"Arxiv adamı" - Xeyrulla Məmmədov-90
AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞI
TARİXİNDƏ PROFESSOR XEYRULLA MƏMMƏDOV İMZASI
Yetmiş illik ömrünün qırx beş ilini Azərbaycan
ədəbiyyatının problemlərinin öyrənilməsinə,
bədii nümunələrin toplanıb nəşr
olunmasına həsr edən, elmi fikirlərini ilkin mənbələr
əsasında formalaşdıran, zamanın "arxiv
adamı" kimi tanınan, dövrün problemləri ilə
bağlı bir sıra elmi mübahisələrə son qoyan
professor Xeyrulla Məmmədov müasir ədəbiyyatşünaslığımızın
nüfuzlu nümayəndələrindən olub. O, Azərbaycan
ədəbiyyatşünaslıq elminin inkişafında,
elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətlər
göstərib, özünəməxsus tədqiqatçılıq
ənənəsi yaradıb.
Professor Xeyrulla Məmmədov elmi
yaradıcılığında tədqiqatçı-alim və
mətnşünas kimi iki istiqamətin dolğun vəhdətini
yaratmağa nail olub. Bütün yazılarında ilkin mənbələrdən
bəhrələnən X.Məmmədov bir çox vacib və
gərəkli elmi həqiqətləri üzə çıxarıb.
Bu səbəbdəndir ki, heç vaxt "o, bəzi alimlər
kimi havaya baxmayıb, söz oyunbazlığını
xoşlamayıbdır" (Əziz Mirəhmədov). Ədəbiyyatımızın
bir sıra mühüm dövrlərinin, xüsusilə XIX və
XX əsrlər ədəbiyyatı və ədəbi-tənqid
problemlərinin dərindən tədqiqi və "bu sahələrdə
fikir sabitliyinin yaranması" (professor Ş.Qurbanov) məhz
onun adı ilə bağlıdır. Onun "XIX əsrin sonu,
XX əsrin əvvəllərində Azərbaycanda
maarifçi realist ədəbiyyat" (1978), "Sultan Məcid
Qənizadə" (1983), "Əkinçi"dən
"Molla Nəsrəddin"ə qədər" (1986),
"XIX əsr Azərbaycan uşaq ədəbiyyatı"
(1992), "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin
hüdudunda" (1999) və s. elmi-tədqiqat əsərləri
Azərbaycan ədəbiyyatşünaslığı tarixinin
zənginləşməsinə layiqli töhfələrdir. Bu
tədqiqat əsərləri göstərir ki, görkəmli
ədəbiyyatşünas alim ədəbi fikrin
formalaşmasında, estetik kateqoriya qazanmasında yerli şəraitə,
milli-mənəvi tələbin oynadığı rola
haqlı olaraq xüsusi əhəmiyyət verib. Yüksək
intellekt, zəngin təcrübə və ilk dəfə
işıq üzü görən çoxsaylı faktlar
professor X.Məmmədova müxtəlif problemlərin məğzini
açmaq, elmi mənalandırmaya, hər bir məsələ
haqqında dəqiq fikir formalaşdırmağa imkan verirdi. XX
əsr Azərbaycan ədəbiyyatı problemlərinin
araşdırılmasında X.Məmmədovun arxivin ən dərin
qatlarına qədər enə bilməsi o deməkdir ki, XX əsr
ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, mətbuat
tarixi və s. öyrənilməsində bu tədqiqlərin əhəmiyyət
dərəcəsi olduqca böyük və bütün
zamanlar üçün əhəmiyyətlidir. Bu sahədə
alimin yazmış olduğu 100-ə yaxın elmi məqalələri
problemi əhatə etmək baxımından monoqrafiyaları qədər
lazımlıdır. Onun "Firidun bəy Köçərli
nə vaxt inspektor olmuşdur", "N.Nərimanov haqda yeni
materiallar", "Bir mübahisə haqqında",
"Ədibin naməlum tərcümeyi-halı", "Molla
Nəsrəddinçi şair", "Əlyazmalar yanmır,
ancaq taleləri qəribə olur", "Cənablar,
börklərinizi çıxarın, əlahəzrət fakt
gəlir" və s. məqalələrində ədəbiyyatşünaslığımız
üçün vacib sayılan məsələlər
araşdırılıb.
Elmi fəaliyyət enerjisini Azərbaycan ədəbiyyatı
problemlərinin tədqiq və təhlilinə, bədii
nümunələrin toplanıb nəşr olunmasına həsr
edən X.Məmmədovun XIX əsrin sonu, XX əsrin əvvəllərinin
zəngin, qarışıq və ziddiyyətli ədəbi
proseslərinin tədqiqi mövzusunda yazılmış əsərlərində
milli düşüncə, milli təfəkkür amili
başlıca yer tutduğundan problemin sosioloji deyil, estetik dəyərləndirilməsi
özünə xüsusi yer tapıb. Bu səbəbdəndir
ki, X.Məmmədovun bütün tədqiqatlarında "qeyb
olmuş" ədəbi mərhələ geniş miqyasda
araşdırılıb tədqiqata zəngin filoloji fakt əsasında
cəlb edilməklə məhdudlaşmır. Şimali və
Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən,
sovet hakimiyyəti illərində "panislamist",
"pantürkist", "dini klerikal",
"sosial-demokrat" və s. siyasi terminlər altında
müxtəlif cəbhələrə təqsim olunaraq bir-birinə
qarşı qoyulmuş yazıçıların yaradıcılığı
ilk dəfə X.Məmmədov tərəfindən vahid bir
kök altında, milli mənafelər, azərbaycançılıq
məfkurəsi zəminində təhlil olunub. Onun "XIX əsrin
sonu, XX əsrin əvvəllərində Azərbaycanda
maarifçi realist ədəbiyyat", "Sultan Məcid Qənizadə",
"Əkinçi"dən "Molla Nəsrəddin"ə
qədər" monoqrafiyalarında və onlarla digər məqalələrində
arxiv materiallarına əsaslanmaqla maarifçi ədəbiyyatın
inkişaf yolları, spesifikası haqqında yüksək elmi
tutumlu nəzəri mülahizələri bir sıra mübahisələrə
son qoyub. Maarifçi realizmdə təbii insan konsepsiyası,
sosial təhlilin zəifliyi, tendensiyaçılığa
meyl, milli realist romanın, povestin, hekayənin, tarixi faciənin
yaranmasında, inkişafında maarifçi
yazıçıların rolu və s. məsələlərə
aydınlıq gətirməklə X.Məmmədov bir metod
daxilində mövcud təmayüllərin spesifikası və
ədəbi təcrübədə ifadə xüsusiyyətləri
barədə fikirlərini ortaya qoya bilib. Görkəmli ədəbiyyatşünas
alimin tənqidi realist ədəbiyyatın yaranmasına
ictimai-siyasi proseslərin təsiri, bu ədəbiyyatın
ideya-estetik meyarları, həmin meyarların
formalaşmasında "Molla Nəsrəddin"
jurnalının rolu barədə elmi düşüncələri
C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Möcüz,
Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi kimi sənətkarların
bədii yaradıcılıqlarının ideya istiqamətlərini
müəyyənləşdirməkdə və düzgün
nəticə çıxarmaqda mühüm əhəmiyyət
kəsb edir. "XIX əsrin sonu XX əsrin əvvəllərində
Azərbaycan maarifçi realist ədəbiyyatı",
"Əkinçi"dən "Molla Nəsrəddin"ə
qədər", "XIX əsr Azərbaycan uşaq ədəbiyyatı",
"Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin
hüdudlarında", "XIX əsr Azərbaycan ədəbiyyatı"
və s. monoqrafiyalarında, "Əqidə döyüşlərində",
"Molla Nəsrəddin"i zəmanə yaratdı",
"Əkinçi"nin övladları", "N.Nərimanov
haqqında yeni materiallar", "Bir mübahisə
haqqında", "S.Ə.Şirvani" haqqında həqiqət",
"Cəlal Ünsüzadə və uşaq ədəbiyyatı",
"S.M.Qənizadənin bədii nəsri", "Tərcüman:
Dildə, fikirdə, işdə birlik" və s. məqalələrdə
dövrün ədəbi proseslərinin kompleks öyrənilməsi
ədəbiyyatımızın bu mühüm mərhələsinin
qaranlıq səhifələrinə işıq
salınıb, bir çox məsələlərdə ilk dəfə
qatı açılmış arxiv sənədlərindən
istifadə tədqiqatların əhəmiyyət dərəcəsini
xeyli artırıb.
Ədəbiyyatşünas alimin əsas tədqiqat
obyekti kimi səciyyələnən XIX əsrin sonu, XX əsrin
əvvəllərində Azərbaycan ədəbi tənqidinin
klassik irsə yanaşmasında özünü göstərən
müxtəlif fikirlərin təhlil və izahına
münasibətinin özu əslində X.Məmmədovun həmin
dövrün ədəbi mühit və fikir tarixinə olan
möhkəm bələdçiliyi, geniş təhlil və
elmi-nəzəri fikir yürütmək qabiliyyətindən xəbər
verir. XIX əsrin sonu, XX əsrin ilk illərində nəzəri-estetik
fikrin inkişafını M.F.Axundzadə ədəbi-tənqidi
ənənələri kontekstində araşdıran alim tam
haqlı olaraq həmin dövrdə milli ədəbi tənqidi
fikrin formalaşma və inkişafına təsiri təkcə
M.F.Axundzadə ilə məhdudlaşdırmayıb. X.Məmmədov
əsərlərində tarixi-filoloji materialların verdiyi
imkan əsasında bu təsirin müxtəlifliyindən
söhbət açmış, qaynaqların çoxəsrlik
Azərbaycan ədəbiyyatı təcrübəsi ilə
yanaşı, həm də ərəb, fars, türk, rus, Qərbi
Avropa ədəbi fikir nümunələri ilə
bağlandığını istisna etməyib, əksinə,
göstərilən hər iki zəmində, yəni Şərq
və Qərb faktorunda həmin dövr (XIX-XX əsr) Azərbaycan
tənqidi fikrinin formalaşma və inkişafına təsir
göstərən cəhətlərə, onların təzahür
və ifadə xüsusiyyətlərinə ayrıca diqqət
yetirib.
Professor X.Məmmədovun təşəbbüsü və
böyük zəhməti hesabına Azərbaycan ali təhsil
sistemində uzun illər "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi" adı ilə tədris olunan fənnin "XIX əsrin
sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı"
şəklində tərtibi, tədris proqramının nəşri
bu dövr ədəbiyyatının kontur, nümayəndə,
bədii nümunələrinin yeniləşmə və
dürüstləşmə istiqamətində öyrənilməsində
irəli atılan ilk addım idi. Onun "XX əsr Azərbaycan
ədəbiyyatı", "Azərbaycan ədəbiyyatının
yaradıcılıq metodu", "Filologiya elminin tarixi və
metodologiyası" tədris proqramları müasir təhsil
islahatları tələblərinə cavab verməklə
müstəqillik dövrü filologiya elmi sahələrinin
metodoloji, nəzəri konsepsiya və metodikasının müəyyənləşdirilməsində
mühüm rol oynayıb.
Görkəmli alimin Azərbaycanda tədqiq və tədris
tarixinin yeniliyi ilə seçilən türk xalqları ədəbiyyatı
və türkçülük ideyalarının öyrənilməsi
sahəsində də uğurları böyükdür. Onun
türk xalqları ədəbiyyatının tədqiqinə
aid fikirləri təkcə ədəbi tənqidi fikir tarixinin
deyil, həm də bu günün tələblərinin ödənilməsi
və mütəxəssislərə lazımi kömək
göstərilməsi baxımından önəmlidir. Müəllifin
"Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin
hüdudunda" (1999) adlı əsərində Şeyx
Əhməd Hüseynzadənin "Tarixi-ədəbiyyati-türk"
yazısı, S.M.Qənizadənin Nəvai və Füzuli,
S.Ünsizadənin İbrahim Həqqi, R.Əfəndiyevin Nabi
barədə tədqiqlərinə dair fikirləri və məlumatları
ədəbi-fikir tarixində müəyyən
boşluqları doldurmaq baxımından əhəmiyyətlidir.
X.Məmmədov mətbuat tarixi problemlərinin öyrənilməsi
sahəsində də böyük xidmətlər göstərib.
O, "Əkinçi", "Ziya", "Kəşkül",
"Həyat", "Kaspi", "Molla Nəsrəddin",
"Füyuzat" və s. mətbu orqan səhifələrindən
aşkarladığı məlumatlarla Azərbaycanda mədəni
hərəkat və onun ədəbiyyata təsiri məsələləri
proseslərini izləyərək faktları üzə
çıxarmaqla XIX-XX əsrlər Azərbaycan ictimai-siyasi və
ədəbi mənzərəsi barədə elmi təsəvvürləri
xeyli zənginləşdirib. Görkəmli tədqiqatçının
dövri mətbuat səhifələrindən üzə
çıxardığı materiallar XX əsr Azərbaycan
xalq maarifi, milli teatr, musiqi və incəsənət, dövri
mətbuat, kitab nəşri və s. haqqında tutarlı
fikirlər söyləməkdə, ədəbiyyat
tarixçiliyi ilə mətbuat tarixini əlaqəli şəkildə
öyrənməkdə mühüm rol oynayıb.
Professor X.Məmmədov geniş mütaliəsi ilə
seçilən və fərqlənən alim idi. O, Azərbaycan,
türk, rus, Qərb və Şərq ədəbiyyatı, ədəbiyyatşünaslıq
problemləri, ədəbi tənqidi barədə hərtərəfli
bilik və məlumata sahib idi. Bu yerdə ədəbiyyatşünaslıq
elmimizin patriarxlarından biri olan Əziz Mirəhmədovun bir
fikrini xatırlamaq yerinə düşər: "Xeyrulla Məmmədov
ilə bir vətəndaş-alim kimi hansı elmi və ictimai
məsələdən, xüsusilə Azərbaycanın
dünəni, bu günü ilə bağlı hansı
böyük hadisədən söhbət salırsan sal, bu
söhbət xoş olur. Kitabdan, qəzetdən, jurnaldan, məcmuədən
söz açırsan, məlum olur ki, bilir, görüb və
oxuyub".
Ömrü boyu yazı stolu arxasında işləməkdən
savayı, bütün hərəkətlərində tələsən,
sürətli yerişi ilə tanınan Xeyrulla müəllim
heç nəyin yarımçıq qalmasını və
başdansovdu edilməsini xoşlamazdı. Ölümündən
iki gün əvvəl - 2005-ci il sentyabrın 6-da işlədiyi
doğma universitetin divarları arasında (ADPU-nun binasında)
ən yaxın dostlarından olan professor H.Qasımova "Bu
isti yay günlərində canıma can basıb bütün
yarımçıq yazılarımı tamamladım" - deməsi
onu göstərir ki, o, haqq dünyasının astanasında
qalmasından xəbərdar imiş. Elə ömrünün
70 yaş tamamlanma möhləti də Allah qismətindən
başqa şey deyilmiş...
Professor Xeyrulla Məmmədov indi haqq
dünyasındadır. Yaşadığımız dünyada
isə onun yeri boşdur. Bu boşluq təkcə onun doğmaları,
dostları, həmyerliləri arasında deyil, ali məktəb
auditoriya və elmi şuralarında, beynəlxalq konfrans
zallarında, arxiv idarələrində, televiziya və radio məkanında,
mətbuat səhifələrində və s. yerlərdə
hiss olunur və olunacaq. Lakin təsəlli odur ki, X.Məmmədovdan
Azərbaycan elminə və onu sevənlərə
dünyanın ən qiymətli daş-qaşından dəyərli
əsərləri yadigar qalıb.
Elman QULİYEV
Professor
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.13.