Qarabağ simfoniyası

 

 Tarixi Zəfərimizin 5 illiyinə

 

 

...üstü nə,

Altı qardı, üstü nə?!

Qar üstə qar yağmadı,

Daş yağdı qar üstünə...

 

 

 

25 yanvar, 1992-ci il, Daşaltı...

 

 

Qar üstünə yağan daş,

Dərd üstə dərd yığan daş,

Ömürlərə vay verib

çox gözlərdən yaş aldı,

Daşaltı...

 

Daşaltı... Dan yeri sökülmədə...

Zülmətin gözlərinin

çimiri tökülmədə...

Şuşadan Daşaltıya

enən cığırı, izi

qamarlayıb qış aldı,

Daşaltı...

 

 

Şaxta-sazaq, sovruq...

Burda qalın qar qalağını

Sürüm-sürüm sürüyür,

Dağdan-daşdan ayrı düşən,

Sağlam canı sayrı düşən

yolun-izin qar kürkünü

çuxurlara kürüyür...

Ağ şaxtanı,

boz sovruğu

güllə səsi bürüyür...

 

 

Döyüş gedir...

Tağımları, bölükləri

Sağa çəkir,

sola çəkir bələdçilər,

Qismətinə pusqu düşən, tələ düşən

yola çəkir bələdçilər...

 

Şaxta, sazaq ətək sərir

bu döyüşün tələsinə,

Neçə tağım, neçə bölük hədəf olur

ermənilik gülləsinə...

 

 

Bakı bilmədi ki, döyşçüsünün

Tətik sıxan əli daş altındadı.

O qarlı qış günü Azərbaycanın

ərənlik döyüşü Daşaltıdadı...

 

Oğullar döyüşdən geri dönmədi,

Analar yollara qara bağladı.

Əli Allahından üzülənlərin

Ürəyi qəhərdən yara bağladı...

 

Aylar ötə, illər ötə

Nə o döyüş unudular,

Nə sədaqət, nə xəyanət;

Lənət olsun xəyanətə!..

 

Ricət

 

...sərdi Vətən,

Yelin əsgərdi.Vətən!

Ər oğullar yağını

Torpağa sərdi, Vətən!..

 

 

4 noyabr, 2020.

 

 

 

Daşaltıda

Meşəlikdən enən cığır,

Bir qaraltı görən kimi

Ağır-ağır dinən cığır

daş cücərdib baş daşıtək,

İllər keçib...

Göyün üzü

bu yerlərə yağış səpir

göz yaşıtək...

 

 

Güllə səsi... Mərni səsi...

Fağır cığır, sağır cığır

vahiməyə düşənlərin

gözlərində yaş cücərdib...

 

Bu kəndin,

urvası uçan bu kəndin

başının tüstüsü bayaqdan bəri

büküb-bürmələyib göyün üzünü.

Səssizlik içindən baxan vahimə

Təntələk-təntələk döyür gözünü...

 

Qulaq səsdə, diz torpaqda,

əl qundaqda...

Döyüşçülər

addımları saya-saya

yaxınlaşır Daşaltıya...

 

Biri enir, sonra biri, sonra biri, ...

nişangahda saxlayırlar

düşmənləri:

- Bu, Əlinin əvəzinə!

- Bu, Vəlinin əvəzinə!

- Bu gülləmsə son nəfəsi

avtomatın qundağını

silənlərin əvəzinə,

- Bu gülləmsə döyüş ruhu

göy üzündən döyüşlərə

gələnlərin əvəzinə!

 

Atışdılar... Bu anda

Kərimə güllə dəydi,

Avtomatı kiridi.

Kərimə dəyən güllə

Samirin dayandığı

Yeri yandırdı, yaxdı...

Samir elə bildi ki,

Dünyanın son yeridi.

Bu anlarda, bu anda

Elə bil göy üzündən

Vədəsiz ulduz axdı...

 

Samir səngəri aşdı...

Üç addım... Beş addım...

On addım... Və son addım...

Kərimə çata-çatda

düşmənin güllələri

kürəyində soyudu...

 

Zaman aman vermədi

Gümüldənən hər səsə...

Və yetirə bilmədi

son nəfəs son nəfəsə...

 

 

Ricət

 

 

Torpaq oyaqdı, Zəfər - bayraqdı,

Şuşa dağları göyə dayaqdı,

Ruhun çıraqdı,

Şəhid qardaşım!

 

Bu Zəfər üçün gülümsəyirsən,

İndi ruhunla "Vətən!" deyirsən,

Şəhid qardaşım!

 

Sonuncu andın Ana Torpaqdı,

Döyüşəcəyik səhərə kimi,

Səhər uzaqdı, Zəfərə kimi,

Şəhid qardaşım!

 

Şuşanın dağları çataq-çataqdı,

Dərələr boyunca duman süründü.

Allaha bir köynək yaxındı, burda

Şuşa könlümüzdən yaxın göründü...

 

8 noyabr

Sökülürdü dan yeri...

Güllələrin səsiydi

Mürgüləyən payızda

qəfil oyadan yeri.

 

Gün çıxıb... Döyüşçülər şəhidləri

ana-ana döyüşdülər...

Dağ - sıldırım, niyyət - ulu...

Yerdən-göydən

bac almada döyüş ruhu...

Döyüşçülər dağda daşı

döndərdilər nərdivana,

döyüşdülər...

 

Ricət

 

 

Xuraman qayasından

Enir Cıdır düzünə,

Bir doğmalıq sarılır

(qılıq-qılıq sarılır)

Səməndərin üzünə.

Atdığı güllələsiydi

izinin yedəkçisi,

Zəfər, Qələbə oldu

 

sözünün yedəkçisi:

Döyüş - ruhumuzla tən,

Bizik muraza yetən,

Vətən, ay Vətən!

 

Qoymazdıq qəm qarıya,

Dərd üstə dərd sarıya...

Gör çəkildi haraya

dağlarından duman, çən,

Vətən, ay Vətən!

 

Ər oğlu ərən bizik,

Dərdə dərd verən bizik,

Döyüşdə güllələri

Dağlara sərən bizik;

Burda çiçək yerinə

Qələbə ruhu bitər,

Vətən, ay Vətən!

 

 

Vaxtı döyüşlərə pərsəng bilirdik,

Necə saxlayaydıq zamanı, vaxtı.

Yaralı daşını qardaşım bilib      basdım bağrıma,

Şehi qurumamış çiçəklərini

Məlhəm əvəzinə qoyub ağrıma

sənin gözlərinlə Şuşaya baxdım,

Vətən, ay Vətən!

 

Güllələr işığında

Şəhərə çatanları,

Döyüşlərdən sıyrılıb

Zəfərə çatanları

Salamlayan şəhərim!

İndi doğma gəlirmi

eşitdiyin səs sənə?!

Sıldırımlardan aşıb

ruh yoran həsrətinə

yetirən nəfəs sənə?!

O nəfəsə söykənən

Yaralı bir əsgərin

Qırıq-qırıq deyir ki,

Atam şuşalıdı...

Burdan gedəndə

Öpdüyü torpaqda, öpdüyü daşda

Hər qarış torpaqda Zəfər görürəm.

Dünyanın ən yüksək zirvəsindəyəm,

Sabaha açılan səhər görürəm!

Əsən yel deyildi, yel biçimində -

körpə budaqların əlindən tutub

Çırpına-çırpına əsən təsəlli.

Dünyanı görürəm Cıdır düzündən,

İsa bulağının səsi - təsəlli.

 

 

Zəfər qazanmışıq!.. Şuşanı görmək,

Ay ata, Cənnəti görmək kimidi!

Bu torpağı öpmək, bu daşı öpmək

Vətənin əlini öpmək kimidi...

 

 

Ricət

 

 

Burda sevgidən

tonqal qalandı,

Qala dünyaya

Kölgə salandı.

Tanrım, Şuşasız

ömür yalandı!..

 

Qarqar dərindi,

Suyu sərindi,

Ruh göylərindi,

Ömür - yerindi...

Sentyabr, 2025

 

Rəşid FAXRALI

525-ci qəzet .- 2025.- 7 noyabr  (¹204).- S.15.