Müasir insan və klassik ədəbiyyat
Esse
Zaman dəyişir. İnsan dəyişir. Texnologiya,
münasibətlər, düşüncə tərzi - hər
şey bir haldan digərinə keçir, yenilənir, sürətlənir.
Amma dəyişkən dünyanın ortasında insan ruhunun dərinliyində
heç susmayan, varlığımızın batininə
hopmuş bu suallar dəyişməz qalır: "Mən kiməm?",
"Hara gedirəm?", "Nə üçün
yaşayıram?"
Bu suallar min illərdir insanı
düşündürür və hər dəfə eyni
cavabı tapmasa da, onu axtarmağa məcbur edir. Klassik ədəbiyyat
da məhz bu suallara verilmiş ən dərin, ən
dürüst cavabların toplusudur.
Bugünün insanı bəlkə də klassik ədəbiyyata
bir az "keçmişin kölgəsi" kimi baxır.
Lakin əslində, həmin kölgə hələ də
üzərimizə işıq salmaq gücündədir.
Klassik əsərlər - Nizaminin "Xəmsə"si,
Füzulinin "Leyli və Məcnun"u, Tolstoyun "Dirilmə"si,
Dostoyevskinin "Cinayət və cəza"sı,
Şekspirin faciələri, Cəlil Məmmədquluzadənin
"Ölülər"i - təkcə keçmişin ədəbi
yadigarı deyil, insan varlığının mənəvi xəritəsidir.
Klassik ədəbiyyat zamana meydan oxuyan yaddaşdır.
Onun gücü təkcə dilində, poetikasında deyil, ilk
növbədə toxunduğu insan həqiqətlərindədir.
O həqiqətlər ki, zaman dəyişsə də,
insanın qəlbindəki yeri və rolu dəyişmir.
Füzuli eşqin təmizliyindən danışanda, Nizami ədaləti
və ağlı tərənnüm edəndə, Dostoyevski
vicdanın azadlıqdan da üstün olduğunu deyəndə,
əslində, bizim bu gün də
yaşadığımız mənəvi dilemmanı ifadə
edirdilər.
Klassik ədəbiyyat bizi ruhun dərin qatlarına
aparır. Orada nə reklam var, nə sosial şəbəkə
səs-küyü, nə də həyatın süni
parıltısı. Orada ağlayan, sevən, səhv edən,
peşman olan, amma yenə də varlığının
batinindəki o mənanı axtaran insan var.
Bu gün biz informasiyanın bolluğunda
yaşayırıq, amma bilik aclığından əziyyət
çəkirik. Müasir dövrün əsas bəlalarından
biri də budur ki, rabitə vasitələri çoxaldıqca
ünsiyyət azalıb. Sürət artdıqca səbir
azalıb. Hər kəsin əlində telefon var. Lakin kiminsə
əlində kitab görmək tapılmaz nemətə
çevrilib. Cəmiyyətimizdə kütləvi
"kitabsızlıq" baş alıb gedir.
Klassik ədəbiyyat isə tələsmir. O, səni
oxumağa, düşünməyə, dayanmağa məcbur
edir. Müasir insan üçün bu, bəzən "zaman
itkisi" kimi görünür. Halbuki əslində, klassikanı
oxumaq zaman qazanmaqdır. Çünki o, səni içindən
keçirir, sənə özünü və hansı əsrdə
olursansa ol, həmin zamanı tanıdır.
Biz adətən, texnoloji imkanlarımızla
öyünürük, həyatımızın daha asan, daha mənalı
olduğunu düşünür, bir az da irəli gedərək
iddia edirik. Ancaq bu "mənalı həyatın" içərisində
zaman-zaman mənəvi gücsüzlüyümüzü də
gizlədə bilmirik. Klassik ədəbiyyat məhz bu
boşluğu doldurur. O, insana ruh verir, ruhun dilini öyrədir.
Əgər bu gün bir gənc sosial şəbəkədə
sevgisizlikdən, yanlış anlaşılmaqdan, tənhalıqdan
şikayət edirsə, bu, əslində Məcnunun
ağrısıdır. Sadəcə, o indi səhrada deyil,
ekran arxasındadır. Əgər bu gün bir insan ədalətsizliyə
qarşı qəzəblənir, vicdanla sistem arasında
sıxılırsa, bu, Raskolnikovun faciəsidir. Tək fərq
"cinayətlərdədir".
Zaman dəyişib, amma insanın hissləri eyni
qalıb. Onu düşündürən, sevindirən,
ağladan, qorxudan şeylər mahiyyətcə dəyişməyib.
Klassik ədəbiyyat da bu "dəyişməyən"i
qoruyur. Bu mənada klassika insanın mənəvi sabitliyidir.
Hələ orta məktəbdən eşitmişik,
oxumuşuq ki, ədəbiyyat tərbiyə vasitəsidir. Amma
bu tərbiyə əmr, dərs, nəsihət şəklində
deyil, hiss və düşüncə yolu ilə baş verir.
Klassik ədəbiyyat insana "nə etməyi" diktə
etmir, "nə düşünməyi", "necə
düşünməyi" öyrədir.
Nizami ədaləti yalnız bir ideya kimi yox, bir həyat
tərzi kimi təqdim edir. Füzuli eşqi sadəcə
duyğu kimi yox, mənəvi yüksəlişin yolu kimi
görür. Tolstoy insana xoşbəxtliyin
başqasının ağrısını anlamaqda olduğunu
deyir. Cəlil Məmmədquluzadə "ölü" cəmiyyətin
dirilməsi üçün gülüşü silaha
çevirir.
Müasir insan bütün bu dərsləri unudub kimi
görünür. O, "hiss etmək" əvəzinə
"paylaşır", "fikirləşmək" yerinə
"like edir". Amma klassik ədəbiyyat ona yenə də
qapı açır: "Daxilə bax, çünki
bütün cavablar ordadır".
Bir millətin yaddaşı onun sözündə
yaşayır. Hər dəfə klassik ədəbiyyata
qayıdanda biz təkcə bir əsəri oxumur, eyni zamanda
öz kökümüzlə danışırıq.
Füzulini oxumaq dilin, duyğunun, düşüncənin saf mənbəyinə
qayıtmaqdır. Nizamini anlamaq azərbaycançılığın,
Şərq humanizminin ilkin kodlarını xatırlamaqdır.
Əgər bu gün gənclər klassikanı
"çətin", "ağır" hesab edirsə,
deməli, biz onları ondan uzaqlaşdırmışıq.
Halbuki klassika elə bir dənizdir ki, hər kəs
özünə uyğun dərinlikdə üzə bilər.
Onu anlamaq üçün sadəcə bir şərt
lazımdır: ruhən təmizlənmək və səbir
etmək.
Bu günün əsas suallarından biri də budur:
Ədəbiyyat texnologiyanı məğlub edə bilərmi?
Bəli, klassik ədəbiyyat sosial mediadan, virtual
reallıqdan, qısamüddətli informasiyalardan fərqli
olaraq, insanı "ani"dən "əbədiyə"
aparır. Texnologiya sürəti artırır, amma dərinliyi
azaldır. Ədəbiyyat isə səni dayandırır,
düşünməyə məcbur edir.
Bir paylaşım 10 saniyəlik təəssürat
yaradır, amma bir misra yüz illərlə yaşayır.
Füzulinin "Dust bipərva, fələk birəhm,
dövran bisükun" misrası bu gün də bütün
"trendlər"dən daha aktualdır.
Texnologiya səsi artıra bilər, amma mənanı
azaltdığı aşkardır. Ədəbiyyat isə əskinə,
səssizliyi mənaya çevirir.
Müasir insanın klassika ilə arasındakı məsafə
artdıqca, onun mənəvi dayaqları zəifləyir. Amma
bu məsafəni azaltmaq da mümkündür. Klassik ədəbiyyatı
müasir dildə, yeni formalarla, lakin eyni ruhla təqdim etmək
lazımdır.
Filmlər, teatr tamaşaları, audio kitablar, interaktiv
layihələr vasitəsilə klassikanı
"yaşatmaq" mümkün olsa da, burada əsas məsələ
formalar deyil, ruhu, onun saflığını itirməməkdir.
Füzuli müasir tərcümədə də Füzuli
qalmalıdır, Nizami təzə izahda da Nizami
olmalıdır. Çünki onların sözündə təkcə
ədəbiyyat yox, hikmət var. Və hikmət neçə əsr
keçməsindən asılı olmayaraq, heç vaxt
köhnəlmir.
Əgər bütün klassik ədəbiyyatın
ruhunu bir cümlədə ifadə etmək istəsək, yəqin
belə olardı: "İnsan ol". Çünki
bütün klassik ədəbiyyat bizə, əslində, insan
olmağın, insan kimi yaşamağın, insan kimi hiss etməyin
sirrini öyrədir. Klassik ədəbiyyat insanı insana
insanca anladır. Məsələn, Nizami ədalətli,
Füzuli mərhəmətli, Tolstoy vicdanlı, Dostoyevski
peşman, Cəlil Məmmədquluzadə ayıq, savadlı
insan arzulayırdı. Onların qəhrəmanları nə qədər
fərqli olsa da, yaratdıqları əsərləri birləşdirən
tək bir məqsədi vardı - insanın içindəki
insanı oyatmaq.
Bugünün cəmiyyəti üçün bu
çağırış bəlkə də daha vacibdir.
Çünki biz artıq bəşəri dəyərlərdən
çox "alqoritmlərlə" yaşayırıq. Bəzilərimiz
üçün "profillər" real insanlardan,
"reytinqlər" vicdandan, "imic" isə şəxsiyyətdən
önə çıxıb.
Klassik ədəbiyyat isə səssiz, amma kəskin
bir tonda xatırladır ki, əgər sən insanlıqdan
uzaqlaşırsansa, nə qədər müasir olmağın
fərq etmir.
Müasir insan klassik ədəbiyyata baxanda
keçmişi görür, amma əslində gələcəyini
oxuyur. Çünki kimliyini, dəyərlərini, mənəvi
dayaqlarını itirən insan gələcəyini də
itirir. Klassika isə o dayaqları ən son gücü ilə
də olsa, qoruyur. Ona sahib çıxır. Nə zamansa bir
gün insanlığın ona ehtiyacı olacağını
bilərək, məhz o günü düşünərək...
Füzuli, Nizami, Tolstoy, Dostoyevski, Cəlil Məmmədquluzadə
kimi müəlliflər əsrlərdir bizə eyni mesajı
ötürürlər: "İnsanın mənəvi
diriliyi onun düşünmək bacarığında,
vicdanında və sevgisindədir".
Bu gün texnologiya bəşəriyyəti birləşdirir,
amma gün keçdikcə ruhları bir-birindən
ayırır, daha da uzaqlaşdırır. Klassik ədəbiyyat
isə ruhları birləşdirir. Bu iki dünya arasında
seçim bizimdir: sürət, yoxsa dərinlik?
Əlçatanlıq, ya mənəviyyat?
Klassik əsərləri bir daha, təkrar-təkrar
oxumaq, əslində, bu sürətli zamanın dolanbac
yollarında özümüzü yenidən tapmaqdır. O əsərlərdən
keçərək biz zamanın üstündən baxır,
dünənlə sabah arasında körpü salırıq.
Bəlkə də müasir insan üçün ən
vacib və ən sadə dərs də elə budur ki, zaman dəyişir,
insan qalır.
Dünən də, bu gün də, gələcəkdə
də insanı insan edən klassik ədəbiyyatın
saralmış, solmuş bağrından qopan o əbədi
sözlərdir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 5 noyabr (№202).- S.9.