Zirvəyə ucalan ömür
Şəhid Murad
Musayevin unudulmaz xatirəsinə
Anamgilin ailəsi, yəni nənə-babam 1948-ci ildə
deportasiya edilərək Qərbi Azərbaycan torpaqlarından Bərdənin
İmirli kəndinə köçürülüb. Bulaq suyutək
saf ürəkli, qohumcanlı, qonaqpərvər, həlim xasiyyətli
anam bu yaxınlarda böyüyüb boya-başa
çatdığı doğma ata ocağına - Bərdə
şəhəri İmirli kəndinə səfər edib. Hal-əhval
tutmaq üçün tez-tez telefonla zəngləşirik.
Növbəti danışıqlardan birində səsindən
hiss etdim ki, kövrəlib. Səbəbini soruşmayıb
mövzunu dərhal dəyişdim ki, özünü
toparlasın. Amma başa düşdüm ki, danışa bilməyəcək,
qəhər onu boğur. Zəngi sonlandırıb tez
sağollaşmaq istəyir. Sözü uzatmağın mənası
yox idi, uyğun vaxtda zəng etmədiyimin fərqində idim.
Sonradan öyrəndim ki, anamın duyğulanıb kövrəkləşməsinin
səbəbi, dünyasını dəyişən valideynlərinin
- nənə-babamın, Qarabağ savaşı şəhidləri,
qohum-əqrəbalarının məzarını ziyarətdən
gəlməsi imiş. Hər birinə Allah rəhmət eləsin!
İmirli kəndindən I və II Qarabağ
müharibəsində iştirak edən xeyli sayda şəhid
olan igidlər var: Abbasov Rəhman İsmi oğlu, Məmmədov
Əsgər İsmayıl oğlu, Calalov İlqar Salman
oğlu, Musayev Murad Polad oğlu.
Bu şəhidlərə məxsus məzar
daş-torpağı kənd camaatının daimi ziyarətgahına
çevrilib, həmin şəhidlər kəndin VƏTƏN
məbədgahı simvolu hesab olunaraq mütəmadi yad edilirlər.
Biz bu məqalədə İmirli kəndindən II
Qarabağ savaşında haqq dünyasına qovuşan şəhid
Musayev Murad Polad oğlunun ömür yoluna işıq
salacağıq.
Belə bir deyim var: Süleymana qalmayan dünya
heç kəsə qalmayacaq. Ölümü hər kəs
dadacaqdır. Amma şəhidlərin məzarı nisbi
anlayışdır, çünki onlar Murad Musayev kimi
xalqın ölümsüzləşən qəhrəmanına
çevrilirlər!
Hər şey bu dünyada gəldi-gedərdir,
Yalnız igidlikdir əbədi qalan.
Yalnız qəhrəmanlar,
yalnız mərdlərdir,
Zamanın fövqünə qalxıb ucalan
(Xəlil Rza Ulutürk)
27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam
edən İkinci Qarabağ savaşında Murad Polad oğlu
Musayev Füzulinin azad edilməsi uğrunda döyüşlərdə
iştirak edib, müharibənin ilk şəhidlərindən
olub, 19 yaşında şəhidlik zirvəsinə yüksəlib.
Qanında, ruh dünyasında mərdlik, qorxmazlıq, cəsarət,
vətənpərvərlik hissi olan şəhid Murad Musayev Azərbaycana
sevgisini, torpaq uğrunda can vermək amalını gənclik
illərinin başlanğıcında əzmlə yerinə
yetirdi, dillərdə dastan oldu.
"Ohanyan səddi"nin yarılması uğrunda gərgin
döyüş əməliyyatı zamanı qəhrəmanlıq
göstərən Murad Musayev şəhidliyindən sonra
"Vətən uğrunda", "Füzulinin azad
olunmasına görə", "Cəsur
döyüşçü" medalları ilə təltif
olunub. Şəhidin I Qarabağ savaşında
döyüşlərdə iştirak etmiş atası, qazi
Polad Musayev oğlunun Vətən uğrunda göstərdiyi
şücaətini həmişə qürurla dilə gətirir.
Dağlardan tökülür köhlən şəlalə,
Şəlalə - dağların mərd
övladıdır.
İldırım - buludun, tufan - dənizin,
Cəsarət - kişinin istedadır!
(Xəlil Rza Ulutürk)
Bilirik ki, dünya fanidir! Bir bayatıda deyildiyi kimi:
Əzizim axar gedər,
Şimşəklər çaxar gedər,
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.
Şəhid Murad Musayev bu pəncərədən
sıradan biri kimi baxıb keçməklə kifayətlənmədi,
o, xalqı üçün dünyaya gəldi, adını qəhrəmanlıq
dastanının səhifəsində igid oğul kimi
ölümsüzlüyə, unudulmazlığa
yazdırdı!
Anadan bir kərə doğulmaq azdır,
Yetişib xalq üçün doğulmaq gərək.
Təpələr yanında dağ olmaq azdır,
Dağlar cərgəsində dağ olmaq gərək.
(Xəlil Rza Ulutürk)
Yollar çoxdur: ömür yolu, yaradıcılıq
yolu, həyat yolu, şərəf yolu və s. Murad Musayevin
tutduğu yol şərəfli oldu - ŞƏHİDLİK! O,
vətənin müqəddəsliyini izah etmək
üçün elə yol seçdi, şəhadətə
elə şücaətlə yüksəldi ki, İmirli kənd
camaatı, qohumları, qonşuları, bir sözlə -
hamı onu uca, ali qəbul edir.
Muradın ulu babaları Qərbi Azərbaycan
torpaqlarının Dərələyəz mahalından Bərdə
şəhəri İmirli kəndinə deportasiya olunublar.
Şəhidin ulu babaları Şərur-Dərələyəz
qəzasında Andranikin qoşunları ilə qəhrəmancasına
vuruşan Çivə taborunun iştirakçılarından
olub. Atası Polad Musayev I Qarabağ müharibəsində
iştirak edib, yaralanıb, qazidir. Şəhidin anası isə
Kəlbəcərdən məcburi köçkün
düşüb. Murad həmişə ailəsində
böyüklərindən Vətən mövzusunda söhbətlər
eşidib, vətənpərvər ruhda tərbiyə alıb,
ermənilərin tarixi torpaqlarımız olan Qərbi Azərbaycanı,
Qarabağı işğal etməsini qəbul edə bilməyib,
erməni qəsbkarlarına uşaqlıqdan qisas, nifrət
hissi ilə böyümüşdü. Muradtək qeyrətli
oğul təkcə valideynlərinin itkisi sayılmaz,
bütöv elin dərdi hesab olunur. Xalq onun kimi cəsur igidləri
ilə fəxr edir. Vətənimizin hər daşı, hər
qayasının məhz onun kimi qeyrətli oğullara
ehtiyacı var. Bir şeirdə yazıldığı kimi:
"Vətən mənə oğul desə nə dərdim,
mamır olub qayasında bitərdim" (M.Araz). Doğrudur ki,
Vətən üçün mərd oğul kimi
seçilmişlərdən olmaq asan deyil! Şəhid Murad
Musayev də bu yurdun müqəddəsliyini yaşının
az vaxtında dərk etməyi bacaran böyük ürək
sahibi imiş. Hələ azyaşlı şagird ikən, Rəhman
Abbasov adına İmirli kənd orta məktəbində
oxuduğu ibtidai sinif illərində müəlliminin ona
ünvanladığı "Sən böyüyəndə
kim olmaq istəyirsən?" sualına - "Mən şəhid
olmaq istəyirəm" - deyərək Murad cavab vermiş, bəxtini,
tale yolunu bu sözlərlə yazmışdı əvvəldən
sanki.
Şəhidin öz əsgər kitabçasında
yazdığı şeir parçasını təqdim edir və
şəhidin qarlı günlərdə cəsur
döyüşçü yolu keçməsini öz dəsti-xətti
ilə izah edirik:
Nə qar bitər, nə boran
Nə döşək var, nə yorğan
Əldə silah postda duran
Əsgərlərin sağlığına!
Uşaqlıqdan Vətənə, Bayrağa xüsusi
sevgisi vardı. Hələ 9 yaşı olanda Murad Musayev Milli
qəhrəman Mübariz İbrahimovun şəhid olma xəbərinə
sarsılmış, bu xəbər ona çox pis təsir
etmişdi. Onun videolarına baxıb "Mübarizin
qisasını mən alacağam, mən də onun kimi qəhrəman
şəhid olacağam!" - deyə cavab vermişdi. Bu
cür cəsur ürək sahibi olduğu üçün
Muradın ruhuna, o cümlədən onu dünyaya gətirən
cəsarətli, fədakar anaya ayaq üstündə
alqış düşür!
Sən bu dünyanı cismən tərk edə bildin,
lakin sən əbədisən, sən bütün nəslin, təhsil
aldığın məktəbin, el-obanın,
böyüdüyün İmirli kəndinin - bir sözlə,
bütün Azərbaycanın fəxrisən! Səni
dünyaya gətirən, sənə əxlaq, tərbiyə, vətən
təəssübkeşliyi öyrədən ata və anan
üçün qürur ünvanı oldun və bunu şəhadətin
və şərafətinlə, qəhrəmanlıq və cəsurluğunla
hamıya sübut etdin! Sən valideynlərinə, ailənə
başıucalıq rəmzi oldun, hamı Səninlə
qürur duyur! Sənin haqqında yazmaq, bir şəhidi qələmə
almaq olduqca məsuliyyətlidir. Çünki sənin vətənpərvərliyini
təhlil etmək üçün sözlər də, qələmin
gücü də acizdir.
Həm bu ona görə çətindir ki, məqaləni
oxuyan əzizlərinin yaralarını qanatmaq istəməzdik.
Amma bir şəhidi yad etmək vacibdir və bu, hər
birimizin mənəvi borcudur. Qoy səni böyüdən
valideynlər bilsinlər ki, onların şücaətli
oğlu Muradın qəhrəmanlığı təkcə
doğma bir kəndin əhatəsində deyil, Azərbaycanın
hər qarışında danışılır və
danışılacaq! Başını dik tut, Arzu ana! Səhərini
aydınlığa aç Polad ata! Qarabağ
torpaqlarının azadlığı uğrunda yazılan qəhrəmanlıq
salnaməsinin bir hissəsində Murad Musayevin imzası var! O,
daim fəxr ünvanı kimi yad ediləcək, o, daim qürur
yeri kimi anılacaq və ona daim rəhmətlər oxunacaq. O,
dünya durduqca qəlblərdə və tarixin
yaddaşında yaşayacaq!
Yeganə XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.14.