Azərbaycan sevdalısı
Professor İbrahim Yıldırımın xatirəsinə
İnsan yalnız həyatdakı xeyirxah əməlləri,
gördüyü savab işləri ilə əbədiyaşar
olur, surəti yaddaşlara yazılır, əməlləri
hafizələrdə iz buraxır. Vətəni, xalqı
üçün təmənnasız çalışan,
qurub-yaratmağı, xeyirxahlığı həyat amalına
çevirən insanların ömür yolu daim gələcək
nəsillər üçün nümunəyə
çevrilir.
İnsan həyatını yaxşı işlərə,
xeyirxah əməllərə, paklığa həsr edəndə,
neçə-neçə adamın həyatında iz qoyur, qəlblərdə
özü boyda bir abidə ucaldır. Belə şəxsiyyətlərdən
biri Türk dünyasına, millətinə böyük sevgisi
ilə qəlblərdə taxt qurararaq haqq dünyasına
qovuşmuş Azərbaycanın böyük dostu professor
İbrahim Yıldırım idi.
Soykökü Qazax rayonuna - Sarılar nəslinə
bağlı olan professor İbrahim Yıldırım ləyaqətli,
mərhəmət və xeyirxah əməlləri ilə
tanınmış bir nəslin nümayəndəsi olub.
Əsilləri Yelizavetpol quberniyasının Qazax qəzasının
Əmirxeyir kəndindən olan Sarılar nəsli Dağ Kəsəməndə
yaşayıblar. Bir müddət Qarabağda, sonra isə Zəngəzurda
- Göycə gölünün ətrafında yerləşən
Çaykənd, Çölkənd, Bəriabad, Qaraqaya,
Yanıqpəyə, Göyərçinli, Salah, Çəmbərək
kimi kəndlərdə məskunlaşıblar.
İbrahim Yıldırımın cərrah olan ulu
babası Sarı Qulu XIX əsrin sonlarında çarizm əleyhinə
mübarizə aparan və çar məmurları tərəfindən
güllə yarası alan Qaçaq Kərəmi öz evində
gizlədib və müalicə edib. Bu təəssübkeşlik
isə çar məmurlarının gözündən
yayınmayıb. Bütün varlığı ilə millətinə
bağlı olan Sarı Qulu həbs edilərək Sibirə
sürgün edilib.
Həbsdən sonra doğma yurdda yaşamaq İbrahim
Yıldırımın ulularına nəsib olmayıb. Belə
ki, çar imperiyasının Qafqazda milli azlıqlara verdiyi
zülmdən can qurtarmaq üçün yüzlərlə,
minlərlə soydaşımız kimi İbrahim Yıldırımın
ulu babası Sarı Qulu da 1898-ci ildə ailəsi ilə
ata-baba yurdlarını tərk etmək məcburiyyətində
qalıb, bir neçə dəfə yaşayış yerlərini
dəyişdikdən sonra Türkiyənin Amasya bölgəsində
məskunlaşıblar.
Sarı Qulu Türkiyəyə köç etdikdən
sonra burada onun oğlu İbrahim, nəvəsi İsmayıl və
nəticəsi İbrahim Yıldırım dünyaya gəlib.
Babasının adını daşıyan İbrahim
Yıldırım 1936-cı il noyabrın 20-də Amasya vilayətinin
7 rayonundan biri olan Merzifonda dünyaya göz açıb.
Gələcəkdə elm fədaisi kimi tanınancaq
İbrahim bəy ibtidai və orta təhsilini Qırıqqala və
Merzifon məktəblərində alıb. Trabzon liseyində
oxuyub. Orta təhsilini başa vuran gənc İbrahim ixtisas
seçimində çox düşünməyib - ulu
babasının yolu ilə gedərək həkim olmağı
qərara alıb və İstanbul Universitetinin tibb fakültəsinə
daxil olub. Çətin təhsil illərini geridə qoyan
İbrahim 1963-cü ildə universiteti bitirib.
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər
naziri Mustafa Vəkiloğlunun nəslindən olan İbrahim
Yıldırım 1965-ci il dekabrın 23-də
tanınmış nəslin nümayəndəsi - Molla Vəli
Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Semra
Füqen Orkunla ailə həyatı qurub.
Ali təhsil aldıqdan sonra İbrahim
Yıldırım ümumi cərrahlıq, plastik, rekonstruktiv
və estetik cərrahlıq ixtisaslarına yiyələnib. Bu
ixtisaslar üzrə Türkiyə və İngiltərədə
akademik imtahanları verib. 1979-1980-ci illərdə plastik cərrahiyyə
dosenti, 1988-ci ildə plastik cərrahiyyə professoru olub.
İbrahim bəyin həkimlik fəaliyyəti təhsil
aldığı doğma İstanbul Universitetinin Cərrahpaşa
tibb fakültəsindən başlayıb. O, burada assistent və
uzman kimi işlədikdən sonra 1972-1974-cü illərdə
Elazığ hərbi xəstəxanası və Sosial
Sığortalar Kurumu xəstəxanasında ümumi cərrahlıq
edib. Bütün bu uğurlarla yanaşı, o, hər an
öz sahəsinin ən yetkin bir uzmanı olmaq
üçün dünyanın ən qabaqcıl tibb mərkəzlərinin
təcrübəsini öyrənməyə can atıb. Bu məqsədlə
İngiltərədə, Şotlandiyada, Avstriyada, Almaniyada cərrah
kimi çalışıb.
Doktor İbrahim Yıldırım beynəlxalq tibb
qurumlarında mühüm vəzifələr
daşıyıb, bir cərrah olaraq öz gücünü
beynəlxalq miqyasda da sınayıb. O, bir-birinin ardınca
dünyanın ən qabaqcıl universitetlərinə
mühazirə oxumağa dəvət olunub.
XX əsrin son onilliyində Ulu Tanrı İbrahim
Yıldırımın Azərbaycan nisgilinə son qoyub.
1990-cı ildə Moskvada ezamiyyətdə olan İbrahim
Yıldırım görkəmli Azərbaycan cərrahı,
professor Nurəddin Rzayevin dəvəti ilə ilk dəfə
Bakıya gəlib. Bakıda keçirilən Birinci Türkiyə-Azərbaycan
Cərrahiyyə Simpoziumunda yaxından iştirak edib.
Doktor İbrahim Yıldırımın Azərbaycana
ilk səfərində ən önəmli hadisə isə onun
ulularının yurdunu ziyarət etməsi olub. Bakıya səfəri
zamanı o, bütün varlığı ilə Qazaxa can
atıb. Ulularını soraqlamaq, Hacı Mahmud Əfəndinin
türbəsini, Molla Vəli Vidadinin, neçə-neçə
digər soydaşlarının qəbrini ziyarət etmək,
Qazaxda böyük Azərbaycan şairi Səməd Vurğunu
yad etmək professor İbrahim Yıldırıma uzun illərdən
sonra nəsib olub.
1991-ci ilin 24 may-5 iyun tarixlərində Bakıya səfəri
zamanı doktor İbrahim Yıldırım o zamankı
Semaşko adına xəstəxanada 227 xəstə üzərində
cərrahiyyə əməliyyatı aparıb. İbrahim bəy
şəfalı əlləri ilə 1-ci Qarabağ
savaşında yaralanmış əsgərlərimizin üzərində
yüzlərcə estetik cərrahiyyə əməliyyatı
apararaq, ilkin sağlam bədənlərini onlara yenidən
qaytarıb. Həmin dövrdə Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin rəisi Bəhruz
Səfərəliyevin təşəbbüsü ilə
Müdafiə Nazirliyinin hospitalında daxili işlər
orqanları əməkdaşlarının da üzərində
əməliyyat aparan professor İbrahim Yıldırım
sonradan DİN-in Mərkəzi Hospitalında qazilərimizə
şəfa bəxş edib.
Sonralar İbrahim Yıldırım dünya
şöhrətli həkim Cavad Heyətlə birgə daxili
işlər orqanlarının Qarabağ bölgəsində
yaralanmış əməkdaşlarının müalicə
olunmsı işinə böyük töhfələr verib.
Professor İbrahim Yıldırımın Azərbaycana
gəlişi, onun Bakıya sonrakı səfərləri
respublikamızın səhiyyə sisteminin peşəkar
kadrlarla təmin olunması işinə güclü təkan
verib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
və Azərbaycan Tibb Universiteti ilə sıx
qarşılıqlı faydalı əməkdaşlıq
quran doktor İbrahim Yıldırımın Azərbaycandan
müxtəlif ixtisaslar üzrə tələbələr
seçərək, onların Türkiyədə müvafiq
fakültələrdə təhsillərini davam etdirmələrini,
təqaüd almalarını, yataqxanada yerləşmələrini
təmin edib. Həmin tələbələr hazırda
xalqımıza xidmət etməkdədirlər. Bütün
bunlarla İbrahim bəy Azərbaycanla bağlı
atasının ona etdiyi "Edə biləcəyin bir şey
var, Azərbaycana yaxşılıq elə" vəsiyyətinə
ləyaqətlə əməl edib və daim
soydaşlarını Azərbaycana kömək etməyə
çağırıb.
Təsadüfi deyildir ki, Ümummilli liderimiz Heydər
Əliyev şəfalı əllərini Azərbaycandan əsirgəməyin
türk həkimlərinin tərkibində professor İbrahim
Yıldırımı da qəbul edərək, onlara minnətdarlığını
bildirib.
Doktor İbrahim Yıldırımı Azərbaycana
bağlayan təkcə tibb sahəsi, qohumluq əlaqələri
deyil. Azərbaycan ədəbiyyatına bağlı olan, onu
sonsuz bir ehtirasla və yorulmadan mütaliə edən, Səməd
Vurğunun şeir dünyasından bir gün belə ayrı
dura bilməyən, İslam dəyərlərinə
yaxından vaqif olan profesor İbrahim Yıldırım
görkəmli simalarla bağlı həyata keçirilən
bir sıra elmi tədbirlərdə, yubiley mərasimlərində,
görüşlərdə də yaxından iştirak edib.
Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru,
tarixi şəxsiyyətləri ilə bağlı
araşdırmalarından sonra doktor İbrahim
Yıldırım "Azərbaycandan Amasyaya daşınan
türk kültürü və şirvanlılar",
"Baş üstündə bir kitabın olması",
"Türkiyədə Azərbaycan kültürü",
"İstanbul Universitetini bitirmiş azərbaycanlılar",
"Amasya araşdırmaları" və s. əsərləri
yazaraq orta yüzillərdən üzü bəri Türkiyəyə
köç etmiş yurddaşlarımızla bağlı
sanballı kitabları türk dünyasına təqdim edib.
İbrahim Yıldırım heyrət ediləcək
yaddaşa malik olub. Ömrünün bütün dönəmlərində
ulularının yurd saldıqları məskənləri,
köç yollarını, elat yerlərini sevə-sevə
xatırlayıb.
Professor İbrahim Yıldırım böyük vətənpərvər
və böyük Atatürkçü kimi tanınıb və
sevilib. O, Məhəmməd Əmin Rəsulzadə irsini sevə-sevə
öyrənib.
İbrahim Yıldırım "Sarıkamış
Dayanışma Grubu"na rəhbərlik edən dostu doktor
Bingür Sönmezlə Sarıqamış hərəkatında
şəhid olanlara ehtiram əlaməti olaraq keçirilən
tədbirlərində yaxından iştirak edib.
Türkiyədəki soydaşlarımıza
qayğı göstərməkdən qürur hissi keçirən
İbrahim Yıldırım Əli bəy Hüseynzadənin
son yadigarı Feyzavərə xanıma da daim həyan olub. Onun
müalicəsinə mütəmadi olaraq qayğı göstərib.
İbrahim Yıldırım bütün
varlığı ilə Azərbaycan-Türkiyə
dostluğundan qürur hissi keçirib və bu dostluğu
sarsılmaz sayıb.
İşi, əməli, elmi fəaliyyəti ilə
adını yaddaşlara yazmağı bacaran, keçdiyi
ömür yolunu sonradan xoş xatirələrə çevirə
bilən İbrahim Yıldırım insanların öz
ölkələrini tanıtması üçün öncə
milli kimliklərini tanımalarını, ana dilini bilməklərini
vacib sayıb. Alimlərin, tədqiqatçıların bəzən
araşdırmalarında mənbələrə əsaslanmadan
yanlış məlumatlara yer verdikləridən narahat olub.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən 2019-cu ildə "Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif
edilən İbrahim Yıldırımı ölkəmizin
inkişafı, tərəqqisi qəlbən sevindirib. "Azərbaycan
İsveç qədər zəngin, şəhanə bir
dövlət olacaq" deyərək bütün
dünyanı Azərbaycanı, onun mədəniyyətini
tanımağa, sevməyə çağırıb.
2016-cı ildə Bakıda böyük təntənə
ilə Azərbaycan Tibb Universitetinin fəxri professoru
İbrahim Yıldırımın 80 illik yubileyi keçirilib.
Yubiley ərəfəsində Əməkdar jurnalist, tarix
üzrə fəlsəfə doktoru Hikmət Xudiyevin
"Doktor İbrahim Yıldırım" kitabı yubilyara -
Azərbaycan sevdalı soydaşımıza təqdim olunub.
Türkiyə ictimaiyyətində böyük
nüfuz sahibi olmuş İbrahim Yıldırımın Azərbaycandakı
müasirləri də onun zəngin mənəviyyatlı
parlaq şəxsiyyətini yüksək dəyərləndiriblər.
Elə İbrahim Yıldırımın ömrünün
qürub çağında da azərbaycanlı dostları
Fügen xanımı tək qoymayaraq yanında olublar. Sədaqətli
dostu doktor Bəhruz Səfərəliyev bir daha
insanlığa sədaqət nümunəsi nümayiş
etdirərək son ana, son nəfəsə, haqq
dünyasına qovuşunadək - 2025-ci il sentyabrın 9-dək
mənəvi ata saydığı İbrahim
Yıldırımın başı üzərindən çəkilməyib.
Bakıdan gəlmiş tələbələri professor Kamran
Musayev, professor Vaqif Qələndər və digərləri
boyunlarında böyük haqqı olan İbrahim
Yıldırımı böyük ehtiram və sevgi ilə
son mənzilə yola salanlar sırasında olublar.
Azərbaycan sevdalı İbrahim
Yıldırımın əziz xatirəsi onu tanıyan
insanların qəlbində əbədi yaşayacaqdır.
İnsan üçün özündən sonra qoya biləcəyi
ən qiymətli varidat da elə budur.
Hikmət XUDİYEV
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2025.- 13 noyabr(№206).-S.12.