Düşünməyin cəzası
və mükafatı
Esse
İnsan düşünən bir varlıq olaraq
dünyaya gəlsə də, düşünmək təbiətin
bəxş etdiyi bir instinkt deyil, şüurun tələbi
olan bir səydir. Düşünməyi bilməyən,
düşünmək istəməyən insan bu səydən
qaçdığı andan etibarən özünü dərk
etmək haqqını da itirir. Nəticədə, özünə
aid olmayan fikirlərin, doğruların və mühakimələrin
içində yaşamağa məhkum olur.
Fəlsəfə tarixi boyu düşünmək insan
yaradılışının təməl şərtlərindən
biri olaraq görülüb. Dekart məşhur
"Düşünürəmsə, deməli, varam"
sözü ilə insanın varlığınının təməlində
düşünmə hərəkətinin olduğuna işarə
edərkən, Kant "Maariflənmə insanın öz
ağlından istifadə etmək cəsarətdir" deyərək
düşünməyin həm də insan
azadlığının təməli olduğunu
vurğulayır. Ancaq müasir dövrdə düşünən,
düşünərək danışan və hərəkət
edən insan sayı günbəgün azalır. Bu vəziyyət
çağdaş ədəbiyyatda və fəlsəfədə
"zehni məhkumluq" adlandırılır.
Düşünməyən insan
düşünülmüş dünyanın qoluqandallı məhkumudur
artıq. Çünki insan soğru-sualsız təslim
olduğu müddətdə heç bir sərhəddi aşa,
ən əsası özünü inşa edə bilməz.
Filosoflar bu qənaətdədirlər ki,
düşünmək zəncirləri görməklə
başlayır. Bu fərqindəlik bəzən narahatlıq
yarada, çox vaxt da insanı tənhalaşdıra bilər.
Lakin həqiqi azadlıq rahatlığın deyil,
şüurun ona vurulan qandaldan xilas olmanın nəticəsində
baş verir. Hər sual bir kilidi açır, hər
şübhə bir divarı yerlə-yeksan edir. Və nəticədə
insan düşünməyi seçdiyi zaman dünyanı
deyil, özünü yenidən yaratmış olur.
Çünki azadlıq birmənalı olaraq şüurda
başlayır.
Düşünmək rahatlığı tərk etmək,
tək qalmağı gözə almaqdır. Hər şeyi
anlamağa çalışan bir beyin bəlli bir nöqtədən
sonra yalqızlığın bir parçasına
çevirilir. Ona görə də düşünmək təbiət
etibarilə həm də elitlik sayılır. Cəmiyyətin
səssiz fəlakəti onun düşünməyi
unutmasıdır. Düşünməyən cəmiyyət
yaşasa da, anlamaz, eşitsə də, dinləməz,
görsə də, fərqində olmaz. Belə bir topluluqda həyat
axar, amma hara axdığını heç kim bilməz.
Hamı məşğul görünsə də, çox az
adam dərindən düşünür. İnsanın ən
böyük fəlakətlərindən biri də
düşünməyi öyrənib ondan istifadə etməyi
seçməməsidir. Bu seçim dərk etmədən əvvəl
aludəçiliyə, sonra isə rahatlığa
çevrilir. Zamanla düşünməmək zəiflik yox,
bir rahatlıq şəklini alır. Sorğulamaq əvəzinə
qəbul etmək, bilmək yerinə eşitmək, anlamaq yerinə
təkrarlamaq refleksi formalaşır. Beləliklə də, cəmiyyət
öz düşüncə enerjisini yavaş-yavaş itirir.
Bugünün insanı informasiyaya hər zamankından
daha yaxın olsa da, düşünməkdən bir o qədər
uzaqdır. Ekranlarda, reklamlarda, qısa videolarda,
barmaqlarımızın ucunda milyonlarla informasiya dolaşır.
Lakin aldığımız informasiya düşüncəyə,
fikrə çevrilə bilmir. Çünki düşünmək
zaman, səssizlik istəyir. Müasir cəmiyyətin isə
bunların heç birinə dözümü yoxdur. Biz sürətli
yaşayarkən yavaşlamağın tələb etdiyi dərinliyi
itirmişik həm də. Sosial vərdişlər
düşünmə qabiliyyətimizin önündəki ən
əsas maneələrdən biridir. Media, əyləncə,
kütlə mədəniyyəti insanların
başını qatsa da, zehni boşluğu əsla doldura
bilmir. Fərdlər daxili səslərini eşitməyi unudur
və düşüncə rahatlığın kölgəsində
itib-batır.
Zaman sürətləndikcə biz də sürət həddini
aşırıq. Artıq düşüncələrimizi tərəziyə
qoymadan, emosiyalarımızı süzgəcdən keçirmədən
danışırıq. Dərin düşüncənin yerini
"paylaş" düyməsi alıb. Sosial media azadlıq
vəd edərkən bizi dərin düşüncədən
məhrum edir. İndi söylənilənlərin çoxu sadəcə
küydən ibarətdir. Bəyənilmək, təsdiqlənmək
düşünməkdən daha cazibəlidir. Nə söylədiyimiz
yox, neçə nəfərin gördüyü əhəmiyyətlidir
artıq. İnformasiya dərinliyini itirdikcə sürətin
hökm etdiyi çağda dərin düşünənlər
geridə qalır.
Düşünmədən danışan cəmiyyət
isə sonunda eşitməyi də unudur. Biz informasiyanın
kandarında dayanıb içəri girə bilməyən bir
cəmiyyətə çevrilmişik. Cəmiyyətin
düşüncəsizliyi isə tale deyil,
unutqanlıqdır. Bəlkə də
çağımızda ən böyük cəsarət bu səs-küylü
dünyanın fonunda bir anlıq da olsa dayanıb
düşünməkdir.
Rəqəmsal dünyanın qarşımıza səpələdiyi
informasiya bolluğu dayaz və keçici olduğu
üçün dərin düşünmək
üçün zaman vermir insanlara. Buna görə də
insanlar informasiya bombardmanı altında düşünmək
əvəzinə, daha sürətli reaksiya verməyə
fokuslanır. Sosial media, fərdlərin öz fikirlərini
istehsal etməyə deyil başqalarının
düşüncələrini təkrar etməyə itələyir
və paylaşılan fikirlərin əksəriyyəti
sorğu-sualsız mənimsənilir. Təsdiq olunmaq
axtarışı düşüncəyə mane olur və fərd
öz şüurundan istifadə etməyi ertələməyə
başlayır.
Düşünməyən cəmiyyət
orijinallığını da itirmiş olur.
Başqasının davranışını, dilini, hətta
hisslərini borc alır. Həyatın mərkəzinə
düşüncəni deyil, dəbi, populyar olanı,
çoxluğun bəyənməsini qoyur. "Mən belə
düşünürəm" demək yerinə,
"Hamı belə deyir" demək daha asandır
çünki. Ona görə də cəmiyyətlər
estetik əməliyyatlı qadınlar kimi getdikcə bir-birinə
bənzəyir. Hamı fərqli görünmək istəsə
də, yenə eyni qəlibə düşür. Beləliklə
də, kütlə mədəniyyəti fərdi şüuru
asta-asta silir.
Düşünməyən, soğrulamayan insan öz
həyatının deyil, başqalarının
düşüncəsinin içində yaşayır.
Buna baxmayaraq, yenə də bütün cəmiyyətlərdə
bu qaranlığın arxasında az da olsa
qığılcımlar var. Bəzi insanlar düşünməyi
bir vəzifə deyil, yaradılış şəkli olaraq
görür. Onlar qələbəliyin səs-küyündəki
səssiz şüur daşlarıdır. Soğru-sual etməkdən
qorxmayan, cavab ala bilməsələr belə, axtarmaqdan əl
çəkməyən bu insanlar azdır, amma
insanlığın istiqamətini təyin edənlər də
məhz belələridir.
Tarix düşüncə azadlığı
uğrunda mübarizə aparan saysız-hesabsız filosoflarla,
alimlər və yazıçılarla doludur. Məhz suallar
qoyan, tənqid edən və yeni fikirlər irəli sürən
insanların varlığı cəmiyyətlərin
inkişafı üçün həyati əhəmiyyətə
malikdir. Buna görə də düşüncə
azadlığını qorumaq və onu təşviq etmək
təkcə fərdlərin deyil, bütün
insanlığın məsuliyyəti olmalıdır. Ancaq bu şəkildə
informasiya kirliliyindən xilas ola və mədəniyyətimizi
inkişaf etdirə bilərik.
lll
İnsalıq tarixi boyunca azadlıq axtarışı
qoldakı zəncirlərin deyil, şüurdakı zəncirlərin
qırılması ilə başlayıb. Lakin
düşünmək hər dövrdə təhlükəli
olub. Çünki düşünmək dünyanın bizə
təqdim etdiyi qəlibləri rədd etmək və öz həqiqətini
yaratmaq imkanı verir. Ona görə də düşünməyi
bilməyən insan ölənə qədər
başqalarının qurduğu sistemin içində səssizcə
yaşayıb yox olar. Ədəbiyyatın bütün
böyük səsləri də yalnız bir həqiqəti
fısıldayır: düşünmək bədəl tələb
edir. Bu bədəl isə bəzən tənhalıqdır, bəzən
kədər, bəzən isə cəmiyyətdən təcrid
olunmaq.
Dostoyevskinin qəhrəmanları həyatın, hadisələrin
dərinliyinə enmənin, azad düşüncənin və
vicdanın ağırlığı altında əzilirlər
daima. Yazıçının "Yeraltından qeydlər"
əsərinin qəhrəmanı isə deyir: "Həddindən
artıq şüurlu olmaq xəstəlikdir". "Cinayət
və cəza" əsərinin qəhrəmanı Raskolnikov
da üstün düşüncəli insandır. Ancaq bu
düşüncə yükü onu cəmiyyətdən təcrid
edərək psixoloji böhranlara sürükləyir.
Alber Kamünün "Yad" romanının qəhrəmanı
Merso isə cəmiyyətin dəyərlərinə
şübhəylə yanaşan bir fərd olaraq
qarşımıza çıxır. Düşüncəsi
onu ictimai normalardan uzaqlaşdıraraq tənhalığa məhkum
edir.
lll
Günümüzdə də düşünmənin
cəzası, bir qədər fərqli olsa belə, bizə yad
deyil.
Məsələn, sosial mediada yanlış
informasiyaların yayılmasını, alqoritmlərin
manipulyasiyasını və ya rəqəmsal aludəçiliyi
çək-çevir edənlər əksər hallarda
böyük mübahisələrin mərkəzi olur.
Dünyanın gələcəyi haqqında radikal proqnoz verən
alimlər siyasi və iqtisadi güclərlə toqquşur.
Bütün bu sıxıntıların fonunda
günümüzdə düşüncəli olmağın cəzasını
çəkən, amma buna dəyəcək zəfər əldə
edən insanlar da var.
Onlardan biri pakistanlı fəal Malala Yusufzaidir. Malala gənc
yaşında ölkəsindəki uşaqların, xüsusilə
qızların təhsil almaq haqqını fəal müdafiə
etdi. Bunun cəzasını Taliban tərəfindən hədəf
alınmaqla çəkdi. Ağır yaralanan Malala öz
mübarizəsini davam etdirdi. Qazancı isə dünya
miqyasında tanınan ən gənc təhsil fəalı
olaraq Nobel Sülh Mükafatına layiq görülməsi
oldu.
Daha bir örnək isə məşhur isveçli
iqlim fəalı Qreta Tunberqdir. O, iqlim dəyişikliyi ilə
bağlı radikal və açıq xəbərdarlıq
etdiyi üçün mediada kəskin tənqidlərə və
linçə, bəzi liderlər tərəfindən təhdidlərə
məruz qalmışdı. Ancaq bunlar onu yolundan döndərmədi
və Qreta gəncləri hərəkətə keçirdi,
özü isə qlobal iqlim müzakirələrinin mərkəzində
yer aldı.
Digər bir nümunə də məşhur çinli
rəssam və tənqidçi Ay Veyveydir. Veyvey Çinin
insan haqları siyasətini kəskin təqid edən müasir
sənətçilərdəndir. Ay Veyvey bu tənqidi
çıxışlarının cəzasını tez-tez
saxlanılması, şəxsiyyət vəsiqəsinin əlindən
alınması ilə ödəsə də, ölkəsində
və dünyada azadlıq mübarizəsinin simvoluna
çevirilib.
Göründüyü kimi, düşünmənin əvəzi
rahatlıqdan, bəzən isə azadlıqdan imtina etməkdir.
Amma gətirdiyi qazanc köklü dəyişiklik və
insanlıq tarixində qalıcı bir iz buraxmaqdır.
Günel MUSA
525-ci qəzet .- 2025.- 8 noyabr (№205).- S.12.