Tolerantlıq və
multikulturallıq: Azərbaycan xalqının misilsiz mənəvi
gücü
Azərbaycandakı unikal dövlət-din münasibətləri
modeli sayəsində bu gün bütün dinlərin nümayəndələri
sərbəst şəkildə ibadət edir, dini icmalar
dövlətin qayğısı ilə əhatə olunur.
Əhalisinin böyük əksəriyyətini müsəlmanlar
təşkil edən ölkəmiz tarix boyu digər din və
mədəniyyətlərə dözümlü münasibətilə
seçilib. Bu yanaşma xalqımızın təbiətindən,
insanpərvərliyindən və xoş məramından irəli
gəlir. Bu humanist ənənə bu gün də qorunub
saxlanılır, respublikada sinaqoq və kilsələr məscidlərlə
yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini
sərbəst yerinə yetirirlər.
Ölkəmizdəki konfessiyalararası həmrəyliyin,
milli birliyin, mənəvi vəhdətin, dini-mədəni
müxtəlifliyin unikal nümunəsini təqdim etmək,
habelə onların adət-ənənələrinin, mədəni
irslərinin inkişafı üçün yaradılan şəraiti
nümayiş etdirmək məqsədilə "Fərqliliyin
rəngi" adlı festival keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Ramin Məmmədovun fikrincə, bu gün ölkəmizdə
mövcud olan sabitlik və harmoniyanın əsasında,
heç şübhəsiz, Ümummilli lider Heydər
Əliyevin müdrik siyasəti və milli-mənəvi dəyərlərə
verdiyi önəm dayanır. Konstitusiyamızda təsbit olunan
vicdan azadlığı və bütün dini etiqadların
qanun qarşısında bərabərliyi prinsipləri
tolerantlıq modelimizin əsas hüquqi dayağı,
xalqımızın əsrlər boyu
formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin
təsdiqidir: "Prezident İlham Əliyev dəfələrlə
vurğulayıb ki, ölkəmizin ən böyük sərvətlərindən
biri etnik-dini müxtəlifliyimiz və bu müxtəlifliyin
milli həmrəyliyə çevrilməsidir. Sahib olduğumuz
unikal dövlət-din münasibətləri modeli sayəsində
bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri
sərbəst şəkildə ibadət edir, dini icmalar
dövlətin qayğısı ilə əhatə olunur.
Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin
hökm sürdüyü nadir nümunələrdən biri
kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən layihələr isə bu mühiti daha da
möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini
dünya miqyasında tanıdır. Bu festival da Azərbaycan cəmiyyətində
əsrlərdir formalaşmış tolerantlıq və
multikultural dəyərlərin təzahürü,
xalqımızın birgəyaşayış fəlsəfəsinin
ifadəsidir".
Komitə sədri deyib ki, ərazi
bütövlüyünün və suverenliyin bərpası
sayəsində bu gün Azərbaycan öz milli irsini, dini-mədəni
müxtəlifliyini və konstitusion dəyərlərini
qoruyaraq gələcəyə daha da inamla addımlayır:
"Suverenlik bizim ən ali dəyərlərimizdən, ən
böyük tarixi nailiyətlərimizdən biridir. Suverenlik
olmadan Konstitusiya prinsiplərinin və qanunların tətbiqi,
xalqımızın əsrlər boyu formalaşmış
milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin
qorunması mümkün olmazdı. Biz tarixin keşməkeşli
və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə
imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq.
Elə bir dövlətin ki, dini və etnik mənsubiyyətindən,
əqidəsindən inancından asılı olmayaraq bu
torpaqlarda yaşayan hər kəsin ümumi sərvətidir.
Ölkəmizdə məscid, kilsə və sinaqoqların
bir-birindən yalnız bir neçə yüz metr məsafədə
yerləşməsi birgəyaşayışı,
qarşılıqlı hörməti və multikultural dəyərlərimizi
təcəssüm etdirir. Bunlar eyni Vətənin
övladları olaraq bizi birləşdirən mənəvi
körpünün simvollarıdır. Azərbaycanda mövcud
olan fərqlilik bu ölkədə yaşayan bütün vətəndaşların
mənəvi güc mənbəyidir. 44 günlük Vətən
müharibəsində əldə etdiyimiz Böyük Zəfər
də məhz bu gücün, birliyin və Azərbaycan
xalqının öz keçmişinə sadiqliyinin sayəsində
mümkün olub".
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, insanlar
fərqli dini icmalara məxsus ailələrdə dünyaya gəlirlər:
"Ailə insanın sosial həyatda
formalaşdığı ilk yerdir. Hər bir insan ailədən
aldığı inanc, dəyərlər və mədəniyyətlə
böyüyür. Dövlətçilik düşüncəsi
də ilk olaraq buradan başlayır. Vətəndaş
anlayışı isə yaşadığımız
coğrafiya ilə formalaşır. Azərbaycanın
tolerantlığı, multikultural dəyərləri və bu
dəyərlərin içərisində bir-birindən fərqlənmək
bacarığı dünyaya nümunədir".
Dövlət Komitəsinin sədri bildirib ki, Bakıda
ilk dəfə tolerantlıq və rəngarənglik
mövzusunda festivalın keçirilməsi böyük əhəmiyyət
kəsb edir: "İnanıram ki, bu festival təkcə
paytaxtda deyil, Azərbaycanın digər bölgələrində
də keçiriləcək".
B.Muradova həmçinin qeyd edib ki, Azərbaycana
müxtəlif vaxtlarda gələn və burada məskunlaşan
insanlar dini inanclarından, siyasi görüşlərindən
və mədəniyyətlərindən asılı olmayaraq
bir dəyər ətrafında birləşiblər: "Bu
birliyimiz olmasa, müstəqil dövlət qurmaq mümkün
olmazdı. Dövlətimizin müstəqilliyini qorumaq və
inkişaf etdirmək üçün xalqın iradəsi və
həmrəyliyi əsasdır".
Qafqaz Müsəlmanları İdarəsinin sədr
müavini Hacı Salman Musayev qeyd edib ki, Azərbaycanda müxtəlif
dinlərin nümayəndələrinə qarşı
heç vaxt ayrı-seçkilik edilməyib. Azərbaycan
dövləti həmişə müxtəlif dinlərin
nümayəndələrinin ölkədə azad
yaşamasına şərait yaradıb: "Onlar 44
günlük Vətən müharibəsində də Azərbaycan
ərazilərinin azad edilməsi uğrunda
döyüşüblər. Nəticədə şəhid
olanlar, yaralananlar var idi. Bu birlik təqdirəlayiqdir".
S.Musayev onu da bildirib ki, Azərbaycanda hər kəs
birlikdə, geniş və açıq şəkildə
öz ibadətlərini yerinə yetirə bilirlər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İcraçı direktoru Rəvan Həsənovun dediyinə
görə, Azərbaycanın tolerantlıq və
multikulturalizm modelinin uğurunun ilk səbəbi süni,
administrativ təməl üzərində qurulmamasıdır:
"Elə dövlətlər var, özlərindəki fərqliliyə
xüsusi yanaşma formalaşdırmağa
çalışdılar. Azərbaycanda isə fərqlilik
dedikdə zənginlik, sevgi, bir-birinə ehtiram və hörmət
başa düşülür. Azərbaycan modelini
formalaşdıran sütunların möhkəmliyinin əyani
sübutu Vətən müharibəsi oldu. Milli birlik Vətən
müharibəsində əsas qüvvələrimizdən biri
idi".
Onun dediyinə görə, Azərbaycanın tarixi
inkişafının xüsusiyyətləri, coğrafi
mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif
dinlərin mövcudluğuna şərait
yaratmışdır. Ayrı-ayrı dövrlərdə
bütpərəstlik, zərdüştilik, iudaizm,
xristianlıq, islam və bir çox başqa dini cərəyanlar
ölkədə bu və ya digər dərəcədə
yayıla bilib, bir-birinə qarşılıqlı təsir
göstərib. Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət
göstərsə də, islam dini üstün mövqe tutur.
7-ci əsrin əvvəllərində Ərəbistan
yarımadasında meydana çıxan islam tezliklə
dünyanın böyük bir hissəsində, o cümlədən
də Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin
95 faizindən çoxu islam dininə etiqad edir: "Azərbaycanda
xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən
başlayır və bütövlükdə bu dinin tarixində
həmin kilsənin xüsusi yeri var. Qafqaz Albaniyasının ərazisi
ilk xristian icmalarının meydana gəldiyi məkanlardan hesab
edilir. Alban-udi xristian dini icmasının qeydə
alınması xarakter, məzmun, dini və siyasi əhəmiyyət
baxımından çox əlamətdar bir hadisədir. Azərbaycanda
xristianlıq özünün pravoslavlıq, katoliklik və
protestantlıq qolları, habelə müxtəlif sektant
icmaları ilə təmsil olunmuşdur. Pravoslavlıq Azərbaycanda
19-cu əsrin əvvəllərindən etibarən rus
çarizminin bölgədə yeritdiyi
"köçürmə siyasəti" nəticəsində
yayılmağa başlamışdır. Bakıda ilk
Roma-katolik prixodu 19-cu əsrin 50-ci illərində çar
Rusiyası tərəfindən hərbçi katoliklərin
Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq
yaranmışdır. Azərbaycanda ilk yayılan protestant təriqəti
lüteranlıqdır. Ölkəmizdə
lüteranlığın yaranması XIX əsrin I
yarısında almanların və polyakların Cənubi
Qafqaza köçürülməsi ilə
bağlıdır".
Milli Məclis sədrinin müavini Rafael Hüseynov Azərbaycanda
tolerantlıq, dinlərin rəngarəngliyi, xalqların
müxtəlifliyinin aparılan uğurlu dövlət siyasətinin
nəticəsi olduğunu qeyd edib. Bu ənənələrin
tarix boyu yaşadığını və gələcək nəsillərə
də ötürüləcəyindən əminliyini qeyd
edib. Bu ahəngdarlığın ilahi tərəfdən Azərbaycana
bəxş edildiyini və bunu qoruyub gələcəyə
ötürməyin mühüm vəzifə olduğunu deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov bildirib ki, dilindən,
dinindən, irqindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları
beynəlxalq prinsiplərə əsaslanan hüquq və
azadlıqlara, o cümlədən vicdan və dini etiqad
azadlığına malikdirlər. Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu dövlət-din
münasibətləri modelinin inkişafı, həmçinin
milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində
Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər
həyata keçirilir. Təsadüfi deyil ki, işğaldan
azad olunmuş ərazilərimizdə ilk diqqət yetirilən
məsələlərdən biri məhz Qarabağ və
Şərqi Zəngəzura mənəvi
qayıdışımızın simvolu kimi dini abidələrin
təmiri oldu. Bu mədəni və dini abidələrin bərpasında
Heydər Əliyev Fondunun rolu xüsusilə
vurğulanmalıdır. Sədr müavini qeyd edib ki, Azərbaycan
sahib olduğu multikultural və tolerant dəyərlərinə
görə nümunə göstərilən ölkələrdən
biridir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 8 noyabr (№205).- S.23.