AXCP və Müsavat
Partiyasının bağlanması ictimai tələbə
çevrilir
Son günlər AXCP və Müsavat partiyası ilə
bağlı mövzu yenidən aktuallaşıb. Hətta bu
siyasi qurumların bağlanma ehtimalı da gündəmə gəlib.
Bunu aktual edən təbii ki, bir sıra səbəblər var.
Bu partiyalar bütün seçkiləri boykot edir, fəaliyyətləri
dövlət əleyhinə yönəlib, maliyyə şəffaflığını
pozurlar. Eyni zamanda, bu günlərdə Ramiz Mehdiyev şəbəkəsinin
ifşası fonunda bəzi müxalifət
partiyalarının, xüsusilə AXCP və Müsavatın
illərlə xarici qüvvələrlə və bu şəbəkə
ilə gizli əlaqələrinə dair faktlar üzə
çıxıb. Təəssüf ki, qeyd olunan bu partiyalar
köhnə siyasi xətlərini davam etdirir, hakimiyyətə
qanunsuz yolla sahiblənmək üçün dövlət əleyhinə
fəaliyyət göstərirlər.
Bu gün həm Azərbaycanda, həm dünyada
böyük dəyişikliklər baş verir, zamanın tələbləri
də dəyişir, yeni çağırışlar meydana gəlir.
Bütün bunlar isə yeni yanaşmalar, çeviklik, adekvat
fəaliyyət tələb edir. Amma Azərbaycandakı bəzi
siyasi qüvvələr hələ də
"çevriliş", "inqilab" planları qurur, həmişə
olduğu kimi, dövləti sarsıtmaq üçün xarici
dairələrdən dəstək axtarırlar. İfşa
olunan planlar da onu göstərdi ki, Ramiz Mehdiyev antimilli qüvvələrlə
əlbir olaraq uzun illər ölkənin milli təhlükəsizliyinə
təhdid olan şəbəkə qurub. Ramiz Mehdiyev şəbəkəsinin
müxalifətdən olan üzvləri ilə bağlı
mediada artıq məlumatlar yayılır. Bu şəbəkədə
ən çox Milli Şuranın, AXCP və Müsavat
partiyasının adı hallanır. Əslində Ramiz
Mehdiyevin radikal müxalifət təmsilçiləri ilə
gizli əlaqələri barədə daha əvvəllər də
müəyyən məlumatlar yayılıb. Sabiq PA rəhbərinin
Rusiyaya ünvanladığı məktubu üzə
çıxandan sonra bəlli oldu ki, ümumilikdə 50 nəfərdən
ibarət "Dövlət Şurası" yaratmaq planı
qurub.
Bu qüvvələrin dövlətin, xalqın
maraqlarına zidd fəaliyyəti İkinci Qarabağ
müharibəsində də göründü. AXCP və
Müsavat partiyaları İkinci Qarabağ müharibəsində
dövlətin, xalqın yanında olmadılar, həmin vaxt
dövlətimizə göstərilən xarici təzyiqlərlə
bağlı susdular.
AXCP və Müsavatın dövlətin və
xalqın maraqlarına zidd fəaliyyəti, son günlər
ortaya çıxan faktlar nəzərə alınarsa,
bağlanma ehtimalı varmı?
Mövzu ilə bağlı "525"ə
danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu
deyib ki, inkişaf etmiş demokratik ölkələrdə
siyasi sistemin uğur qazanmayan aktorları siyasi sistemdən
çəkilirlər: "Buna istefa mədəniyyəti də
deyirlər. Yaxud göstərdikləri fəaliyyətin səmərəsiz
olduğunu dərk etdikdə ya tamamilə özlərini
buraxır, ya da yenidən təşkilatlanma üçün
başqa metodlar axtarırlar. Çox təəssüf ki, bizə
90-cı ilin əvvəllərindən xaos, anarxiya
dövrünün mirası olan iki partiya bunların heç
birini etmir. Bunlar AXCP və Müsavat Partiyasıdır. Bu
günə qədər siyasi sistemimizdə tormuzlayıcı
funksiya yerinə yetirən bu təşkilatlar 44 günlük
müharibə və ondan sonrakı dövr ərzində də
öz nüfuzlarını tamamilə itirdilər.
Çünki tarixi zəfərimizə, taleyimizin həll
olunduğu anda əldə etdiyimiz qələbələrimizə
laqeyd münasibət göstərməklə və yaxud onu təqdir
etməməklə olub qalan siyasi potensiallarını da itirdilər.
Beləliklə də, hər iki partiya
özü-özünü intihara məruz qoydu. Onların bu
gün siyasi sistemə təsir imkanları yoxdur. Belə olan
halda, əlbəttə, hər iki siyasi qruplaşma siyasi
sistemin inkişafı, keyfiyyətcə yeni siyasi sistemimizin
formalaşması və məcburi inhisar etdikləri ətraflarında
olan insanların normal siyasi düşüncəyə
qovuşmaları naminə öz fəaliyyətlərinə
yenidən baxmalıdırlar ki, bu fəaliyyət
lazımdır, yoxsa lazım deyil".
Milli Məclisin deputatı, Böyük Azərbaycan
Partiyasının sədri Elşad Musayev "525"ə
deyib ki, ölkədə "Siyasi partiyalar haqqında"
yeni qanun qəbul edilib, həmin qanunun tələblərinə
cavab verməyən siyasi partiyaların ləğvi ilə
bağlı müvafiq orqanlar məhkəmə
qarşısında məsələ qaldıra və həmin
partiyanın fəaliyyətinə xitam verilə bilər:
"AXCP və Müsavat Partiyasına gəlincə, onlara bir
qədər fərqli yanaşdılar, bu da uzun illərdir
mövcud olmalarından və 1 ilə yaxın hakimiyyətdə
qala bilmələrindən irəli gəlirdi. Amma onların
müxalifətin toparlanmasında elə fəaliyyətləri
olmayıb, əksinə, tormuzlayıcı rol həyata
keçiriblər. 44 günlük müharibə
dövründə də onlar faktiki olaraq siyasi partiyaların
birliyinə qoşulmadılar. Amma iş-işdən keçəndən
və məsələ həll olunandan sonra ortaya
çıxdılar. Yəni lazım olan anda ortaya dövlətçiliklə
bağlı mövqe qoymaq, ordumuza, dövlətimizə dəstək
vermək lazım idi. Bu prosesə rəhbərlik edən Ali
Baş Komandan İlham Əliyevə açıq dəstək
vermək əvəzinə, onlar səslərini
çıxarmadılar. Bu baxımdan cəmiyyətin
qınağı ilə üzləşdilər".
Həmin partiyaların yeni qanunun tələblərinə
cavab vermələrinə gəlincə, deputat deyib ki,
onların ləğvi məsələsi qanunauyğun şəkildə
həll olunmalıdır. Ayrı-ayrı fərdlər deyil,
müvafiq orqanlar məsələni qaldırmalıdır.
Həmin siyasi qüvvələrin adının
"Ramiz Mehdiyev işində" hallanmasına toxunan E.Musayev
söyləyib ki, əvvəldən siyasi proseslərdə
olan adamlar bilirlər ki, kimlər Ramiz Mehdiyevin əlindən
su içiblər: "Onlar arasında siyasi təşkilatlar
da, media təmsilçiləri də olub. İndi
çoxları cəbhələrini dəyişib, amma siyasi
partiyalar var ki, zaman-zaman Ramiz Mehdiyevlə əməkdaşlıq
ediblər, parlamentdə təmsil olunublar. Sonra bir
başqası parlamentdə təmsil olunub. Mehdiyevlə
bağlı bizim 95-96-cı illərdən açıq
mövqeyimiz var, başqalarının ortada mövqeyi yoxdu.
Fürsətdən istifadə edib indi başqa mövqedən
çıxış edirlər. Amma ölkədə hamı
kimin kim olduğunu çox yaxşı bilir. Ramiz Mehdiyevin əlindən
su içənlərin də kim olduğunu hamı
yaxşı bilir. Onun xətti əvvəlcədən antimilli
xətt idi, biz bunu dəfələrlə demişik və on
illərlə əziyyət çəkmişik. Azərbaycan
müxalifətinin bir hissəsi mütəmadi Ramiz Mehdiyevin
komandası ilə əməkdaşlıq edib. Onların nəzarətində
olan media, QHT-lərlə də gizlin şəkildə əmkdaşlıq
olub".
525-ci qəzet .- 2025.- 5 noyabr (№202).- S.5.