Qələmsiz
yazılanlar
status-esselər
Prezident İlham Əliyev:
"Azərbaycan dili çox zəngin dildir. Bu gün
50 milyondan çox insan üçün Azərbaycan dili ana
dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin
qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti.
Mən azərbaycanlıların yaşadıqları müxtəlif
bölgələrdə vəziyyətlə müntəzəm
surətdə tanış oluram, diqqətdə saxlayıram,
lazımi tədbirlər görürəm. Görürəm
ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər
ölkələrdə yaşayan azərbaycanlılar
arasında itirilir. Daha çox məişət dili kimi istifadə
olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz
öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda
yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət,
hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin
əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar,
bütün ictimaiyyət bir nöqtəyə
vurmalıdır...
Azərbaycan dilinin saflığının qorunması
hər bir Azərbaycan vətəndaşının işi
olmalıdır. Yəni dövlət, alimlər, dilçilər,
yazıçılar, şairlər, jurnalistlər, siyasətlə
məşğul olanlar bu məsələyə çox
böyük diqqət verməlidirlər... Biz xalq kimi, millət
kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli
kimliyimiz də sarsıla bilər".
lll
Jurnalistlər üçün təlimlərin birində
"mentor" sözünü çox işlədirdilər.
Soruşdum ki, axı bu "mentor" nə deməkdir?
İzah etdilər. Dedim, onda "ustad" deyin də,
dilimizdə gül kimi qarşılığı var,
"mentor" niyə deyirsiniz ki?
Təəssüf ki, savadlı görünmək
üçün bəzən belə sözlərdən
istifadə edirlər.
Bu gün "Mediada Azərbaycan ədəbi dilinin
normalarının düzgün tətbiqi" mövzusunda
keçirilən konfransda peşəkar media mütəxəssislərinin
narahatlıqları həmin hadisəni yadıma saldı.
Əslində belə məqamlar, misal gətiriləsi
oxşar hadisələr çoxdur. İnanmaq istərdim ki,
bugünkü konfrans yabançı sözləri yeri gəldi-gəlmədi
işlədənləri düşünməyə vadar edəcək.
lll
"Özüm üçün heç nə, cəmiyyət
üçün hər şey!"
1907-ci il noyabrın 30-da Həsən bəy Zərdabinin
dəfn mərasimində çıxış edən Bakı
şəhər bələdiyyəsinin rəisi M.Rayevski Həsən
bəyin həyat prinsipini qısaca belə izah edirdi.
M.Rayevskinin bu fikrini hörmətli professor Vilayət
Quliyevin "TEAS Press" Nəşriyyat Evində bu
yaxınlarda işıq üzü görən "Yorulmaz
Əkinçi - Həsən bəy Zərdabi"
kitabından götürmüşəm.
Kitabın nəşrə
hazırlandığından məlumatlı olsam da,
çapdan çıxdığından xəbərsiz idim.
Bu günlərdə "Libraff" kitab mağazalar şəbəkəsinin
"Park Akademiya" filialında Nik Nvolisanın "Mənim
Qarabağa səfərim" adlı kitabının təqdimatı
zamanı yeni nəşrləri və həm də elə bu
kitabı görmək ümidilə rəflərə
yaxınlaşdım. Gördüm və məmnuniyyətlə
kitabın 2 nüsxəsini aldım. "Libraff"ın təvazökar
rəhbəri Nicat müəllimə kitabın çapına
görə təşəkkür elədim, nəşrin mətbuatımızın
150 illiyinə sanballı töhfə olduğunu, Vilayət
müəllim Bakıya gələndə mütləq
kitabın təqdimatının keçirilməsinin vacibliyini
bildirdim.
Vilayət müəllim uzun illərdir "525-ci qəzet"in
ən ardıcıl və ən çox arzulanan müəlliflərindəndir.
Onun tariximizin qaranlıq səhifələri ilə
bağlı ən müxtəlif mövzuları yorulmadan,
davamlı şəkildə araşdırması, içdən,
şövqlə, həvəslə yazıb-yaratması
xüsusi rəğbət və ehtirama layiqdir. Təsadüfi
deyil ki, hörmətli professorun tədqiqatlarını istər
elmi, istərsə də ictimai mühitimiz, oxucu auditoriyası
böyük maraqla və məmnunluqla izləyirlər.
Kitabdakı məqalələrin bəzilərini
"525-ci qəzet"də ayrı-ayrı vaxtlarda çap
eləmişik və mən həmişəki kimi o
yazılardakı ilk dəfə ortaya çıxarılan
faktları təşnəliklə oxumuşam. Ümumilikdə
kitabda Həsən bəy Zərdabiylə bağlı
çox qiymətli araşdırmalar yer alıb. "Xatirələr",
"Nekroloqlar və vida sözləri", "Məktublar"
bölümlərindəki materiallar mətbuatımızın
banisinin həyat yolunu öyrənmək baxımından olduqca
qiymətli məxəzlərdir.
Milli humanitar elmimizin 19-cu yüzilliyi bəzən
"Mirzə Fətəli əsri" adlandırmasına
toxunan Vilayət Quliyev Həsən bəy Zərdabinin
gördüyü çoxşaxəli fəaliyyəti, cəmiyyətimizə
müxtəlif sahələrdə bəxş etdiyi
"ilk"ləri sadalayaraq 19-cu yüzilliyin daha ədalətli
şəkildə "Axundzadə-Zərdabi əsri"
adlandırıla biləcəyini qeyd edir.
"Yalnız "Əkinçi" qəzetinə
görə Zərdabinin adı Azərbaycan mədəniyyəti
və ictimai fikri tarixinə qızıl hərflərlə
yazılmağa layiqdir.
Yalnız Bakıda tələbələrinin
yardımı ilə hazırlayıb nümayiş etdirdiyi ilk
teatr tamaşasına görə korifeylər sırasına
daxil olmaq haqqı qazanıb.
Yalnız Vətəninin, ikiqat, üçqat zülm
altına düşmüş həmvətənlərinin
müdafiəsinə qalxdığı, ən azı milli-mədəni
"zindəganlıq davasının" carçısı
kimi çıxış etdiyi üçün Zərdabinin
tarixi hünəri xalqın yaddaşında əbədi
yaşamalıdır".
Vilayət müəllimin Həsən bəy Zərdabiyə
böyük məhəbbət və ehtiram dolu
araşdırmalarında çoxsaylı faktlar var ki,
unutmamalı və yaddaşımızın ən diri yerində
saxlamalıyıq:
"Amma Abbasqulu ağa Bakıxanovun kiçik
qardaşı, general Abdulla ağa Bakıxanov
"Əkinçi"nin nəşrə başlaması
üçün Həsən bəyə 1000 manat verəndə
məlum oldu ki, "tatarlar" anadilli mətbuata o qədər
də biganə deyilmişlər..."
"Həsən bəylə Qafqaz Senzura Komitəsi
arasındakı səmərəsiz yazışmalar iki ildən
çox davam etdi. Yalnız azərbaycanlı ziyalıya rəğbətlə
yanaşan Bakı qubernatoru D.S.Staroselskinin (1832-1884) işə
qarışması "Əkinçi"nin başı
üzərindəki qara buludları dağıda bildi.
Qubernatorun təkidli tələbi nəticəsində qəzetin
senzurası istisna hal kimi quberniya idarəsinin dilmancı Nuh bəy
Hüseynbəyova həvalə edildi. Staroselski meydana
çıxacaq hər hansı məsələ ilə
bağlı məsuliyyəti öz üzərinə
götürdüyünü bildirdi".
Kitabdakı araşdırmaların hər biri olduqca əhatəlidir
və böyük sevgi ilə qələmə alınıb.
Kitabda yer alan "Həsən bəy Zərdabi:
ölümdən sonra ölümsüzlük"
yazısı kövrək məqamlarla yoğrulub. Həsən
bəyin vəfatı və dəfn mərasimi barədə zəngin
məlumat və faktların yer aldığı bu
araşdırmanı oxuyarkən sanki baş verənlər incəliklərinə
qədər, anbaan göz önündə canlanır:
"Zərdabilərin mənzilindən başlayaraq
Qasım bəy məscidinə qədər, habelə Bazar
küçəsi ilə "Kaspi" redaksiyasına (indiki
Sabir bağı) qədər Bakıdakı bütün
rus-müsəlman məktəblərinin (o dövrdə şəhərdə
əsasını Həsən bəyin qoyduğu 11 belə məktəb
vardı) şagirdləri yolun hər iki tərəfində
sıra ilə düzülmüşdülər".
"İlk izdihamlı mitinq məscidin həyətində
keçirildi".
"İkinci matəm mitinqi "Kaspi" redaksiya
binasının önündə keçirilmişdi".
"Nikolay küçəsi ilə
üzüyuxarı hərəkət edən izdiham Bakı
Dumasının qarşısında bir daha ayaq
saxlamışdı".
"Mərhumu torpağa tapşırmaq
üçün Bakının Şıx qəbiristanlığına
yollanan mərasim iştirakçıları indiki Azneft
meydanında bir neçə dəqiqəliyə ayaq
saxlamışdılar. Əhməd bəy Ağayev camaata Zərdabi
ailəsi adından təşəkkürünü
bildirmiş, havanın soyuq, yolun uzaq olduğunu nəzərə
alaraq, Bibiheybət məzarlığına getməyə
imkanı olmayanların mərhumla burada vidalaşa biləcəklərini
xatırlatmışdı. Lakin mərasimə
qatılanların əksəriyyəti Həsən bəyi son
mənzilə yola salmaq üçün təxminən 5
kilometrə yaxın məsafəni piyada qət etmək əziyyətindən
çəkinməmişdi!"
Dəfn mərasimindəki matəm mitinqlərində
çıxış edənlər,
çıxışların təfərrüatı dəqiqliklə
və ətraflı qələmə alınıb.
Bu yerdə Vilayət müəllimin qədirbilənliyini
məxsusi qeyd etməyi vacib sayıram. O, Həsən bəyin
dəfn mərasimi barədə mətbuatımızda
getmiş ilk müfəssəl araşdırmanın müəllifini
də unutmur: "Professor Şirməmməd Hüseynovun
2007-ci ildə Zərdabinin vəfatının 100 illiyi
münasibətilə "525-ci qəzet"in 24 noyabr-15 dekabr
tarixli saylarında çap etdirdiyi "Tarixi bir dəfn mərasimi"
adlı silsilə yazılar böyük şəxsiyyətin
ölümünün və yasının o dövrün
anadilli mətbuatımızdakı əks-sədası barədə
dolğun təəssürat yaradır. "İrşad"
və "Tazə həyat" qəzetlərindən,
"Molla Nəsrəddin" məcmuəsindən yeni, qiymətli
materialları ilk dəfə elmi dövriyyəyə daxil etməklə
ömrünün ixtiyar çağında da yorulmadan, gənclik
eşqi ilə çalışdığını göstərən
Şirməmməd müəllim, həqiqətən, nəcib,
gərəkli iş görmüşdü".
Müəllif Həsən bəyin ailə üzvlərinin
kədərli taleyi barədə də müfəssəl məlumatlar
təqdim edir. Onun Həsən bəy Zərdabinin həyat
yoldaşı, silahdaşı Hənifə xanım Abayeva-Məlikova
haqqında "Yüzlərin, minlərin anası..."
yazısı da maraqlı faktlar və kövrək məqamlarla
doludur.
Əlbəttə, mən kitabı ətraflı təhlil
etmək fikrindən uzağam. İstəyim sadəcə mətbuatımızın
150 illiyində özündə Zərdabi irsini əhatəli əks
etdirən kitab barədə oxucuları məlumatlandırmaq
idi. Yəqin "Libraff"a yolu düşənlər
kitabı mütləq əldə edəcəklər. Gözlənilən
təqdimat mərasimi də əminəm ki, qələbəliyə
çevriləcək - böyük şəxsiyyət Həsən
bəy Zərdabiyə sonsuz ehtiramın və professor Vilayət
Quliyevin təvazökar fəaliyyətinə kübar minnətdarlığın
ifadəsi kimi...
lll
Axşamın müjdəsi...
- Salam, axşamınız xeyir, Rəşad müəllim.
Necəsiniz? İtburnu bəhməzi hazırlayıb anam, sizə
də ayırmışıq - müalicəvidir. Bir də
Şuşanın gül suyu və sizə buradan qoz
yığmışam. Sizin tanışlardan gələn olsa,
deyərsiniz, çatdıraram həmin adama.
- Təşəkkür edirəm! Sən də sağ
ol, ana da sağ olsun!
lll
Sizə əla keçi pendiri, çay və bal
payı var. Amma status yazmayın.
lll
Sosial şəbəkələrdə gerçək sənətdən
bəhs edən çıxışlara, estetik məzmunlu
layihələrə az hallarda rast gəlirik. Bu mənada, Şərif
Ağayarın sosial mediada yeni açdığı
"Söz Analizi" video rubrikası sevindirici faktdır.
Rubrika müəllifi çıxışlarında
Füzulinin, Aşıq Ələsgərin, Səməd
Vurğunun, Əli Kərimin, digər klassik və
çağdaş şairlərin şeirlərini təhlil
edir, müqayisələr aparır, misranın cövhərini
çıxarır, bədii dərinliklərə gedir.
Poeziyamızın təbliği və təhlili
baxımından çox müsbət addımdır, həm də
Şərifin yaxşı bildiyi sahədir: şövqlə
danışır, özünü suda balıq kimi rahat hiss
edir. Alqışlayıram, təbrik edirəm və
arzulayıram ki, yarı yolda dayanmasın, yorulmasın, bezməsin.
Baxış sayı və bəyənmələr az olsa da,
gördüyü işin lazımlılığına
inamı heç vaxt azalmasın.
Yeri gəlmişkən, Şərif analizlərinin
birində Əli Kərimin məşhur misrasıyla Səməd
Vurğunun şeiri arasında paralellər aparır və yenə
də çox dəqiq qənaətə gəlir. Əli Kərimin
"Sərt üzünə bircə anlıq səhər
doğardı" misrasında səhər sözünün
elə bil yad olduğunu, yerinə düşmədiyini
söyləyir, Səməd Vurğunda bunun daha uğurlu
alındığını deyir.
Birdən yadıma düşdü ki, uzun illərdir əzbər
bildiyim, bəzən qısa, bəzən uzun fasilələrlə
efirdə, məclislərdə dediyim "Atamın xatirəsinə"
şeirindəki həmin misranı mən də çox zaman
intuitiv olaraq "Sərt üzünə bircə anlıq
Günəş doğardı" kimi səsləndirmişəm
və bunun fərqinə varmamışam. İndi Şərifin
bu izahı o gözəl şeiri bir daha yadıma saldı.
Şərifə minnətdarlıqla Əli Kərimin
"Atamın xatirəsinə" şeirini paylaşmaq istədim.
Yeni nəsil, elə köhnə nəsildən də
oxumayanlar oxusunlar. Zövq alanlar var olsunlar, Şərifin
"Söz Analizi"nə də diqqət səngiməsin.
Atamın xatirəsinə
O sərt idi. Səhər dərsə tələsəndə
mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox
yandığını.
Gizli-gizli məni süzüb gülərdi hərdən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə "can"
söyləməkdən
Övlad üçün can verməyi asandı ona.
Zəhmətsevər, ağır, enli, cod əli
vardı
Tale kimi endirərdi çiynimə hərdən,
Sərt üzünə bircə anlıq səhər
doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi - təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
Moskvada oxuyurdum,
tərk etdi məni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə, gah deyib ki, mən
Qoy bilməyim.
O utanıb öz ölümündən!
Ah, o niyə belə etdi, bu nə qübardı?!
Nə zamansa bu nişanda bir atam vardı.
lll
Tələsmək gecikdirir.
lll
Fürsət düşən kimi onun-bunun dalınca
danışıb, qeybətini edən adamlar ikrah doğurur,
iyrəndirir.
lll
Nə qədər yuxusu qaçanlar, yatmayanlar
varmış...
lll
Media adına o qədər şarlatanlar iddia edir ki...
İnanılmaz alçaqlıq və rəzalətlərə
imza atmağa hazır olan belələrinin hardan və necə
peyda olduğu da müəmmalıdır. Texnologiyaların
sürətli axını həm də üfunəti üzə
çıxarır.
lll
Aldadıcı başlıqlar ilk növbədə onu
yayan media subyektinə etibarı azaldır. Oxucu çox
aldanmaz.
lll
Mollaya və müğənniyə mikrofon vermək təhlükəlidir.
lll
Özünü jurnalist hesab etməklə deyil ki!..
Jurnalist üçün vacib olan savadlılıq,
intuisiya, obyektivlik, qərəzsizlik kimi başlıca keyfiyyətlərdən
təməlindən məhrumsansa, şər-şəbədə
yaya-yaya özün səviyyədə bir-iki nəfərin
diqqətini çəkməklə özünəheyranlıq
mərəzinin əsirinə çevrilmək
aldadıcıdır. Ağıllı adamların
gözündə sən elə nadan, küt və xəbis
olaraq da qalırsan. Arada dəyərli, yüksək Jurnalist
adına vurduğun ləkə göz çıxardır.
lll
Xəbis xislət sahibi əlində balta gözləyir
ki, görüm kim yıxılacaq, birini də mən vurum.
lll
İnsan yorular, ChatGPT (çat-cipiti) yorulmaz.
lll
Təsadüfən Real TV-də Aybəniz Məhərrəmovanın
müəllifi olduğu "Səhv düzəliş"
verilişinə gözüm sataşdı və diqqətimi
çəkdi. Maraqla baxdım. Kor-koranə, dəb xatirinə
edilən estetik əməliyyatlar barədə maarifləndirici
məlumatlar və inandırıcı təbliğat, gərəkli
müqayisələr, vacib informasiyalarla dopdolu bir veriliş. Təəssüf
ki, belə ciddi verilişlər diqqətdən kənarda
qalır, geniş auditoriyaya lazımınca çatmır.
Sosial medianın avanturist, yüngül çarxları
tamaşaçıları ciddi, lazımlı verilişlərdən
uzaq salıb. İndi pis dəblərin təbliğatçıları
meydan sulayır. İnanaq ki, bu, pis vərdişlər ənənəyə
çevrilməyəcək və ağıllı tövsiyələr
çatdıran verilişlər yenə
üstünıük qazanıb ünvanına çatacaq.
lll
Çap mətbuatının rəqabətə davam gətirməsi
mümkünsüzdür. Dövlət yazılı mətbuatın
yaşaması üçün uzun illər dəstək olub
və bunun hesabına qəzetlər fəaliyyət göstərir.
Qəzetlərin gəlir yeri reklamlardır, bu isə
yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil
qəzet oxumur, bəziləri isə heç onun nə
olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda
yazılı mətbuat son günlərini yaşayır. Mən
düşünmürəm ki, onu xilas etmək
mümkündür. Çünki dünya tamamilə dəyişib,
yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə
nəslin nümayəndələrindən bəziləri qəzet
oxuyur.
Mətbuatda indi "ChatGPT"nin yazdığı
yazılar çap olunur. Onlar da hissiz və duyğusuz olur. Bu
baxımdan çap mətbuatının gələcəyi
çox pessimist görünür. Lakin çalışmaq
lazımdır ki, yeni mediada çox peşəkar təhlil,
müsahibə, reportaj janrlarını qoruyub saxlayaq.
Çünki bu xaotik dövr keçib gedəcək və
peşəkar jurnalist araşdırmalarına ehtiyac yaranacaq. Hər
halda ümid sonda ölür.
lll
İllər öncə "Yeni paytaxt ehtiyacı"
adlı bir yazı yazmışdım. Televiziyalarda da bu
yazı o zaman müzakirə obyektinə çevrilmişdi. O
zaman bəzi alimlər deyirdilər ki, cümhuriyyət
dövründə də belə bir ideya olub; Göyçay və
İsmayıllının arası Qaraməryəm ərazisi paytaxt
üçün ən münasib yer hesab edilib. Çünki
mərkəzdədir, arana və dağa, su mənbələrinə
yaxındır. Hazırda paytaxtın dəyişdirilməsini
real hesab etmirəm. Ancaq Bakı həddən artıq yüklənib.
Qarabağda da quruculuq işləri aparılır. Mənim
fikrimcə, Qarabağdakı rayonlardan birini, ən münasib də
Ağdamı böyük bir şəhərə çevirmək
olar. Ağdam 500 minə yaxın əhalisi olan böyük
şəhər olsa, Azərbaycanın bəzi universitetləri,
nazirlikləri Ağdama və Qarabağdakı digər
rayonlara köçsə, bu, Bakının yükünün
azalmasına kömək olar.
lll
Kitab seçərkən hər şeydən öncə
diqqət yetirdiyim əsas nüanslardan biri müəllifin
kimliyidir. XI Beynəlxalq Kitab Sərgisi də bu baxımdan
istisna olmadı. "Altun Kitab" nəşriyyatının
stendi önündən keçərkən, qaçaraq da
olsa, kitablara, müəllif adlarına nəzər yetirdim. Arif
Əliyevin imzası, onun "Sənət əbədidir,
ömür amanat..." kitabı, təbii ki, dərhal diqqətimi
cəkdi. Elə stendin önündə təsadüfən
qarşılaşdığım professor Qulu Məhərrəmlidən
soruşdum ki, Arif Əliyevin kitabı çıxıb? O da təsdiqlədi
və dedi ki, pandemiyadan əvvəl
çıxmışdı, qısa zamanda ardıcıl
baş verən mürəkkəb hadisələr fonunda diqqətdən
kənarda qaldı. Nəşriyyatın əməkdaşına
yaxşı fəaliyyətlərinə görə tərif-təşəkkürümü
çatdırıb kitabı aldım...
Arif Əliyevin Azərbaycan müstəqil mətbuatının
təşkilatlanmasında, formalaşmasında böyük
xidmətləri var. O, uzun illər bir neçə mətbu
orqana, jurnalist təşkilatına rəhbərlik edib. Amma
eyni zamanda fürsət taparaq, vaxt və zəhmət sərf
edərək sanballı bədii-sənədli əsərlər
yazıb. Onun "Yalama" sənədli povesti Azərbaycanın
müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman
əsgər haqqında dəyərli yaradıcılıq
işidir. Müəllif bu əsərdə tarixi faktlarla bədiiliyi
qovuşdurub, bir çox toxunulmamış məqamları
ustalıqla qələmə alıb. Zamanında çox
böyük müsbət reaksiya doğuran bu əsərlə
bağlı mən də öz xoş fikirlərimi
bildirmişdim. Kitab, həqiqətən də, tariximizin
qaranlıq bir səhifəsini aydınlatmaq baxımından
çox maraq doğurmuşdu.
Arif Əliyevin hər adi mövzunu qələmə
almayacağını bildiyim üçün "Sənət
əbədidir, ömür amanat..." kitabının da
mövzusunu, məzmununu tez öyrənmək arzusundaydım.
Ona görə ilk fürsətdəcə oxumağa
başladım. Bu bədii-sənədli povestdə ictimai-mədəni
tariximizin maraqlı bir hadisəsi
işıqlandırılıb: 1938-ci ilin 28 sentyabrında
"Vaqif" pyesinin ictimai baxışı keçirilir və
o baxışda respublika rəhbəri Mircəfər
Bağırov da iştirak edir. Tamaşanın
hazırlanması prosesi, bu ərəfədə gəzən
şayiələr, müəllifin tarixi faktlardan istifadə edərək
bədii təxəyyülün gücüylə
yaratdığı həyəcan, hətta məhəbbət
hekayəsi ustalıqla qələmə alınıb. Həmin
məqamda ehtimallar dolaşır ki, baş rejissor Ədil
İskəndərovla müəllif Səməd Vurğunun bu
pyesdən sonra taleyi necə olacaq... Respublika rəhbərinin
bir qərarı ilə onların taleyi həll oluna bilərdi.
Məhz bu tamaşanın ictimai baxışı ətrafında
Arif Əliyev bədii təxəyyül vasitəsilə əsərin
qəhrəmanlarının həyatı ilə bağlı
maraqlı sujetlər qurur.
Təbii ki, həmin dövrü nəzərə
alsaq, respublika rəhbərinin tamaşaya olan reaksiyası
çox həyəcanlı bir məqamdır. Bunu müəllif
ustalıqla təsvir edir: "Nəhayət, Bağırov əvvəlcə
başını, sonra yavaş-yavaş əllərini
qaldırdı. Yerindən durmadan ovuclarını səssizcə
bir-birinə vurmağa başladı. Onun sağ və sol tərəfindən,
ardınca balkondan alqışlar yüksəldi.
Səhnədə Sidqi Ruhulla sevincindən ağlayırdı.
Aktyorlar - Ələsgər Ələkbərov, Fatma Qədri,
Möhsün Sənani, Sona Hacıyeva, Mustafa Mərdanov,
Əli Qurbanov, İsmayıl Dağıstanlı, Əzizə
Məmmədova, dublyorlar Kazım Ziya, Rza Əfqanlı
uşaq kimi atılıb-düşür, müəlliflə
rejissoru qucaqlayırdılar. Səməd Vurğunla Ədil
İskəndərov onların qolları arasından
qurtarıb pərdənin önünə
çıxdılar".
Povest Ədil İskəndərovun tələbəsi,
teatr və kino rejissoru Rövşən Almuradlının
1975-76-cı illərdə "Sənətkar və zaman"
mövzusunda düşüncələr əsasında
danışdığı xatirələrə nəzərən
yazılıb. Eyni zamanda müəllif, Mehdixan Vəkilovun,
İsmayıl Şıxlının, Süleyman Rüstəmin
və Vidadi Babanlının da xatirələrindən istifadə
edib.
Kitabda çox nadir fotoşəkillərdən istifadə
olunub və müəllif bunun üçün də Teatr
Muzeyinin, Milli Kitabxananın kollektivinə minnətdarlığını
bildirib.
Əsər 2019-cu ildə nəşr olunsa da, yetərincə
təbliğ edilməyib, diqqətdən kənarda qalıb.
Amma hesab edirəm ki, Arif Əliyev çox yaxşı iş
görüb, vaxtını lazımlı bir mövzuya həsr
edib, maraqlı əsər yaradıb. Rövşən Almuradlını
da bu xatirələrinə görə minnətdarlıq və
hörmətlə yad etməliyik.
Arif Əliyev Azərbaycanın teatr tarixinin
mühüm bir hadisəsini qələmə almaqla
yanaşı, eyni zamanda həmin ictimai baxışdan sonra
kommunist dövrünün və respublika rəhbərinin tələbinə
uyğun olaraq məşhur əsərin finalının
xoşbəxt sonluqla dəyişdirilməsini də qeyd edir,
tamaşa ilə bağlı o vaxt "Kommunist" qəzetində
çıxan resenziyalardan da sitatlar gətirir.
Arzu edirəm ki, Arif Əliyev yenə bu cür
mövzulara vaxt ayıra bilsin, belə qeyri-adi əsərlərlə
oxucuları, dostları daha tez-tez sevindirsin.
"Sənət əbədidir, ömür
amanat..." kitabı diqqətəlayiq ictimai-mədəni hadisədir və
bu əsər münasibətilə Arif Əliyevi bir daha
ürəkdən təbrik edirəm!
lll
Uzun illərin müşahidəsidir, Aqil Abbasın təzə
əsər yazmağını gözlərinin
işartısından, şövqlə
danışmağından, coşqulu halından bilirəm. Hələ
ötən əsrin səksəninci illərində "Elm və
həyat" jurnalının əvvəlcə Doktor, sonra Adil
Babayev döngəsində yerləşən redaksiyasında
Qarabağ tarixindən, Məhəmməd bəydən
yazdığı, əlyazmasını da sonralar avtoqrafla mənə
bağışladığı "Batmanqılınc"
povestini yazarkən onun belə hallarının şahidi
olmuşam. Sonra digər əsərlərini, məşhur
"Dolu" romanını yazanda da onun yaradıcılıq
şövqündən vəcdə gəldiyini çox
müşahidə etmişəm.
Bu yaxınlarda Qarabağa səfərimizdə Aqilin
oxşar halını gördüm, coşquyla
danışırdı, "Rəmişlə Qədiri
Əmir Teymurla görüşdürmüşəm"
deyirdi. Cavanlıq dostu Rəmişin macəralarından
söhbət açırdı. Hiss edirdim ki, yeni bir əsər
doğulmaq ərəfəsindədir. Dünən
"525"də çap olunmağa başlayan "Rəmiş"
povestinin birinci hissəsini oxuduqca yadıma Aqilin şövqlə
danışdıqları düşdü. Tanış hadisələr
idi. Bu gün isə ikinci hissəsini oxuyanda gördüm ki,
bu hadisəni deyəsən, mənə danışmayıb.
Zövqlə oxudum. Bol informasiya caynağından uzaqlaşa
bilsəniz, siz də oxuyun, mistik, sirli aləmə səyahət
edin, bir az dincəlin:
"... Sonra da restoranın gitaraçalanından
gitaranı alıb bunlar üçün rus bəstəkarlarının
əsərlərini çaldım. Çaşıb qalmışdılar.
Elə bil birinci dəfəydi gitaraçalan
görürdülər. Biri fotoaparatı verdi ofisianta,
xahiş elədi ki, bizim şəkillərimizi çəksinlər.
Heç demə, mən gitara çalanda da şəkillərimi
çəkibmiş. Soruşdular kiməm, mən də dedim Rəmiş,
gitara çalanam. Dedilər yəqin sən Leninqradda gitara
akademiyasını bitirmisən. Güldüm, dedim Ağdamda
Muzuçilişdə oxumuşam, onu da yarımçıq
atmışam"...
lll
Zəng edirsinizsə, deməli, hələ
texnologiyalara yaxşı bələd deyilsiniz.
lll
Qərəz hər cümləsindən boy göstərir,
hələ dili də var deyir ki, ədalətliyəm. Belə
baxanda qərəzi də gizlətməyə məharət
lazımdır. Dediklərinin yalan olduğunu özün də
bilə-bilə şər atmaqla, insinuasiya ilə nəyəsə
nail olmaq illuziyadır, əbəsdir.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .-2025.- 15 noyabr (№208).- S.8-9.