"Erməni məsələsi"
qapandı, cənablar!..
ÜMİD EDİRƏM, BİRDƏFƏLİK
Heydər Əliyev günün 24 saatı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
məşğul idi. Bir dəfə Prezident qeyri-rəsmi
söhbət zamanı bizə, jurnalistlər qrupuna etiraf etdi:
"İlahi, nə qədər çətindir! Mən gecələr
yata bilmirəm, elə hey düşünürəm,
düşünürəm. ABŞ-yə uçursan, Klintondan
xahiş edirsən, o, söz verir ki, nizamlanma məsələsində
fəallıq göstərəcək, Moskvaya uçursan,
Yeltsinlə danışırsan, vəd edir ki, münaqişə
ilə daha yaxından məşğul olacaq. Amma sonra ikisinin də
əli işdən soyuyur və məsələ yenə
uzanır..."
Yəqin ki, onu səfərlərdə müşayiət
edən varisi də jurnalistlərə təxminən eyni
sözləri deyə bilərdi. İlham Əliyev Qarabağ
münaqişəsinin siyasi baxımdan nizamlanması ilə
Heydər Əliyevdən heç də az məşğul
olmayıb.
İlham Əliyev böyük siyasətçi
üçün lazım olan ən dəyərli keyfiyyətlərə
sahibdir: səbir və mətanət. Düşünürəm
ki, uzun-uzadı davam edən nəticəsiz
danışıqlar zamanı qəzəbdən və məyusluqdan
o, yumruqlarını dəfələrlə sıxmalı
olub...
Hansısa məqamda İlham Əliyevin
intonasiyasında yeni notlar səsləndi - biz dövlət
başçısının dilindən eşitdik ki, Azərbaycanın
səbri sərhədsiz deyil, onun münaqişəni beynəlxalq
hüquq prinsiplərinə uyğun şəkildə öz
gücünə həll etmək hüququ var. Və beynəlxalq
ictimaiyyət təcavüzkarı yola gətirməkdə aciz
qalarsa, biz, şübhəsiz ki, belə də edəcəyik.
Qulağı olan eşitsin! Amma onlar eşitmədilər və
ya eşitmək istəmədilər. Əksinə, daha da həyasızlaşdılar
və bizim torpaqlarımızda özlərini bir az da tərbiyəsiz
aparmağa başladılar...
Sonra - dəqiq desək, 2016-cı ilin aprelində
"kəşfiyyat döyüşü" oldu. O zaman bizim
Prezident vasitəçilərin və ilk növbədə,
Rusiyanın təzyiqləri qarşısında güzəştə
getdi. Zarafat deyil: Rusiya Federasiyasının hökumət
başçısı Dmitri Medvedev başda olmaqla "desant
qrupu" tələskənliklə Azərbaycanın hava
limanına endi və həmin Medvedev and-aman etdi ki, Moskva
Qarabağ münaqişəsinin nizamlanmasında fəal vasitəçilik
rolunu oynayacaq. İstər-istəməz, razılaşmaq
lazım gəldi...
İlham Əliyev perspektiv üçün siyasi
gedişləri dahiyanə şəkildə qiymətləndirməyi
bacarır: bu gün hələ tezdir, amma sabah gec olacaq.
Yalnız bu gün...
"Həqiqət anı" 2020-ci ilin sentyabrında
yetişdi. Bu dəfə dərhal aydın oldu ki, Prezident və
onun cəsur Silahlı Qüvvələri haqq mübarizəsi
uğrunda qələbəyədək gedəcəklər və
bu yolda onları heç bir qüvvə dayandıra bilməz.
...Bu qəhrəmanlıq dolu hərbi kampaniyanın hər
günü xatirimdədir. Azərbaycanın Ukraynadakı səfiri
qismində həmin müharibənin ideoloji cəbhəsində
fəal şəkildə iştirak etməyimlə qürur
duyuram. Ukraynanın bütün ümummilli kanallarında 17
çıxış, Ukrayna xəbər kanallarının Azərbaycana
göndərilən onlarla briqadası (dəstək
üçün Prezidentin köməkçisi Hikmət
Hacıyevə təşəkkür edirəm)!
Yadımdadır ki, "Pryamıy" telekanalında
aparıcı Valeri Kalnış məndən soruşdu ki (hərbi
əməliyyatların qızğın çağı idi),
bu müharibənin nəticəsi necə olacaq. Cavab verdim:
"Biz mütləq qalib gələcəyik".
Aparıcı ikinci sualı ünvanladı: bu əminlik
haradandır? - Axı biz öz torpaqlarımızı azad
edirik, başqasının ərazisi ilə işimiz yoxdur.
Müharibədən sonra mən yenidən həmin
aparıcının verilişində qonaq oldum və bu dialoqu
ona xatırlatdım...
Doğma torpaqlarımızın azad olunmasında
ordumuzun rolunu azaltmağa çalışan əcnəbi
jurnalistlərin çoxsaylı suallarını
cavablandırarkən Azərbaycan Prezidenti təkrarlamaqdan
yorulmurdu ki, başlıca və yeganə nailiyyət Azərbaycan
əsgər və zabitlərinə məxsusdur. Üstəlik,
o, bütün bu taleyüklü məsələlərdə
öz rolunu heç zaman vurğulamırdı. Prezidentin
nitqində "mən" əvəzliyi heç vaxt
üstünlük təşkil etməyib. Onun
üçün "biz" əvəzliyi həmişə
vacib və əhəmiyyətli olub...
...Düşünürəm ki, 2020-2023-cü illərdə
Azərbaycanda baş verən və etiraf edək ki, bir
çox məqamlarda Ali Baş Komandanın siyasi iradəsi, cəsarəti,
məqsədyönlülüyü və əlbəttə
ki, onun beynəlxalq arenadakı şəksiz nüfuzu və təsiri
sayəsində həyata keçən bu inanılmaz,
ağlasığmaz, möcüzəyə bənzər hadisələrin
bütünlükdə tarixi əhəmiyyətini qiymətləndirmək
bizim, İlham Əliyevlə eyni dövrdə yaşayan
adamların deyil, gələcək nəsillərin üzərinə
düşəcək.
...Əvvəlcə Rusiya, daha sonra Sovet
İmperiyasının orbitində olduğumuz 200 ildən
artıq müddətdə, müstəqilliyimizin son 30 ili də
daxil olmaqla, biz dünya ermənilərinin gücü və təsiri
qarşısında geri çəkilmişdik. XIX əsrin əvvəllərində
ən yaxşı torpaqlarımızı gəlmələrə
güzəştə getdik, bir müddət sonra isə onlar
burada özlərinə yurd-yuva salıb möhkəmləndilər
və heç bir vicdan əzabı çəkmədən bu
ərazilərin əsl sahiblərini doğma ocaqlarından didərgin
saldılar; XX əsrin əvvəllərində
bolşevik-daşnak hakimiyyətinin himayəsindən istifadə
edərək, təkcə bizim kəndlərimizi deyil, şəhərlərimizi,
hətta bütöv vilayətlərimizi əlimizdən
aldılar, sonradan həmin bölgələrdə türk
toponimləri kütləvi şəkildə dəyişdirildi,
türk mədəni-tarixi irsi məhv edildi, etnik təmizləmələrə
və yerli sakinlərin köçürülməsinə
başlanıldı. XX əsrin sonunda dünya erməniləri
açıq təcavüzə keçdilər və çoxdan həsrətində
olduqları gözəl Qarabağımızı işğal
etmək üçün qanlı müharibəyə
başlamağa qərar verdilər. Elə
görünürdü ki, hər şey bitib, xoşbəxt
sonluq gəlib çatıb, tarix sonlanıb. Onlar bütün
istədiklərinə nail oldular...
Amma sonra işlər nəsə arzuladıqları
kimi getmədi. Nə əhalinin "qarabağlılar"
adı altında artımı (onların hər biri Ermənistan
Respublikasının pasportunu daşıyırdı), nə
yeni məhsuldar torpaqlar, nə Qarabağın zəngin su
ehtiyatları və qızıl mədənləri bizim
qonşularımıza rifah gətirdi, nə də onların vəziyyətini,
heç olmasa, bir balaca yaxşılaşdırdı. Halbuki həmin
ərəfədə "məğlubiyyətə
uğramış" Azərbaycan Səməndər quşu
kimi külündən törəyir, inkişafına sürətlə
davam edirdi. Özü də dirçəliş və
sonrakı inkişaf bütün sahələr üzrə
(iqtisadiyyat, sosial sahə, təhsil və mədəniyyət
və əlbəttə ki, hərbi quruculuq) gedirdi...
"Azərbaycan möcüzəsi"nin əsas
sirri çox sadəydi - əvvəlcə dövlət
laynerinin sükanı arxasına dünya səviyyəsində
qəbul olunmuş dahi siyasətçi keçmişdi.
Zamanı gələndə isə o, sükanı özü qədər
inandığı, siyasət şahmatındakı qrossmeyster
oyununun bütün sirr və təcrübələrini
bölüşdüyü şəxsə ötürdü.
...Qısa müddət ərzində Heydər
Əliyev ölkəsi üçün çoxlu işlər
gördü. Amma zamanın seytnotu və bir sıra obyektiv səbəblər
üzündən Ermənistan və Azərbaycan
arasındakı Qarabağ münaqişəsini həll edə
bilmədi. İki onillik sonra bu taleyüklü işi onun
varisi İlham Əliyev gerçəkləşdirdi,
özü də o, Qarabağın dağlıq hissəsindəki
separatçılar yığınına və onların Ermənistandakı
ziddiyyətlər içərisində parçalanmaqda olan zəif
havadarlarına qalib gəlmədi, gəlin, nəhayət məsələni
tam aydınlaşdıraq: İlham Əliyev qlobal Qərbin ən
güclü və inkişaf etmiş ölkələrinin
ictimai və siyasi strukturlarında xərçəng
şişi kimi kök atmış qüdrətli və zəngin
erməni diasporunu, dünya ermənilərini məğlub
etdi! Belə ağlasığmaz və gözlənilməz
siyasi gediş dünya dövlətlərini şoka saldı.
Bəziləri hələ də bu fikrə alışa bilmirlər
ki, 200 yaşı olan "erməni məsələsi"
qapanıb. Və nəhayət, sonu az qala görünməyən
bu hadisəyə nöqtə qoyan ermənilər deyil,
İlham Əliyev olub. Deyirlər, qaliblər mühakimə
olunmur. Amma bir qayda olaraq, qaliblərin başına
sığal da çəkmirlər. Xüsusən 30 ildə ən
müxtəlif növ adamlara - əsasən də sözün
hərfi mənasında xalqımızın qanı və əzablarından
qidalanan beynəlxalq təşkilatlardakı böyük və
kiçik məmurlara yem yeri olan belə uzun konfliktlər
zamanı. Qəfildən onların hamısı
üçün kranın ağzı birdən
bağlanır: nə ATƏT-ə ehtiyac var, nə onun
faydasız qətnamələrinə, nə gərəksiz
Minsk qrupuna. Onlar nəyə sevinib toy-bayram eləsinlər ki?
Budur, ağızlarının suyunu axıdırlar, Azərbaycan
əleyhinə müxtəlif cür mənasız qətnamələr
qəbul edirlər, Papadan (sözügedən halda Ermənistandan
- hərçənd, görünür ki, oradakı vətəndaşların
əksəriyyəti 30 ildir uzanan qanlı "Qarabağ
marafonu"nun bitməsindən sonra rahat nəfəs almağa
başlayıb) daha müqəddəs görünmək istəyirlər.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyəti ətrafında qurulmuş absurd
komediya ikili standartlara parlaq nümunədir...
Əvəzində, bu tarixi zəfər
dünyadakı hər bir azərbaycanlı üçün
"həqiqət anı" oldu. Bu qələbə 40 milyonluq
xalqa qürurunu, onun milli ləyaqətini, şərəfini
qaytardı. Heydər Əliyevin
çıxışındakı məşhur sətirləri
xatırlayırsınız? "Mən fəxr edirəm ki,
azərbaycanlıyam". Bu gün Odlar Diyarının
bütün sakinləri bu sözləri təkrarlaya bilər.
Biz həqiqətən də bu xalqa məxsus
olmağımızdan qürur hissi keçiririk. Bu gün Azərbaycan
vətəndaşı olmaq xüsusi imtiyazdır. Axı biz
qalib-xalqıq.
lll
...Bu gün bizim onlliklərlə davam edən
mübarizə və əzablardan yorulmuş
torpağımızın, uzun müddət əziyyətlərə
dözmüş xalqımızın sülhə, dincliyə,
nikbinliyə çox ehtiyacı var. Biz də, postsovet məkanındakı
bir çox digər xalqlar kimi, 70 illik Sovet hakimiyyəti, sonra
isə 30 illik müstəqillik illərində
yaşamamışıq, mübarizə aparmışıq -
daxili və xarici düşmənlərlə,
işıqlı gələcək, kommunizmin qələbəsi,
bütün dünyada sülh uğrunda... Nəhayət ki,
biz sadəcə olaraq YAŞAMAĞI,
yaşayıb-yaratmağı, öz gözəl
torpağımızı abadlaşdırmağı,
uşaqlarımızı tərbiyə etməyi,
ahıllarımıza qayğı göstərməyi öyrənməliyik...
Bizim Prezidentimiz də Qafqazda dayanıqlı
sülhü və mehriban qonşuluğu bərqərar etməyə
çağıran ümummilli ideya qismində məhz bunu təklif
edib. Mürəkkəb görünür? Bəli. Psixoloji cəhətdən
çətindir? Olduqca. Amma başqa yolumuz yoxdur.
Qonşularımızın nümunəsində biz qəti əmin
olduq ki, nifrət və düşmənçilik yolu dalana,
çıxılmazlığa aparır. 8 avqust 2025-ci ildə
imzalanmış Vaşinqton deklarasiyası İlham Əliyevin
yeni strateji məqsədinə sadiqliyini əminliklə
nümayiş etdirdi. Təsadüfi deyil ki, Vaşinqton
deklarasiyasının imzalanmasından sonra ictimai rəydə səslənən
fikirlərdə 5 il əvvəl savaşda müharibəni
qazanan Azərbaycan Prezidentinin bu dəfə
danışıqlar masasında sülhü
qazandığı barədə birmənalı mülahizələr
səsləndirilməyə başlandı.
Bu səbəbdən də, bizə vurulan heç bir
zərəri unutmayacağıq, yeni tariximizdən dərs
çıxaracağıq, amma eyni zamanda özümüzdə
yaşamaq və irəli addımlamaq üçün güc
tapacağıq. Üstəlik, Azərbaycan xalqının
İlham Heydər oğlu Əliyev kimi gözəl dövlət
başçısı var. O, çətin müharibədə
zəfər çaldı. Əminəm ki, İlham Əliyev
sülhün yaradılmasında da fatehliyini nümayiş
etdirəcək...
Rəbiqə NAZİMQIZI tərcümə edib
Elmira AXUNDOVA
Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 6 noyabr (№203).- S.9.