Yaponiya - böyük
transformasiyalar ölkəsi
(Əvvəli
ötən saylarımızda)
Yaponiyanı
fərqləndirən cəhətlər
Yaponiya,
dünyanın digər ölkələrindən bir sıra
mühüm cəhətlərinə görə fərqlənir.
Bu fərq heç də onun təbiətinə, ərazisinin
relyefinə və iqliminə görə olmayıb, birinci
növbədə, əhalisinin həyat və
düşüncə tərzindən, insanlarının
dünyagörüşündən və dünyaya
baxışından irəli gəlir. Yapon öz
davranışı, yaşayış xüsusiyyətləri,
əməksevərliyi, bu xüsusiyyətinə görə o, bal arısını
və qarışqanı yada salır, qeyri-adi dərəcədə
zəhmətə bağlılığı ilə əksər
xalqlardan kəskin surətdə fərqlənir. Onun
zövqü də, əməlləri də, demək olar ki,
tam fərqlidir. Onlar vurğunluqla təbiətə sitayiş
edir, təbii hadisələri ilahiləşdirməklə, hətta
vaxtilə işğalçılıq niyyəti ilə
ölkəyə daxil olmaq istəyən monqol ordusunu və
onun tabeliyində olanları məhv edən tayfunu
"Kamikadze" - "İlahi külək"
adlandırmaqla, onu tam başqa şəkildə qiymətləndirməyə
üstünlük vermişdilər.
Yəqin
ki, buna görədir ki, yaponların öz doğma dini olan
Sintoizm də, əsasən təbiətə sitayiş edilməsinə
əsaslanır.
Dünyanın
çox yerində yasəmənin, şaftalının, ya da əriyin
çiçəklənməsi ilkin yazda olduqca gözəl mənzərə
yaradır. Lakin bunlardan hansısa həzz alma, heç bir
xalqda xüsusi bir adət və əsl heyranlıq səviyyəsinə
yüksəlmir. Bəlkə də, bu gözəllik, bəzi
adamların həzzinə səbəb olsa da, kütləvi
vurğunluq xarakteri daşımır və bu
görünüş, heç bir vəcdə gəlmə ilə
müşayiət olunmadan, asanlıqla öz əhəmiyyətini
itirmiş olur. Yapon isə yabanı albalının -
sakuranın çiçəklənməsindən tam ayrı
şəkildə, onu məst edən, ilhamlandıran bir ləzzət
alır, bu mənzərənin seyrini əsl sevinc mənbəyi
hesab edir və sakuranın çiçəklənməsi ən
kütləvi milli bayrama çevrilir. Ona heyranlıq bəsləməkdə
heç bir yapon laqeydlik göstərmir, öz vurğun hisslərinin
müxtəlif şəkillərdə ifadə edir. Xrizantemanın
çiçəklənməsi də sakura səviyyəsində
olmasa da, yenə neytral münasibətlə
qarşılaşmır.
Yaponiyada
sakuranın bəxş etdiyi bayram apreldən başlayaraq iki
ay müddətində davam edir, bu da ölkə ərazisini təşkil
edən adaların cənubdan, nisbətən isti iqlimdən,
şimala, soyuq iqlimə qədər olan geniş məsafədə
yerləşməsi ilə əlaqədardır. Bu dövrdə
adamlar öz ərazilərindəki sakura bağlarına
axışır. Çiçəklənən
ağacların budaqlarına, müqəddəslik
qarşında olan kimi, az qala səcdə qaydasında
tamaşa edirlər. Bəlkə də heç kəs öz
yaxın adamına da belə həsrət ifadəli
baxışlarla baxmağı bacarmır, yapon isə
bağı tərk edənə qədər əsrarəngiz
çiçəklərdən nəzərlərini
yayındırmaq istəmir. Ona görə də,
Yaponiyanın hər yerində bu ağac əkilir və ona
qulluq edilir. Çiçəkləri seyr etdikdə yapon
öz şəxsi dərdini də unudur, ona fantastik təsir
göstərən bu sevinci yaşamaqda rahatlıq tapır.
Lakin bu çiçəyin də, başqalarınınkı
kimi ömrü az olur, bir neçə gündən sonra
tökülməyə, əvvəlki cazibədarlığını
itirməyə başlayır, ona tamaşa edənlərin
sevincini də, özlərinə birillik həsrət məsafəsində
məhv edirlər. Sevinc anları artıq arxada
qalmışdır, lakin yapon yenə də öz arzusuna
çatdığına görə qürur duyur, sakuranın
çiçəklənməsi bayramında iştirak etməsinə
görə özünü xoşbəxt hesab edir.
Ömür ona imkan verdi ki, yenidən bu şadlıq
anlarını yaşaya bilsin.
Başqa
xalqlara isə, bu heyranlıq, vurğunluq baxışları
yaddır. Bəziləri bu gözəlliyə heç əhəmiyyət
də vermək istəmir. Yaponlar ABŞ paytaxtı
Vaşinqtona 3 min sakura ağacı
bağışlamışdı və onlar Patomak
çayının sahillərində əkilərək,
çay kənarına gözəllik vermişdi. Hər yazda
sakura burada da çiçəkləyir. Lakin şəhər
sakinləri bu gözəl mənzərəyə tam biganəlik
göstərirlər, əlbəttə, ondan həzz alanlar da
vardır, lakin bu hiss heç də kütləvi xarakter
daşımır, şəhərə bayram əhval-ruhiyyəsi
bəxş etmir. Axı sakura, amerikanı yapona çevirmək
gücündə deyildir, yapon əsrlər boyu bu təsirə
məruz qalmış və ona laqeydlik göstərməyi
milli qəbahət saymışdır.
Sakura
başqa qitədə də gur çiçəkləyir,
öz gözəlliyini qadın bədəninin fərqli cəhətləri
kimi tam qaydada nümayiş etdirir. Lakin qürbətdəki
ağac, bu mənzərəyə vurulan baxışlara,
bütün ömrü boyu həsrət qalır.
Amerikanları qınamaq da düzgün deyildir, axı teatr
tamaşaları, klassik balet və ya ispanların flamenqo rəqsi
də nə qədər gözəl olsa da, ona fantastikcəsinə
vurulmaqla tamaşa edənlər də, o qədər çox
deyildir.
Sakura
da, yad ölkədə həm də öz
heyranlığından doymayan müşahidəçisini
itirməklə üzləşməli olur. Yapon
zövqünü, təbiətə vurğunluq münasibətinin
təkrar etmək mümkün deyildir. Əsrlər boyu xalq bu
ruhda tərbiyə olunmuş, axı həm də xarici təsirlərdən
ayrı şəkildə yaşamağa üstünlük
vermişdir.
Yapon
qadınları çiçək dəstəsi
bağlamağı da bir incəsənət növü kimi qəbul
edib, gəncliyindən bu sənətə yiyələnirlər.
Yapon çiçək dəsti - ikebana
avropalılarınkından tam fərqlidir, burada kiçik quru
budaq da, yarpaq da dəstə gözəllik verməyə xidmət
edir. Bizdə isə çiçəyə əvvəllər
buketə diqqəti artırmaq üçün, onu
yaşıl yarpaqlı asparaqusla bəzəyirdilər.
Yaponların
əməksevərliyi, zəhmətdən yorulmamaq hissi,
inanılması çətin olan əfsanə xarakterli
halların yaranmasına gətirib
çıxarmışdır. Yapon rəsmi iş
günündən artıq işləməyi
özünün borcu hesab edir və bir an da olsun bu borcu unutmaq
istəmir. Bəzi şirkətlər işçilərinin səhhətinə
qayğı göstərmək məqsədilə, müxtəlif
yollarla iş günündən artıq işləməyə
mane olmağa çalışırlar. Lakin işçilər
bu qadağaları pozmağı, artıq işləməyi
davam etdirmək kimi öz adətlərinə sadiq
qaldıqlarını göstərirlər. Gərgin əmək,
müvafiq pəhrizə əməl etməklə yaponun
kökəlməsinə, əvvəl-axır fiqurasını
itirməsinə də imkan vermir. Yaşlı yapon da bədən
quruluşuna görə cavan adamlardan fərqlənmir. Ədalət
naminə, bunu çinlilər və koreyalılar barədə
də demək olar. Təkcə sumo güləşçiləri
bu məsələdə yaponlar arasında istisna təşkil
edirlər, onların çəkisi iki sentnerə
çatır, boyları da çox hündür olur. Sumo
güləşçiləri Yaponiyada böyük
populyarlıq qazanırlar. Onların azarkeşləri qələbə
çalmaq üçün iri məbləğdə pul
mükafatı təyin edir və güləş başa
çatdıqda hakim iri məbləğləri qalibə təqdim
edir. Ona görə də sumo güləşçiləri həm
də varlı adamlar kimi tanınırlar. Qızlar da sumo
güləşçiləri ilə ailə qurmağa can
atırlar. Bu şamın cazibədar işığına digər
pərvanələr də - Monqolustandan, Gürcüstandan olan
güləşçilər də gəlirlər.
Əməksevərliyin
milli xüsusiyyətə çevrilməsinə, bəlkə
də tarix boyu yaponların əkinçiliklə məşğul
olması səbəb olmuşdur. Axı düyünü əkmək,
becərmək, biçmək ağır zəhmət tələb
edir. Bu zəhmətə bağlılıq, bütöv nəsillərə
öz təsirini göstərmişdir. Müasir bürokratların,
məmurların işə vurğunluğu da öz köklərini
əcdadlardan, valideynlərdən götürür. Təkcə
sadə məmurlar deyil, böyük vəzifə sahibləri
də özlərini bütünlüklə işə həsr
etmələri ilə seçilirlər. Onlar da iş
günündən sonra kabinetdə qalıb, işləməklə
məşğul olurlar. Lakin belə ağır zəhmət,
səhhətə mənfi təsir göstərməmiş
qalmır. Bu mənada onlar ana qarışqaya xidmət edən
qulluqçu növləri yada salırlar. Onlar o qədər
canfəşanlıqla xidmət göstərirlər ki,
özlərinin hətta qidalanma ehtiyaclarını
unutduqlarından, ac qalmaq hesabına, az keçməmiş
ölürlər.
Yapon
da öz təbiətindən irəli gələn qaydalara,
milli adətinə sədaqətsizlik göstərə bilmir.
Hətta Yaponiyanın əmək naziri uzun müddət iş
günündən əlavə işlədiyinə görə,
kabinetində ölməklə həyatı tərk
etmişdi. Bu itki, nə qədər ağır olsa da, nazirin
belə həlak olması faktı, Vətənə xidmətin
parlaq nümunələrindən biri hesab edilə bilər.
Yaponlar
gigiyenaya da, şəxsi təmizliyə də olduqca
böyük diqqət verirlər. Onlar hər gün çimməyə
adət etmişlər. Qaynar su ilə dolu furoya ailə
üzvlərinin hamısı növbə ilə girməmişdən
əvvəl duş qəbul edib, təmizlənir, sonra vanna qəbul
edirlər. Qış vaxtı qızdırılmayan otaqda
yatanları bu qayda həm də müəyyən dərəcədə
soyuqdan qoruyur. Çimməyə aludəçilk,
yaponları çox sayda olan geyzer bulaqlarının
yanındakı gölməçələrdə - onsendə
çimməyə də öyrətmişdir. Bu hövzələrdə
qadın da, kişi də çılpaq çimir və bu,
heç də qəbahət hesab edilmir.
Yaponların
davranışında, məişətdə özlərini
necə aparmalarında, çətinliklərə
düşmüş adama həmrəylik və kömək
göstərməkdə humanist prinsiplər mühüm yer
tutur. Onlar küçədə pul və ya qiymətli şey
tapanda, onu hökmən yiyəsinə çatdırmağa
çalışırlar, heç vaxt onu mənimsəmək
fikrinə düşmürlər. Başqa bir çox xalqlarda
isə buna nadir hallarda rast gəlmək olur. Yanğın nəticəsində
ağır maddi ziyan çəkən adama hamı kömək
etməyə tələsir.
Onların
mənzilləri də ümumi ölçü qaydasında
deyil, tataminin sayı ilə ölçülür. Yapon
otağa girməmişdən əvvəl ayaqlarını
soyunur, corabda gəzir. Həm də onlar yerdə və ya
alçaq kürsüdə oturmağı sevirlər.
Çay dəstgahı mərasimində hamı tatami
üstündə oturur. Yaponların ənənəvi evləri
yüngül materialdan - taxtadan və kağızdan tikilir, zəlzələ
vaxtı ev yananda və ya dağılanda onu bərpa etmək
də asan olur. Qapı da Avropadakı kimi içəri və
ya əks tərəfə açılmır, kağızdan
olduğundan üfiqi qaydada hərəkət etdirilir. Otaqda
tokonoma adlanan oyuq bir məkan mövcuddur, orada qiymətli
sayılan bəzək şeyləri, rəsmlər, çox
hallarda isə miniatur bonsay tipli ağaclar saxlanır.
Bonsay,
konteynerlərdə becərilən ağacın müntəzəm
olaraq kökünü və budaqlarını budalamaqla, onun
miniatur kopyasını yaratmaq sənətidir. Yapon dilində
bu söz "məcməədə əkilən ağac"
mənasını verməklə, miniatur ağacları becərmək
və ona kiçik ölçü vermək kimi bir yapon incəsənətidir.
Bonsay ağacı daim budanmaya məruz qalır və bu yolla o
miniatur ölçü məqsədinə
uyğunlaşdırılır. Yaponlar bu sənəti Tan
sülaləsi dövründə Çindən
götürmüşlər və
Yaponiyanın Nara (710-794-cü illər) və Heyan
(794-1185-ci illər) dövrlərində geniş inkişaf
etdirilmişdir. 1800-cü ildən sonra isə bu təcrübə
az sayda mütəxəssislərin ezoterik xarakter
daşıyan praktikasından, populyar incəsənət
formasına keçmişdir. 65 yaşlı bonsay
küknarın hündürlüyü 13-25 sm. olur. Nar
ağacının da bonsay növü yetişdirilir, onlardan
birinin 175 yaşı vardır. Bonsayın becərilməsi ənənəvi
yapon incəsənəti hesab olunur, 150 növdən ibarət
olmaqla, hər il Avropaya və Amerikaya da göndərilir. Bonsay
ona tamaşa edənə böyük estetik həzz verir.
Yaponlar
fiziki cəhətdən sağlam və möhkəm
olmaları ilə fərqlənirlər, sumo güləşçilərindən
başqa, ölkədə kök adama rast gəlmək çətindir.
Bəzi ölkələrdə isə, xüsusən ABŞ-da
fastfood - tələsik yeyilən
sendviç çox sayda xəstəlikləri meydana gətirdiyi
kimi, bu zərərli adət xüsusən həddən
artıq kökəlməyə səbəb olur. Həkimlərin
mülahizəsinə görə, qida
asılılığı heç də narkotik və alkoqol
asılılığından az təhlükəli bir mərəz
deyildir.
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet .- 2025.- 8 noyabr (№205).- S.22.