Zəfər yolumuz yanan ürəyin
türkülərində
Tanınmış dilçi alim, şair, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr
üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə
xanım Hüseynovanın (Nağıqızı) 65 illik
yubileyi ilə əlaqədar noyabrın 4-də ədəbi-bədii
tədbir keçirilib. "Mən bu ömrü elə belə
yaşadım" adlı tədbirdə millət vəkilləri,
dövlət rəsmiləri, ali təhsil müəssisələrinin
rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
"525-ci qəzet"in kollektivi olaraq Mahirə
xanım Hüseynovanı yubileyi münasibətilə ürəkdən
təbrik edir, ona şəxsi həyatında, elmi fəaliyyətində
və ədəbi yaradıcılığında yeni
uğurlar arzulayırıq.
Yubileyə mətbu töhfə kimi, filologiya elmləri
doktoru, professor Təyyar Salamoğlunun Mahirə xanım
Hüseynovanın poetik yaradıcılığına həsr
olunmuş "Zəfər yolumuz yanan ürəyin
türkülərində" adlı yazısını
oxucuların diqqətinə çatdırırıq.
Müstəqillik illərində sənətin zamanla səsləşməsinə
təkan verən şairlərdən biri də Mahirə
Nağıqızıdır. Sözün geniş mənasında,
çağdaş ədəbi prosesə Mahirə
Nağıqızı 2000-ci illərdə qoşulur, əsrin
ikinci onilliyi isə şeirlərində işlətdiyi
"Mahirə" və "Nağıqızı" təxəllüslərinin
özünütəsdiqi ilə yadda qalır. Əsrimizin
birinci onilliyində Mahirənin poetik sözü onun
"analı dünyası"nın orbitində
fırlanır. Başqa sözlə, şairə dünyaya fərdi
yaşantılarının prizmasından baxır və onun cəmiyyət
həyatına münasibəti "analı dünyası"nın
metaforası, simvolikasında poetikləşir.
Zaman taleyüklü problemlərlə daha sərt
şəkildə üz-üzə qalanda sənətkar
yaradıcılığının da yeni bir mərhələyə
keçidi baş verir. Lirik "mən"in duyğu və
düşüncələrində vətəndaşlıq
mövqeyi daha sürətlə aktivləşir. O,
özünü millətinin və dövlətinin üzləşdiyi
ağır sınaqların əhatəsində görür.
Düşünürük ki, "Haqqa çağıran səs"
kitabında, xüsusən "Ruhuna beşiksə, tanı, Vətəndir",
"Salam olsun" və başqa kitablarında toplanan
şeirləri şairənin
yaradıcılığının ikinci mərhələyə
- yeni yüksəliş mərhələsinə keçidindən
soraq verir.
Bu gün 30 il erməni işğalı altında
qalan torpaqlarımız azad olunmuş və biz tarixi bir qələbəyə
imza atmışıq, son iki yüz ilin ən möhtəşəm
şərəf tarixini yazmağa nail olmuşuq. Səbəblər
haqqında düşünəndə Prezidentimiz, Ali Baş
Komandan İlham Əliyevin 2021-ci ilin noyabrın 8-də
Şuşada hərbçilər qarşısında
çıxış edərkən vurğuladığı
bir məqama xüsusi diqqət yetirmək lazım gəlir:
"Tərbiyə işlərinə çox böyük
fikir verərək gəncləri vətənpərvərlik
ruhunda tərbiyə etdik".
M.Nağıqızının
yaradıcılığının ikinci mərhələsi
Ali Baş Komandanımızın millətimizin, xüsusən
gənclərin Vətən sevgisinin böyüklüyü,
hüdudsuzluğu haqqında nikbin qənaətləri fonunda
itirilmiş torpaqlarımız uğrunda ədəbi-bədii
mücadilənin səmərəli nəticələr verməsi
qənaətinə gəlməyə əsas verir. "Salam
olsun" bu mücadilə hərəkatından
doğulmuş kitabdır. Mahirənin şeirləri qələbəyə
gedən yolu təsvir və tərənnüm edən mükəmməl
poetik sistemə malik kamil bir qəhrəmanlıq
dastanının türküləri kimi oxunur. Bu dastanın
"qəlbimizdə oxunan türkülərlə
yarandığı"nı şairə özü də
"Al bayrağım" şeirində etiraf edir.
Ozan ruhlu sənətkar I Qarabağ savaşından II
Qarabağ müharibəsinə qədər
xalqımızın keçdiyi əzablı yoldan, sonsuz
ağrı və acılarımızdan, II Qarabağ
savaşında əldə etdiyimiz analoqu olmayan qələbədən,
millət övladlarının əfsanəyə çevrilən
igidliklərindən bəhs edir. Qələbəmizin tərənnümünü, poetik
sözün yaddaşında tarixləşməsini, xalqın
qan yaddaşına hopdurulmasını sənətkar məqsədinə
çevirir. "Son döyüşə hazır ol"
şeirindəki aşağıdakı misralara diqqət yetirək:
Hədəfin düşmən olsun, o silahlı
yalquzaq,
Get yolun açıq olsun, xata baladan uzaq.
Adına layiq olan şeir, mahnılar yazaq,
Uca işin naminə, son döyüşə hazır
ol.
"Adına layiq olan şeir, mahnılar yazaq"
misrası ozan-aşıq şeir ənənəsindəki
dastan yaratmanı, dastan yaratmağa stimul verən ən həlledici
amili işarələyir. Sənətkarın Vətənin
müdafiəsi naminə sonsuz şücaətlər göstərən,
döyüşdən qələbə ilə qayıdan qəhrəmanları
vəsf etmək, mahiyyətcə isə, dastan qəhrəmanına
çevirmək ruhuna kökləndiyini göstərir:
Türkün ruhu haralarda dolaşır -
Deyənlərə uca səsdən oxuyun.
Ləvin-ləvin səhifələr
açılır,
Tükənməyən dürlü dastan oxuyun.
"Son döyüşə hazır ol" şeiri
2016-cı ilin aprelində, uzun illərin məğlubiyyət
acısından sonra əldə etdiyimiz qələbədən
ruh alaraq yazılmışdır. "Oxuyun" şeiri də
Aprel döyüşlərində Azərbaycan Ordusunun
qazandığı zəfərə köklənən
şair ruhunun poetik əksidir.
Şeirləri yazıldığı zamanın və
inikas etdiyi hadisələrin ardıcıllığı ilə
düzsək, bütövlükdə topluda-dastanda Azərbaycan
xalqının taleyüklü tarixinin iki zaman kəsiyinə
bölünən bütöv bir dövrünün işarələndiyini,
hadisələrin, təsvir və təhlillərin zaman ardıcıllığını
dəqiq təsəvvür etmək mümkündür. Bu
dövr müstəqillik ərəfəsi və illərindən,
20 faiz torpaqlarımızı itirdiyimiz zamandan başlayır,
II Qarabağ müharibəsində əldə etdiyimiz zəfər
tarixi ilə bitir. Buna görə, vahid bir zamanın poetik ifadəsi
kimi dərk olunur. Ancaq əsərin ayrı-ayrı
parçalarında müəllif ovqatı başqadır, dərdin
baş alıb getdiyi parçalar da var, sevinc
yaşlarının misraların ruhuna hopduğu parçalar
da. Bütün hallarda, bu parçalarda dərin bir tarixilik
duyğusu var və bu tarixilikdən kənarda şeirlərin yazılmasına səbəb olan
şair ovqatını başa düşmək mümkün
deyil.
Birinci mərhələ "Azərbaycan" şeiri
ilə başlanır, fikrimizcə, 2019-cu ilin dekabrında qələmə
alınmış "Aparsın" şeiri ilə bitir.
Fikrimizcə, "Azərbaycan" şeiri Mahirənin
başlamaq istədiyi bu dastanın poetik uvertürası kimi
düşünülmüşdür.
Bu uvertüranın ardınca "Vətən"
silsiləsindən onlarla poetik parça gəlir. "Vətəndir",
"Ay Vətən", "Vətən", "Vətən,
ay Vətən" şeirləri şairənin "Azərbaycannamə"
yaratmaq məqsədində israrlı olduğunu, vətəndaşlıq
məramını gerçəkləşdirmək istəyinin
ciddiliyini, konseptual estetik konsepsiyasını ortaya qoyur.
Ali Baş
Komandanımızın Şuşada hərbçilər
qarşısında çıxış edərkən Qələbəyə
aparan səbəblər sırasında xüsusi
vurğuladığı fikrin ardını xatırlayaq:
"İmkan vermədik ki, işğalla bağlı tarix
unudulsun". Mahirə şeirinin də belə bir missiyadan
çıxışını xüsusi vurğulamağa
heç ehtiyac da yoxdur. Şeirlərin adları da, ovqatı
da ilk misradan son misraya qədər bu missiyadan
çıxışı ortaya qoyur, hətta bu missiyanın
yerinə yetirilməsində, S.Vurğunun dediklərini iqtibas
etsək, səf-səf düzülən şairlər
ordusunda Mahirənin yeri ön cərgəyə
çıxır.
Şübhəsiz ki, bütün digər vətəndaş
şairlərimiz kimi, Mahirə də gələcəyə
inamla baxıb. O da mübarizəmizin "bu gün də,
yarın da" davam edəcəyinə inanıb. Azərbaycan
xalqı heç vaxt bu itki ilə barışmayıb.
Dövlət siyasətimiz də elə qurulmuşdu ki, Ali
Baş Komandanın dəqiq ifadə etdiyi kimi, "imkan vermədik
ki, işğalla bağlı olan tarix unudulsun".
Xalqımızın və dövlətimizin
barışmazlıq siyasətində eyni bir hədəfə
vurması son nəticədə bizi Qələbəyə
qovuşduran amil oldu. Barışmazlıq siyasətinin
ictimai-siyasi həyatımızda təzahür edən
çox amilləri var. Və düşünmək olar ki,
bütün amillərin hamısı Vətən sevgisindən
keçib həyata vəsiqə alır və real gücə
çevrilir. Bu mənada düşünürük ki, Mahirə
şeiri keçən hər gündə milli yaddaşı
oyandırır, bu yaddaşda Vətənin obrazını
bütövləşdirir, itirilmiş torpaqlarımız
hesabına bu bütövlüyə milli düşüncədə
hər hansı bir xələl gəlməsinə imkan vermir.
"Vətəndir" tipli şeirləri yaranır:
Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.
"Ay Vətən!", "Qayıtmayam", "Vətən",
"Qara torpaq", "Vətən, ay Vətən"
şeirlərinin yaranması "ruhumuza beşik Vətən"
torpaqları uğrunda 2016-cı ilin ilk günlərindən,
tariximizə "Aprel döyüşləri" kimi
düşən zamandan başlayır, "Günnüt zəfəri"nə
qədər davam edir. Birinci Qarabağ müharibəsindən
sonra, "Aprel döyüşləri" və
"Günnüt zəfəri" ilə xalqımızın torpaqlarımızın
geri qayıdacağına öləziməkdə olan inamı
(bu cəhəti Ali Baş Komandan
çıxışlarının birində xüsusi
vurğulamışdı) özünə qayıdır. Zərrə
qədər də olsa şübhə etmirik ki:
Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
misraları ilə başlayan, Vətən
anlayışına elə bu ilk misralarla çox dərin
poetik açılış verən "Vətən"
şeirindəki raport və səfərbərlik ruhu, canlanan vətəndaşlıq
ruhu, sonsuz Vətən sevgisi, bu sevginin millətimizi ayağa
qaldıracaq gücü şeirin yazılmasından (şeir 5
iyun 2018-ci ildə yazılıb) bir neçə gün qabaq
ordumuzun 2018-ci ilin may ayındakı Günnüt zəfəri
ilə birbaşa bağlıdır. Şairənin ilk qələbələrimizdən
aldığı ruhun səfərbərlik harayına
çevrilməsinin estetik ifadəsi aşağıdakı
kimidir:
Ana harayımı eşidir hamı,
Qadınlar, qızlar da bir ərə dönər.
Oğullar seçəcək
dost-düşmanını,
Hər biri uğrunda səngərə dönər.
Kitabdakı şeirlərin bir qismi şəhidlik
mövzusundadır, sonra Xocalı faciəsi poetik idrakdan
keçir, hər ikisi həm bir-birini, həm də Vətən
mövzusunu tamamlayır.
Mahirənin
"Xocalı" türkülərindən biri hadisənin
salnaməsini verir. Hadisələr o qədər real və
canlı təsvir olunur ki, biz qanlı düzlərə səpələnmiş
Xocalı şəhidlərinin başı üstündə
dayanıb öz hüznlü yaşantılarının
türküsünü dilə gətirən ozanı vizual
olaraq görürük. Sanki ozan bizə min illər bundan qabaq
baş vermiş qanlı olaylardan bəhs edir:
O gecə Xocalıda
Daş, divar güllələndi,
Adamlar güllələndi,
Ağaclar güllələndi.
Faciənin miqyassızlığı,
ağırlığı, müdhişliyi haqqında ən
ağır sözlər tapıb demək olar, lakin heç
bir prozaik söz:
Qanla qar suvardılar,
Qandan ayaz öləzdi -
misralarının yaratdığı dəhşətli
mənzərəni verə bilməz. Yaxud:
Qan donmağa qoymadı,
Uşaq ayaqlarını -
deyiminin təsiri, bircə bu iki misranın təsiri
Xocalıda baş verənlərin bütün dəhşətini
duymağa, erməninin antiinsani, antibəşəri xislətini
ifşaya büsbütün bəs edərdi.
"Xocalı" ünvanlı ikinci şeir... Şairənin
ana səsi, ana çağırışları
qulağımızda aramsız səslənir, qolunda təpər
olanları Vətən naminə intiqama, döyüşə
çağırır:
Nə oğuldur inqitamım almasa,
Son-söyləyir göz yaşına, son-yasa.
Haqqın özü qalxar bir gün qısasa,
Xalqıma yol yoldaşıdı Xocalı.
Mahirənin Vətən oğullarını intiqam
hissinə kökləməsi, intiqama
çağırışları ancaq varlığını
saran ağrılardan irəli gələn hissi-emosional əhvali-ruhiyyədən
irəli gəlmir. O, baş verən hadisələri real tarixi
şəraitlə sıx əlaqədə dərk edir. Torpaq
itkilərimizin, soydaşlarımızın min illik dədə-baba
torpaqlarından didərgin düşməsinin, nəhayət,
Birinci Qarabağ savaşında itirdiklərimizin o zaman hakimiyyətdə
olanların səriştəsizliklərindən, xalqla-hakimiyyət
arasında uçurumun get-gedə dərinləşməsindən,
kreslo davalarından qaynaqlandığını çox
yaxşı bilir. Siyasi-ictimai mühiti daim analiz edir,
1993-cü ildə xalqın ayıq düşüncəyə
söykənən seçim etdiyini - Heydər Əliyevin
hakimiyyətə gəlişini xalqımızın və
dövlətçiliyimizin tarixində çox ciddi mərhələnin
başlanğıcı, dönüş mərhələsi
kimi dərk edir. Mahirənin rasional düşüncəsi mərhələ
dönüşünü torpaqlarımızın geri
qaytarılmasına bəslənən ümid kimi başa
düşür. Başa düşdüklərini poetik
sözə çevirir, beləliklə, "Heydər baba
dastanı" yaranır. Bu "dastan"da Heydər
Əliyevin qayıdışından əvvəlki vaxtı -
siyasi hərc-mərclik dövrünü şairə belə
səciyyələndirir:
Tale küskün, düşmən zalım, ümid
yox,
Ər gərəkdi: Ürək isti, baş soyuq.
Mahirəyə görə, "isti ürəkli, soyuq
başlı ər"in qayıdışı ilə birlikdə
xalqın yaşamağa da, torpaqlarımızın əsirlikdən
qurtaracağına gümanı da, inamı da qayıdır.
Şairə özünün dastan qəhrəmanını məhz
bu güman və inam işığında vəsf edir.
Onun "vəsf"ində həqiqi
bir dastan ruhu var. Ozan, el aşığı xalqının
saysız-hesabsız igidliklər göstərmiş qəhrəman
oğlunu qopuzunun, sazının simlərində necə öyər,
necə vəsf edərsə, elə vəsf edir:
Haqq işini görmək üçün
qayıtdın,
Haqqa güman vermək üçün
qayıtdın,
Xalqa inam vermək üçün qayıtdın,
Bu tarixdir, bir nəfəsdən oxunur.
Sən qaytardın perik düşən gümanı,
Sən gətirdin içimizə inamı.
Şairənin analitik bədii düşüncəsi
inkişaf edən, bir-birini əvəz edən hadisələr
arasındakı zəncirvari əlaqəni, birinin o birindən
doğulmasını, Heydər Əliyevin dövlətimizi
parçalanmaqdan, dövlətçiliyimizi zəifləməkdən
qoruması, onun uzaqgörən siyasətinin bir dövlət
kimi Azərbaycanın get-gedə möhkəmlənməsi ilə
nəticələnməsi, türk-müsəlman
dünyası isə qurduğu əlaqələrin intensivliyi
və səmərəliliyi, soy birliyi və din birliyindən
qaynaqlanan əlaqələri pik həddinə
çatdırması, "Əsrin müqaviləsi" ilə,
müəyyən mənada, dünyanı öz dövlətinin
təsiri altında saxlamasını erməni faşizminə
qarşı aparılacaq mübarizənin, qələbəmizi
təmin edəcək mübarizənin təməl prinsipləri
kimi dərk edir; Bu təməl prinsiplərin
çağdaş zamanda dövlətçilik siyasətimizin
əsasında dayanmasını, cənab İlham Əliyevin
siyasi estafeti uğurla davam etdirməsindən yaranan ümidlərini
dilə gətirir. "Aprel doyüşləri"ndən,
"Günnüt zəfəri"ndən sonra ümidin inama
çevrilməsi onda Azərbaycan xalqının bundan
sonrakı yolunun Qələbədən keçəcəyini
milli ictimai düşüncəyə qətiyyətlə
ötürməsinə psixoloji əsas yaradır. Mahirə on
yeddinci ilin gərgin siyasi ab-havasında o qələbə
gününün uzaqda olmadığına dair öz sənətkar
bəyanatını verir:
Qarabağda havalanar dost ünü,
İlham bizə gətirəcək o günü.
Görəcəyik xalq qurubdu düyünü,
Heydər baba-deyib dastan oxunur.
Qələbəyə gedən yolun ilk
cığırlarını açan on altı-on səkkizinci
illərdə Mahirə şeirinə tam bir səfərbərlik
ruhu hakim kəsilir. Sənətkar istedadının təlqinləri
ilə geriyə dönüşün
olmadığını, başladığımız işin
sona çatdırılması zərurətini başa
düşür və buna görə də millət
övladlarını psixoloji cəhətdən mübarizəyə,
dönməzliyə, təsəvvür edilməsi belə
çətin olan qəhrəmanlıqlara hazırlayır.
"Aprel döyüşləri" - ordumuzun və
xalqımızın göstərdiyi böyük rəşadət,
Ali Baş Komandanın vulkan kimi püskürən sərkərdəlik
istedadı Mahirəyə Qələbəyə aparan "yol
xəritəsi"ni cızmağa əsas verir. Şair xəyalı
ilə təsəvvür edilənlərin dəqiqliyi heyrət
doğurur:
Azərbaycan əsgəri, yolun Şuşaya gedər,
O yürüşün naminə son döyüşə
hazır ol!
İntizarda Laçındır, Zəngilandır, Kəlbəcər,
Pir görüşün naminə, son döyüşə
hazır ol!
Mahirə "son döyüşə" gedən
yolun mənəvi-psixoloji əsaslarını çox
yaxşı bilir. Onun üçün "son
döyüşə" gedən yol analarımızın mətinliyindən,
hüdudsuz mübarizə əzmindən keçir. Onun
üçün "son döyüş"ə gedən yol
ordumuz ilə Ali Baş Komandanımız, Ali Baş
Komandanımızla millətimiz arasındakı sarsılmaz
birlikdən, birinin o birinə sonsuz sevgisindən keçir; Bir
millətin böyüyünün də, kiçiyinin də,
kişisinin də, qadınının da, əsgərinin də,
Ali Baş Komandanın da bir amala köklənməsindən
keçir. Mahirəyə sadəcə bu həqiqəti
görmək, poetik sözün qüdrəti ilə bəyan
etmək qalır:
Artıq bizim səbrimiz doldu, komandan - dedin,
Baş komandan vur! - dedi. Oldu, komandan! - dedin.
Siz göstərən yönüm-yön, yoldu,
komandan! - dedin,
Dirənişin naminə, son döyüşə
hazır ol!
27 sentyabr 2020-ci il... Döyüş başlanan
gün! Ali Baş Komandanın əmr verdiyi gün və
M.Nağıqızının həmin gün yazılan
"Get" şeiri...
Payız gəldi, ağacların bar vaxtıdır,
Dəymiş vüsal meyvəsini dərməyə
get.
Sualların cavabın al, vaxtıdır,
Sinəsi çat torpaqları görməyə get...
Başdan ayağa döyüş ruhuna köklənmiş
misralar, bəndlər sanki Ali Baş Komandanın həmin
gün "cavab atəşinin açılması" ilə
bağlı gəldiyi qərarın və verdiyi əmrin mənəvi-psixoloji
əsaslarını ortaya qoyur. "Əmr", əlbəttə,
beynin, məntiqi düşüncənin, siyasətin, dövlətçilik
təcrübəsinin nəticəsidir, hərb qanunlarından
çıxışın göstəricisidir. Ancaq bu
"Əmr" həm də Ali Baş Komandanın ürəyinin
səsidir. Uzun illər ürəyində
yığılıb qalan doğma torpaq nisgilinin,
ayrılığı vüsalla əvəz etmək
ehtirasının vulkan kimi püskürməsidir. O
"Əmr"
İllər keçdi, o gündən ki, yaralandım,
Yağı vurdu, param-parça paralandım -
ağrısının doğurduğu intiqam hissindən
doğulmuşdur. Aşağıdakı misralar məgər
"Qarabağ Ermənistandır və nöqtə" deyən,
dünya siyasətində naşılığın simvolu
kimi yadda qalan erməni Baş nazirinə Prezidentimizin
"Qarabağ Azərbaycandır və nida işarəsi"
cavabının əməli işə çevrilməsindən
doğan poetik təəssüratlar deyilmi?
Gücün sənin - bu dünyada olan haqqım,
Göz dağımdır düşmanımda qalan
haqqım.
Yağı versin: o can haqqım, bu qan haqqım,
Haqq sənindir, öz haqqını almağa get.
İtirilmiş torpaqlarımız uğrunda
döyüşlərin - II Qarabağ müharibəsinin
başlanması günündən etibarən Mahirənin
şeirləri nikbin pafosa köklənir.
Ali Baş Komandanımızın, bütövlükdə millətimizin
və əsgərinin döyüş əzmi onun
poeziyasının ovqatını müəyyənləşdirir.
Bundan sonra onun bütün yaradıcılığı
"Bilsin ana torpaq, eşitsin Vətən; Müsəlləh əsgərəm
mən də bu gündən" - deyən S.Vurğun
şeirinin nəbzi ilə bir vurur. Sənətkarın qələmi
süngüyə çevrilir, xüsusən ilk günlər
səfərbərlik ruhu onun şeirlərinin aparıcı
motivinə çevrilir.
Mahirə Nağıqızı alimdir, dilçilik sahəsində
konseptual tədqiqatları ilə seçilir. O, təhsil
işçisidir, müəllim-pedaqoqdur. Başqa sözlə,
onun fəaliyyəti çoxşaxəlidir. Ancaq fikrimizcə,
o, stixiyası etibarı ilə öncə şairdir, poetik təfəkkür
onun düşüncə sistemində aparıcıdır.
Anadan ilhamlı doğulub. İstəsə də, onun təlqinlərindən
kənara çıxa bilməz. Buna görə də zaman
"millətinin taleyüklü məsələlərinə
hamilə olanda" Mahirənin poetik ilhamı açılacaq
tüfəng kimi həmişə ayaqda olur. Qırx dörd
günlük müharibəmiz öz başlanğıcı,
ortası və sonu ilə onun poetik ilhamını yeni bir
qüvvətlə, yeni bir ovqatla hərəkətə gətirir.
Az qala bir qərinəlik dövrdə içində
yığılıb qalan ağrılarından xilas olmaq
imkanlarını görəndə onun şeirində sevincdən
doğan hönkürtülərin fərqli bir hal
yaratdığını müşahidə edirik:
Mahirə sevincdən ağlar,
Sinəsində ümman çağlar.
Dinər saza həsrət dağlar,
Salam, Qarabağım, salam.
"Çağlayan ümman"ın təlqinləri ilə şairənin ruhu müharibəyə,
daha doğrusu, Qələbəyə səfərbər olur.
"Görünür" şeiri Cəbrayılın,
"Azərbaycanım" şeiri Füzulinin,
"Yaraşır" şeiri Zəngilanın, "Xoş
görmüşük" şeiri Şuşanın
alındığı gün yazılıb. "Salam
olsun" şeiri Qələbə gününə,
"Bayrağımız" şeiri isə Zəfər
Gününə həsr edilib.
Yəqin ki, şairə özü də təsdiq edər
ki, aşağıdakı misralar haçan içinə
dolub, haçan şeirə çevrilib, heç özü də
xəbər tutmayıb. Çünki həmin anda Mahirənin
varlığı bütövlükdə Şuşanın
alınmasından doğan miqyassız emosional
yaşantının təsiri altında olub:
Möhnətimiz sona yetdi,
Şuşa, xoş görmüşük səni.
Vüsal gəldi, həsrət bitdi,
Yaşa, xoş
görmüşük səni.
YEKUN OLARAQ deyə bilərik ki, Mahirə xanımın
şeirlərində cəbhədə baş verənləri
anbaan izləyən, baş verənlərin ruhunda
yaratdığı ovqatla yaşayan, bəzən ağlayan, bəzən
gülən, bəzən göz yaşlarını gizlədib
içinə axıdan, başqalarına verdiyi təsəlliləri
özü üçün də təsəlliyə
çevirən "erkək tinətli" Azərbaycan
qadınının vətəndaş mövqeyini
görürük.
Təyyar Salamoğlu
525-ci qəzet .- 2025.- 7 noyabr (¹204) .- S.10-11.