşdü ki, o qədər
də oxşarlıq yoxdu. Çünki o skripkaçı təhkimli
kəndli idi, Rəmiş isə sovxoz direktorunun oğlu. O,
fağır adamıydı, Rəmiş isə
süpürülmüş yerdə dava kağızı
axtarardı, ömründə heç kəsin
qabağından qaçmamışdı. Düzdür, əsərdən
məlum olurdu ki, istedadlı adamdı, amma istedadını
sübut edə bilmir. Rəmiş isə istedadını
çoxdan sübut eləmişdi. Sonra əsərin qəhrəmanı
Avropadan gələn bir skripkaçının konsertinə
gedir. Görür o, dahidi, ondan yaxşı skripka
çalır, həmin axşam özünü
öldürür. Amma Rəmişə görə, ondan
böyük gitara çalan yox
idi ki, dinləsin, böyük olmadığını
görüb özünü öldürsün.
Skripkaçının həyatı qurtarandan sonra kitabın
arxasını oxumamışdı. Sonra Şair dostuna
demişdi:- Sən belə gij-gij kitablarla başını
doldurma, axırda onların gününə düşəssən.
Əslində Şair dostu çoxdan o
skripkaçının taleyini yaşayırdı.
Bir az aşağı yendi, sol tərəfdə foto
atelye vardı. Atelyenin vitrinindən həmişə
üç portret asılırdı: Bəxtiyar Vahabzadə,
Xudu Məmmədov və onun. Atelyenin sahibi onun portretini Xudu
müəllimlə Bəxtiyar Vahabzadənin arasından
asmışdı.
O da girmişdi içəri atelyenin sahibindən tələb
etmişdi ki, onun portretini vitrindən çıxarsınlar.
- Brat, mən kiməm ki, mənim portretimi o dahilərlə
bir sırada asmısan, özü də ortasında.
Atelyenin sahibi:
- Rəmiş, vallah, sən də dahisən.
Özü də hamı sənin şəklini görüb
girir bu atelyeyə. - Sonra da bir yığın foto göstərmişdi:
- Sənin şəkillərindi. Bura girən mütləq bu
şəkillərdən birini alır. Qoy çörəyimizi
qazanaq da.
O vaxt Bakıda dəb idi. Küçələrdə,
parklarda Hindistanın kino ulduzlarının - Raç Kapurun,
Racendra Kumarın, Şişi Kapurun, Nərgizin, eləcə də
özümüzün ulduzlarının - Poladın,
Müslümün, Zeynəbin, Rəmişin, Məmmədbağırın,
Ağadadaşın biri bir manatdan şəkillərini
satırdılar. Rəmişin cibində də həmişə
öz şəkilləri olardı. Biri deyəndə ki, Rəmiş,
çoxdandı görmürəm səni.
Çıxarıb şəklini verirdi ki, qoy cibinə,
darıxanda baxarsan.
Baxdı, artıq foto atelye yox idi. Vaxtilə onların
şəkilləri asılan vitrində indi qadın
paltarları, özü də alt paltarları
asılmışdı. Dayanıb xeyli baxdı və
güldü.
Yanından keçənlər ona salam verirdilər, o
isə başını yelləməklə cavab verirdi.
Əlyazmalar İnstitutundan döndü sağa, girdi
İçərişəhərə. Cavan vaxtı bu yerə
tez-tez gəlirdi, bəzən gecə saat 2-də. İkinci mərtəbədəki
pəncərədən bir qız həmişə gözləyirdi
ki, Rəmiş gələcək, üzbəüzdəki
daşın üstündə oturacaq və ona tamaşa edəcək.
Rəmiş bu qızı dəfələrlə
konsertində görmüşdü. Sonra dostlarından
qızın kimliyi ilə, harada yaşamağı ilə
maraqlanmışdı. Evlərinin yerini öyrənəndən
sonra həmişə gəlib pəncərə ilə üzbəüz
daşın üstündə otururdu. Bəzən xeyli
gözləyirdi ki, Qız nə vaxt pəncərədən
boylanacaq.
Ömründə heç kimi sevməmişdi. Onda
sevgi hissi yox idi. Birinci-ikinci sinifdə oxuyanda müəlliməsindən xoşu
gəlirdi, xüsusilə də onun saçlarını
sığallamağından. Sonra Ağdama köçdülər,
bir də o müəlliməni görmədi. Amma müəllimənin
barmaqlarının ətrini həmişə burnunda hiss edirdi.
Pəncərədən baxan Qıza isə sadəcə
vurulmuşdu. Və onunla görüşməyə də
heç vaxt cəhd göstərməmişdi. Eləcə gəlib
daşın üstündə oturur, Qızın
baxışlarından ləzzət alırdı.
Yenə oturdu həmin daşın üstündə. Pəncərəyə
pərdə çəkilmişdi və özü də
çox gözəl bilirdi ki, o pərdə bir daha
açılmayacaq və Qız ona tərəf boylanmayacaq. Yəqin
Qız çoxdan ərə gedib və day burda yaşamır
Bunu bilə-bilə o, yenə hətta gecələr
darıxanda da, gəlib bu daşın üstündə oturub
pəncərəyə boylanırdı. Küçədən
keçənlər Rəmişi görüb soruşurdular:
- Rəmiş, burda niyə oturmusan?
- Heç, burda oturmaqdan xoşum gəlir.
Yenə oturub pəncərəyə
baxırdı və qəfildən pərdə
açıldı. Bir qadın Rəmişə tərəf
boylandı və güldü. Və ilk dəfə kəlmə
kəsdilər:
- Rəmiş, uşaqlarla sənə çay göndərimmi?
Rəmiş də güldü:
- Pis olmaz.
Və qapı açıldı. İçəridən
bir oğlan uşağı çıxdı, əlində
bir stəkan çay, çayın yanında bir şokolad
Uşaq eynən Rəmişin özüydü. Rəmiş
uşağı görəndə əvvəl-əvvəl
çaşdı. Bir Allah
bilirdi ki, Rəmişin əli heç o qızın əlinə
də dəyməmişdi, bəs bu uşaq ona niyə bu qədər
oxşayırdı.
Səməd Vurğunun "Azərbaycan"
şeirindən başqa bir şeir bilməyən Rəmişin
yadına Şair dostunun aşağıdakı misraları
düşdü:
Belimdən gəlməsə də,
Tanıyıb bilməsə də
Mənə oxşayacaq
sevgimdən doğulan oğlun
Taleyi taleyimdən iraq.
Uşağı bağrına basdı, uzun
saçlarını qarışdırdı:
- Adın nədi?
- Mamam Rəmiş çağırır.
- Nə qəşəng adın var.
- Sənin də adın Rəmişdi. Mən də
gitara çala bilirəm.
Rəmiş yenidən oğlanın
saçını sığalladı, uzun barmaqlarına
baxdı və çayı içmədən qalxdı
ayağa, uşağa məni gözlə gəlirəm, deyib
getdi. Uşaq da nə edəcəyini bilmədi, çay əlində
oturdu daşın üstündə, Rəmişin yerində.
Anası pəncərədən baxıb gördü
Rəmiş yoxdu.
Dedi:
- Ay oğul, o getdi? Dur gəl evə!
- Mama, dedi gəlirəm.
Bir az keçmiş Rəmiş əlində bir gitara
döndü. Evindəki ən bahalı gitaranı gətirmişdi.
Dedi:
- Al, bağışdıyıram saa.
Və gitaranı verdi uşağa.
Uşaq gitaranı götürüb qaçdı evə:
- Mama, Rəmiş mənə gitara
bağışladı.
Anası istədi gitaranı qaytarsın, amma gördü
ki, Rəmiş gedib.
lll
Gecə toydan yorğun-arğın evə dönəndə
yenə gördü qapıdan bir kağız parçası
asılıb. Açıb oxudu. Yenə Aydın Dadaşovla
Ceyhun Mirzəyev yazmışdı: "Rəmiş, səni
and veririk Seyid Lazım Ağanın cəddinə, sabah
Kinostudiyanın çayxanasına gəl, vacib işimiz
var". Başını buladı, keçdi içəri.
Elə geyinili-geyinili özünü atdı divanın
üstünə, ayılanda gördü ki, günortadı.
Tez durub əl-üzünü yudu, elə yerə and
vermişdilər ki, getməmək olmazdı.
Maşını sürdü Kinostudiyaya.
Çayxananın həyətində məşhur kino
ulduzları oturub dərdləşirdilər, bəziləri də
şahmat oynayırdılar. Rəmiş hamıyla bir-bir
görüşdü. Rasim Balayevi də bağrına
basdı. Gəldi Ceyhungilin stoluna. Gördü həmin
rejissor, yanında da Rəmişə oxşayan, amma boyca balaca
olan bir adam. Görüşdülər, bir stol çəkib
oturdu. Birinci sözü bu oldu:
- Bu yenə gəlib?
Aydın:
- Hə, amma ayrı məqsədlə. Kinoya çəkməyə
aktyor tapıb, istəyir həmin aktyor səni öyrənsin,
jestlərini öyrənsin, danışığını
öyrənsin.
Rəmiş üzünü tutdu rejissora:
- Lyonya, sən ki belə həyasızsan, çox gedəssən.
Ceyhun:
- Rəmiş, sən Seyid Lazım Ağanın cəddi,
bu dəfə dostlarımızın xətrinə dəymə.
Toylarını saxla, bunları bir özünlə apar
Qarabağa-filana, iki-üç gün gəzdir.
Rəmiş güldü:
- Elə Ağdamda toyum var, toya da apararam, görərlər
bizim toyu. Gedək bir yerdə bir tikə çörək yeyək,
sonra götürüm gedim, axşam Ağdamda toya
çatım.
lll
Qəfil göy guruldadı, ildırım
şaqqıldadı. Şıdırığı bir
yağış başladı. Şimşəklər
buludların arasında rəqs edirdi.
O, tarı yağışdan qorumaq üçün
pencəyini çıxarıb tarın çanağına
sarıdı ki, təki yağış onu vursun, tarı yox.
Bu vaxt göylərdə qəribə bir nur parladı. Bu nə
ildırım idi, nə də şimşək. Hər tərəfi
işıqlandırdı. Və birdən hiss elədi ki, daha
onun üstünə yağış yağmır. Elə bil
kimsə başının
üstündə çətir açmışdı. Sel-su
aləmi götürsə də, o, bunu hiss eləmirdi. Bu
qeyri-adi hadisədən çaşdı, özü də
bilmədi bu nədi. O, evlərinə tərəf
qaçdıqca başının üstündəki gözə
görünməyən çətir də onunla bir yerdə
qaçırdı. Bir canavarın ona tərəf
qaçdığını gördü. Qorxudan tir-tir əsdi.
Bu vaxt yenə ildırım şaqqıldadı və
ildırım ona çatmağa az qalmış canavarı
vurdu. Qorxa-qorxa ölmüş canavarın yanından
keçdi.
Nəhayət, gəlib evlərinə çatdı.
İçəri girəndə anası təəccüblə
baxıb soruşdu ki, harda gizlənmişdin ki, səni
yağış vurmayıb?
- Heç, ay nənə, kimsə üstümdə
çətir açmışdı.
lll
- Şair, sən oxumuş adamsan, Paqanini haqqında nə
bilirsən?
- Qeyri-adi sənətkardı. Skripkası ilə
adamları yoldan çıxarırmış. Ona qulaq asan
insanlar özlərini unudurmuş, şeytana uyurmuşlar. Ona
görə də onun özünü şeytan
adlandırırmışlar. Çox azad
insanıymış. Krallara da əyilmirmiş, ürəyi
necə istəyir elə də yaşayırmış. Elə
sənin kimi!
Rəmiş getdi fikrə, gitarasını
sığallayıb dedi:
- Yəni deyirsən məndən də böyük sənətkarıymış?
- İncimə, əlbəttə. Onun əsərləri
var, sənsə nə çalırsansa, qalır toyxanalarda.
Çaldıqlarını lentə də aldırmamısan.
Kimsə toylarda çəkir, saxlayır evində,
özünü də adam kimi aparmırsan deyin televiziyalara da
buraxmırlar, dövlət konsertlərinə də. Səni
kütlə sevir, kütlə sevgisi ilə də heç hara
gedib çıxmaq olmaz. Yavaş-yavaş özün də
kütləyə çevrilirsən.
Rəmiş əsəbləşdi:
- Bunları mənə başqa adam desəydi,
gitaranı vurardım başına. Bu ölkədə məndən
azad adam var? Deyirsən ki, azad deyiləm.
- Saçını qırxdırmamaq, qalstuk taxmamaq,
konsertlərə cins şalvarda, ala-bula köynəkdə
çıxmaq azadlıq deyil, hamıdan fərqlənməkdir.
Rəmiş xeyli fikrə getdi. Beynində nə
dolaşdı-dolaşmadı, olmayan ağlından nə
keçdi dedi:
- Şair, bəlkə gedək Paqaninini görək? O
skripkada, mən gitarada deyişək. Görək kim
böyük sənətkardı.
Şairi gülmək tutdu:
- Yox, sağ ol. Apardın Əmir Teymurla
görüşdük, əlimiz bala batdı. Paqanininlə də
görüşəndə əlimiz p.. batacaq. Yenə
sarsaq-sarsaq danışırsan.
- Pis oldu? Əmir Teymuru gözlərinlə
gördün, bir heylə adamın içində də
şalvarını da batırdın. Dostun Qədirlə də
çay içdin.
- O çay zəhrimar olub burnumdan töküldü.
Boş-boş danışma.
- Boş-boş sən danışırsan ey. Dur ordan
o konyakı gətir bura, adama yüz-yüz süz. - dedi, sonra
əlini atıb divanın altından bir çəngə quru
ot çıxartdı: - Al, bunu
da at qazın üstünə. Qoy ətri bizi bihuş eləsin. Sonra da çıxaq gedək
Paqanininlə görüşməyə.
Şair konyakı gətirdi, yüz-yüz
süzdü, qurumuş otu da qazın üstünə atdı
və dedi:
- Rəmiş, mən getdim evimizə. Sən özün
get Paqanininlə görüş, sonra danışarıq.
- Ə, kişisən ə. Qorxma, bu dəfə bizi
asmayacaqlar.
- Qardaş, mən getdim.
- Onda diplomatını aç, gitaranı da qoş
usilitelə, səsini də az ver, sonra cəhənnəmə
get.
Şair diplomatı açdı. Dinamikləri
qoşdu gitaraya, sonra da ironiya ilə dedi:
- Sənə yaxşı yol. Səhər
görüşərik.
Amma Şair darvazadan geri döndü ki, dostu tək
qoymaq kişilik deyil. Otağa girmədi, oturdu mətbəxdə.
Rəmiş bir yüz də konyak vurdu və
başladı gitaranın pərdələrində gəzişməyə.
Çaldığı özünə ləzzət eləyirdi
və onu götürüb özüylə harasa
aparırdı.
Küçədə kimi görürdü Paqanininin
evini soruşurdu. Adamlar təəccüblə ona
baxırdılar və deyirdilər:
- Evinin yerini tanımırsan?
Axırda bir faytona mindi və faytonçuya dedi:
- Brat, sür bizim evimizə.
Faytonçu dar dalanların birində bir
qapının qarşısında saxladı və dedi:
- Nikol, buyur.
Rəmiş istədi çıxarıb pul versin.
Faytonçu:
- Lazım deyil. Sən bizim başımızın
tacısan. İmkanın varsa, məni konsertinə buraxdır.
Rəmiş düşüb qapını
döydü. İçəridən bir nəfər
çıxdı. Təəccüblə Rəmişə
baxıb dedi:
- Nikol, bu gecə vaxtı hara getmişdin? Mən də
elə bilirəm yatmısan.
Rəmiş özünü onda qoymadı, dedi:
- Heç, darıxdım, dedim bir havamı dəyişim.
Keçdilər böyük otağa. Şamlar
otağı yaxşı işıqlandırmırdı,
yarıqaranlıq, cansıxıcı bir otaq idi. Paqanini də
oturmuşdu cansıxıcı, yarıqaranlıq otaqda
köhnə bir kresloda. Qabağında bir fincan qəhvə,
bir də yarımçıq konyak butılkası siqar çəkirdi,
otağa da Rəmişə yaxşı tanış olan bir qoxu
yayılmışdı. Rəmiş fikirləşdi ki, bizim
adamdı.
Paqanininin köməkçisi quruyub qaldı. Bir Nikol
yanındaydı, bir Nikol da oturub kofe içirdi. Necə
çaşdısa, dili söz tutmadı.
Nikol dilləndi:
- Nə olub, məni niyə narahat edirsən?
Köməkçi birtəhər özünü ələ
aldı:
- Qonağın var.
- Gecə vaxtı nə qonaq?
Çevrilib gələn qonağa baxdı,
çaşdı. Elə bil
güzgüdə özünə baxırdı. Sadəcə
olaraq güzgüdə baxdığı adam ondan bir az
canlıydı, qolları da uzunuydu.
- Sən kimsən?
- Sizdə qonağa xoş gəlmisən demirlər?
- Hələ bir de görüm sən kimsən, hardan
gəlmisən?
Rəmiş cibindən bir siqaret çıxarıb
yandırdı, otaqdakı Rəmişə tanış olan
qoxuya yeni, amma bir qədər fərqli bir qoxu qatıldı.
Paqanini də eynən onun kimi fikirləşdi, hər kimdisə
bizim adamdı.
Rəmiş:
- Olar oturum?
Nikol ona yer göstərdi:
- Buyur. - sonra üzünü köməkçisinə
tutub dedi; - Ordan bir dənə də bardaq gətir.
Köməkçi bardaq gətirdi və konyak
süzdü.
Rəmiş konyakı çəkdi başına və
dedi:
- Mənim adım Rəmişdi. Özü də
Bakıdan gəlmişəm.
Paqanini ha fikirləşdi, Bakı adında bir yer
yadına sala bilmədi:
- O hansı ölkədi?
- Azərbaycan.
Paqanini bu adı da eşitməmişdi deyin,
başını buladı. Rəmiş bu dəfə
qayıtdı ki:
- Neyləyirsən hardan gəlmişəm, göydən
gəlmişəm. Dedilər Milanda mənə oxşayan bir
dahi yaşayır, gəldim tanış olam. Görüm
doğrudan dahidi, yoxsa uydurublar? Mənə yaman oxşuyursan. Dədəm
Hüseyn də heş vaxt Milanda olmayıf ki, fikirləşəm
qardaşımsan.
Paqanini onun nə demək istədiyini başa
düşmədi:
- İndi məndən nə istəyirsən? Konsertə
bilet lazımdı?
- Nə konsert, nə bilet? Gəlmişəm sən
skripkada çalasan, mən gitarada. Görək kim
böyük sənətkardı.
Paqanini ironiya ilə gülümsədi:
- Nədi, mənnən yarışmaq istəyirsən?
- dedi, sonra da üzünü köməkçisinə tutub;
- Ordan skripkanı gətir mənə.
Rəmiş də qalxıb diplomat çantanı
açdı, dinamikləri gitaraya qoşdu.
Paqanini soruşdu:
- O nədi?
- Usilitel.
- Usilitel nədi?
- Səsucaldan. - dedi Rəmiş, mizrabı vurdu simlərə.
Otağa gur səs doldu.
Paqanini təəccüblə barmaqlarını
gitaranın simlərinə toxundurdu. Yenə otağa gur səs
doldu və bu səs onun xoşuna gəldi.
Sonra Paqanini skripkasını götürüb
yavaş-yavaş çalmağa başladı. O, nə
çalırdısa, Rəmiş də gitarada onu
müşayiət edirdi. Sonra Rəmiş fincandakı qəhvəni
götürüb atdı yerə, gitaranı da qoydu dizinin
üstünə və fincanla çalmağa başladı.
Gitara artıq skripka səsi verirdi, elə bil iki skripka
çalınırdı. İkisi də uyub getmişdilər.
Paqanininin köməkçisinin gözləri
çıxmışdı kəlləsinə, ömründə
belə gitara səsi eşitməmişdi. Melodiya onu dəli
etmişdi. Xeyli, yorulanadək çaldılar. Axırda
Paqanini skripkanı qoydu stolun üstə, Rəmiş isə hələ
də çalırdı. Nəhayət, o da dayandı.
Paqanini soruşdu:
- Hə, necədi?
Rəmiş siqaretindən bir qullab vurub dedi:
- Böyük sənətkarsan. Məndən də
böyük sənətkarsan. Deyilən kimi varsan, sən insan
deyilsən, doğrudan da şeytansan.
Paqanini gülüb dedi:
- Mənə şeytan deyən az idi, biri də
göylərdən gəldi. Sən də mələk deyilsən!
Heyrətdən özünə indi-indi gələn
köməkçisi üzünü Paqaniniyə tutub dedi:
- Nikol, bəlkə sabahkı konsertinizi birgə təşkil
edək?
Paqanini:
- Olar. İkimiz birləşsək, bizi keşişlər
elə sabah qovarlar.
(Ardı var)
Aqil ABBAS
525-ci qəzet .- 2025.- 5 noyabr (¹202).- S.12-13.