Rəmiş
Povest
(Əvvəli ötən saylarımızda)
Yorulmuşdu, çox yorulmuşdu. Əslində buna
yorulmaq demək olmazdı ey, bezmişdi. Hər şeydən
bezmişdi: şöhrətdən də, dostlarından da,
curlarından da, qadınlardan da. Elə Rəmiş olmaqdan da
bezmişdi. Tıncıxırdı. Nə qədər belə
yaşamaq olar? Yaşamaq ona çox mənasız olmuşdu.
Özü də bu, tez-tez baş verirdi. Belə olanda oturub
maşına qaçırdı kəndlərinə.
İndi də oturdu maşına. Yolboyu Qədir
Rüstəmovun, Akif İslamzadənin mahnılarına qulaq
asa-asa sürdü Abdala. Kəndin içində də onu
görüb salamlayan adamlara da siqnalla salam verib gəldi Kəhrizin
başına. Maşından düşüb özünü
verdi Kəhrizə. Əvvəlcə doyunca su içdi, bu su
onun ürəyinə bir az təpər verdi. Sonra qurşaqdan
yuxarı soyunub yuyundu. Su o qədər soyuq idi ki, elə bil bədəninə
yüzlərlə iynə batırırdılar, ona ləzzət
edirdi. Sonra qurulanıb oturdu bir sal daşın üstündə,
başladı suyun şırıltısına, yarpaqların
fısıltısına, quşların səsinə qulaq
asmağa. Tərtəmiz havanın şirin qoxusunu çəkdi
neçə illərdi təmiz hava görməyən ciyərlərinə.
Ciyərləri kef elədi. ciyərlərini o qədər
tüstü ilə doldurmuşdu ki, indi bu qaymaq kimi havanı
udduqca ciyərləri kirdən-pasdan təmizlənirdi.
Xeyli belə oturmuşdu. Gözünü yumub
getmişdi fikrə. Bu vaxt Kəhrizə adamlar gəlməyə
başladı.
- Buy, başıma xeyir, bu bizim Rəmiş
döyül? - deyə çiynində səhəng olan
qadın yanındakı qadınlardan soruşdu.
Qadınlardan biri dilləndi:
- Hə, özüdü ki var. Çoxdandı kəndə
gəlmir.
"Buy, başıma xeyir" deyən qadın
yaxınlaşıb Rəmişi qucaqladı, öpdü:
- Nətərsən, ay bala.
Rəmiş oturduğu yerdən qalxdı, özü
də əsəbi halda, gül kimi kef eləyirdi. Gələn
qadınlar onun kefinə oturdular. Başı ilə
qadınlara salam verib Kəhrizdən ayrıldı.
Maşına minib qayıtdı
kəndə tərəf. Aşıq Xaspoladın evinin
qabağında maşını saxlayıb düşdü.
Girdi evə. Xaspolad kişi oturub böyürtkən mürəbbəsi
ilə çay içirdi. Tez qalxdı ayağa, Rəmişi
bağrına basdı:
- Dədəm, nənəm saa qurban, ay Rəmiş.
Xoş gəlmisən bu kasıb daxmama.
Rəmiş də bardaş qurub yerdə oturdu və əlini
atıb Xaspolad kişinin yarımçıq qalmış
çayını götürüb bir-iki qurtum aldı.
Böyürtkən mürəbbəsindən də ləzzətlə
yedi. Bu kənddə elə ev yoxuydu ki, orda böyürtkən
mürəbbəsi olmasın. Kəndin bütün ətrafı,
elə içi də böyürtkən kollarıylı
doluydu. Rəmiş uşaq vaxtı əlinə tikan bata-bata o
kollardan böyürtkən yığıb yeyərdi.
Rəmişə də çay gətirdilər.
Rəmiş:
- Çay istəmirəm, Xaspolad dayı. Şəhərdə
ürəyim sıxılırdı, durdum gəldim kəndə.
Darıxmışdım Kəhrizin suyu üçün.
İndi durub qayıdacam Bakıya. Gəldim ki, mənə
sazda bir Orta Sarıtel çal, başım-beynim təmizlənsin.
Xaspolad kişi sazı divardan götürdü, otaqda
bir gərdiş edib basdı sinəsinə və
başladı çalmağa. Orta Sarıtel Rəmişi
götürüb apardı. Amma çox uzağa aparmadı,
elə kəndi dolandırdı. Uşaqlığına
apardı, gül kimi, təmiz vaxtlarına. Xeyli saza qulaq
asdı, sonra qəfil durub Xaspolad kişinin əllərini
öpdü və sağollaşmadan da evdən
çıxdı.
Arxadan Xaspolad kişinin səsi gəldi:
- Ay bala, bir tikə çörək yeyəydin.
Əlini yelləyib oturdu maşına. Yendi
aşağı. Məktəbin yanında bir anlıq
dayandı, sonra da maşını sürdü öz evlərinə.
Əslində bu evdə çoxdan yaşamırdılar,
şəhərə köçmüşdülər.
Atası da bu mülkü, bu həyəti
bağışlamışdı yaxın qohumlarından birinə.
Maşından düşmədi, elə evlərinə tərəf
boylandı.
lll
Şair dostu ilə oturmuşdu Sabir bağında.
Sabirin heykəlinə baxıb dedi:
- Şair, sənə də belə bir heykəl
qoyacaqlar?
- Heykələ inanmıram, amma yəqin bir
başdaşı qoyacaqlar...
...Meymunun öldüyünü eşidən Gəmi
Kapitanı özünü çatdırdı Rəmişə.
Rəmişin gözləri dolmuşdu, Şair də bir tərəfdə
əyləşmişdi.
Gəmi Kapitanı:
- Qağa, nədi, səni ilk dəfə ağlayan
görürəm.
- İt saxlayan dostların iti öləndə özlərinə
gələ bilmirdilər, mən onlara gülürdüm.
Heş demə, heyvan sevgisi, heyvana öyrəşmək
başqa bir şeymiş. İndi onları görəndə gərək
üzr istəyim. - sonra da
çarpayının üstündəki banan qutusunu
göstərib dedi; - İndi gərək bunu aparıb
basdıraq.
Gəmi Kapitanı:
- Nolar, deyəsən, Bakıda heyvan qəbiristanlığı
var, ya aparıb orda basdırarıq, ya da bir meşədə.
- Yox, istəyirəm sənin bağında
basdıraq. Amma heç kəs bilməsin, arvad-uşaq da.
Könlümə düşəndə gəlib qəbrinin
üstündə bir gitara çalaram.
Gəmi Kapitanı gülümsədi:
- Nə deyirəm, sən istiyən olsun.
Banan qutusundakı meymunu götürüb gəldilər
bağa. Dərin bir quyu qazdılar və qutunu yendirdilər
quyuya.
Şair dedi:
- Qaqa, boynundakı zənciri, qolundakı saatı
açaydın da.
Rəmiş hirsləndi:
- Bir belə kitab oxumusan, bilmirsən ki, şahları
basdıranda qılıncını, zinət əşyalarını
da bir yerdə basdırırlar?! Bu da meymunların
şahıdı.
Şair:
- Bəlkə mərmər başdaşı qoydurub
üstünə şəklini də çəkdirəsən?
- Söz verirəm, sənə elə bir
başdaşı qoyajam ki, mərməri də Jitomirdən gətirəcəm,
üstündə də şəklin, əlində də hələ
çıxara bilmədiyin kitabın.
- Meymunu məndən çox istəyirdin
qoyduraydın da başdaşı.
- Sarsaxlama!..
Şair:
- Rəmiş, əsgərlikdə olmusan?
- Hə, özü də iki il.
- Bəs necə olub ki, ağıllanmamısan?
- Gij, gij danışma, əsgərlikdə
ağıl dərsi keçirlər? Baxıb gördülər
ki, Muzuçilişi qurtarmışam, adımı yazdılar
ansambla. Onlar ansambla orkestr deyir, iki il o orkestrdə gitara
çalmışam, heş avtomat da görməmişəm.
Gitaranı da ordan gətirmişəm, eləmişəm
bizimki. Sən əsgərlikdə olmusan?
- Yox, universiteti bitirənləri aparmırdılar.
- Getsəydin ağıllanajeydin?..
...Rəmiş heykələ yenə diqqətlə
baxıb soruşdu:
- Şair, Sabir sağ olsaydı, bu gün elə
şeirlər yaza bilərdi, yoxsa Süleyman Rüstəm kimi
olardı?
- Süleyman Rüstəm böyük şairdi.
- Hə, Sovet hökumətini o qədər tərifləyir
ki, hərdən mən də istəyirəm Sovet hökumətində
yaşayım.
- Sən heç Süleyman Rüstəmi oxumusan?
- Yox, eşitmişəm. Sən çox kitab oxumusan,
alim adamsan. Amma səndən heç vaxt böyük şair
olmayacaq.
- Niyə?
Rəmiş Qala divarlarını göstərdi:
- De görüm nə görürsən?
- Qala divarlarını.
- Vəssalam?
- Hə, ayrı nə görməliyəm ki?
- Buna görə deyirəm də səndən şair
olmayacaq. Amma mən o daşların üstündə qan
görürəm. Gözümü yumuram, divarların
arxasında saçlarını yolan anaları görürəm,
gəlinləri görürəm. O daşlar hamısı ağlayır, özü də qan
ağlayır. Bir dəfə televizorda Mikayıl Mirzə sənin
qayınatanın şeirini oxuyurdu. Bax, şair odu ey, mənim
gördüyümü görüb, ona görə o şeiri
yazıb. Bir-iki söz yadımdadı. Gərək ki, deyir,
igidlərin yaşaması daş olmaqla mümkün idi.
Daşları danışdırır, özü də qəşəng
danışdırır. Mən də danışdıra bilirəm.
Sən canın, bəlkə o şeiri deyəsən, bir də
qulaq asım. Söz verirəm, bu gecə o şeirə bir
musiqi bəstələyəcəm.
Şair:
- Elə onda gecə sən gitaranı barmaqlayarsan, mən
də şeiri deyərəm.
Rəmiş:
- Sən avarıya düşəndə gəlmişdim
sizə. Həyətdə taxta skamyanın üstündə
yatmışdın. Elə yatmışdın ki, qoymadım
oyatsınlar, qıymadım.
Qayınatan da çənəsini əsasına dirəyib
oturmuşdu. Xeyli söhbət elədik. Düzdür, bəzən
çətin başa düşürdüm, mən
insanların ürəyini gözlərindən oxuyuram. O
kişinin də ürəyini təmiz oxudum. Sonra qalxdıq evə.
Kişi üçün sənin gitaranla bəzi şeyləri
çaldım. O da heyran-heyran baxırdı. Bahalı gitaran
var, çala bilmirsən, onu neynirsən?
- İstəyrsən bağışlayım sənə?
- Yox, mən də dəm olub kiməsə
bağışlayacam. Qoy qalsın evdə. Nə vaxt istəsən,
gələrəm sizin evdə bir konsert çıxardaram.
Xanımın da yaxşı çığırtma
bişirir, məəm nənəm də elə
çığırtma bişirir. Əsl Ağdam
çığırtması.
- Hə, anamdan öyrənib.
Rəmiş:
- Şair, sənə bir sirr açım, amma öz
aramızda qalsın. Şairlər bir az ağzı
yırtıq olur.
- Eşidirəm.
- Şair, o qan ağlayan divarların o tərəfindəki
evin ikinci mərtəbəsində bir xanım yaşayır.
Heç adını da bilmirəm. Hər dəfə mənim
konsertimə gəlir, hələ maa gül də alır. Mənə
konsertdə gül verəndə ətim tökülür. O
xanıma vurulmuşam. Mən iki dəfə vurulmuşam, bir
orta məktəbdə dördüncü sinifdə oxuyanda
müəllimimə, bir də bu xanıma. Bəzən gecə
saat ikidə durub gəlirəm İçərişəhərə,
otururam bir daşın üstündə onların pəncərəsinə
baxıram. O da öyrənib mənim nə vaxt gəldiyimi. Pərdəni
aralayıb xeyli mənə
baxır, gülümsəyir. O təbəssüm
yayılır sinəmə, sonra da əl edib durub
çıxıb gedirəm. Özün bilirsən, onu
bişirmək mənim əlimdə su içmək kimi bir
şeydi, amma istəmirəm. Onu yoldan çıxarmaq
günahdı.
- Sənin o qədər günahın var ki, biri də
olsun bu.
- Yox, bu günahı heç nə ilə yumaq olmaz.
- Deməli, sən hələ hər şeyi itirməmisən.
Rəmiş:
- Dur, şair, dur gedək bir bahalı restoranda o
xanımın sağlığına vuraq.
lll
Qurban əmi öləndən sonra Rəmişə
bağışladığı tar qiymətə mindi. Ona
görə yox ki, başdan-ayağa sədəfin içindəydi,
ona görə ki, bu tarı Qurban əmi
çalmışdı. Bakıda böyük tarzənlər
bu tara elçi düşdülər. 3000-3500 manat pul təklif
edirdilər tar üçün. Rəmiş isə heç
cürə tarı satmaq istəmirdi.
Atası da eşitmişdi ki, məşhur
tarçalanlar Ağdama gəlib tara elçi
düşüblər. Oğluna demişdi:
- Rəmiş, nə qədər pul deyirsən sənə
verim, birdən pula aldanıb tarı satarsan.
- Dədə, nə deyirsən? Mən heş Qurban əminin
yadigarını kiməsə sataram?
Və tara elçi düşənlər də
başa düşdü ki, Rəmişdən bu tarı qoparda
bilməyəcəklər.
Amma... Ağdamdakı toyların birində ortadan
çıxmayan bir sərxoş Rəmişin o qədər zəhləsini
tökdü ki, axırda özünü saxlaya bilməyib
tarın qolundan yapışıb çanağını vurdu
sərxoşun başına. Sərxoşu qan
götürdü, tarın çanağı da
çilik-çilik olub töküldü yerə. Tez sərxoşu mağardan çıxarıb
başını sarıdılar, həkim çağırdılar.
Erməni tar çalan Xaçı da toydaydı. Ağdamda
yeməkxanalarda ala-babat tar çalardı. Bir dəfə
iş görərkən baltayla sol əlini baş
barmağı tərəfdən yaralamışdı.
Aparmışdılar həkimə, həkim
barmağını sarıyarkən arvadı Aşxen
demişdi:
- Həkim, qoyma muğamat ölə.
İndi həmin Xaçı salfetka, torba istəyib
yerdəki çilik-çilik olmuş tarı toplamağa
başladı. Hamısını topladı, sonra stolun
üstündəki qolu da götürdü və Rəmişə
dedi:
- Rəmiş, bu tarın qırıqlarına
üç min manat pul verirəm, satarsan mənə?
Rəmiş əsəbi halda Xaçının
başına bir qapaz vurub:
- Ə, götür rədd ol burdan. Yoxsa səni də
o tarın gününə salaram.
Xaçı tarın qırıqlarını
götürüb mağardan çıxdı. Və heç
kəs bilmədi ki, Xaçı çilik-çilik olmuş
tarı aparıb Yerevanda zərgərlərə təzədən yığdıracaq. Yalnız "Qurban
Pirimov" sözünü çanağa qoymayacaq. Və
bağışlayacaq Yerevan muzeyinə. Onlar da həmin
qeyri-adi tarı gələn turistlərə qədim erməni
tarı kimi sırıyacaqlar.
lll
- Bilsəydim Şairi də özümlə
götürərdim. Mənim çox söhbət etməklə
aram yoxdu. Şair bunlarla verərdi ağız-ağıza, zəvziyərdilər.
Bəlkə də Şair Paqaninini bunlardan yaxşı
tanıyır. - Sonra da üzünü tutdu qonaqlara; - Durun
oturun maşınlara, getdik.
- Elə indi?
- Hə, indi. Sizi aparım Ağdamda toya,
Qarabağı gəzməyə. - sonra üzünü tutdu
Aydına; - Brat, gör Şairi tapa bilərsənsə, ona
denən gəlsin Ağdama.
Hamıyla xudahafizləşib oturdular maşına. Rəmişə
oxşayan öndə oturdu. Və düşdülər yola.
Rəmiş yenə maqnitofona Qədir Rüstəmovun lentini
qoydu.
- Sizin üçün yaddı, amma görün nə
ilahi bir səsdi?
Və sürdü Şamaxıya. Bahalı
restoranların birində saxladı ki, düşün
çörək yeyək.
Restorandakıların əksəriyyəti qalxıb Rəmişlə
görüşdü. Müdir də gəldi, Rəmişi
bağrına basdı.
Rəmiş:
- Qonaqlarım var, bir bahalı süfrə aç.
Və bir bahalı süfrə açdılar.
Qonaqlara araq gətirtdi, özünə konyak. Və bir iki
yüz qram vurdu.
Lyonya:
- Qailərdən qorxmursan?
Rəmiş gülümsədi:
- Hamısı mənim bratımdı, narahat olma.
Yeyib-içəndən sonra hesab istədi.
Restoranın müdiri gəldi:
- Rəmiş, bizi qonaqların yanında pərt eləmə.
Mənə şərəfdi ki, sən qonaqlarını mənim
restoranıma gətirmisən.
Sağollaşıb çıxdılar. Lyonya təəccüblə
dedi:
- Sən hesabı vermədin?
- Bizdə qonaqlardan hesab almırlar.
Göyçayda düşdülər yenə bir stəkan
çay içdilər. Yenə çayxanadakılar Rəmişin
başına yığışmaq istədi. Xahiş elədi
ki, qonaqlarım var, ayrı vaxt qonağınız olaram.
Axşam düşəndə toyxanaya
çatdılar. Mağardakılar Rəmişi görəndə
bir "urrey" elədilər. Qonaqlarını da
keçirtdilər yuxarı başı. Önlərinə də
qırmızı örtüklü bir stol qoydular, çay gətirmək
istədilər.
Rəmiş:
- Çayı əzizləriniz içsin, onlara
mer-meyvə və konyak verin.
Bir az mer-meyvə, konyak gətirdilər. Rəmiş də
keçdi musiqiçilərin yanına, gitaraçı Eldara
dedi:
- Kərimov, icazə ver bir-iki saat çalım,
özü də qorxma, toydan yığılan pulun
hamısı sizindi.
Kərimov da babat vurmuşdu. Durub Rəmişi
öpdü, gitaranı da gətirib verdi ona:
- Qurbandı!
Və Rəmiş başladı. Mağara sükut
çökdü. Rəmiş isə uyub gedirdi. Hara gedirdi,
özü də bilmirdi. Və birdən fırlayıb
şıdırığı oyun havasına keçdi.
Ortalıq oynayanlarla doldu. Bir on dəqiqədən sonra yenidən
oyun havasını dəyişib keçdi lirik notlara. Yenə
hamı qayıdıb oturub sakitcə qulaq asmağa
başladı.
Volodya belə mağar toylarını çox
görmüşdü, amma Lyonya ilk dəfəydi ki, belə
bir səhnəylə rastlaşırdı. Üzünü
Volodyaya tutub dedi:
- Kaş bu toyu lentə ala biləydim.
Növbəti oyun havası çalınanda Volodya
yerindən qalxıb qoşuldu
oynayanlara. Çox gözəl rəqs edirdi. Bunu görən
Lyonya da girdi oynayanların arasına, amma tutuzdura bilmədi.
Əlləri oynayırdı, amma ayaqları yox. Bu vaxt Romik gəldi:
- Rəmiş, dədəm dedi ki, qonaqlarını
götürüb gətirsin bizə.
Rəmiş çalğısını saxlamadan:
- Ə, görmürsən nə gündəyik?
Hamı içkili, hallı. Bu gündə dədəmin evinə
gedə bilərik. Sən get, denən ki, toy qurtaran kimi
qayıtdılar Bakıya. - Sonra da Rəmişin
çalğısını maqnitofonun lentinə
köçürən Muquşu göstərib: - Gecə
onlarda qalacağıq. - dedi.
Rəmiş bir-iki saat çalandan sonra gitaranı
qaytardı Eldara və üzünü tutdu mağardakılara
dedi:
- Konsertimiz qurtardı.
Və Muquşa işarə elədi. Muquş maqnitofonu
götürüb vurdu qoltuğuna, gəldilər Muquşgilə.
Bulvarın kənarına yaxın bir yerdə bir ev
vardı. Əslində mülk idi. Vaxtilə hansısa bəy
tikdirmişdi. Bulvarı salanda da ərazidəki tikilələri
sökmüşdülər, bəyin xətrinə onun
mülkünə dəyməmişdilər. Bu mülk də bəyin nəslindən
olan diktor Rafiq Hüseynova qalmışdı. O da Bakıda
yaşadığından evi bağışlamışdı
Muquşa.
Girdilər evə. Lyonyanın təəccübdən
gözləri bərəldi. Bu, ev deyildi, muzey idi. Köhnə
patefon vardı, bir tərəfdəki taxçada da yüzlərlə
val, böyük bir kitabxana. Azərbaycanda nə musiqi alətləri
vardısa, hamısı evdəydi.
Evin ən yaxşı yerində içi lentlərlə
dolu qutular vardı.
Muquş həmin qutuları göstərib dedi:
- İndiyədək Rəmiş Ağdamdakı
toylarda nə çalıbsa, hamısını lentə
yazıb saxlayıram, lap gəncliyindən bəri.
Rəmiş Muquşu qonaqlara təqdim etdi:
- Özü böyük sənətkardı.
Bütün musiqi alətlərində çala bilir,
özü də məndən yaxşı. Anası xalq
artistidi, atası əməkdar. Sənətkarlar ailəsidi.
İndi sizin üçün xahiş edəcəm fortepianoda
nəsə çalsın.
Muquş keçdi mətbəxə. Soyuducudan soyutma
çolpa, kolbasa, sosiska, turşu çıxardıb bir
süfrə açdı, sonra da bir araq gətirdi.
- Hələ bir tikə nəsə yeyin, adama da
yüz-yüz vuraq, ondan sonra.
Bir yüz vurandan sonra keçdi fortepianonun arxasına.
Rəmiş də stulu çəkib fortepianonun arxasında
oturdu. Muquş başladı çalmağa, Rəmiş də
onu müşayiət elədi.
Bu vaxt Volodya qalxdı ayağa, gəlib Rəmişi
durğuzdu və başladı Muquşu müşayiət eləməyə.
Çox gözəl çalırdı. Rəmiş
üzünü tutdu Lyonyaya:
- Brat, bu şandığa sənətkarıymış
ki?!
Volodya çalarkən Rəmişin əl-qol hərəkətlərini
edirdi. Sonra durub gitaranı
götürdü, başladı Muquşun
çaldıqlarını çalmağa. Özü də Rəmiş
kimi sol ayağını stulun üstünə qoyub, yenə Rəmişi
yamsılamağa başladı.
Rəmiş baxıb dedi:
- Lyonya, bu nə meymunluq edir? Mənim bir meymunum
vardı, bundan ağıllıydı. Heyif ki öldü,
yoxsa verərdim sənə, onu da kinoya çəkərdin.
Lyonyanın cavab verməyə halı yoxuydu.
Başını stolun üstünə qoyub
yatmışdı, həm yorğunluqdan, həm də
içkinin təsirindən.
Səhər tezdən durdular, Muquş onları
apardı Petro Elbrusun Xaşxanasına, yaxşı
xaşladılar, sonra da qonaqları Ağdamda gəzdirdilər,
şəhərlə tanış elədilər. Günortaya
yaxın çıxdılar Bakıya.
Yolda Lyonya dedi:
- Rameş, Muquş sənə yaman oxşayır,
qardaşın deyil?
- Yox, qonşumuzdu. Özü də istedadlı, ipə-sapa
yatmayan oğlanlar hamısı bir-birinə oxşayır.
Çıxdılar Bakıya. Yevlaxa çatanda benzin
doldurmaq istədi. Bu vaxt bir dostuyla rastlaşdı. Dostunu
qonaqlara təqdim etdi:
- Ruslan doktordu. Əla oğlandı.
Qardaşının toyunu mən eləmişəm. Toydan bir
maşının pulunu götürmüşdüm.
Ruslan əl çəkmədi ki, gedək
Kürün qırağında dostlarına yaxşı
balıq kababı verim.
Rəmiş:
- Sağ ol, səhər-səhər xaş yemişik.
Həm də Bakıya tələsiyirik, ayrı vaxt.
Ruslan nə illah elədi, Rəmiş razı
olmadı.
Günortadan bir az keçmiş gəldilər
çatdılar Bakıya - Kinostudiyaya. Oturdular həyətdəki
çayxanada. Rəmiş cavan aktyorların birindən xahiş elədi:
- Brat, ordan Aydını çağır.
Aktyor getdi, Aydınla qayıtdı.
Görüşdülər, öpüşdülər.
Rəmiş:
- Dadaşov, qonaqları sağ-salamat sənə təhvil
verirəm, bundan sonrası mənlik deyil.
Lyonya cibindən bir vizit kartı çıxarıb
verdi Rəmişə:
- Rameş, Moskvaya yolun düşsə, xahiş edirəm,
məni tap. Sən dahisən, Allah ömür versə, səndən
bir kino çəkərəm ki, bütün dünya donub
qalar.
Bir vizit kartı da Volodya verdi:
- Məni də tap. Səni erməni toyuna çağırsam, gələrsən?
Rəmiş güldü:
- Zemlyak deyilik?
lll
"Şənlik" ansamblı məşq edirdi. Rəmiş
də oturmuşdu zalda, ikinci hissədə o
çalmalıydı. Bu vaxt direktorun köməkçisi Rəmişə
səsləndi:
- Rəmiş, Maestro səni çağırır.
Qalxıb ehmal-ehmal zaldan çıxıb gəldi
Maestronun kabinetinə. Maestro oturmuşdu, çay içirdi. Rəmişi
görəndə bir stəkan da onu çay süzüb yer
göstərdi ki, əyləş.
- Necəsən?
- Belə də, həmişəki kimi. Pis deyiləm.
Maestro stolun gözündən bir dəvətnamə
çıxartdı, qoydu onun qabağına.
- Bunu sənə Mosfilmdən göndəriblər. Həftənin
sonunda orda Paqanini filminin təqdimatı olacaq, ora dəvət
ediblər. Gediş-gəliş təyyarə biletini də
göndəriblər. Mədəniyyət Nazirliyi də mənə
göndərib ki, sənə çatdırım.
Rəmiş dəvətnaməni götürüb
baxdı. "Mosfilm"dən göndərsələr də,
altındakı imza rejissor Lyonyanın idi.
Maestro ona dedi:
- Sən canın, ora adam kimi geyinib get, farmazonluq eləmə.
Orda dünyada məşhur olan çox adam olacaq. Birdən
çaşıb meymununu da apararsan, gətir ver biz saxlayaq.
- Maestro, burdakı, içi mən
qarışıq bir belə
meymun sənə azlıq edir? Qorxma, meymunu aparmaram, meymunumun
ürəyi partlayıb öldü. Həyatdakı meymunlar
onu çərlətdi. - dedi və Maestronu bağrına
basıb otaqdan çıxdı.
Gəldi ansamblın rəhbərinin yanına:
- Mən bir həftə olmeyjam, konserti təxirə
salın, ya da mənsiz keçinin.
Ansamblın rəhbəri:
- Sənsiz konsert olar? Sən olmayandan sonra konsertə
kim gələcək?
- Brat, day mən sözümü dedim...
...Təqdimat çox böyük bir kinoteatrda keçirilirdi.
Girişə qırmızı xalı döşənmişdi.
Gələnlər o xalıdan keçib gedirdi. Xalının ətrafında
isə bəlkə minlərlə adam
toplaşmışdı. Keçən məşhurları
bağıraraq salamlayırdılar. Bəzilərinin
üstünə gül də atırdılar. Maestronun dediyi
kimi, gələnlər hamısı elit kostyumlardaydı, ya da
frak geyinmişdilər. O isə cins şalvardaydı, əynində
də cins köynək, bir də qara dərili pencək
vardı. Heç kəs onu alqışlamadı,
salamlamadı, üstünə gül atan da olmadı. O,
alqışları Bakıda qoyub gəlmişdi.
Qapıçılar onu geyiminə görə içəri
buraxmaq istəmədilər. Dəvətnaməni göstərdi,
amma yenə buraxmadılar:
- Xahiş edirik, gedin geyiminizi dəyişin.
Gülümsədi:
- Brat, heç onda girmirəm.
Qayıtmaq istəyirdi ki, Lyonya çıxdı, onu
basdı bağrına. Tutdu onun qolundan, qapıçılara
dedi:
- Bu, Rameşdi. Bakıdan şəxsən mənim
qonağımdı. Özü də genidi.
Rəmiş bir az əvvəl onu buraxmayanları
özünə məxsus tərzdə süzdü və
Lyonya ilə girdi içəri. Foyedə iynə atsan, yerə
düşməzdi. Ofisiantlar əllərində su, meyvə
şirəsi, şampan, araq gəzdirirdilər. Lyonya bir
arağı götürüb uzatdı Rəmişə:
- Lyonya, mən bircə konyak içirəm.
Lyonya ofisianta:
- Gedin konyak gətirin.
Nəhayət, keçdilər zala. Lyonya Rəmişi
öz yanında oturtdu. Rəmiş gördü ki, Volodya da
burdadı. Onunla saymazyana görüşüb dedi:
- Brat, sən də burdasan?
Film başladı. Zala sükut çökdü.
Yalnız Koqan Paqanininin əsərlərini çalanda
zaldakılar Koqanı alqışlayırdı.
İkinci seriyadan sonra iyirmi dəqiqəlik fasilə
elan etdilər. Rəmiş soruşdu:
- Lyonya, hələ çox qalıb?
- Nədi, xoşuna gəlmədi? Darıxdın?
- Xeyr. Çox gözəl filmdi. Bu dığa da
gözəl oynayır, amma məni bir az çox
yamsılayır.
- İki seriyası qalıb. İki saata bitəcək.
- Lyonya, mən heç istəmərəm bu film
biltsin. Bu, kino deyil, nəysə başqa bir şeydi.
Özümü görürəm orda.
Nəhayət, film bitdi. Filmin yaradıcı heyəti
alqışlar altında çıxdı səhnəyə.
Lyonya Rəmişin də qolundan tutub qaldırdı səhnəyə.
Çıxışlar, təbriklər,
alqışlar... Nəhayət, sonda Lyonya yenidən söz
alıb Rəmişdən başqa hamıya təklif etdi ki, səhnədən
düşsünlər. Beləliklə, səhnədə bir
Rəmiş qaldı, bir də Lyonya. Lyonya keçdi mikrofonun
qarşısına, Rəmişi də çəkdi
yanına. Üzünü tutdu zala və dedi:
- Əziz dostlar, bu oğlan bakılıdı. Adı
da Rameşdi. Dünyada bundan böyük gitarist
tanımıram. Filmi çəkməmişdən qabaq bunun
arxasınca iki dəfə Bakıya getdim. Paqanini roluna
Rameşi çəkmək istəyirdim. Bakıdakı
rejissor dostlarım da nə qədər xahiş elədilər,
hətta mən yalvardım da, çəkilmək istəmədi.
Dedi ki, mənim bir rolum var, o da Rameşdi. Sonra Volodyanı da
götürüb özümlə apardım,
üç-dörd gün qonağı olduq. Bizi
doğulduğu şəhərə toya apardı. Volodyaya
dedim ki, əsl Paqanini budu, bunun yerişini, duruşunu, əl hərəkətlərini,
jestlərini öyrən. Yəni bu filmin belə gözəl
və maraqlı alınmasında Rameşin də böyük
rolu var. İndi ondan xahiş edəcəm gitarada ürəyi
nə istəyir çalsın. Siz də dinləyin,
görün necə genilər var.
Səhnəyə bir skripka çalan
çıxdı, bir piano çalan və Rəmişə də
gitara gətirdilər. Rəmiş yaxınlaşdı
fortepianoya, bir balaca nəsə çaldı. Pianoçalana
dedi ki, bu ritmdən kənara çıxma.
Səhnəyə stul qoydular, amma Rəmiş stulda
oturmadı. Sol
ayağını qaldırıb qoydu stulun üstünə,
sonra simləri sığalladı və başladı Fikrət
Əmirovun "Kürdovşarı"nı çalmağa.
Sonra keçdi Azərbaycan kapriççiosuna, ordan da
qayıtdı filmdə Koqanın çaldığı
Paqanininin əsərlərinə. Və uydu, getdi. Necə
uymuşdusa, zalı da elə uydurmuşdu. Skripkaçalan da,
fortepianonun arxasındakı xanım da day
çalmırdılar, ayağa durub Rəmişə qulaq
asırdılar.
Zal donmuşdu. Səhnədə Paqanini idi. Amma bu
Paqanini skripkada deyil, gitarada çalırdı.
Nəhayət, Rəmiş son akkordlarını vurdu.
Zalda bir alqış qopdu ki, təkcə Lyonya əl
çalmırdı, ağlayırdı.
lll
- Rəmiş, getmək vaxtıdı.
Və Rəmişi qucağına alıb qalxdı
göylərə. O biri mələklərlə birlikdə.
Uçurdular. Dünya qapqaranlıqdı, yalnız ulduzlar
vardı. O ulduzlara tərəf uçurdular. Rəmiş də
heyran-heyran ətrafdakı mələklərə və
ulduzlara baxırdı. Hara uçurdular bilmirdi. Elə beləcə
gedirdilər. Dünyanın sonu yoxuydu ki, çatalar.
Mələklər Qara Niqablı Mələkdən
acizanə xahiş elədilər ki, icazə ver sonuncu dəfə
çalsın.
Qara Niqablı Mələk sərt şəkildə
cavab verdi:
- Olmaz!
Rəmiş özünü toxdadıb:
- Brat, mənə o boyda Sovet hökuməti qadağa
qoya bilmədi, sən kimsən mənə qadağa qoyasan? -
dedi və gitaranı basdı sinəsinə başladı ilk
dəfə mələklər onu qaçıranda nə çalmışdısa,
onu çalmağa.
Gitaranın səsi kainatı götürdü
başına. Mələklər onun ətrafında rəqs
edirdi. Qara Niqablı Mələk də bir az baxdı-baxdı
və qoşuldu rəqs edən mələklərə.
Rəmiş uymuşdu, bütün kainatı da
uyutmuşdu.
Xəstəxananın həyətində ölüm xəbərini
gözləyənlər göylərdən gələn qəribə
gitara səsi eşitdilər. Donub qaldılar. Hamının
baxışı dikildi göylərə. Onlar da göylərdə
Rəmişi və onun ətrafında rəqs edən mələkləri
gördülər bir anlıq.
Şair gitaranın səsi eşidən kimi bir kənara
çəkilib başladı hönkürüb
ağlamağa.
Palatadakı həkim də, tibb bacısı da
çaşıb qalmışdı, gözlərinin
qabağında birdən-birə Rəmiş gitarası ilə
bir yerdə yox olmuşdu.
Ağdam, Abdal-Gülablı kəndi,
Kəhrizin üstü, may 2025
Aqil Abbas
525-ci qəzet .- 2025.- 7 noyabr (¹204) .- S.12-13.