Zəfər nəğmələri
- Qalib Azərbaycanın musiqi yaddaşı
2020-ci ilin payızı Azərbaycan xalqının
tarixində bir möcüzə, parlaq dönüş nöqtəsi
kimi yadda qaldı. Qırx dörd gün davam edən Vətən
müharibəsi torpaqlarımızın azadlığı ilə
yanaşı, həm də milli ruhun, mədəni kimliyin,
birliyimizin təntənəsi idi. Bu zəfər yalnız cəbhədə
deyil, həm də qəlblərdə, sənətdə,
söz və musiqidə qazanıldı.
Hər mərmi səsi ilə yanaşı, bir səs
də yüksəlirdi - xalqın ruhunun sədası, qələbə
nəğməsi. Çünki xalqın azadlıq mübarizəsi
hər zaman mahnıya, şeirə, ritmə çevrilib.
Qarabağ Zəfəri də istisna ola bilməzdi, əlbəttə.
44 günlük müharibənin ardından yaranan Zəfər
nəğmələri bu xalqın sevincinin, qürurunun, eyni
zamanda şəhidlərinin xatirəsinə hörmətinin
musiqidəki əksidir.
Bu nəğmələrdə təkcə qələbə
sevinci deyil, həm də ağrı, itki, minnətdarlıq və
gələcəyə inam var. Azərbaycan musiqisinin müxtəlif
sahələrində - xalq mahnılarında, bəstəkarlıq
musiqisində, pop janrında, hətta hərbi marşlarda belə
bu möhtəşəm duyğular öz əksini tapıb.
Fikrimcə, bu böyük Zəfərimizin nəğməli
tarixinin ilk təməli şəhid Xudayar Yusifzadənin səsi
ilə qoyuldu. Onun birgə ağır döyüşdən
çıxmış yorğun olsa da, silah yoldaşlarında
ruh yüksəkliyi yaratmaq üçün oxuduğu "Vətən
yaxşıdır" ifası çox qısa zamanda ölkəyə
səs saldı. Təəssüf ki, bu nikbin
gülüşün, şirin səsin artıq şəhid
olması mərhum sənətkar Əlibaba Məmmədovun da
icazəsi ilə bu gözəl mahnının musiqi tariximizdə
həm də "Xudayar təsnifi" kimi əbədiləşməsinə
səbəb oldu.
lll
Zəfər mövzusuna toxunan bəstəkar və
ifaçılar arasında çox sayda tanınmış
adlar var. Onların hər biri bu qələbənin musiqi salnaməsinə
öz səsini, öz duyğusunu əlavə etdi.
Qarabağ Zəfərini əks etdirən musiqilərin
bir çoxu xalq motivlərinə əsaslanır.
Çünki xalq musiqisi bu torpağın ruhudur. Muğamdan
tutmuş pop janrına qədər hər yerdə milli motivlərin
təzədən canlandığını görürük.
Bu mahnılarda Xarıbülbül motivi xüsusi yer
tutur - çünki o, həm Şuşanın, həm də
dirçələn Azərbaycanın rəmzidir.
2021-ci ildə keçirilən
"Xarıbülbül" festivalı da bu mənada zəfərin
musiqi təntənəsi idi. O festivalda səslənən
mahnılar həm köklərimizə qayıdış, həm
də yeni dövrün mədəni başlanğıcı
idi.
lll
Zəfər mövzusunda ən çox səslənən,
dərin mənalı, ruhverici nəğmələr içərisində
hələ müharibə gedən ərəfədə Xalq
şairi Sabir Rüstəmxanlının sözlərinə
yazılmış bir neçə mahnı özünün
xüsusi dəsti-xətti, mənası və ruhu ilə
seçildi. Onun poeziyası illərdir milli kimlik, Vətən
və azadlıq ruhu ilə nəfəs alır. Müharibə
dövründə və ondan sonra bəstələnən
mahnılar S.Rüstəmxanlının bu poeziyasının təbii
davamı idi.
Məşhur müğənni Elçin Cəfərovun
bəstələdiyi "Millətəm" mahnısı Qələbəmizə
həsr olunmuş ilk qaranquşlardan oldu. Sabir Rüstəmxanlının
vətən ruhlu, coşqun qələmindən süzülən
"Millətəm" şeiri Elçin Cəfərovun elə
o cür coşğun musiqisi ilə gözəl ahəng
yaratdı, nəticədə illərdir dilimizin əzbəri
olan "Millətəm" mahnısı yarandı:
Min illərlə yanan ocaq hər rüzgara sönən
deyil,
Azadlığa könül verən bu sevdadan dönən
deyil.
S.Rüstəmxanlının zəfər ruhlu
misralarında milli ruh, dil, tarix və torpaq sevgisi birləşir.
Onun poeziyası xalqın taleyini danışır. Buna görə
də onun sözlərinə yazılan mahnılar təsir
gücü ilə fərqlənir.
Sabir müəllimin yaradıcılığı bu
gün artıq Zəfər poeziyasının bünövrə
daşı sayılır. Onun misralarının musiqiyə
çevrilməsi həmin bədii enerjinin xalqın ruhuna
birbaşa toxunması deməkdir.
Onun sözlərinə Tərlan Məmmədhüseynov
və Elçin Cəfərovun birgə bəstələdiyi
"Zəfər marşı" isə yenə də qələbəmizin
həm poeziyamızda, həm də musiqimizdə gözəl
ifadəsi kimi xalqımız tərəfindən sevildi. Xalq
artistləri Alim Qasımov, Brilyant Dadaşova, Tünzalə
Ağayeva, Samir Cəfərov, müğənnilər Zamiq
Hüseynov, Elçin Cəfərovun Natiq Ritm Qrupunun
müşayiəti ilə ifası zəfərimizə ən
gözəl töhfələrdən biri oldu. O musiqi ilə səsləndi
qulaqlarımızda:
Mən bir millətəm tarix yazan,
Şanlı Qələbəm çıxmaz yaddan!
Bir ağızdan deyək hər an,
Yaşasın Azərbaycan!
Bu misralar həm qəhrəmanlıq, həm də əbədiyyət
duyğusunu yaşadır. Mahnının ifasında emosional
yüksəliş və milli qürur birləşir. "Zəfər
marşı" sadəcə bir musiqi əsəri deyil, həm
də əzəmətli bir xalqın qalib mövqeyinin poetik bəyanıdır.
lll
Zəfər nəğmələrinin çoxu
şairlərin, bəstəkarların, ifaçıların
birgə yaradıcılıq məhsuludur. Bu sintez elə bir
enerji yaradır ki, sanki hər kəlmə cəbhədə
döyüşən əsgərin addım səsi ilə ahəng
təşkil edir.
Həmin dövrdə yüzlərlə mahnı bəstələndi
- bəzi mahnılar sevinc dolu, bəziləri həsrətli
idi, amma hamısında bir ortaq duyğu vardı: Azərbaycan əsgərinə
ehtiram.
Xalq artisti Faiq Ağayevin səsi ilə əbədiləşən
"Sən Qalibsən!" mahnısı zəfərimizin
sevinc notları kimi ruhumuzu oxşadı. Xanım
İsmayılqızının söz və musiqisini
yazdığı mahnı indi hər Zəfər günü ərəfəsində
yenidən bizə bayram ab-havası yaşadır.
Həmçinin, "Bütün yollar aparır bizi
Qarabağa!" misrası ilə yaddaşımızda kök
salan "Qələbə" mahnısı hələ
müharibənin gedişində yazılan və
yayımlandığı ilk gündən bizdə həqiqətən
o müdhiş qələbəyə inam oyadan bir nəğmə
oldu. Məşhur müğənni Murad Arifin sözlərini,
musiqisini yazıb, özünün də ifa etdiyi mahnı
özünün şən, nikbin və coşğun ruhu ilə
fərqləndi.
lll
Vətənpərvərlik mövzulu mahnıların əvəzsiz
ifaçısı Şəmistan Əlizamanlı da bu
günlərdə kənarda qala bilməzdi. Onun özünəməxsus
səs tembri, duruşu sözləri və musiqisi Nazilə
Rahibqızına məxsus "Qələbə"
mahnısına başqa bir anlam qazandırdı. İllərlə
"Hay ver mənə, cənab Leytenant", "İgid əsgər,
möhkəm dayan", "Çağırır Vətən"
çağırışları ilə qulaqlarımızda və
ruhumuzda əbədiləşən o səsin "Qələbə"
hayqırtısı hamımız üçün sonsuz
qürur və şükranlıq oldu.
Əməkdar artist Könül Kərimovanın Sevda
xanımın sözlərinə, Cabbar Musayevin musiqisini bəstələdiyi
"Zəfər vaxtıdır" ifası da bu nəğmələr
sırasında özünün layiqli yerini tutanlardan oldu. Bəli,
artıq zəfərin, o böyük qələbənin
vaxtı yetişmişdi. Xalqımızın bir
ağızdan, bir ürəkdən dediyi "Zəfər
vaxtıdır" arzusu həm də bu nəğmə ilə
əbədiləşdi.
Xalq artisti Tünzalə Ağayevanın "Göz
aydın olsun, Qarabağ!" mahnısı da bu silsilədə
adı çəkilməli olan nəğmələrdəndir.
Yəqin ki, həqiqətən də ən böyük
gözaydınlığı 30 ilə yaxın düşmən
tapdağında olan, öz əzəli, əbədi sahiblərindən
kənar qalan, hər cür təcavüzə məruz qalan,
dağıdılan, yandırılan Qarabağa
düşürdü. Axı azad olan o idi. Axı bu zülmdən
qurtulan, öz həqiqi sahiblərinə qoyun açıb, o
doğma əllərlə gülüstana çevrilən idi
Qarabağ. Ona görə də Fariz Zeynalovun sözlərinə
elə Tünzalə xanımın bəstələdiyi
mahnı hamımızın dilindən dedi: "Gözlərin
aydın olsun, Qarabağ!"
Hər zaman fərqli poeziya nümunələrinə
musiqinin nəfəsi ilə can verən Xumar Qədimova bu dəfə
də fərqlənməyi bacardı. Onun şair Rəşad
Məcidin "Şuşa" şeirinə
yazdığı mahnı eləcə zəfərimizin yekun bəyanı
olan Şuşanın azadlıq xəbəri kimi əlamətdar
və unudulmaz oldu:
Min şəhər adı var dillərdə əzbər,
Adların ən üstün adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla,
Dilimin şəhdidir, dadıdır Şuşa.
Tanınmış sənətçi Zamiq
Hüseynovun "Mənim atam qəhrəmandır"
mahnısı isə həm sözləri, həm musiqisi, həm
də klipi ilə dinləyən, izləyən hər kəsi
bu gün də kövrəltməyi bacarır. Qəhrəman
şəhidlərimizin vətənə əmanət
balalarının dilindən yazılmış, elə nəqarətini
onların oxuduğu mahnı zəfərimizin bizə nələrin
hesabına, hansı fədakarlıqlarla başa gəldiyini hələ
çox uzun illər xatırlacaq. Cəlal Qurbanovun sözlərinə
Xanım İsmayılqızının yazdığı
mahnı xalqın yaddaşında qələbə sevinci ilə
yanaşı, şəhidlərin müqəddəs xatirəsini
də yaşadır.
Müğənni Xatirə İslamın "Kəndinə
qayıdır Xan" adlı mahnısı da zamanında
çox reaksiyalar qazandı. Müğənninin
özünündə doğulduğu və həsrətini
çəkdiyi Xankəndinin azadlığını mövzu
alan və qısa zamanda dillər əzbərinə
çevrilən mahnının söz və musiqisi Shey Reeyə
aiddir.
44 günlük müharibə dövründə sosial
şəbəkələrdə gənc musiqiçilər, həvəskar
ifaçılar, tələbələr də "Zəfər"
ruhunda mahnılar yazır, oxuyur, paylaşırdılar. Bu,
xalq yaradıcılığının təbii davamı idi.
Gənc bəstəkarların yazdığı "Əsgər
salamı", "Səninləyik, Azərbaycan",
"Bayrağım" kimi mahnılar dövlətçilik,
vətən sevgisi və birlik ideyasını gənc nəslin
dilində ifadə etdi.
Gənc müğənni Cavid Məmmədovun həm
sözlərini, həm də musiqisini yazdığı
"Qarabağdan salam var" mahnısı hələ müharibənin
ilk zamanlarında döyüşçülərimizin məktubu
kimi bizi müharibəyə, orada baş verənlərə
köklədi. Kövrək notlarda yazılmış,
müğənni Azad Şabanovun lirik səsi ilə
müşayiət olunan mahnı həm də bizə bir
ümid, inam da yaratdı:
Şuşam bizi neçə ildir səsləyir,
Çağırır ki, "təkəm, tez gəlin"-
deyir.
Murov dağından uca bir səs gəlir:
Qarabağdan salam var Azərbaycana!
Gənc müğənni Nərmin Kərimbəyovanın
musiqi Rasim Əsgərova, sözləri Hüseyn Musayevə
aid "Zəfər bayramı" mahnısı isə bu
böyük bayramın musiqidəki əksidir.
Bu, həm də onu göstərdi ki, Zəfər
musiqisi təkcə peşəkar sənətin deyil, xalqın
öz içindən doğan səsin məhsuludur.
lll
Zəfər nəğmələrinin hər birində
bir hekayə var. Kiminsə qardaşı, atası, oğlu,
nişanlısı cəbhəyə getmişdi; kiminsə
şəhid xatirəsi bu sətirlərə
çevrilmişdi.
Ona görə də bu mahnılar təkcə qələbə
sevinci deyil, həm də şəxsi ağrının
kollektiv qürura çevrildiyi sənət nümunələridir.
Zəfər musiqilərində həm poetik
sözün gücü, həm də melodiyanın təsiri
bir-birini tamamlayır. Bəzən bir cümlə -
"Qarabağ Azərbaycandır!" - belə, mahnıya
çevrilib xalqın himninə dönür.
Bu, sənətin xalqa, xalqın sənətə
çevrildiyi nadir anlardan biridir.
Azərbaycan musiqisinin ən gözəl xüsusiyyəti
də məhz bundadır: o, emosiyanın, milli şüurun və
bədii zövqün harmoniyasını yaradır.
Zəfər nəğmələri təkcə bu
gün üçün deyil. Onlar gələcək nəsillərə
ötürüləcək musiqili tarixdir.
Necə ki, "Cəngi" əsrlər boyu xalqımızın
döyüş ruhunu yaşadıb, bu günün "Zəfər
nəğmələri" də gələcəyin milli
kimlik yaddaşına çevriləcək.
Bu musiqiləri dinləyən hər kəs həmin
günlərin nəfəsini duyur, həm fəxr, həm minnətdarlıq
hiss edir.
Zəfər nəğmələri bizi həm
keçmişin ağrısına, həm bu günün
sevincinə, həm də sabahın inamına bağlayır.
Onlar bizim azadlıq səsimiz, qürur melodiyamızdır.
O melodiyalar bizə xatırladır ki, bu
torpağın hər qarışı bir not, hər şəhidin
adı bir misra, hər qələbə isə bir musiqidir. Zəfər
nəğmələri bu azad ruhun musiqi dilidir. O nəğmələr
bu gün Qarabağda, Şuşada, Zəngilanda,
Laçında yenidən səslənən azan, bayraq və
uşaq gülüşləri ilə birləşir. Və
biz bir daha əmin oluruq ki, Zəfər səsi bundan sonra
heç zaman susmayacaq!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 8 noyabr (№205).- S.20.