"Neftçilər"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Şabikə
Şahbazovadır. Onunla tanınmış rəssam Tofiq
Cavadovun "Neftçilər" əsərindən
danışmışıq.
Tofiq Cavadov 1925-ci il fevral ayının 7-də Bakı
şəhərində anadan olub. 1948-1952-ci illərdə rəngkarlıq
fakültəsində təhsil alıb. Rəssam çox sadə
həyat tərzi sürüb. Tofiq Cavadov 38 il ömür
sürüb. Rəssam ölümünü sanki öncədən
hiss etmişdi. Uzun illər boyunca üzərində işlədiyi
"Külək" əsərini bitirdikdən 2 ay sonra həyatla
vidalaşıb. Bu əsərdə çox güclü
küləyə qarşı çıxan üç nəfər
qadın təsviri var. Sanki onlar küləklə
vuruşurlar. Təəssüf ki, rəssam həyatında
küləklə mübarizə apararaq sonlandırıb. Tofiq
Cavadov Çepelyova stansiyasında qatara minərkən
güclü külək onu geri itələyir. Yerə
yıxılan rəssam aldığı xəsarətlərdən
1963-cü il avqust ayının 20-də həyatını
itirir.
- "Neftçilər" Tofiq Cavadov
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- "Neftçilər" Azərbaycan təsviri sənətində
mühüm yer tutan, realizm üslubunda işlənmiş bir rəsm
əsəridir. Tablo 1956-cı ildə yaradılıb. İncəsənət
nümunəsi kətan üzərində yağlı boya ilə
işlənib. Ümumiyyətlə, rəssam
yaradıcılığı boyunca Neftçilər
mövzusuna çox müraciət edib. Bu tablo da onun
Neftçilər mövzusunda olan ən məşhur işlərindəndir.
- Əsərin rəng həlli necədir?
- Rəng palitrası isti, tünd və tutqun rənglərdən
ibarətdir. Burada əsasən qəhvəyi, göy
yaşıl, qara və boz kimi rənglərə
üstünlük verilib. Ən diqqətçəkən məqamlardan
biri isə işıq-kölgə oyunudur. Rəssam
işıq-kölgə oyunu ilə obrazların əzəmətini
və gücünü qabardır. Neftçilərlə
bağlı əsərlərin bir çoxunda obrazlar əsasən
daha çirkli və boğunuq rənglərlə göstərilirdi.
Lakin bu əsərdə rəssam neftçiləri daha təmiz
və əlvan rəngli təsvir edib. Bunun səbəbi
onların gözlərindəki ümid
işığını daha da alovlandırmaq idi. Onlar
artıq işlərini bitirib ailələrinin yanına
qayıdırlar. Ailələrinin görəcək
neftçilərin sevincini rəssam geyimlərinin rəngi ilə
göstərməyə çalışıb.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası iki hissədən ibarətdir:
Ön hissə obrazların dayandığı yer, arxa hissə
isə neft buruqları və neft zavodunun təsvir olunduğu
yer. Təsvirdə obrazların durduğu "Kamaz"
markalı maşının getdiyi yoldan da bilinir ki, onlar neft
zavodundan qayıdırlar. Yəni neftçilər artıq
işlərinin bitiriblər, üstbaşlarını dəyişiblər
və küləklə vuruşa-vuruşa evlərinə geri
qayıdırlar. Onların üzlərindən yorğun
olduqları aydın şəkildə görünür. Lakin
onlar buna fikir verməyib yollarına ümidlə davam edirlər.
- Tablo hazırda harada saxlanılır?
- "Neftçilər" əsəri Azərbaycan
Müasir İncəsənət Muzeyində saxlanılır.
Burada rəssamın "Külək" əsəri də
nümayiş olunur.
- "Neftçilər" rəssamın digər
işləri ilə hansı ortaq və fərqli xüsusiyyətlərə
malikdir?
- Rəssamın digər əsərləri ilə əsas
ortaq cəhəti işlənmə texnikasıdır. Bununla
yanaşı, rəng tonları, keçidlər və
fırça vuruşları da digər bir neçə əsərlərində
olduğu kimidir. Ümumi cəhətə gəldikdə isə
qeyd edə bilərik ki, Tofiq Cavadov
yaradıcılığında neftçi mövzusunda
başqa əsərlər də var. Neftçilər rəssamın
müasirlərinin bir neçəsinin müraciət etdiyi əsas
mövzulardandır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəssam bu əsəri ilə bizə deyir ki, insan nə
qədər əziyyətli bir peşəyə sahib olsa da,
işini sevərək görməyi bacarmalıdır. Əgər
sevərək yerinə yetirsələr, bu iş onları
heç vaxt incidib yormayacaq. Həmçinin insanın qəlbindəki
həvəs, ümid və sevgi heç vaxt azalmamalıdır.
Bu üç hiss onları daim ayaqda tutacaq.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 5 noyabr (№202).- S.10.