Düşmənçilik ərazisindən
dostluq mərkəzinə
Xalqımızın qəhrəmanlıqlarla dolu
tarixinə Zəfər günü kimi əbədi yazılan,
öz möhtəşəmliyi ilə bütün dünyaya
səs salan, ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpasına gedən yolun
başlanğıcı olan 44 günlük İkinci
Qarabağ müharibəsində şərəfli Qələbəmizin
beş ili tamam olur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə, şanlı ordumuzun igidliyi nəticəsində
qazanılan və dünya hərb tarixində bənzəri
olmayan bu tarixi Zəfərimiz münasibətilə
hamını ürəkdən təbrik edirəm.
Qarabağ... Bu ad yalnız bir coğrafi məkanın,
bir bölgənin deyil, bütöv bir xalqın ruhunun,
taleyinin, yaddaşının adıdır. Bu torpaq əsrlər
boyu Azərbaycan mədəniyyətinin, incəsənətinin,
muğamın və qəhrəmanlığın beşiyi
olmuş, dünyanın ən qədim tarixə malik olan
yaşayış məskənlərindən biri kimi
tanınmış, 30 il arzularımızın məkanı,
dualarımızın ünvanı, həsrətimizin qalası,
ağrılarımızın adı olmuşdur.
Otuz il... Tarix üçün böyük olmasa da,
insan ömrü ilə müqayisədə kifayət qədər
uzun müddətdir. Hər ilinin yox, hər gününün,
hər dəqiqəsinin yaşanması qeyri-mümkün olan
acı bir tarixdir. Vaqonlarda, çadırlarda,
yağışın, qarın, qızmar günəşin
altında otuz il boyunca yaşayan xalqın ürəyində
bir yara, bir dərd döyünürdü -
Qarabağ nisgili. Açığını etiraf etmək
lazımdır ki, bəzən ümidlər çox nazilirdi,
Minsk qrupu üzvlərinin regiona səfərlərindən
sonra verilən boş bəyanatlar, hər bayramda deyilən
"İnşallah, gələn bayramı yurdumuzda qeyd edərik"
kimi təkrarlanan, bununla da adiləşən vədlər və
heç bir dəyişikliyin olmaması insanlarda ümidsizlik,
laqeydlik formalaşdırırdı.
İşğalçılar o cənnəti kriminal
ünsürlər məskəninə, düşmənçilik
yuvasına, xarabazara, adı çəkiləndə ürəklərdən
qara qanlar axan ah-nalə ünvanına çevirdilər. Bu illər
ərzində Şuşanın səsi susdu, Cıdır
düzündə kimsəsiz küləklər dolaşdı,
Ağdamda evlər viranə qaldı, Füzulidə yolları
ot basdı, Laçında qəribçilik yaşandı, Kəlbəcər
dağlarında yad nəfəs dolaşdı, bu həsrət,
bu dözülməz ağrılar minlərlə nakam canlar
aldı, ancaq Qarabağ həsrətini ürəklərdən
ala bilmədi.
O ağır, sınaqlarla dolu illərdə
Ümummilli lider deyirdi: "Azərbaycanın başına gələn
bəlalar xalqımızın iradəsini qıra bilməz!
Xalqımız uzun, çoxəsrlik tarixində belə bəlalardan
çox keçibdir. Belə qaranlıq günlərin
işıqlı günləri olur, xoşbəxt günləri
olur. Onlar qabaqdadır. Biz o günlərə doğru gedirik və
heç vaxt başımızı aşağı
salmamalıyıq. Biz qəmlənərik, eyni zamanda,
gücümüzü də toplayırıq. Əminəm ki,
haqq-ədalət öz yerini tutacaq. Azərbaycan
xalqının haqq işi başa çatacaq. Azərbaycan
xalqı müstəqilliyini tam bərqərar edəcək,
bütün ərazisinin sahibi olacaq, bütün taleyinin sahibi
olacaq, ölkəmiz müstəqil dövlət kimi əbədi
yaşayacaqdır. Mən buna inanıram və əminəm
ki, siz də inanırsınız".
Bir Azərbaycan vətəndaşı kimi qürur
duyduğumuz bu qələbənin həsrətini uzun illər
boyu gözlədiyimi bildirmək istəyirəm.
Şükür olsun ulu Tanrıya ki, bu günləri görmək,
vətən torpaqlarının düşmən
tapdağından azad olduğunu görmək mənə qismət
oldu. Hər zaman düşünürdüm ki, 80-ci illərin
sonlarında başlanan iddialarla
torpaqlarımızı işğal edən, bir milyona
yaxın soydaşımızı doğma yurd-yuvasından didərgin
salan ermənilərin bu vəhşiliyi həyata keçirməsində
hansısa mənada bizim nəslin günahı var və
torpaqlar geri alınmasa, biz dünyadan xəcalətli gedəcəyik.
Şükür Allaha ki, elə bizim nəslin yetişdirdiyi
oğullar, bu işğalı yaddaşlardan silməyə
çalışan müxtəlif qüvvələrin
oyunlarına, vaxt uzatmasına, təxribatlarına baxmayaraq, vətən
nisgilini unutmadılar, daim ürəklərində
yaşatdılar və imkan düşən kimi bu intiqamı
aldılar. Uzun müddət təhsil
çalışmış bir insan kimi hesab edirəm ki,
bütün məktəblərin giriş qapılarında,
sinif otaqlarında vurulan "Qarabağı unutma!"
plakatlarının, düşmən tapdağında qalan
rayonların işğal tarixini göstərən cədvəllərin,
müəllimlərimizin bu barədə söhbətlərinin,
vaxtaşırı keçirilən tədbirlərin də bu
zəfərdə öz payı vardır. Azərbaycan
xalqının ötən müddət ərzində işğalla
barışmaması və ərazi
bütövlüyünü bərpa etmək
üçün sarsılmaz əzm göstərməsi isə,
əlbəttə, əsas amil idi.
Vətən müharibəsinə qədər və
44 günlük savaşın davam etdiyi dövrdə Azərbaycanın
diplomatik mübarizədə də uğurları bir-birini əvəzlədi.
Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq
tərəfdaş ölkələrin sayının
artmasına səbəb oldu. Azərbaycan bütün
aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq
etdi və münaqişənin həlli üçün
hüquqi bazanı möhkəmləndirdi. Həmin müddətdə
BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı,
Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, digər beynəlxalq təşkilatlar Ermənistan
silahlı birləşmələrinin işğal etdikləri
Azərbaycan ərazilərindən qeyd-şərtsiz
çıxarılması ilə bağlı qətnamələr qəbul etdilər.
Avropa İttifaqı ilə paraflanmış sənəddə
sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə
və ölkəmizin ərazi bütövlüyünə dəstək
göstərildi. Əlbəttə, bəzi dünya ölkələrinin
ikili standartlara əsaslanan siyasəti də var idi və təəssüf
ki, bu yanaşmalar hələ də davam etməkdədir. Qeyd
etmək istəyirəm ki, belə maraqların ədaləti və beynəlxalq
hüququ üstələməsi münaqişənin həllində
44 günlük İkinci Qarabağ müharibəsinin baş
verməsini şərtləndirən əsas amil idi. Əgər
verilən vədlər, ali qurumlarda qəbul edilən qərarlar,
bəyanatlar yerinə yetirilmiş olsaydı, bu münaqişə
ölkəmizin dəfələrlə təklif etdiyi sülh
yolu ilə çoxdan həll edilmiş olardı. Ermənistandan öz
maraqlarının həyata keçirilməsində bir vasitə
kimi istifadə edən bəzi dövlətlər bəyanatlarında
münaqişənin həllinə, Azərbaycanın
mövqeyinə dəstəklərini ifadə etsələr də,
reallıqda işğalçını müdafiə edir,
münaqişənin nizamlanması istiqamətində
danışıqlar prosesinin uzanmasına, təcavüzkarın
yeni planlar hazırlamasına açıq-aşkar dəstək
verirdilər.
Bu azğınlığın qarşısı gec-tez
alınmalıydı! Bütün diplomatik təmaslarında
düşmənə sülh prosesini təklif edən ölkə
rəhbəri eyni zamanda Azərbaycanın öz gücü ilə
torpaqları azad etməyə qadir olduğunu da bəyan
etmişdir. Arxasında dayanan qüvvələrə güvənən
Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu ildə
etdiyi "Arsax (Dağlıq Qarabağ) Ermənistandır,
nöqtə" bəyanatı Qarabağ münaqişəsinin
dinc yolla həlli prosesinə sanki nöqtə qoymuşdu. Ermənistan
rəhbərinin milli heysiyyətimizə toxunan bu bəyanatından
az sonra, 2019-cu il oktyabrın 3-də dünyanın 40 ölkəsindən
150-dən çox nümayəndənin iştirak etdiyi
"Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında
çıxış edən Azərbaycan Prezidenti Ermənistanın
ölkəmizə qarşı davam edən hərbi təcavüzündən,
beynəlxalq aləmdə münaqişənin tarixinə
düzgün yanaşılmamasından danışaraq yekunda
dedi: "Qarabağ Azərbaycandır və nida işarəsi".
Bu sözlər Ali Baş Komandanına inanan, ordusunun
gücünə və rəşadətinə güvənən
xalqımızın bir il sonra başlanan milli azadlıq
mübarizəsinin rəmzinə çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi
növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan
Ordusu dövlətimizin başçısı tərəfindən
"Dəmir yumruq" adlanan əks-hücum əməliyyatına
- Vətən müharibəsinə başladı. Düşmənin
onilliklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti
elə müharibənin ilk günündə yarıldı.
Füzuli və Cəbrayıl rayonlarının altı kəndi,
Ağdərə və Murovdağ istiqamətlərində
yüksəkliklər işğaldan azad olundu.
Döyüş əməliyyatlarının
aparıldığı bütün müddət ərzində
cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm
səfərbərlik və vətənpərvərlik ruhu
xalqımızın Ali Baş Komandanın ətrafında
sıx birləşməsinin bariz ifadəsi olmaqla
yanaşı, eyni zamanda Azərbaycanın bütün
dünyaya ciddi mesajı kimi qəbul edildi. Dövlət
başçısının
çağırışına səs verən on minlərlə
vətənpərvər gəncin Vətən torpaqları
uğrunda döyüşmək üçün
könüllü cəbhəyə yollanması, sonralar dəqiq
məlum olduğu kimi bir nəfərin də fərari
olmaması, müharibədə əsgər və zabitlərimizin
göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq
tarixinə qızıl hərflərlə yazıldı. Həmin
günlər ərzində ordumuzun işğalçı erməni
ordusuna qarşı apardığı müharibə milli
şüurun, xalq və ordu birliyinin təcəssümünə
çevrildi. Ordumuzun bu qələbəsi bütün
dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı
qarşısına qoyduğu hər bir vəzifəni yerinə
yetirə bilmək qüdrətindədir.
Soydaşlarımız gecə-gündüz
ekranların qarşısından çəkilməyərək
Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini
səbirsizliklə, böyük həyəcanla gözlədi.
Həmin günlərdə yenilməz sərkərdə
İlham Əliyev xalqımıza 11 zəfər müjdəli
müraciət etdi və qələbə xəbərləri
çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz
paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün
bölgələrində əhali küçələrə
çıxaraq şanlı qələbənin qürurunu
bölüşdü. Meydanlara axışaraq, əllərində
Azərbaycan bayraqları bu qələbələri bayram etdilər.
Vətən müharibəsinin ilk günündən
başlayaraq daim irəli gedən ordumuz düşmənə
sarsıdıcı zərbələr endirir,
yaşayış məntəqələrimizi bir-birinin
ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə
malik Suqovuşan və Talış kəndləri, bir gün sonra
Cəbrayıl şəhəri və rayonun 9 kəndi
düşmən tapdağından azad olundu. Oktyabrın 9-dan
26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli
şəhəri, Xudafərin körpüsü, Zəngilan və
Qubadlı şəhərləri düşməndən azad
edildi. Ümumiyyətlə, rəşadətli Azərbaycan
Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə
və 286 kəndi işğaldan azad etdi. Qəhrəman ordumuz
Ali Baş Komandanın rəhbərliyi ilə hərb sahəsində
yeni döyüş strategiyasının əsasını
qoydu.
Bu müddət ərzində Azərbaycan xalqı ilə
yanaşı, bütün beynəlxalq ictimaiyyət ermənilərin
və onların havadarlarının nə qədər vandal, vəhşi
xislətə malik olduqlarının bir daha şahidi oldu.
Döyüş meydanında ağır məğlubiyyətlərlə
üzləşərkən onlar ordumuzun hər yeni uğuruna
yalnız bir o qədər aciz, azğın və namərd
şəkildə reaksiya verirdi. Dəfələrlə
döyüş meydanından uzaq olan, hərbi obyektlərin
olmadığı və mülki vətəndaşların məskunlaşdığı
Azərbaycan torpaqlarını hədəf alındı, raket
və mərmilər vasitəsilə kütləvi itkilərə
səbəb olan terror aktları törədildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev
Vətən müharibəsinin ilk günlərindən deyirdi
ki, Şuşasız bizim işimiz yarımçıq qalar.
Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli
ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi.
Qarabağın tacı, döyünən ürəyi Şuşa
təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud
digər ağır silahlarla girmək mümkün deyildi. Onu
almağın iki variantı vardı. Birinci halda, şəhərdəki
düşmən qüvvələrini hava zərbələri,
top atəşləri ilə məhv etmək olardı. Şəhərin
bombardman edilməsi böyük dağıntılara səbəb
olacağına görə komandanlıq buna getmədi,
alternativ variant kimi əlbəyaxa döyüş taktikası
seçildi. Qəhrəman əsgər və zabitlərimiz
yüngül silahlarla qalın meşələrdən, dərin
dərələrdən keçərək, qayalar, dağlar
aşaraq düşməni üzbəüz döyüşdə
məhv etdi.
Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz
edilmiş, hərəsi 100 nəfərdən ibarət olan
dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan
Xüsusi Təyinatlı Qüvvələri Şuşanın
sıldırımlarına iplərlə dırmaşaraq səhər
saatlarında şəhərə dörd tərəfdən daxil
olmuş və şəhərdə dərhal
döyüşlər başlamışdır. Yüzlərlə
itki verən erməni silahlıları günortadan sonra şəhərdən
tam çıxarılmışdır. Şəhərə nəzarəti
yenidən bərpa etmək məqsədi ilə ermənilərin
Şuşaya hücum cəhdləri boşa
çıxmış, Azərbaycan Ordusunun ciddi müqaviməti
nəticəsində erməni silahlıları geri
oturdulmuşdu. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən
qadağan olunmuş İsgəndər-M ballistik raketləri
atılsa da, bu, döyüşün taleyini dəyişə
bilmədi. Üçrəngli bayrağımız
Cıdır düzündə dalğalananda, o tac yenidən
yerinə qayıdanda sanki min illik tariximiz canlandı,
bütün xalqın ürəyindən tikan
çıxarıldı.
Böyük qələbəni al qanı ilə yazan
şəhidlərimizin intiqamının alınması ilə
əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan
xalqına bəxş etməklə Ali Baş Komandanımız
İlham Əliyev həm də həyatını Azərbaycana
həsr edən, "Şuşasız Qarabağ,
Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu öndərin
arzusunu reallaşdırdı: "Mən bu gün Ulu öndər
Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu
qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu
şaddır! Gözün aydın olsun, Azərbaycan!
Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"
Silahlı Qüvvələrimiz tərəfindən
2023-cü il sentyabrın 19-da başladılan və Ali Baş
Komandanın qətiyyətini, ordumuzun gücünü bir daha
nümayiş etdirən antiterror tədbirləri nəticəsində
Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin
mövqeləri, atəş nöqtələri,
döyüş vasitələri və bazaları yüksək
dəqiqlikli silahlarla vurularaq sıradan
çıxarıldı, milli suverenliyimiz tam bərpa olundu. 44
günlük müharibə Cənubi Qafqazın geosiyasətində
ciddi dəyişikliyə səbəb oldu, ənənəvi
güc balansını dəyişdi və regional sülh və
təhlükəsizlik üçün yeni imkanlar və
çağırışlar yaratdı.
Bu gün Qarabağ təkcə azad deyil - o, yenidən
doğulur. Cəhənnəmin içindən keçərək
cənnətə çevrilən bu torpaq artıq düşmənçilik
meydanı deyil, dostluğun, mədəniyyətin, elmin və
insanlıq ruhunun mərkəzinə çevrilməkdədir.
Bu gün həmin torpaqlarda həyat yenidən qaynayır.
Qarabağ və Şərqi Zəngəzur adları artıq
dağıntılar, müharibə xatirələri ilə
deyil, inkişaf, quruculuq və gələcəyə olan
böyük ümidlərlə hallanır.
Keçmiş məcburi köçkünlərin
doğma torpaqlarına qayıtması, orada yüksək
yaşayış şəraitinin təmin edilməsi
üçün genişmiqyaslı bərpa-quruculuq işləri
həyata keçirilir. Böyük Qayıdış
proqramı çərçivəsində Qarabağ və
Şərqi Zəngəzurda şəhər və kəndlər
yenidən tikilir, müasir infrastruktur layihələri icra
olunur, yeni yollar salınır, istehsal müəssisələri
yaradılır, soydaşlarımızın məşğulluğunun
təmin edilməsi üçün lazım olan bütün
zəruri tədbirlər görülür, mərhələ-mərhələ
bu torpaqlara qayıdış gerçəkləşdirilir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda buraya
köçürülən keçmiş məcburi
köçkünlərlə yanaşı, bu bölgədə
aparılan layihələrin icrasında çalışan,
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil,
mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, həmçinin təhsil alan tələbələr
də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan
yaşayır. 30 il xalqımız bu günləri
böyük səbirsizliklə gözləyirdi.
Onu da vurğulamaq yerinə düşər ki, ölkə
başçısı İlham Əliyevin işğaldan azad
olunmuş rayonlara mütəmadi səfərləri
xalqımız tərəfindən böyük ruh yüksəkliyi
ilə qarşılanır. Azad olunmuş ərazilərdə
artıq böyük inkişafın təməlləri
atılır. Azərbaycan dövlətinin siyasəti
qaranlıqdan doğan günəş tək hərarəti ilə
Qarabağa yenidən can verir.
Bu günlərdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Zəngilanın Məmmədbəyli
və Ağalı kəndlərinin sakinlərinə mənzillərin
açarlarını təqdim edərkən səsləndirdiyi
fikirlər Azərbaycanın postmünaqişə
dövründə qurduğu yeni dövlət-fəlsəfi
konsepsiyanın ideoloji ifadəsidir. Prezidentin sözlərində
"Böyük Qayıdış" tarixi ədalətin bərpası,
milli ləyaqətin dirçəldilməsi və dövlətin
sosial məsuliyyət modelinin ən real göstəricisidir:
"Bilirsiniz ki, biz "Böyük Qayıdış"
Proqramının başlanğıcını da Zəngilan
rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində
artıq üç il yarımdır ki, insanlar yaşayır
və orada çox gözəl şərait
yaradılmışdır. Mən indi Ağalının
içi ilə keçdim və yeni binalarla tanış olarkən
gördüm ki, bütün həyətyanı sahələr
sanki gözəl bir bağa çevrilib. Ermənilər viran
qoymuşdu bizim dədə-baba torpaqlarımızı, biz isə
qurub-yaradan xalqıq. Biz doğma torpağımızda
qurub-yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri
bərpa edirik. Biz - bu torpaqların sahibləri
qayıtmışıq və burada əbədi
yaşayacağıq".
Uzun illər işğal altında qalan torpaqların
azad edilməsi ilə bərabər, Azərbaycan həmin ərazilərdə
sosial ədalətin də bərpasını
qarşısına məqsəd qoydu. Burada məqsəd sadəcə
torpaqları azad etmək deyil, insanı o torpağa, yəni həyatın
mənəvi və mədəni məkanına qaytarmaqdır.
Prezidentin "hər bir evin açarı - hər bir ailənin
gələcəyi deməkdir" fikri bu konsepsiyanın mərkəzində
insan amilinin dayandığını göstərir.
İkincisi, "Böyük Qayıdış" milli ləyaqət
və dövlətin məsuliyyət fəlsəfəsi
üzərində qurulub.
Qayıdış prosesi həm sosial-iqtisadi, həm də
mənəvi-siyasi ölçülərdə həyata
keçirilir. Dövlətin vətəndaşa
qayğısı burada ən yüksək səviyyədə
təcəssüm olunur: şəhid ailələrinə mənzillərin
verilməsi, müasir infrastrukturun yaradılması, təhlükəsizlik
və rifahın təmin edilməsi - bütün bunlar sosial məsuliyyətin
siyasi legitimliklə birləşdiyi yeni modelin təzahürüdür.
Üçüncüsü, bu ideya modern dövlət
quruculuğunun laboratoriyası kimi çıxış edir.
İşğaldan azad olunmuş kəndlərdə, şəhərlərdə
həyata keçirilən "ağıllı kənd" və
"yaşıl enerji" layihələri göstərir ki,
Azərbaycan bərpa prosesini strateji yenilənmə
platforması kimi dəyərləndirir.
Son illərdə ölkəmizin bütün bölgələrində
abadlıq-quruculuq işləri aparılır. Xüsusilə
Qarabağda aparılan nəhəng quruculuq işləri
dövlətin siyasi iradəsinin və xalqın ruh yüksəkliyinin
göstəricisidir. Burada qısa müddətdə çox
böyük işlər
görülüb. Dövlət bütün imkanlarını
işğaldan azad olunmuş torpaqlarımızda həyatın
canlanmasına, qaçqınların tezliklə öz
el-obalarına qayıtmasına səfərbər edib. Yollar,
elektrik xətləri, su xətləri, dəmir yolları
çəkilir, hava limanları tikilir. Dövlətlər var
ki, bizim beş ildə gördüyümüz işləri
reallaşdırmaq üçün onilliklər sərf edir.
İşğaldan azad edilmiş torpaqlarda həyata
keçirilən siyasət ölkənin müstəqil qərarvermə
qabiliyyətini, resurslardan rasional istifadə
bacarığını və uzunmüddətli
planlaşdırma mədəniyyətini nümayiş etdirir.
Bütün bunlar Qərbin postmünaqişə idarəetmə
təcrübələrindən fərqli, lokal-milli və mərkəzləşdirilmiş
dövlət yanaşmasının uğurlu nümunəsidir.
Nəhayət, "Böyük Qayıdış" Azərbaycanın
dövlət ideologiyasının yeni mərhələsinin fəlsəfi
kodu kimi çıxış edir. İdeologiyanın təməlində
ədalət, sosial məsuliyyət və yenidənqurma
dayanır. Prezident İlham Əliyevin liderliyi ilə
formalaşan bu konsepsiya göstərir ki, Azərbaycan
müharibədən sonra "sülh dövləti" mərhələsinə
daxil olub - burada güc, humanizm və inkişaf arasında
strateji tarazlıq qurulub.
İşğal altında qalan Qarabağ həmin illərdə
"qanunsuz dövlətcik" adlandırılan kriminal
rejimin qaranlıq mühitinə, xaosun və cinayətlərin
yuvasına çevrilmişdi. Bu torpaq - bir vaxtlar milli mədəniyyətin,
sənətin, muğamın, poeziyanın beşiyi olan
Qarabağ qara bazarların, silah alverinin, narkotik
istehsalının məkanı olmuşdu. Təbii sərvətlər
talanır, meşələr qırılır, qədim abidələr
yerlə-yeksan edilirdi. Düşmən təkcə
torpağımıza deyil, mədəniyyətimizə,
tariximizə, milli mənliyimizə də qəsd edirdi. Dağıdılmış məscidlərdə
donuz və inək saxlanılırdı - bu, sadəcə
vandallıq deyildi, milli heysiyyətə, xalqın inamına qarşı
yönəlmiş açıq təhqir idi. Qədim qəbiristanlıqlar
buldozerlərlə silinir, muzeylərdən minlərlə
eksponat oğurlanırdı...
Bizim xoşbəxtliyimiz ondadır ki, nə qədər
uzun çəksə də, bu qaranlıq illər ərzində
xalqın inam və ümid çırağı sönmədi.
O ümid bizi qorudu. Bilirdik ki, o illərdə xarabalığa
çevrilsə də, Qarabağ torpağının ruhu
sağdır. Hər yandırılmış evin,
dağıdılmış məscidin, viran qalmış
bağın ruhu bizə "qayıdın!" deyirdi. Hər
Azərbaycan vətəndaşının ürəyində
gizli bir ümid, əminlik var idi: "Cənnət
torpağımızı cəhənnəmdən xilas edəcəyik!"
Və nəhayət, qırx dörd gün ərzində
Azərbaycan xalqı təkcə torpağını deyil, həm
də öz ləyaqətini, öz tarixi qürurunu geri ala
bildi. Amma hələ qarşıda bir böyük sınaq var
idi - o torpağı yenidən diriltmək, onu cənnətə
çevirmək.
Bu gün Azərbaycanın öz gücü və
qüvvəsi hesabına Qarabağda erməni vandalizminin əl
izləri silindikcə, torpaq təmizlənir və əzəli
simasına qayıdır. Sevindirici hal odur ki, Qarabağ
torpaqlarının azad olunması, Şuşa şəhərinin
Türk dünyasının mədəniyyət paytaxtı
elan edilməsi, eyni vaxtda "Xarıbülbül" musiqi
festivalının yenidən qalalar səltənətində,
zirvələr kəhkəşanında təşkil edilməsi
Qarabağa yeni nəfəs verməkdədir. Qarabağın
baş tacı olan Şuşa yenidən gerçək sahiblərini
qoynuna alıb, füsunkar təbiət gözəllikləri
ilə dünyaya açılmışdır. 2020-ci il Vətən
müharibəsindən sonra ölkənin qarşısında
iki istiqamət dayanırdı: ya müharibənin
dağıdıcı psixoloji və sosial nəticələrini
aradan qaldırmaqla məhdudlaşmaq, ya da bu qələbəni
yeni inkişaf mərhələsinin başlanğıcına
çevirmək. Azərbaycan ikinci yolu seçdi.
İşğaldan azad olunmuş ərazilərdə həyatın
yenidən dirçəldilməsi və insanların doğma
torpaqlarına qaytarılması Azərbaycan dövlətinin
qarşıya qoyduğu əsas vəzifələrdəndir.
Azərbaycan bütün bu işləri öz gücünə
görməyə qadir olan güclü dövlətdir.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası
və inkişafı müasir Azərbaycan dövlətinin ən
önəmli prioritetlərindən biri olmaqla yanaşı,
xalqımızın mənəvi dirçəlişinin, milli
həmrəyliyimizin, qətiyyətimizin ən parlaq təcəssümüdür.
Uzun illər işğal altında qalan və
dağıntılarla üzləşən bu torpaqlar indi
Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin təşəbbüsü ilə dövlətimizin
həyata keçirdiyi məqsədyönlü və
genişmiqyaslı yenidənqurma layihələri nəticəsində
sürətlə dirçəlir, yeni həyatla nəfəs
alır. Bu proses yalnız iqtisadi göstəricilərlə
deyil, həm də milli mədəniyyətimizin, tariximizin bərpası
və dünya miqyasında təbliği ilə birgə gedir.
İllərdən bəri həsrətində
olduğumuz böyük köç artıq başlanıb.
El yurda dönür. Məcburi köçkünlərin
öz doğma yurdlarına dönüşü
üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci
il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı"nın icrasına artıq
başlanıb. Zəngilan rayonunun Ağalı kəndinə,
Tərtər rayonunun Talış kəndinə və
Laçın şəhərinə məcburi
köçkünlərin qayıdışı təmin
olunub və bu istiqamətdə
işlər davam etdirilir.
Müharibə bitən kimi Füzuli və Zəngilan
"ağıllı şəhər", Ağalı kəndi
"ağıllı kənd" konsepsiyasının ilk
nümunəsi, Laçında, Füzulidə və Zəngilanda
tikilən hava limanları Qarabağın dünyaya
açılan qapısı oldu. Şuşa yenidən mədəniyyət
paytaxtına çevrildi. Xarıbülbül festivalı bərpa
olundu, Natəvanın, Üzeyir bəyin, Bülbülün
abidələri ilə birlikdə ruhları doğma torpaqlara
qayıtdı. Şuşa küçələrində yenidən
muğam səslənməyə, Cıdır düzündə
atlar kişnəməyə, "Qarabağ şikəstəsi"
oxunmağa başladı.
Ağalı kəndində ailələr
ocaqlarını yandırdı, uşaqlar yenidən məktəblərinə
qayıtdı. Füzulidə yollar salındı, Ağdamda
texnoparklar tikildi, Zəngilanda aqrotexnologiya mərkəzləri
quruldu. Bir zaman tankların vəhşi şırımlar
açdığı torpaqlarda indi əkin sahələrinə
bərəkət toxumları səpən traktorların izi
var, səngərlərin qazıldığı yerlərdə
indi çiçəklər bitir, ölümün
dolaşdığı dağ yollarında indi həyat
qaynayır.
Bu möhtəşəm Zəfərin ən
böyük qələbəsi insanların daxilində baş
verdi - otuz illik həsrətdən sonra o torpağa ayaq basan
insanlar dünyanın ən böyük xoşbəxtliyini
yaşadılar. Uşaqlığını qaçqın
düşərgələrində keçirənlər indi
Qarabağda məktəblər açır, torpağa həyat
gətirir, binalar tikir, parklar, bağlar salır. Füzulidə
dərs deyən müəllim, Zəngilanda torpağı becərən
fermer, Laçında hava proqnozunu hazırlayan mühəndis,
Kəlbəcərdə "İstisu" şirkətində
çalışan fəhlə, Ağdamda ilk pasiyentlərini
qəbul edən həkim, Şuşada səhnəyə
çıxan gənc Qarabağda dirçəlişin simvolu,
həm də bu torpaqların insan ayağı dəyməklə
cənnətə çevrilməsinin göstəricisidir.
Babaların min illər ərzində sınaqlardan
çıxardığı həqiqətlərin təsdiqidir:
"Torpağa düşmənçilik toxumu səpərsən,
kin, küdurət, nifrət, qəzəb yığarsan, sevgi,
məhəbbət toxumu səpərsən xoşbəxtlik, səadət,
firavanlıq görərsən!" Burada qurulan hər ev,
tikilən hər məktəb, salınan hər yol həm də
gələcəyə verilən bir mesajdır: "Bu torpaq cənnətə
çevrilməyə daha çox layiqdir, buralar daha müharibə
görməməlidir, bu cənnət yaşamaq
üçündür!"
Bütün bunlarla Qarabağdakı, Şərqi Zəngəzurdakı
əzəli-əbədi yurdlarımızın
özünün də həyatında yeni bir tarix
başlanıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti,
iradəsi, ordumuzun gücü ilə düşməndən
azad edilmiş yurdlarımız məhz Zəfərimizlə
bağlı olan, bu möhtəşəmliyi xatırladan,
milli qürur nişanəsi kimi nəsillərdən-nəsillərə
ötürülən yeni dəyərlər qazanıb.
Dövlət rəhbərimizin 31 iyul 2023-cü il tarixli
müvafiq sərəncamı ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri
üzrə şəhər günlərinin təsis edilməsi
də bu dəyərlərdəndir.
Vətən müharibəsində əldə
olunmuş tarixi qələbəni əbədiləşdirmək
və işğaldan azad edilmiş şəhərlərin
günlərini təsis etmək məqsədilə hər il
bu günlər işğaldan azad edilmiş ərazilərdəki
şəhərlərin günləri kimi təntənəli
şəkildə qeyd olunur. 26 avqust - Laçın, 4 oktyabr -
Cəbrayıl, 17 oktyabr - Füzuli, 20 oktyabr - Zəngilan, 25
oktyabr - Qubadlı, 8 noyabr - Şuşa, 20 noyabr - Ağdam, 25
Noyabr - Kəlbəcər şəhəri günləri
keçirilir.
Bu gün Azərbaycan Qarabağda, Şərqi Zəngəzurda
aparılan genişmiqyaslı quruculuq, bərpa tədbirləri
ilə ermənilərə də, onların beynəlxalq aləmdəki
havadarlarına da ibrət dərsi verir. Göstərir ki,
inkişaf da, xoşbəxt gələcək də Azərbaycandadır.
Bir vaxtlar qara niyyətli iblislərin toplaşaraq Azərbaycan
torpaqlarını işğal etmək barədə məkrli
planlar cızdığı, silahların qan tökdüyü
yerlərdə indi beynəlxalq dostluq forumları, elmi
simpoziumlar, mədəni tədbirlər, muğam
ifaçılarının beynəlxalq müsabiqələri,
idman yarışları keçirilir. Qarabağ indi sənətin
səsi, barışın dili, insanlığın nəfəsi,
dostluğun mücəssəməsidir, buralar ədalət və
yenidənqurma torpağına, cənnətin rəmzinə
çevrilmişdir.
Qarşı tərəf etiraf etməlidir ki, əgər
vaxtında Azərbaycanın sülh haqqında təklifləri
qəbul edilsəydi, bu cənnət 20-30 il bundan əvvəl
də yaradıla bilərdi və tökülən qanlar,
anaların göz yaşları, müharibə
iştirakçıları üçün salınan qəbiristanlıqlar
xeyli az olardı. Bu gün də bizim sülh sazişinin
imzalanması, vətəndaş münasibətlərinin bərpa
edilməsi, iqtisadi kommunikasiyanın yaradılması, Zəngəzur
dəhlizinin açılması kimi təkliflərimiz
müsbət cavab gözləməkdədir. Bunu da etiraf etmək
lazımdır ki, Azərbaycanın böyük inkişafı,
dünyada mövqelərini daha da gücləndirməsi,
ölkəmizin lider dövlətlər arasında söz
sahibi olması, beynəlxalq müstəvidə
islahatçı, regionun lideri, güclü iqtisadiyyata malik
dövlət kimi tanınması, qarşısına
qoyduğu məqsədlərə gec, ya tez çatması bir
həqiqətdir, çünki bizim "Sözümüz
imzamızdır!"
Qarabağı cənnətə çevirən və
bu işi uğurla davam edən ölkəmizin
qarşısında indi daha böyük məqsədlər
dayanır - Zəngəzur dəhlizi layihəsini
reallaşdırmaqla regionu cənnətə, dünyanın ən
inkişaf etmiş bölgələrindən birinə
çevirmək! Ağ Evin də imzasını
atdığı üçtərəfli bəyannamə Zəngəzur
dəhlizi layihəsinə diplomatik təsdiq vermişdir və
regionda sülh prosesini gücləndirmişdir. Eyni zamanda,
Avropa İttifaqı, Türkiyə və beynəlxalq təşkilatlar
layihənin nəzarət mexanizmlərinin tətbiqinə dəstək
verərək tərəflər arasında etimadın
formalaşmasını təmin edir. Təbii ki, bu
aktorların iştirakı yalnız siyasi təzyiq və
diplomatik təsir yaratmır, həm də layihənin
uzunmüddətli həyata keçirilməsi
üçün vacib koordinasiya rolunu oynayır.
Enerji və iqtisadi inteqrasiya layihənin sülh
perspektivini daha da möhkəmləndirir.
Qarşılıqlı asılılıq yaratmaqla, tərəflər
arasında həm də münaqişə riskləri
azaldılır, regional maraqlar uzlaşdırılır. Buna
görə də, Zəngəzur dəhlizi həm iqtisadi, həm
siyasi, həm də strateji bir vasitə kimi
çıxış edir. Regional inteqrasiya və
qarşılıqlı fayda prinsipləri uğurla tətbiq
edildikdə, siyasi gərginliklərin yumşaldılması və
sabit gələcək mümkün olur.
Böyük Zəfərdən başlayan yol
abadlığa, firavanlığa, xalqın xoşbəxtliyinə
doğru uğurla davam edir, inanıram ki, bu yol bizi hələ
çox zirvələrə apara biləcəkdir!
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor