Elm – milli inkişafın strateji
dayağı kimi
Noyabrın 3-də Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubileyi münasibətilə
keçirilmiş təntənəli mərasimdə Prezident cənab
İlham Əliyevin çıxışı ölkəmizin
elmi inkişaf strategiyasına yeni istiqamətlər verən
proqram xarakterli sənəd kimi dəyərləndirilə bilər.
Dövlət başçısının bu nitqi təkcə
elm adamlarına deyil, bütövlükdə cəmiyyətə
ünvanlanmış çağırış idi.
Dövlətimizin başçısının
çıxışında Azərbaycan elminin keçdiyi 80
illik yolun elmi, institusional və ideoloji təhlili, eləcə
də gələcək üçün müəyyən
edilən hədəflər ardıcıl şəkildə əksini
tapdı. Prezident İlham Əliyev qeyd etdi ki, AMEA-nın
yaranması Azərbaycanın intellektual tarixində
dönüş nöqtəsi olmuş, ölkənin elmi
potensialının formalaşmasında həlledici rol oynayib.
O, çıxışında AMEA-nın 80 illik fəaliyyətinə
yüksək dəyərlə yanaşaraq bildirdi ki, Akademiya həm
sovet dövründə, həm də müstəqillik illərində
Azərbaycanın elmi-intellektual inkişafında mühüm
missiya yerinə yetirib: “Azərbaycan elminin baniləri milli
özünüdərk, tarixə bağlılıq və
milli kimlik ideyalarının elmi əsaslarını
formalaşdırmışlar”.
Azərbaycanın dilinin, tarixinin və mədəniyyətinin
tədqiqi məsələsinə toxunan dövlət
başçısı qeyd vurğuladı ki, 1970-ci illərdən
etibarən Ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan dili və tarixi dövlət səviyyəsində
qorunub, elmi tədqiqatların mərkəzinə çevrilib:
“Azərbaycan dili dövlətimizin sütunudur və bu
sütunun elmi əsaslarla möhkəmləndirilməsi hər
bir azərbaycanlı alimin borcudur”.
AMEA təkcə elmi mərkəz deyil, milli kimliyin
qorunması və intellektual müstəqilliyin təminatçısı
kimi qiymətləndirildi. Bu yanaşma Azərbaycanın
elmi-humanitar sahəsində milli ruhun daimi
yaşadılmasına xidmət edir. Prezident cənab İlham
Əliyev çıxışında vurğuladı ki, elm
idarəetməsində yeni mərhələ başlayıb.
Dövlət başçısının sözlərinə
görə, “Azərbaycan elmi 21-ci əsrin tələblərinə
cavab verən şəkildə yenidən təşkil
olunmalıdır”. Son illərdə qəbul edilən qərarlar
- Elm və Ali Təhsil Nazirliyinin yaradılması, elmi-tədqiqat
institutlarının struktur islahatları və maliyyə
mexanizmlərinin şəffaflaşdırılması - elmi
idarəçiliyin keyfiyyətcə yeni mərhələyə
keçidini təmin edir. Prezident bu kontekstdə elmi tədqiqatların
iqtisadi və texnoloji inkişafla birbaşa
inteqrasiyasını zəruri saydı, innovasiya
yönümlü tədqiqatların təşviqini əsas
prioritet kimi müəyyənləşdirdi.
Ənənəvi elmi strukturların çevik, tətbiqi
yönümlü modellərlə əvəzlənməsi zərurəti
dövlət başçısının nitqində əsas
tezislərdən biri kimi səsləndi: “Elm təkcə nəzəri
düşüncə sahəsi deyil, həm də ölkənin
iqtisadi potensialını artıran mühüm amildir”.
Prezident AMEA-nın qarşısında duran ən
mühüm vəzifələrdən birinin texnoloji
innovasiyaların genişləndirilməsi olduğunu bildirdi.
Onun fikrincə, Azərbaycan elmi “rəqəmsal
iqtisadiyyatın və süni intellekt texnologiyalarının
inkişafında aparıcı mövqeyə
çıxmalıdır”.
Bu baxış, əslində, dövlətin “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi
ilə birbaşa uyğunluq təşkil edir. Elm və
texnologiyanın vəhdəti, iqtisadiyyatın elmtutumlu sahələrə
əsaslanması ölkənin gələcək inkişaf
modelinin təməl prinsipidir. Cənab Prezident bildirdi ki, “Azərbaycan
alimləri ölkənin intellektual kapitalının
formalaşmasında aparıcı rol oynamalı, texnoloji
müstəqilliyin təmininə öz töhfəsini verməlidir”.
Bu baxımdan, elmi potensialın iqtisadi inkişafa yönəldilməsi,
startap və innovasiya ekosistemlərinin dəstəklənməsi
dövlət siyasətinin ayrılmaz hissəsinə
çevrilib.
Prezident İlham Əliyev nitqində elmin dövlət
idarəçiliyi ilə qarşılıqlı təsirinə
də xüsusi diqqət ayırdı. Dövlət
başçısının fikrincə, “Azərbaycanın gələcəyi
elmi əsaslara söykənən qərarların qəbulundan
asılıdır”. Bu yanaşma göstərir ki, ölkə
rəhbərliyi elmi yalnız akademik fəaliyyət kimi deyil,
strateji planlaşdırma və idarəetmə mədəniyyətinin
tərkib hissəsi kimi dəyərləndirir. Prezident qeyd etdi
ki, elm dövlətin ideoloji dayaqlarından biridir. Azərbaycanın
azad, suveren və müasir dövlət kimi mövcudluğu, həmçinin
Zəngəzur və Qarabağ reallıqlarının
dünyaya elmi əsaslarla çatdırılması elmin
üzərinə düşən milli vəzifələrdəndir.
Prezidentin çıxışı Azərbaycan elminin inkişaf
strategiyasına yön verən konseptual sənəd kimi qiymətləndirilməlidir.
Dövlət başçısının elmi ictimaiyyətə
çağırışı aydın və konkret idi: “Elm
Azərbaycanın inkişafının təməl
dayağıdır”. Bu prinsip XXI əsrin qlobal
çağırışları fonunda Azərbaycanın intellektual
və texnoloji yüksəlişinin əsas ideoloji istiqamətini
müəyyən edir.
AMEA-nın 80 illik yubileyi təkcə bir qurumun tarixi
deyil, həm də Azərbaycan elminin dövlətçiliklə
qovuşmuş möhtəşəm yolunun simvoludur. Prezident cənab
İlham Əliyevin yubiley tədbirindəki
çıxışı həmin yolun gələcək mərhələsini
- bilik iqtisadiyyatına, rəqəmsal transformasiyaya və milli
elmi suverenliyə doğru istiqaməti müəyyənləşdirmiş
oldu.
Natəvan Əsədova
Riyaziyyat üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 5 noyabr (¹202).-S.10.