Payız
ovqatlı duyğular toplusu
ŞAİR NƏZAKƏTİN
"KÖHNƏLMƏYƏN XİFFƏT"
ŞEİRLƏR KİTABI HAQQINDA QEYDLƏR
Tanınmış şair Nəzakətin "Köhnəlməyən
xiffət"i ilə baş-başayam. Bu yeni şeirlər
kitabına daxil edilən poeziya nümunələri əslində
və daha çox, kövrək, həzin payız havası
ovqatındadır. Nostalji duyğular, aydın payız süsləmələri
səhifələr boyunca hər məqamda oxucu önünə
çıxmaqda, diqqəti çəkməkdədir. Misralar
boyunca Nəzakət xanımın dəqiq poetik müşahidələrinin
fikir ortağına dönürsən ki:
Əl çəkib hər yana qızılı
payız,
Ağaclar dəyişib yaşıl donunu.
Üstünə ölümün qoxusu çökən
Yarpaqlar gözləyir ömrün sonunu.
Baş çəkib bu "evdar" payız küləyi
Yenə də dərəni, düzü dolandı.
Ərköyün uşağa dönübdü
göylər,
Bir kəlmə deməmiş gözü dolandı.
İnsanla təbiət arası bənzəyişin,
bir-birinə bənzər yaşam tərzinin poetik
müşahidələri olduqca səmimi, yaddaqalan və
uyarlı şəkildə ifadə olunub bu misralarda. Ana təbiətin
fəsildəyişmə məqamı ilə insan
ömrünün su kimi axıb getməsi, sonun
qaçılmazlığı duyğusu an-an misralara hopub:
Bu payız elə bil acığa düşüb,
Yayın günəş rəngin pozur beləcə.
Hayana çatırsa, sarı qələmlə
Özünün hökmünü yazır beləcə.
Xoş olan odur ki, təsvir edilən payız ovqatı,
payız yaşantısı oxucunu bədbinliyə qapatmır.
Bu gəlişmələrin sonu bir qayda olaraq xeyirə, sevincə,
könül xoşluğuna qovuşur. Həyatın və
ömrün təzələnməsinə hesablanır.
Xoşluqla bitir:
Onu çox gözləyib nişanlı qızlar,
Kim deyir əlləri boş gəlib payız?
Bərəkət fəslidi, toylar fəslidi,
Açın qapıları, xoş gəlib payız.
Unudulmaz Əliağa Kürçaylı vaxtilə
yazırdı ki, "Şair şair deyil eli sevməsə,
Şairi duymayan elə el demə". Bu mənada Nəzakət
xanım yaradıcılığı ilə çoxsaylı
oxucularının dərin sevgisini, diqqətini çəkən,
maraqla oxunan şairlərimizdəndir. Eyni zamanda, onun
mövzularının ana xəttini birmənalı olaraq Vətən
sevgisi, el-oba təəssübkeşliyi əhatələyir.
Bütün hallarda, Nəzakətin şeirlərində Vətənə,
doğma yurda və qəhrəmanlıq anlayışına
içdən gələn saf, olduqca pak bir eşq, heyranlıq
bağlantısı var. Nəzakətin şair istəyi tərənnüm
obyekti, təsvir hədəfi bu dəyərlərə
bağlıdır. Eyni zamanda, onun poetik səsini, poetik təqdimatlarını
Vətənin dar günü üçün yenilməz, qeyrətli
və yurd sevdalısı olan oğullar böyüdən bir
ana səsi tamamlayır. Nəzakət xanım yeni kitabına
daxil etdiyi bir çox şeirlərini 44 günlük
İkinci Vətən savaşında vətəndaşlıq
vəzifəsini ləyaqətlə yerinə yetirən zabit
oğlunun və oğullarımızın şərəfli
döyüş yoluna həsr edib. Bu şeirlərdə onun
bir şair-ana kimi qürurlu səsini duyuruq. Nəzakət əbədi-əzəli
Qarabağ torpaqlarımızın azadlığı
uğrunda şəhid olmuş döyüşçülərimizin
hər birini öz doğma övladı kimi tərənnüm
edir. Onların rəşadətli döyüş yolunun bədii,
parlaq nümunələrini yaradır. Sonsuz vüqar hissiylə
bəyan edir ki: Mən zabit anasıyam...
Şükür, sənin yolunda
alnım açıqdır vətən,
Bir cəsur, bir qəhrəman
oğul böyütmüşəm mən.
Bir qarış torpaq üçün
canını fəda edən,
Hər zaman bayrağına
şərəfinə and içən
Zabit anasıyam mən.
Nəzakət xanım doğma
torpaqlarımızın azadlığı uğrunda cəbhəyə
yola saldığı zabit oğlunu belə tərənnüm
edir:
Düşmənə göz dağısan,
gücümsən, qüvvətimsən,
Ürəyimin təpəri, gərəyim, köməyimsən.
Vətənin dar günündə səsimə hay verənsən,
Bu torpağa, bu elə, bu vətənə
bağlısan,
Səni Vətənə verdim, sən vətənin
oğlusan...
Əbədi, əzəli torpaqlarımızın
işğaldan azad olunması yolunda qəhrəmancasına
şəhid olan oğullarımızın sinəsi
dağlı analarına Nəzakət xanımın bir ana,
eyni zamanda, söz adamı kimi təsəllisi belədir ki:
Haqqın, ədalətin sözü səndədir,
Sevgi ocağının közü səndədir,
Millətin, Vətənin gözü səndədir,
Sil göz yaşlarını, şəhid anası.
"Şairlər sevda yolçuları olur" deyənlərin
sözünə qüvvət, ilahi eşq, saf məhəbbət
duyğularının tərənnümü Nəzakətin
poetik dünyasının başllca mövzularındandır.
Arzusudur ki:
Qəlbi daşa dönənlər də
sevdalansın,
Daş ürəklər sevdalanıb
Sevdasından muma dönsün.
...Mən istərəm buza dönmüş
Qar adam da sevdalansın...
Əslində poeziyanın başlıca missiyası da
bu xoş istəklərdən keçir. Dünya sevdalı
olanların dünyasıdır. Sevdasızların sonu,
axırı olmur. Nəzakət xanım bütün səmimiyyətilə
bu düşüncəni oxucu yaddaşına həkk edir.
Dünyanı sevginin xilas edəcəyi həqiqətini bir daha
önə çəkir.
Nəzakət xanımın yozumunda ağarmış
saçlar qara günlərin sınağıdır. Onun
yozumunda bütün tənhaların ömür yoluna yay
günlərində də qar yağır. Təəssüf
edir ki, nakam tale yazıları yuxuya bənzəməz. Bənzəməz
ki, əl uzadıb poza, yenidən yaza biləsən. Və bu
deyilənləri onun poetik düşüncələri, həyat
həqiqətləri izləyir:
Əbədi sakindir son mənzilinə
Adı əməlində yaşayan kəslər.
Dünən bir haqq işi tərsə çəkənin
Məzarı hər kəsi düzlüyə çəkər.
Təbii, hər şair qəlbi öz istəklərini,
ən pünhan duyğularını poetik misralara əmanət
edir, şeirə çevirir. Bu mənada Nəzakətin,
"Köhnəlməyən xiffət" adlı şeirlər
kitabına daxil etdiyi bütün poetik nümunələr,
bütövlükdə, olduqca səmimi, unudulmaz ovqatın məhsuludur.
Bu səbəbdən də oxunur və yadda qalır.
Dayandur SEVGİN
525-ci qəzet .- 2025.- 5 noyabr (№202).- S.11.