Peranın səssiz şahidi:
Böyük London oteli
Məkan, ruh və tarix üçbucağı
Bir neçə gün əvvəl Bəyoğlunda bu
dəqiqə adını unutduğum, içərisində fərqli
üslubda sərgi təşkil edilmiş bir pasajı
axtarırdım. Telefonda naviqatoru açıb dar, qədim
küçələrdə dırnaq ucu boyda bir işarənin
arxasınca düşmüşdüm. Cihaz üç dəqiqə
göstərən məsafədə üç min dəfə
dövrə vurdurduqdan sonra məni quru divarın önünə
aparıb çıxartdı. Açığı, kefimi pozmadım.
Əvvəl idi o, bir şey olmayanda, alınmayanda dirənib
onu mütləq alındırmağa
çalışmağım. Ancaq ən böyük müəllim
olan zaman insanı elə incəliklə cilalayıb düzəldir
ki, olanı olduğu kimi qəbul eləməyin idrakına
varırsan. Olmayan yerdə oturub gözləməyin əbəsliyini,
həyatın irəliləmək, addımlamaq sənətindən
ibarət olduğunu dərk edirsən. Çünki artıq əminsən
ki, bir şey olmursa, daha gözəl bir plan
yazıldığına görədir. Mən də eləmədim
tənbəllik, əvvəlcə əlində girinc
qaldığım naviqatoru söndürdüm, sonra da divarın
önündən çəkilərək Peranın mərkəzi
yolunda üzü yuxarı getməyə başladım. Bir-iki
əsr öncə təməli atılan binalara baxa-baxa gedərkən
bir tikilinin üstündə "1892 since", altına isə
"Grand Hotel de Londers" yazıldığını
görüb ayaq saxladım. Binanın önündə
dayanıb fasadını, balkonunu, üzərindəki
naxışları aşağıdan yuxarıya doğru
heyranlıqla izlədim. İçəri keçdim,
gördüyüm gözəlliklərə inana bilmədim.
Hamısını mərhələ-mərhələ
yazacağam. Amma öncə otelin tarixinə nəzər yetirək.
"Şərq ekspressi"
Böyük London oteli adını XVIII əsrdə
Osmanlıda başlayan Avropa
çılğınlığına borcludur. 1700-cü illərdən
etibarən Qərbin ilk turistləri olan ingilislərin
İsveçrə və Rivieraya səyahət etməyə
başlamaları bu ölkələrdə ilk açılan
möhtəşəm otellərə ingilis adlarının
verilməsinə səbəb oldu. XIX əsrin sonlarına
doğru həmin turistləri şərqə daşıyacaq
qatar yolu açıldı. Məşhur "Şərq
ekspressi"nin İstanbula qədər uzanması ilə şəhər
Şərqə maraq göstərən turistlərin sevimli məkanına
çevrildi. "Şərq ekspressi" 1883-cü ildə fəaliyyətə
başlayan uzun məsafəli qatar xətti idi. Əslində
müntəzəm qatar kimi başlasa da, zaman keçdikcə
adı intriqalara, lüks səyahətlərə, varlı həyatlara
qarışdı. "Şərq ekspressi" deyiləndə
ağıla gələn iki şəhər var: Paris və
İstanbul. Təbii ki, digəri də Aqata Kristinin məşhur
"Şərq ekspressində qətl" əsəridir. Bu
roman sadəcə dedektiv hekayə deyil, həm də
İstanbulun 1930-cu illərdəki sehrli, gizli və aristokratik
ab-havasını yaşadan ədəbi nümunədir. Əsərin
başlanğıcı İstanbulda, o dövrün ən
gözəl məkanlarından olan Pera Palas otelində baş
verir. Dedektiv Erkül Puarı bir işi həll etdikdən
sonra Sirkəci vağzalından Parisə gedən məşhur
qatara minir və hekayə davam edir. A.Kristi əsərində
Pera Palas, Sirkəci, Qalata, Karaköy kimi yerləri incəliklə
təsvir edir. Sanki İstanbulun o illərdəki
rüzgarı, limanın səsi və Pera küçələrinin
işığı səhifələr arasından duyulur.
Hekayənin sonunda qatar yenidən İstanbula qayıdır,
sanki sirr başladığı yerə dönür. Hətta
deyilənə görə, Aqata bu əsəri Pera Palas otelinin
411 nömrəli otağında yazıb. Kitabda bəhsi
keçməsə də, Kristinin o dönəmlərdə
Böyük London otelində yazıçı çevrəsi,
sənət dostları ilə birlikdə zaman keçirdikləri
deyilir. Çünki bura Pera Palasın bir neçə
addımlığında ondan heç də geri qalmayan əhəmiyyətli
yer sayılırdı. Səyyahlar, yazıçılar, səfirlər,
sənət adamları burada qalırdılar. Ümumiyyətlə,
o vaxtlar Pera ərazisi İstanbulun ən parlaq, ən modern yeri
hesab edilirdi.
İtalyan zərafəti
London oteli 1892-ci ildə indiki bina ilə bitişik
küçənin adını daşıyan Qlavanidə
(hazırkı Kallavi küçəsi) taxta malikanənin
yerində tikilmişdi. Malikanənin sahibi adından da
göründüyü kimi, İtaliya əsilli Qalata bankiri
Qlavani idi. Malikanə yox edildikdən sonra iki şərik olan
Leonidas Adamopoulos və N.Aperghisin istəyi ilə italyan memar
Guglielmo Semprinin sifarişi ilə dövrün memarlıq
üstünlüklərinə uyğun şəkildə
tikilib. Əvvəlcə yaşayış binası kimi nəzərdə
tutulan bina sonradan mehmanxanaya çevrilib. İçində
lüks klassik mebelləri, dəbdəbəli pərdələri,
hidravlik lift vardı. Lift bu gün də var, amma müasir
dövrə aiddir. Binanın pilləkənləri xüsusi sənət
əsəridir. Bir vaxtlar iqamətgah olan binanın ağac ətirli
dəhlizləri və pilləkənləri ilə yuxarıya
çıxmaq insana zaman tunelindəymiş kimi bir hiss bəxş
edir. Ən üstdə, sonuncu mərtəbənin
qapısı terasa açılır. Addımını
atdığın anda həm Bəyoğlu, həm də
Haliç əsrarəngiz görkəmi ilə
ayaqlarının altına sərilir. Mənim otelə
gedişim gün batana təsadüf elədi.
Gördüyüm mənzərəyə bir könüldən,
min könülə heyran oldum. Sırf bu gözəl mənzərəsinə
görə, bir dönəm adından London kəlməsi
çıxarılaraq "Belle Vue Otel" adı altında fəaliyyət
göstərməyə başlayır. Fransızca bu kəlmənin
mənası "gözəl mənzərə" deməkdir.
Bir məkan, min xatirə...
Bina o zamanlar çox məşhur olan elektik
üslubda, ön fasadı naxışlı, yan fasadı sadə
tərzdə inşa edilib. Fasad üçün istifadə
edilən daşın Kiçik Çəkməcədən
gətirildiyi güman edilir. Çünki bu daşların
yumşaqlığı üzərində incə oyuq işləmələr
etməyə imkan verirdi. Elə buna görə də, fasadda
oyularaq ərsəyə gətirilən iki qadın binanın
simvoluna çevrilib.
London oteli bir dönəm Pera Palas və Tokatlıyan
kimi böyük otellərlə həm keyfiyyət, həm də
qiymət baxımından rəqabət aparacaq gücdə
idi. Ancaq 1930-cu illərdə iqtisadiyyatın milliləşdirilməsi
və sonradan Levantinlərin nüfuzunu itirməsi ilə otel əvvəlki
parlaqlığını itirməyə başlayır.
1940-cı illərdə İkinci Dünya müharibəsinin
sıxıntıları və məşəqqətləri
arasında binanın parlaqlığı daha da solur. 1950-ci illərdə
Hilton və Divan kimi yeni, müasir müəssisələrin
"bazara" gəlməsi ilə otel tamamilə kölgədə
qalır. Bu müddət ərzində həm otelin sahibi, həm
də rəhbərliyi dəfələrlə dəyişdi. Məsələn,
1926-cı il "İstanbul bələdçisi"
kitabçasındakı elanda otelin sahibinin Moulatiç
olduğu yazılır. Ancaq 1930-cu illərdə torpaq
reyestrinin qeydlərinə baxanda otelin d'Andria ailəsinə məxsus
olduğunu görürük. Genuya mənşəli Levantinli
bu ailə eyni zamanda meydanın Asmalımescit tərəfində,
indiki Sosial Müdafiə binasında arxada yaşayış
binasına sahib idi. Daha sonra Yunanıstana köçən bu
ailənin bu günün özündə də Pera ərazisində
otellər işlətdiyi məlumdur.
Peranın sükutu və Heminqueyin addım səsləri
Tavandan 1800-cü illərin motivləri ilə bəzədilmiş
çilçıraqlar asılır; musiqi qutuları,
şamdanlar, rəsmlər, kalkulyatorlar və radiolar antik
dövrü xatırladır. Aşağıda giriş
zalında, pilləkənlərin altındakı qəbul
masasının yanında qonaqların adları
yazılmış qara lövhə diqqət çəkir.
Buradan öyrənirik ki, otelin məşhur qonaqları
siyahısında 1922-ci ildə "Toronto Daily Star" qəzetində
işləyən və o dönəmdə "İşğal olunmuş
İstanbul" haqqında yazmaq üçün buraya gələn
Ernest Heminqueyin də adı var. 25 sentyabr Parisdan qatarla yola
çıxaraq İstanbula gəlir və uzun müddət bu
oteldə qalır.
Ləlöyün adamın hekayəsi
Divarlardakı digər fotolardan öyrənirik ki,
binanın solunda indi hədiyyə mağazası kimi fəaliyyət
göstərən yer bir vaxtlar xanımlar salonu, bu
otağın yan tərəfindəki yer isə oxu zalı
imiş. Hal-hazırda lobbi kimi istifadə edilən yer isə o
dövrlər yeməkxana kimi xidmət göstərirmiş.
Yeri gəlmişkən, otel D'Andria ailəsi tərəfindən
idarə edildiyi dönəmdə burada maraqlı hadisə
baş verib. 1934-cü ildə amerikalı bankir 198 milyon
dollarla Yunanıstana, oradan da İstanbula qaçaraq
Böyük London otelində məskunlaşır. O vaxt gecəlik
beş lirə olan otel haqqı bankirin gözünə
çox görünür. Yüz doxsan səkkiz milyon
dolları olan bu ləlöyün eləmir tənbəllik,
gedir otel müdiri ilə danışaraq qiyməti iki lirəyə
endirməyə nail olur. Hər yerdə axtarışda olan
bankir bir həftə sonra tutularaq həbsə atılır. Di
gəl, bütün axtarışlara rəğmən,
özü ilə gətirdiyi 198 milyon dollar tapılmır ki,
tapılmır.
"Grand London Hotel"də Fatih Akının
"Divara qarşı", "Ömrün kənarında",
"İstanbul hafizəsi" filmləri, Sezen Aksu və Hande
Yenerin klipləri, "Hatırla sevgili" serialından səhnələr
də daxil olmaqla saysız-hesabsız çəkilişlər
aparılıb. Kino, televiziya, klip və foto çəkilişləri
üçün əlverişli olan bu 70 otaqlı otelin
gündəlik kirayəsi bir neçə min avrodur, otaq qiymətləri
də avro ilə hesablanır. Zamanda səyahətin sübutu
olan bu otelin qonaqları daha çox ingilislər, fransızlar
və almanlardır.
Köhnənin dəyəri
Otelin bugünkü sahibləri 1967-ci ildən bəri
eyni insanlardır: Hüzmeli ailəsidir. Bu möhtəşəm
sənət əsərini satın aldıqdan sonra təmir
edirlər. On üç ildən sonra daha dərin təmir
işləri aparılır və hazırkı vəziyyətə
gətirilir, amma 1980-ci illərdə həm
qarışıqlıq, həm də digər məsələlərdən
dolayı turizm passiv dönəmdən keçirdi. Bəyoğlunun
1990-cı illərdə oyanış yaşamağa
başlaması ilə otellər də canlanır. Eyni zamanda
"Köhnə"nin dəyəri dərk edilir. Bu dəyərlərdən
biri də Böyük London Oteli olur. Otel bu gün rəssamların,
sənətçilərin (xüsusən də kino
dünyasından), səyahətçilərin, ən
çox da avropalıların sevimli məkandır.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 8 noyabr (№205).- S.21.